Qız güldü.
– Do-ri-annn, – o, oğlanın adını ahəngli bir səslə uzadaraq (elə bil, bal udurdu!)
cavab verdi, – Do-ri-an, siz anlamalıydınız! İndi,
yəqin ki, başa düşdünüz, eləmi?
– Nəyi başa düşdüm axı? – Dorian hirslə soruşdu.
– Mənim bugünkü pis oyunumu!.. və mən nə üçün bundan sonra həmişə pis
oynayacağam? Mən heç vaxt əvvəlki kimi yaxşı oynamayacağam!
Oğlan çiyinlərini təəccüblə çəkdi.
– Məncə, siz xəstələnibsiniz! Əgər özünüzü nasaz hiss edirdinizsə, gərək
oynamayaydınız. Axı özünüzü gülməli vəziyyətə salırsınız! Mənim dostlarım bu
oyundan çox darıxdılar. Elə mən özüm də dilxor oldum.
Sibil, elə bil, ona qulaq asmırdı; qız sonsuz nəşə içindəydi; onun bütün vücudunu
bəxtəvər bir fərəh bürümüşdü. Qız heyrət içində ucadan dedi:
– Dorian! Dorian! Mən sizi tanımamışdan qabaq səhnə ilə nəfəs alırdım. Səhnə
mənim həyatım idi;
mənə elə gəlirdi ki, teatr mənim əsl həyatımdır! Bir gün
Rozalind olurdum, bir gün Porsiya olurdum. Beatriçenin sevinci mənim sevincim
idi, Kordelianın kədəri mənimki olurdu. Mən hər şeyə və hər kəsə inanırdım.
Mənimlə birgə səhnədə oynayan sadə aktyorlara mən Allah kimi baxırdım.
Rəngarəng səhnələr mənim dünyam idi. Mən kölgələrdən savayı heç nə
görmürdüm və onları da real həyat kimi qəbul edirdim. Amma sən... sən gələndən
sonra... ah! Mənim məhəbbətim! Mənim füsunkar sevgim! – sən mənim qəlbimi
məhbəsdən azad etdin! Sən mənə əsl həyatın nə demək olduğunu anlatdın! Və bu
axşam həyatımda ilk dəfə olaraq mənim gözlərim açıldı; mən səhnədə məni əhatə
edən zahiri parıltını, saxtalığı, mənasızlığı və cəfəngiyatı
görüb duydum; bu
axşam ilk dəfə olaraq anladım ki, Romeo qocadır, yaramazdır, qrimlənib; və
bağçadakı o ay işığı da həqiqi ay işığı deyil, bağça özü də yalançı bağçadır,
sadəcə, miskin bir dekordur; və o sözlər ki mən ifa edirdim, mənə qeyri-təbii
göründü! Onlar mənim həqiqi sözlərim deyildi; qəlbimdən gələn səslər də deyildi.
Mən yalnız sənə görə anladım ki, həyatda sənətdən də ali bir şey varmış! Mən əsl
sevginin nə demək olduğunu anladım! Sənət sevginin yalnız solğun əksiymiş! Ah,
mənim sevincim! Mənim gözəl şahzadəm! Mən kölgələr arasında yaşamaqdan
yorulmuşam! Sən mənə dünyanın bütün sənətlərindən daha qiymətlisən! O
səhnədə məni əhatə edən marionetkalar nəyimə lazımdır, hə? Bu gün teatra
gələndə heç özüm
də başa düşə bilmədim ki, mənə nə olub! Niyə hər şey gözümə
yad göründü?! Düşünürdüm ki, bu gün əla oynayacağam! Lakin birdən anladım
ki, məndə heç nə alınmır! Qəflətən başa düşdüm ki, qeyri-təbii ola bilmirəm, buna
görə ürəyimdə sevindim, çox sevindim! Mən zalda səs-küy eşidirdim, buna yalnız
gülürdüm! Axı orada oturan adamlar bizim sevgimiz barədə nə bilirlər? Dorian,
məni buradan apar! Gəl
o yerə gedək ki, orada heç kəs olmasın – bizdən başqa!
Mən indi teatra nifrət edirəm! Mən səhnədə yaşamadığım, duymadığım sevgi-
məhəbbət səhnəsini oynaya bilərdim; lakin indi bunu edə bilmirəm, çünki real
həyatda əsl sevgi atəşində yanıram! Ah, Dorain, Dorian, sən məni başa
düşürsənmi? Axı indi mənim sevən bir qadın rolunda oynamağım təhrif olardı,
sayğısızlıq kimi qəbul olunardı! Bax mən bunu məhz sənə görə anladım!
Dorian özünü divanın üstünə atdı və üzünü yana çevirdi.
– Siz mənim sevgimi öldürdünüz! – pıçıldadı.
Qız heyrət içində güldü. Oğlan susdu. Qız ona yaxınlaşdı, körpə barmaqlarını
oğlanın saçlarına toxundurdu. Sonra diz çöküb dodaqlarını oğlanın əllərinə
toxundurdu. Oğlan əllərini çəkdi və birdən canında gizilti duydu;
sonra divandan
qalxıb qapıya sarı yeridi.
– Bəli, – Dorian çımxırdı, – siz mənim məhəbbətimi öldürdünüz! Bundan əvvəl
siz mənim xəyallarımı qanadlandırırdınız! İndi siz məndə heç bir maraq belə
oyatmırsınız! Mən sizə laqeydəm! Mən sizi sevirdim! Çünki siz çox gözəl
oynayırdınız! Sizin istedadınız vardı, mən sizdə böyük bir aktyor sənətkarlığı
görürdüm! Siz böyük şairlərin arzularını həyata keçirirdiniz; sənətin kölgə və
ilğımlarına canlı forma və məzmun verirdiniz! İndi isə bütün bunlar bitdi!
Siz indi
mənim üçün mənasız və dayaz bir qadın kimisiniz! Aman Allah, mən necə də
axmaq olmuşam! Sizə olan sevgim necə də sərsəmlik imiş! İndi siz mənim üçün
heç kimsiniz, heç kim! Sizi bir daha görmək belə istəmirəm! Sizi heç
xatırlamayacağam da, adınızı belə dilimə gətirməyəcəyəm! Siz heç təsəvvürünüzə
belə gətirmirsiniz ki, mənim üçün nə demək idiniz! İlahi! Mən sizə necə iftixarla
baxırdım! Aman Allah! Yox, yox… mən bu barədə düşünmək belə istəmirəm!..
Kaş heç sizi görməyəydim! Siz mənim bütün gözəl duyğularımı məhv elədiniz!
Siz sevgi barədə nə bilirsiniz axı?! Heç nə! Əgər sevginin
aktyorluq sənətinizi
öldürdüyünü deyirsinizsə, onda əsl sevgi haqqında heç nə bilmirsiniz, heç nə!
Sənətsiz siz heç kimsiniz, heç kim! Mən sizi böyük aktrisa, gözəl sənətkar,
məşhur etmək istəyirdim! Bütün dünya sizə qibtə edəcəkdi, sizə baş əyəcəkdi və
siz mənim soyadımı daşıyacaqdınız! Bəs indi kimsiniz? Zahiri
gözəlliyi olan
üçüncüdərəcəli bir aktrisa, vəssalam!
Sibilin rəngi ağarmışdı, qız əsirdi; o, əllərini bir-birinə sıxıb güclə danışırdı,
sözlər onun boğazında ilişib qalmışdı, kəkələyirdi:
– Do-ri-an, siz zarafat edirsiniz, eləmi? Siz mənimlə oynayırsınız…
– Oynayıram? Mən oynamağı sizin öhdənizə buraxıram! Siz bunu daha yaxşı
bacarırsınız… – oğlan acı-acı etiraz elədi.
Qız ayağa qalxdı; sanki, qəlbinə iri bir daş bağladılar, üzünə ağrılı kədər qondu və
o, əlini Dorianın çiyninə qoyub onun gözlərinin içinə baxdı. Oğlan qızı itələdi və
bağırdı:
– Mənə toxunmayın!
Qız astadan inildədi və özünü ləçəkləri yolunmuş gül kimi oğlanın ayaqları altına
atdı. Pıçıltıyla yalvarmağa başladı: