– Harri,
heç olmasa, qız yaxşı olsun! Mən hansısa cındır bir qadının Dorianın əl-
ayağını həmişəlik bağlamasını istəməzdim; bu izdivac onun bütün ruhunu və
intellektini məhv edə bilər.
– Sən nə danışırsan?! Yaxşı nədir, qız mələkdir, ilahədir! – lord Henri pıçıldadı,
içki stəkanını ağzına apardı. – Dorian deyir ki, qız çox gözəldir, məncə, belə
şeylərdə o yanılmır. Sənin çəkdiyin portret ona başqalarındakı gözəlliyi
dəyərləndirməyi öyrətdi. O portret ona çox böyük təsir göstərdi. Bu axşam biz
onun sevdiyi aktrisanı görəcəyik; əlbəttə, əgər
Dorian bizim görüşəcəyimizi
unutmayıbsa...
– Harri, sən ciddi deyirsən bunları?
– Tamam ciddi deyirəm. Allah eləməsin, mən nə vaxtsa bundan da ciddi söhbətlər
edim!
– Harri, sən necə, onun bu fikrini bəyənirsənmi? – rəssam soruşdu və kabinetdə
var-gəl edərək dodağını gəmirməyə başladı. – Yox, sən bunu bəyənməzsən! Bu,
sadəcə, ağılsız bir əyləncədir!
– Mən heç vaxt heç nəyi nə təqdir edirəm, nə də inkar... bu, həyata qarşı çox
axmaq bir münasibətdir. Biz bu dünyaya ondan ötrü gəlməmişik ki, öz tərbiyə
moizələrimizi yayaq, yaxud kiməsə öyrədək. Mən heç vaxt heyvərə adamların
söz-söhbətlərinə əhəmiyyət vermirəm;
və mən heç vaxt sevimli, gözəl insanların
da həyatına müdaxilə etmirəm. Əgər bir adam mənim xoşuma gəlirsə, özünü necə
göstərir-göstərsin, mənim üçün qəbulediləndir. Dorian Qrey Cülyetta rolunu
oynayan gözəl bir qızı sevir və onunla evlənmək istəyir. Niyə də yox? Hərgah o,
Messalina ilə evlənsəydi, bununla o heç də az maraqlı olmazdı. Sən bilirsən, mən
heç də evlənmək tərəfdarı deyiləm. Evlənməyin başlıca zərəri budur ki, o, insanın
eqoistliyini əlindən alır. Xudbin olmayan
insanlar isə yekrəng olur, onlar öz
fərdiliklərini itirirlər. Düzdür, elə adamlar var ki, evlilik onların həyatını daha
mürəkkəb edir. Onlar eqoistliklərini saxlamaqla yanaşı, başqalarının da eqolarını
bura əlavə edirlər. Bu adamlar məcbur olurlar ki, təkcə öz həyatlarını yox,
başqalarının həyatını da yaşasınlar, onlar həyatda daha mütəşəkkil şəxsiyyətə
çevrilir, bu da, məncə, bizim mövcud olmağımızın məqsədidir. Bundan başqa, hər
hansı bir təcrübə qiymətlidir; evlilik əleyhinə kim nə deyir-desin,
bu da bir
təcrübədir, yeni yaşantıdır. Ümid edirəm ki, Dorian Qrey bu qızı özünə arvad
edəcək, təxminən, altı ay onu ehtirasla sevəcək, sonra isə qəflətən bir başqasına
vurulacaq. Bax o zaman onu müşahidə etmək çox maraqlı olacaq.
– Harri, sən bütün bunları ciddi deyirsən? Axı əgər Dorianın həyatı məhv olsa,
hamıdan çox buna sən yanacaqsan?! Axı sən göründüyündən daha yaxşı adamsan!
Lord Henri qəhqəhə ilə güldü.
– Bizim özgələr barədə yaxşı fikirləşməyimizin sadə bir səbəbi var: biz
özümüzdən qorxuruq. Optimizmin mayasında xalis qorxaqlıq durur. Düşünürük
ki, biz alicənabıq; çünki yaxınlarımıza yaxşılıq edirik və burada öz mənafeyimizi
də güdə bilərik.
Bankiri tərifləyirik, çünki inanmaq istəyirik ki, o, öz bankından
bizə daha çox kredit verəcək; biz hətta quldurun özündə də yaxşı bir cəhət
axtarırıq; ümid edirik ki, o, bizim cibimizə girməyəcək. Nə deyirəmsə, ciddi
deyirəm. Həyatda ən çox nifrət elədiyim şey də optimizmdir, Bazil... Sən
qorxursan ki, Dorianın həyatı korlana bilər, puç olub gedər;
lakin məncə,
korlanmış həyat o həyatdır ki, onun inkişafı dayanır, dustaq edilir. İnsan təbiətini
düzəltmək, yaxud yenidən qurmaq o deməkdir ki, sən onu korlayırsan. Dorianın
evlənməyinə gəlincə isə, əlbəttə, bu, axmaqlıqdır. Lakin kişi ilə qadın arasındakı
münasibətlərdə ayrı, daha maraqlı yaxınlıqlar da var. Təbii ki, mən bunlara
üstünlük verirəm... Hə, budur, bu da Dorian... özü də gəlib çıxdı... Sən onun
özündən daha çox şey eşidə bilərsən...
– Harri, Bazil! Mənim əzizlərim! Məni təbrik edə bilərsiniz! – Dorian atlaz milləri
olan əzilmiş ipək plaşını tullayaraq dostlarının əllərini sıxdı. – Mən heç vaxt belə
xoşbəxt olmamışam. Əlbəttə, bütün
bunlar qəflətən baş verdi; həyatda bütün
möcüzələr qəflətən baş verir. Mənə elə gəlir ki, həmişə bax bunu axtarırdım
həyatda...
O, sevinc və həyəcandan yanırdı və qeyri-adi dərəcədə füsunkar görünürdü.
– Ümid edirəm ki, həmişə beləcə xoşbəxt olacaqsınız, Dorian, – Holvard dedi, –
lakin mənə evlənmək istəyinizi niyə bildirməmisiniz? Mən bunu sizə
bağışlamıram. Amma Harriyə demisiniz...
– Bir də ona görə bağışlamırıq ki, nahara gecikmisiniz, – lord Henri əlini
dostunun çiyninə qoyub gülərək söhbətə qoşuldu. – Gəlin, oturun, görək bunların
təzə aşpazı necədir... Sonra siz bizə bütün təfərrüatları başdan danışarsınız...
– Danışmağa bir şey də qalmayıb, – Dorian kiçik dairəvi stolun arxasına keçib
əyləşdi. – Deməli, Harri, dünən axşam, sizdən çıxıb əynimi dəyişəndən sonra
restorana, Rupert-stritdəki italyan restoranına yollandım,
nahar etdim, sonra saat
səkkizdə teatra getdim. Sibil Rozalind rolunu oynayırdı. Əlbəttə, səhnə dekoru
bərbad idi, Orlando isə, sadəcə, mənasız bir şey idi. Lakin Sibil! Gərək onu
görəydiniz! Oğlan kostyumunda görünəndə o, necə də füsunkar idi! Əynində yaşıl
gödəkcə vardı, qolları darçın rəngdə; qəhvəyi corabları, ayaqlarını tutan qısa
şalvarı, şahin tükündən yaşıl kepkası, işıldayan toqqası, yaxalığında başlıq olan
tünd-qırmızı plaş vardı! O, heç vaxt mənə belə gözəl görünməmişdi! Bazil, o qız
sizin studiyada gördüyüm zərif, nəcib Tanaqra fiqurunu xatırladır. Saçları üzünə
tökülmüşdü, elə bil, solğun qızılgülün başına dolanan tünd yarpaqlar idi. Hələ
onun oyununu görəydiniz! Ah.... hə, siz onu bu axşam görəcəksiniz! Bu qız,
sadəcə, səhnə üçün doğulub! Mən o miskin lojada oturub, sadəcə, valeh
olmuşdum. Londonda olduğumu unutmuşdum; unutmuşdum ki,
indi on
doqquzuncu əsrdir. Mən sevgilimlə uzaqlara uçub getmişdim, insan ayağı
dəyməyən mürgüləyən bir meşədə idim. Tamaşadan sonra mən səhnə arxasına
getdim, onunla danışdım; biz yanaşı oturmuşduq; birdən onun baxışlarında elə bir