Onore De Balzak qorio ata



Yüklə 1,77 Mb.
Pdf görüntüsü
səhifə67/77
tarix01.07.2018
ölçüsü1,77 Mb.
#52642
1   ...   63   64   65   66   67   68   69   70   ...   77

– Yox, mən heç nəyi yaddan çıxarmayacağam. 
Qorio ata: 
– Mənim mələk qızlarım, – dedi, – gözlərimə pərdə çökmüşdü, indi yenə gözlərim açıldı, səsiniz məni 
yenidən dünyaya gətirdi. Bir də öpüşün, qızlarım. Nazi, əziz balam, bu veksel səni xilas edə bilərmi? 
– Ümidvaram. Ata, bəlkə, siz də buna imza atasınız? 
– Mənim axmaqlığımı görürsünüzmü? Mən bunu necə unutdum? Nazi, hirslənmə, mənim halım yaxşı 
deyildi. Əziyyətdən yaxanı qurtarandan sonra adam göndərib mənə xəbər verərsən. Yox, mən özüm 
gələrəm. Yox, mən gələ bilməyəcəyəm, mən sənin ərini görə bilmərəm. Əlimdən xata çıxar, onu 
öldürərəm. Sənin mülkünün satış məsələsinə gəlincə, bu işlə özüm məşğul olaram. Get, bala, tez get, 
Maksimə ağıl ver. 
Ejen heyrət içində idi. Madam de Nusingen dedi: 
– Biçarə Anastazi həmişə əsəbi olmuşdur, ancaq ürəyi çox yumşaqdır. 
Ejen Delfinanın qulağına pıçıldadı: 
– O, etimad imzasını almaq üçün geri qayıtmışdı. 
– Siz eləmi güman edirsiniz? 
Ejen: 
– Belə güman etmək istəməzdim, ancaq belədir. Hər halda, onunla ehtiyatlı olmaq gərək, – deyə cavab 
verdi və gözlərini göylərə doğru qaldırıb, ucadan deməyə cəsarət edə bilmədiyi fikirləri Allaha tapşırdı. 
– Doğrudur, onda həmişə bir az aktyorluq hiss olunurdu, zavallı atam isə onun hər saxtakarlığına aldanır. 
Ejen qocadan soruşdu: 
– Sevimli cənab Qorio, özünüzü necə hiss edirsiniz? 
Qorio cavab verdi: 
– Mən yatmaq istəyirəm. 
Rastinyak Qorioya kömək edərək, yatağına uzandırdı. Qoca, qızının əlindən tutmuş halda yuxuya 
getdikdən sonra Delfina əlini azad etdi və Ejenə dedi: 
– Axşam italyan operasında görüşərik. Sən onun vəziyyətini mənə söylərsən. Sabah isə cənab, yeni 
mənzilə köçürsünüzmü? Otağınıza bir baxaq... – Delfina içəri girər-girməz: – Nə dəhşətli otaqdır! – dedi. 
– Sizin otağınız atamın otağından da pisdir. Ejen, sən özünü çox yaxşı apardın. Əgər mümkün olsaydı, 
mən səni daha çox sevərdim. Lakin əziz uşaqcığaz, sən sərvət qazanmaq niyyətindəsənsə, on iki min 


frankı belə asanlıqla bayıra atmaq yaramaz. Qraf de Tray qumarbazdır. Bacım bunu nəzərə almaq 
istəmir. De Tray bu on iki min frankı yığın-yığın qızıl uduzduğu və udduğu qumarxanada tapa bilərdi. 
Qorio inildəyirdi. Ejen Delfina ilə geri qayıtdı O, yatmış görünsə də, bu iki aşiq içəri daxil olanda bu sözləri 
eşitdilər: 
– Onlar bədbəxtdirlər! 
Kim bilir, yatmışdı, ya oyaqdı, lakin bu sözlər Delfinanı dərindən mütəəssir etdi, atasının uzandığı miskin 
çarpayıya yaxınlaşıb, alnından öpdü. Qorio ata gözlərini açdı: 
– Delfina, sənsənmi? 
Qızı soruşdu: 
– Özünüzü necə hiss edirsiniz? 
– Yaxşıyam, narahat olma, bir az sonra çıxacağam. Siz də gedin, balalarım, xoşbəxt olun. 
Ejen Delfinanı evinə qədər ötürdü, lakin Qorio atanın vəziyyəti üçün narahat olduğuna görə nahar 
etməyə qalmayıb, yenə “Voke    evinə” qayıtdı. Artıq Qorio yatağından durmuşdu, süfrə başında 
əyləşmək niyyətində idi. Byanşon münasib bir yerdə oturub vermişel fabrikantının hərəkətlərinə baxmaq 
istəyirdi. Qorio bir parça çörək götürüb, nə unundan bişirildiyini yoxlamaq məqsədi ilə iylədiyi zaman, 
tibb institutu tələbəsi qocanın bu hərəkətində nə etdiyini qətiyyən başa düşməyən bir insanın hərəkətini 
sezərək qaşlarını çatdı. 
Ejen Byanşona dedi: 
– Bir az mənə yaxın əyləş, Koşen pansioneri! 
Byanşon məmnuniyyətlə yerini dəyişdi, qocanın yaxınlığında oturdu. Rastinyak soruşdu: 
– Ona nə olmuşdur? 
– Yanılmıramsa, onun işi bitib! Onda qəribə hallar görürəm, iflicə oxşayır. Üzünün aşağı hissəsi çox sakit 
görünür, üst hissəsi isə özündən asılı olmayaraq yuxarıya çəkilir, görürsənmi? Bir də onun gözlərinə 
diqqət elə: beyinə qan sızanda gözlər bu hala düşür. Elə bil gözlərinə nazik pərdə çəkilib. Səhər onun 
səhhəti aydınlaşar. 
– Belə xəstəliklərin dərmanı varmı? 
– Heç bir dərman yoxdur. Əgər ayaqlarının keyliyi keçsə, bəlkə də, ölümünü bir az təxirə salmaq olar. 
Lakin sabah axşama qədər indiki əlamətlər yox olmasa, biçarə qocanın öləcəyinə şübhə yoxdur. Onun 
xəstələnməsinə səbəb nədir, bilmirsən? Mənəviyyatına dərin təsir edən sarsıntı keçirmişdir. 
Rastinyak hər iki qadının ata qəlbinə aramsız zərbələr vurduğunu xatırlayaraq: 
– Elədir, – dedi. 


“Delfina, hər halda, atasını sevir”, – deyə düşündü. 
Axşam italyan operasında madam de Nusingeni çox da təşvişə salmamaq üçün, Ejen ehtiyatla Qorio 
atadan danışmağa başladı. Lakin Rastinyak sözə başlar-başlamaz Delfina dedi ki: 
– Narahat olmayın, mənim atam möhkəm adamdır. Lakin bu səhər biz onu bir qədər incitdik. Məsələ 
bizim sərvətimizdədir. Belə müsibətin nəticələrini təsəvvürünüzə gətirə bilərsinizmi? Sizin məhəbbətiniz 
məni hər şeyə laqeyd nəzərlə baxmağa vadar etməsəydi, mən yaşaya bilməzdim. Əvvəllər bu cür şeylər 
məndə dəhşət və əzab oyadardı. Bu saat mənim üçün məhəbbəti itirməkdən başqa bir qorxu, başqa bir 
müsibət ola bilməz. Həyatın sevinclərini mənə duyduran ancaq məhəbbət olmuşdur. Bu hiss xaricindəki 
şeylər məni maraqlandırmır, heç bir şey mənə həzz vermir. Mənim üçün siz hər şeysiniz. Əgər sərvət 
mənə həzz verirsə, buna səbəb ancaq bu sərvət sayəsində sizə daha xoş görünməyimdir. Söyləməyə 
həya edirəm, ancaq etiraf etməliyəm ki, mən ata üçün qız olmaqdan artıq, sizə məşuqəyəm... Buna 
səbəb nədir? Özüm də bilmirəm. Bütün varlığım, bütün həyatım sizə bağlıdır. Bu qəlbi mənə atam verdi, 
lakin siz onu döyündürdünüz! Qoy bütün kübarlar aləmi məni məzəmmət etsin! Lakin siz məndən narazı 
olmağa əsasınız olmadığı kimi dəruni bir hisslə işlətdiyim günahlarımı bağışlayırsınızsa, mənim bu aləmlə 
nə işim var! Siz mənim atama qarşı rəhmsiz olduğumu söyləyə bilərsinizmi? Yox, yox, bizim atamız kimi 
bir atanı sevməmək mümkün deyildir. Lakin mən bizim kədərli izdivaclarımızın zəruri nəticələrini, 
nəhayət, onun da görməsinə mane ola bilərdimmi? Nə üçün o, vaxtilə bizim bu izdivaclarımıza mane 
olmadı? Məgər bizim taleyimizi düşünmək onun vəzifəsi deyildimi? Mən yaxşı bilirəm: bu gün o, 
Nazidən, yaxud məndən az iztirab çəkmir. Lakin bizim çarəmiz nədir? Biz nə etməliyik? Ona təsəlli 
verməkmi? Bizim təsəllimiz ona qətiyyən kar etməz. Bizim itaətkarlığımız məzəmmət və 
şikayətlərimizdən onu daha çox məyus edərdi. İnsan həyatında elə vəziyyətlər vardır ki, başdan-başa 
aclıqla, iztirabla doludur. 
Ejen bu səmimi hissin sadə izharını məmnuniyyətlə dinləyərək, sükut edirdi. Paris xanımları,       , 
saxtakar, şöhrət düşkünü, xudbin, işvəkar, soyuq olar, lakin onlar əsl məhəbbətlə sevdikləri zaman bütün 
varlıqlarını bu ehtiras yolunda qoyarlar, məhəbbətdə heç bir qadın onlar qədər fədakarlıq göstərməz. 
Sevən Paris xanımları öz xırda hisslərinə üstün gələrək ruhən yüksəlirlər. Bundan başqa, Ejen Delfinanın 
qadınlara xas olan sağlam, dərin zəkasına heyrət edirdi. Delfina sakit şəkildə sadə və təbii hisslərdən 
bəhs edir, sanki, böyük bir ehtiras hissi ilə özünü bunlardan təcrid edərək, hər şeyə kənardan göz 
qoyurdu. 
Madam de Nusingen Ejenin sükutundan incidi. 
– Siz nə fikirləşirsiniz? – deyə soruşdu. 
– Mən hələ sizin dediklərinizə qulaq asıram. İndiyə qələr elə zənn edirdim ki, mən sizi sizin məni 
sevdiyinizdən daha çox sevirəm. 
Delfina gülümsədi, lakin söhbəti şəraitin tələb etdiyi dairədən kənara çıxarmaq üçün sevincini gizlətdi. O, 
əvvəllər səmimi gənclik məhəbbətinin çırpıntılarını və etirafını heç zaman eşitməmişdi. Bir az da belə 
davam edərsə, o artıq özünü idarə edə bilməyəcəkdi. Söhbətin mövzusunu dəyişərək: 


Yüklə 1,77 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə