Onore De Balzak qorio ata



Yüklə 1,77 Mb.
Pdf görüntüsü
səhifə17/77
tarix01.07.2018
ölçüsü1,77 Mb.
#52642
1   ...   13   14   15   16   17   18   19   20   ...   77

gizli əlaqə saxlayan bu arvad, Rastinyakın nəzərində olduqca əsrarəngiz görünürdü. O, qrafinyanın sirrini 
açmaq və bu surətlə təpədən dırnağa qədər parisli olduğu görünən bu qadının üzərində tam hökmranlıq 
qazanmaq ümidində idi. 
Qraf yenə arvadını çağırdı: 
– Anastazi! 
Qrafinya gənc qrafa xitabla: 
– Ah, mənim yazıq Maksimim, – dedi. – İtaət etməkdən başqa çarə görmürəm. Axşama qədər. 
Maksim onun qulağına pıçıldadı: 
– Nazi, penüarınız açıldığı zaman bu sarsağın gözləri köz kimi alışıb-yanırdı, mən onu bir daha evinizə 
buraxmayacağınıza ümidvaram. O, sizə eşq elan edəcək, sizi biabır edəcək və sizin xatirinizə mən onu 
öldürməyə məcbur olacağam. 
Qrafinya: 
– Siz dəlimi olmusunuz, Maksim! Əksinə, bu cür tələbələr çox gözəl ildırım sipəri ola bilərlər. Mən, 
əlbəttə, çalışaram ki, o, qraf de Restonun xoşuna gəlməsin. 
Maksim qəhqəhə çəkdi və qrafinyanın müşayiəti ilə otaqdan çıxdı. Qrafinya pəncərənin yanında dayanıb 
onun ekipaja əyləşməyinə, atı həvəsləndirməyinə və qamçını yelləməyinə tamaşa edirdi. Qrafinya de 
Resto ancaq darvaza qapıları bağlandıqdan sonra geri qayıtmışdı. 
O, içəri girər-girməz, qraf ona xitabla: 
– Bilirsinizmi, əzizim, – dedi, – cənab de Rastinyakın ailəsinin yaşadığı mülk Şarantedə Verteyyanın 
yaxınlığında imiş. Qraf de Rastinyakın babası ilə mənim doğma babam tanış imişlər. 
Qrafinya pərişan halda: 
– Mən ümumi tanışlarımız olduğuna şadam, – dedi. 
Tələbə yavaşca: 
– Sizin zənn etdiyinizdən də daha çox ümumi tanışlığımız var, – dedi. 
Qrafinya maraqlanaraq: 
– Necə yəni? – deyə soruşdu. 
Tələbə sözünə davam edərək: 
– Mən bir az bundan əvvəl, – dedi, – sizin yanınızdan bir cənabın çıxdığını gördüm. Mən o cənabla bir 
pansionda, qapı-qapıya yaşayıram. Mənim dediyim şəxs Qorio atadır. 


“Ata” təbiri ilə bəzənmiş bu adı eşidər-eşitməz, buxarıda odu qarışdıran qraf, əllərini odda yandırmış 
kimi, dərhal maşanı daşın üstünə fırlatdı: 
– Hörmətli cənab, – dedi, – siz, heç olmasa, “ üsyö Qorio” deyə bilərdiniz. 
Qrafinya ərinin əsəbiləşdiyini görüb, əvvəlcə saraldı və özünü itirmiş kimi göründü. Sözlərinə təbii ahəng 
verməyə səy edərək, qondarma bir saymazlıqla: 
– Onu sevdiyimiz qədər heç bir kəsi sevmək mümkün deyildir, – deyə cavab verdi. 
O, sözünü qurtarmadı, dayanıb biixtiyar fortepianoya baxdı və Rastinyakdan soruşdu: 
– Siz musiqini sevirsinizmi? 
Ejen: 
– Çox sevirəm, – dedi və axmaq bir hərəkət göstərdiyini dumanlı şəkildə anladığından, qıpqırmızı qızardı. 
Qrafinya fortepianoya doğru yeriyərək, titrək səslə soruşdu: 
– Siz oxuyursunuzmu? 
Qrafinya əllərini qüvvətlə klavişlərin üstünə vuraraq, pəs “ut”-dən başlamış zil “fa”ya qədər əlini gəzdirdi. 
– Xeyr, madam. 
Qraf de Resto oyan-buyana gəzinirdi. 
Qrafinya: 
– Təəssüf olsun, – dedi, – siz özünüzü müvəffəqiyyətin qüvvətli bir vasitəsindən məhrum etmişsiniz. – 
Sonra isə oxudu: –  a-a- o,  a-a-  o,  a-a-a-a- o,     dubitare!..1 
Ejen Qorio atanın adını çəkməklə də bir sehrbaz kimi hərəkət etmişdi, lakin bu adın təsiri “vikontessa de 
Boseanın qohum ” sözlərinin təsirindən tamamilə fərqlənirdi. O, nəzakət göstərərək, nadir şeylər 
həvəskarının otağına yol açmış, lakin ehtiyatsızlıq göstərərək heykəlcikli şkafa toxunduğu üçün bir neçə 
yaxşı yapışdırılmamış başın yerə düşməyinə səbəb olan adamın vəziyyətində idi. Ejen utandığından 
məmnuniyyətlə yerə girə bilərdi. Qrafinya de Restonun üzündə bir soyuqluq duyulur, artıq laqeyd 
nəzərlərlə baxan gözləri bu fəlakətli tələbənin gözlərindən qaçırdı. 
Ejen: 
– Madam, – deyə sözə başladı, – sizin qraf de Resto ilə danışmaq istədiyinizi görürəm, icazənizlə... 
Qrafinya Ejeni işarə ilə saxlayaraq, tələsmiş kimi: 
– Siz arzu etdiyiniz zaman gələ bilərsiniz, – dedi, – əmin ola bilərsiniz ki, ziyarətiniz mənə də, qraf de 
Restoya da çox xoşdur. 


Ejen hər ikisinə hörmətlə təzim edərək çıxdı. Qraf de Resto onun           gəldi və Ejenin etirazına 
baxmayaraq, onu dəhlizə qədər ötürdü. 
Qraf Morisə dedi ki: 
– Cənab Rastinyak nə zaman gəlir-gəlsin, nə qrafinyanın, nə də mənim evdə ol         söyləmə. 
Ejen artırmaya çıxdığı zaman gördü ki, yağış yağır. Öz-özünə: 
– Mən bu saat axmaq iş gördüm, – dedi, – lakin nə bunun səbəbini bilirəm, na də əhəmiyyətini başa 
düşürəm. Hələ üstəlik, kostyumumu da, şlyapamı da yağışın altında isladacağam. Öz guşəmdə oturub 
hüquq elmini əzbərləsəydim və ancaq çalışqan məhkəmə məmuru olmağı düşünsəydim, daha yaxşı 
olardı. Mən hara, yüksək cəmiyyət hara! Bu cəmiyyətdə dolaşmaq üçün kabriolet, par-par parlayan 
çəkmələr, qızıl zəncirlər, səhərlər isə altı frank qiymətində ağ zamş əlcəklər, axşamlar da mütləq sarı 
əlcəklər lazımdır. Ah, Qorio ata, qoca hiyləgər! 
Ejen darvazaya çatdığı zaman, bir az əvvəl yenicə evlənənləri gətirmiş və sahibindən bir neçə səfərin 
pulunu xəlvətcə mənimsəməkdən başqa heç bir şey fikirləşməyən karet sürücüsü Rastinyakın frakını, ağ 
jiletini, sarı əlcəklərini, təmiz çəkmələrini və çətirsiz olduğunu görüb, ona işarə ilə qulluq etməyə hazır 
olduğunu bildirdi. Ejeni boğuq bir hiddət sarsıtdı, bu həqiqət isə insanı düşdüyü uçurumdan xilas olmaq 
üçün yol tapmaq ümidi ilə, adətən, daha da dərinlərə sürüklər. Ejen başı ilə işarə edərək, arabaçının 
təklifinə razı olduğunu bildirdi. Karet  mindi. Karet   içinə düşmüş flör-d’oranj yarpaqları yenicə 
adaxlanmış adamların səfərini xatırladırdı. 
Artıq ağ əlcəklərini çıxarmış arabaçı: 
– Hara buyurursunuz? – deyə soruşdu. 
Ejen öz-özünə: “İş işdən keçib, – dedi, – indi ki uçuruma yuvarlanıram, qoy heç olmasa, bir mənfəətim 
olsun”. Ucadan: 
– De Boseanın evinə sür. 
Arabaçı: 
– Hansı Boseanı buyurursunuz? – deyə soruşdu. 
Arabaçının bu mənalı sualı Ejeni daha da pərişan etdi. Hələ cəmiyyət üzü görməmiş bu şıltaq cavan de 
Boseanların iki evi olduğunu bilmir və onun taleyi ilə qətiyyən maraqlanmayan qohumlarının sayı çox 
olduğunu da dərk eləmirdi. 
– Vikont de Boseanın evinə, küçəsi... 
Arabaçı başı ilə işarə edərək: 
– Qrenel küçəsinəmi? – dedi. Bilirsinizmi, bundan başqa bir də Sen-Dominik küçəsində qraf və markiza de 
Boseanın evi var... 


Yüklə 1,77 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə