Şeirsiz yaşamaq olmayan yerdə



Yüklə 5,16 Kb.
Pdf görüntüsü
səhifə66/78
tarix16.11.2017
ölçüsü5,16 Kb.
#10428
1   ...   62   63   64   65   66   67   68   69   ...   78

 
328
Bu qədər bağlılıq, bu qədər istək
heç bilə bilmirəm hardan yarandı. 
Bir uzaq işıq ol, aytək, ulduztək, 
yandırma istinlə məni, amandı. 
 
Könlümdə xatirin həmişə əziz, 
sənə sayğım sonsuz, hisslərim təmiz. 
Nə olar, bir qədər soyuq ol, yad ol, 
məndən uzaqlarda rahat ol, şad ol. 
 
Onsuz da bir qəmli ney kimiyəm mən, 
dünyanın kədəri yaşar səsimdə. 
Yanğım içimdədir, mey kimiyəm mən, 
hərdən ürəyimi duysan bəsimdi. 
 
Öyrətmə bu qədər özünə məni, 
mehriban səsinə, sözünə məni. 
Səni itirəcək andan qorxuram, 
bir də… ayrılıq var, ondan qorxuram! 
 
 
 
İNANMAYIR, NEYLƏYİM 
 
Boylanıram hər gün yollar boyunca
yarım keçə, baxam ona doyunca, 
göz yaşımdan su atıram dalınca, 
inanmayır, inanmayır, neyləyim? 
 
Arzularım düyün düşüb telində, 
yalvarışdı, titrəyişdi dilimdə, 
qurbanlığa çevrilmişəm əlində, 
inanmayır, inanmayır, neyləyim? 
 
Kirpikləri hər qalxanda, enəndə, 
ürəyimdən salır məni kəməndə, 
özü görür, odu yanır sinəmdə, 
inanmayır, inanmayır, neyləyim? 


 
329 
Mən eşqimin yollarında bir qulam, 
rəvadırmı qan ağlayam, saç yolam? 
Bu sevdadan çətin bir də kam alam, 
inanmayır, inanmayır, neyləyim? 
 
Mənə dostmu, ya düşmənmi bu dövran
könlüm evi gah gülüstan, gah viran? 
Həmd söyləyib, söz deyirəm bir Quran, 
inanmayır, inanmayır, neyləyim, 
inanmayır, inanmayır, neyləyim? 
 
    
 
SƏNİN GÖZLƏRİN 
 
Sənin gözlərinin maviliyində, 
bir dəniz dincələr, bir üfüq itər. 
Sənin gözlərinin dərinliyindən 
arzular pöhrələr, istəklər bitər. 
 
Sənin gözlərinin ovsunu nə çox
dartar əsirini dar ağacına. 
Hər qaşın bir kaman, hər kirpiyin ox, 
bədənin bənzəyir nar ağacına. 
 
Gülümsə, gül açsın zərif duyğular, 
şəhdi-şəkər axsın hər gülüşündən. 
Sən gəzən yerlərə gəlir ilk bahar, 
dünya gözəlləşir nəvazişindən. 
 
Gəl, öpüm əlindən, üzündən yüz yol, 
bir ulduz işıq var gözündə, gözəl. 
Ya ölüm dərdindən, ya dərmanım ol, 
  keçsin ömrüm-günüm nazında, gözəl. 
 
 


 
330
 
UNUDAQ BU SEVGİNİ 
 
Məni nə axtar, nə gəz, 
nə də yollarımı kəs. 
Daha qəlbimdə yoxsan, 
sənə vurulduğum bəs. 
 
Nəyə gərək bu təlaş, 
kimə lazım bu savaş? 
Keçmişi yuxu kimi 
unudaq yavaş-yavaş. 
 
Bu eşqdə möhnət gördüm, 
dərd gördüm, xilfət gördüm. 
Səndə nə sevən ürək, 
nə də sədaqət gördüm. 
 
Gecə-gündüz ağladım, 
tənhalıqla barışdım. 
Hər gün gözümün yaşı, 
kədərimlə qarışdı. 
 
Nə səni bu bəzəyir, 
nə mənə bu yaraşır. 
Acı xatirələrin 
içində ağlım çaşır. 
 
Bəsdir bir-birimizi  
aldatmışıq bu qədər. 
Birgə keçən ömrümüz
hədər ötübmüş, hədər. 
 
Bizdə oxşar heç nə yox, 
hərəmiz bambaşqayıq. 
Dəyişə bilmiriksə, 
özümüzə oxşayaq. 


 
331 
XATİRƏ 
 
Abbas Soltanoğlu musiqi bəstələmişdir 
 
Gözlərimin önündə 
əksin canlanır yenə. 
Dünyanın xoş günündə 
əzab verirsən mənə. 
 
Əlim əlindən uzaq, 
səsim səsinə yetmir. 
Dərd çəkilib qurtarmır, 
qəm yeyilməklə bitmir. 
 
Sən hardasan, mən harda, 
xəyal qanadlı quşdu? 
Ruhuma dönməyin də, 
mənim üçün uduşdu. 
 
İndi öz dünyamdayam, 
ürəyimdə xatirən. 
O sənli günlərimdən 
hansı qayıdar, görən? 
 
Bəlkə də ürəyində 
unudulmuşam, yoxam., 
Yox, hələ ölməmişəm, 
gülüm, hələ ki, sağam. 
 
Hədəfə tuşlanmayan, 
yayından çıxmış oxam. 
Mən səni tanıyandan 
yatıbdı qara çuxam. 
 
Sən öz qayğılarında, 
mən öz təlaşımdayam. 
Ömrün qaynar yaşında, 
sevgimin qışındayam.  


 
332
 
BİR QƏDƏR UZAQ OL 
 
Mən səni çox istəyirəm, 
bütün istədiklərimdən çox. 
Mən səni sevirəm, 
indiyə qədər sevdiklərimdən çox. 
Səninlə hər görüşdən həyacanlana, 
səsindən ovsunlana, 
istindən qızına bilirəm. 
Mən səninlə tez-tez 
görüşmək istəmirəm
birgə yaşayıb istəyimizi 
adiləşdirmək istəmirəm. 
Qorxuram gündəlik həyatımızın 
müxtəlif söz-söhbətləri 
bizi diqqətsiz münasibətə öyrəşdirə. 
Gözüm diqqətsizliyə öyrəşə, 
üzüm diqqətsizliyə öyrəşə. 
Əlim üçün adiləşəsən, 
dilim üçün adiləşəsən. 
Səsim hər an səsinə yetişə, 
bu yanğı sönüb ötüşə. 
Mən səni hərdən görmək istəyirəm, 
həftədə, ayda bir dəfə. 
Əllərini öpməkdən, 
boynunu qucaqlamaqdan 
doymayım hər dəfə. 
Tez-tez görünmə gözümə, 
uzaq ol bir qədər, gülüm. 
Qoy həmişə səni əlçatmaz bilim, 
qoy xəyalınla yaşaya bilim. 
Qoy hərdən həsrətindən, lap ölüm. 
 
 
 


 
333 
 
SARI GÖZƏL 
 
Yarı samanı sarı, 
yarı qızılı saçlı sarı gözəl. 
Gözəllərin göyçəyi. 
Saçların qarğıdalı saçağı kimi 
tökülüb boynuna, çiyninə. 
Günəş şəfəqləritək sayrışır ucları. 
Sifətin zərif günəbaxan çiçəyi. 
Ləçəklərinin sarısı yayılıb üzünə. 
Ağzın, qabığı azca aralanmış püstə. 
Dodaqların elə bil nəqqaş əliylə hazırlanıb, 
ehmalca qoyulub üst-üstə. 
Dilin badam içi. 
Nə ecazkar çöhrən var, 
sənə baxan şişir. 
Gözlərin gah təlatümlü, 
gah sakit, mavi dəniz, 
bülluru saf, duru, 
dərinliyi məstedici, heyrətamiz. 
Qaşlarının hilalı mənalı, düşündürücü. 
Baxışın bəzən sərt, kəsici, 
bəzən dalğın. 
Hərdən baxsana əsirinə oğrun – oğrun. 
Sənə təbəssüm daha çox yaraşır. 
Nə olar, arabir gülümsə, 
ətrafına danışmağa çalış nəsə. 
Bunu ki, sənə qadağa qoymayıb bir kimsə? 
Axı, dünya daha da gözəlləşər
gözəl şirin-şirin dinsə və ya gülsə. 
Mavi gözlü sarı gözəl, 
sənə təbəssüm daha çox yaraşır, 
gülümsə, gülümsə. 
 
 


Yüklə 5,16 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə