DİN - MƏDƏNİYYƏTDİR
Dini məsələləri işıqlandıracaq bir qəzetin nəşrə başlamasını ürəkdən alqışlayır və
ona uğurlar diləyirəm. Din - cəmiyyətin çox mühüm bir mənəviyyat
Mənim üçün din hər şeydən əvvəl əxlaq və mədəniyyətdir. Əgər müxtəlif dini
konfessiyalar bir-birindən fərqlənirsə onların təsiriylə yaranmış sənət örnəkləri bütün
bəşəriyyətə məxsus olan sərvətdir. Paris Notr Dam kilsəsini seyr edərkən,Rafaelen
Sikstin Madonnasına, Mikalencelonun «Pyeta»sına(«Kədər»inə) heyranlıqla baxarkən,
İ.S.Baxın xorallarını dinləyərkən mən bu sənət möcüzələrinin dini qaynaqlardan
qidalandığını unudaraq onlardan ilk növbədə ilahi estetik zövq alıram. Eləcə də İslam
mədəniyyətinin yaratdığı incilər - Şeyx Nizaminin, Mövlana Cəlaləddin Ruminin,
Füzulinin poeziyası, muğamlar, Tac Mahal, Səmərqənd, Buxara, İsfəhan, Şiraz,
Naxçıvan memarlıq abidələri, İstanbul cameləri -bütün dünyaya məxsus olan
gözəlliklərdir.
Səmavi dinlər arasında İslam sonuncusu və ən tolerantlısıdır. Digər iki səmavi
dindən fərqli olaraq İslam o dinlərin peyğəmbərlərini də qəbul edir və onlara, o dinlərin
qudsal kitablarına hörmətlə yanaşır.Xristian dünyasında Məhəmməd, Əli,Həsən,Hüseyn
adlarına rast gəlməzsiniz,amma İslam dünyasında Həzrət Məhəmməddən öncəki
peyğəmbərlərin adları İbrahim,Süleyman,Musa,İsa və s. ən yayqın adlardır.
Dinin dövlətdən ayrılması - laiklik, sekulyarlıq, dünyəvilik - hər bir demokratik
quruluşun təməl prinsiplərindəndir. Allahsız, ateist quruluşlar diktaturaya yol açır və
Allahı inkar edən diktatorlar öz kultlarını insanların inanclarında, şüurlarında təsdiq
etməyə çalışırlar. Eyni zamanda teokratik quruluşlar da gec-tez totalitar bir sistemə
çevrilir, düşüncə azadlığının, fərqli fikir özgürlüyünün qəniminə çevrilirlər.
Bu gün cəmiyyətdə - istər mediada,istər ədəbiyyat və sənətdə,istərsə də insan
münasibətlərində,davranışında,həyat tərzində müəyyən aşınma,bayağılaşma müşahidə
olunduğu bir vaxtda dinimizin mənəvi dəyərləri -- sağlam ailə əlaqələri,qarşılıqlı böyük-
kiçik hörməti, əlitəmizlik, gözütoxluq,ehtiyacı olanlara yardım əlini uzatmaq kimi
dəyərlər,zənnimcə dinin bütün rituallarından daha vacibdir.
Dinə ən böyük zərbə onun fanatizm şəklinə salınmasıdır. Böyük sələflərimiz
Mirzə Cəlil Məmmədquluzadə,Mirzə Ələkbər Sabir mənsub olduqları İslam dininə
yox,dini fanatizmə və fanatizmin törəməsi olan mövhumata,xurafata qarşı mübarizə
aparırdılar.
Uşaqlıqdan Allaha inanmışam və ömrümün sonuna qədər inanacam.Yaşa
dolduqca bu münasibətimi belə ümimiləşdirdim:
Allaha inanıram.
Dinə hörmət bəsləyirəm.
Fanatizmə,mövhumata,xurafata nifrət edirəm.
11 aprel 2009.
«Din və cəmiyyət» qəzetinin ilk nömrəsində dərc edilib
KAMANÇANIN SAFLAŞDIRAN NALƏSİ
«Gələcəyin qorunması, Qafqaz barış axtarışında» adlı kitab ATƏT-in
təşəbbüsüylə və İsveçrə,Almaniya,Avstriya,Norveç və Lixtenştyen hökumətlərinin
sponsorluğu ilə rus,ingilis və alman dillərində nəşr edilmişdir. Kitabın təşəbbüskarları
və redaktorları ATƏT-in mətbuat azadlığı üzrə müvəkkili, 1980-1988-ci illərdə
Almaniya Bundestaqının deputatı olmuş Fraymut Duve və ATƏT-in Qafqaz üzrə şəxsi
təmsilçisi İsveçrə diplomatı Xaydi Talyavinidir. Nəşrin koordinatoru və tərtibçisi isə
mosvkalı tənqidçi Natalya İvanovadır.
Kitaba Qafqaz problemlərinə aid iyirmi altı yazı daxil edilmişdir. İstər Qafqaz
ölkələrində yaşayan qafqazlı müəlliflər, istərsə də başqaları bu bölgənin çətin taleyi
haqqında, indiki ağır vəziyyəti və gələcək perspektivləri barəsində mülahizələrini irəli
sürüb,bu gün gərginlik və konfliktlər içində yaşayan xalqların barış yollarını arayırlar.
Müəlliflər sırasında bir sıra tanınmış qələm sahibləri, o cümlədən Gürcüstandan Zazva
Abzianidze, Georgi Nicaradze, Ermənistandan Qrant Matevosyan, Ağası Ayvazyan,
Moskvadan Anatoli Pristavkin, Fazil İsgəndər, Nəfi Cusoytı, Çingiz Hüseynov vardır.
Kitabda Azərbaycandan Anarın «Kamançanın saflalaşdıran naləsi» və Məmməd
İsmayılın «Qafqaz necə olmalıdır» yazıları verilmişdir.
Tərtibçilər
Əvvəlcə bu yazının başlığına çıxarılmış və güman ki,çoxlarının adını
eşitmədikləri «kamança» sözü haqqında. Kamança Azərbaycanın milli simli-yaylı
musiqi alətidir,kamançada əsrlər boyu xalq musiqimiz azərbaycanlı və eləcə də erməni
çalğıçıları tərəfindən ifa olunub. Bu gün,nə yazıq ki, aralarında ədavət hökm sürən bu
iki xalqın ümumiyyətlə mədəniyyəti,musiqisi,məişəti və mətbəxində ortaq cəhətlər
çoxdur. Əslinə qalsa,bir-biri ilə ədavət edən xalqların özü deyil,bu qarşıdurma
kənardakı maraqlı qüvvələrin fəal,amma gözə görünməyən təhrikedici hərəkətlərinin
nəticəsidir.Bu barədə,eləcə də kamança barədə danışmazdan öncə,doğulub
yaşadığımız,çalışdığımız,qəmlənib sevindiyimiz, ümid bəslədiyimiz ötən əsrimizə
qıraqdan,qərəzsiz bir nəzərlə baxmaq istəyirəm.