İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ.
51
doldursun". Andına sadiq qalmayan və dövlətə xəyanət edənləri də ovsun vasitəsilə lənətləyirdilər. Ovsunçu
mum və qoyun piyini oda atıb deyirdi: "Bu mum əridiyi kimi, bu piy dağlandığı kimi, qoy Hatti hökmdarına
andını pozan və xəyanət edən mum kimi ərisin və qoyun piyi kimi dağlansın". Qədim hetlər ovsunun təsirinə
inanırdılar.
Het dövründə varlığını saxlayan əfsanələrin bir hissəsi hat ənənəsi ilə bağlıdır. "İlluyank haqqında
əfsanə" hat mənşəli hesab edilir. Əfsanədə tufan allahının əjdaha, yaxud ilan əndamlı əjdaha İlluyank ilə
mübarizəsi əks olunmuşdur. Adətən bu hekayət Yeni il (yaz) bayramında söylənilirdi. Guya əjdaha
İlluyankın öldürülməsi ilə Yeni il başlanırmış. Əfsanəvi hekayət iki rəvayət şəklində mövcud idi. Bir
rəvayətə görə, tufan allahı İlluyankla mübarizədə məğlub olur. Bu halda Tufan kömək üçün bütün allahlara
müraciət edir. İlahə İnara ona köməyə gəlir. İnara müxtəlif içki növləri hazırlayır və İlluyankı balaları ilə
birlikdə ziyafətə dəvət edir. İçkidən şişmiş İlluyank öz yuvasına girə bilmir. İlluyankın əl-qolunu bağlayırlar.
Tufan gəlib onu öldürür. İkinci rəvayətə görə, İlluyank tufan allahı üzərində qələbə çalır, onun ürəyini və
gözünü çıxardır, evində saxlayır. Tufan ürək və gözünü qaytarmaq üçün hiylə işlədir. O, yoxsul bir adamın
qızına evlənir, ondan bir oğlu olur. Oğlan həddi-buluğa çatandan sonra, əjdaha İlluyankın qızına evlənir.
Tufan oğluna tapşırıq verir ki, "arvad evinə gedəndə, mənim ürəyimi və gözümü ondan istə". Beləliklə,
Tufan ürək və gözünü geriyə alır.
Bundan sonra o, İlluyanka qalib gəlir.
Hat əsatirləri ilə bağlı olan digər folklor nümunəsi "ölən və dirilən allah Telepinin" adı ilə bağlıdır.
Rəvayətə görə, bitki allahı Telepinin atası tufan allahı ilə mübahisə edir, nədənsə qəzəblənir və qeyb olur. O,
qeyb olmağa elə tələsir ki, "sağ başmağını sol ayağına geyinir, sol başmağını sağ ayağına geyinir". Telepin
qeyb olandan sonra sanki həyat dayanır. Rəvayət nəql edir: "duman pəncərələri tutdu, evi tüstü bürüdü.
Ocağın közü sönmüş, allahların
nəfəsi kəsilmişdi, qoyunlar, öküzlər pəyədə qurumuşdular. Qoyun quzunu,
inək buzovu yaxına buraxmırdı. Buğda və taxıl göyərmirdi, inək, qoyun daha döllənmirdi, qadınlar
hamilə
olmurdu, olan da doğmurdu. Dağlar quruyur, ağaclar quruyur, heç nə göyərmirdi. Otlaqlar qurudu, bulaqlar
qurudu, ölkədə aclıq başladı, adamlar və allahlar acından ölürdülər".
Yəqin ki, folklorda qışın gəlməsi və
quraqlıq mövzuları əks olunmuşdur. Belə şəraitdə "Günəş allahı ziyafət verir və min allahı dəvət edir. Onlar
yeyir, lakin doymurlar, içir, lakin yanğılarını söndürə bilmirlər". Onda tufan allahı oğlu Teiepini yada salır:
"Telepin ölkədə yoxdur, o qəzəbləndi və getdi. Böyük və kiçik allahlar Telepini axtarmağa getdilər". Hətta
qartal da onu tapmayıb geriyə qayıdır. Tufan allahının axtarışları uğursuz oldu. Belə halda bal arısı dağı-daşı,
çay və bulaqları uçub keçdi, Telepini çəmənlikdə yatmış gördü. Arı Telepini sancdı. Telepin oyanıb öz
məbədinə qayıtdı. Həyat yenidən canlandı. Adətən "Telepin haqqında əfsanəni" qış və yaz mövsümlərinin
dəyişilməsi ilə əlaqələndirirdilər. Bu əfsanə də bahar şənlikləri zamanı söylənilirdi. Kumarva əfsanəsi
hurrilərə mənsub idi. Hurri əsatirlərində Kumarva allahların atası hesab olunur, şumer-babil allahı Enlilə
bənzədilirdi. Əfsanədə səma allahı Alalu və şumerlərin baş allahı Anu arasında
mübarizədən, sonra
Kumarvanın bu mübarizəyə qoşulmasından bəhs edilir. Kumarva onun ayağından yapışıb yerə endirdi, onun
"dizini" dişlədi və sevincdən uğundu. Anu isə ona müraciət edib dedi: - Dişlədiyinə çox da sevinmə, mən
sənin qarnına üç müdhiş allah toxumu saldım. Biri tufan allahıdır, o biri Aransax (Dəclə) çayıdır, digəri
Tasmisudur. Bunu deyib Anu səmada qeyb oldu. Kumarva tüpürdü, bununla torpaq mayalandı və üç
"müdhiş allahı" törətdi. Kitabənin ardı zədələndiyindən əfsanənin sonu naməlum qalır.
İncəsənət. Hetlərə qədərki mədəniyyət saxsı-gil qablar, əşyalar istehsalı ilə fərqlənirdi. Qablar təsvirli
və təsvirsiz hazırlanırdı. İbadət məqsədilə hazırlanan qablar heyvan əndamı (fiquru), uzunboğaz çəkmə
şəklində düzəldilirdi. Tunc və qurğuşundan insan əndamı tökürdülər.
Yeni Het padşahlığı dövründə artıq əzəmətli daş heykəllər yaradırdılar. Təsvirlər qabarıq şəkildə
yonulurdu. Belə abidələr het hökmdarlarının saraylarında, yaxud qayalıqlarda yonulub düzəldilirdi. Daş
heykəllərin əksəriyyəti het hökmdarlarını təsvir edirdi. Əzəmətli Yazılıqaya dəsti (kompleksi)
dini mərasimi
əks etdirirdi. Yazılıqayada "ilahi-qılınc" heykəli yonulmuşdu. Onun tutacaq hissəsi dörd şir şəklini təsvir
edir, yuxarısında insan başı yonulmuşdur. Ehtimala görə, qılınc yeraltı allahı təmsil edirdi. Alaca-Hüyük
sarayı divarlarında müxtəlif səhnələr yonulmuşdu. Burada ud və tuluq zurnası çalan musiqiçilər, ov, qurban
kəsilməyə aparılan qoyunlar və s. təsvir olunmuşdur. Boğazgöy sfinksi və Alaca-Hüyük şirləri öz əzəmətli
görkəmi ilə fərqlənirdilər. Het şəhərləri istehkam kimi tikilirdi, bir neçə iç qala ilə əhatə olunurdu. Onun
daxilində saray və baş məbədlər yerləşirdi.
Hetlər möhür düzəltmə işində mahir idilər. Bu möhürlər İkiçayarası möhürlərindən
həm formaca, həm
də təsvirlərin məzmunu ilə fərqlənirdi. Möhürlər dairəvi və dördbucaq şəkildə hazırlanırdı. Möhür üzərində
hökmdar təsvir olunurdu. Belə möhürlərin qırağına heroqlif işarələri yazırdılar.
Hetlərin özünəməxsus və bənzəri olmayan mədəniyyəti Assur və Urartu mədəniyyətlərinə müəyyən
təsir göstərmişdi.