Xaqani Şİrvani seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə27/148
tarix24.12.2017
ölçüsü3,27 Mb.
#17899
növüYazı
1   ...   23   24   25   26   27   28   29   30   ...   148

________________Milli Kitabxana________________

Olar İsa kimi bayram mənim qəlbimdə hər anda,

Fəqirlik bayramında, bil, könüldür təkcə qurbanı.

Mənə qəlbim dedi: ol fəqrə qane, baxma dünyayə,

Rəvadırmı bir ac yurda dikə göz Misr sultanı?

Fələk mehtərləri ömrün atından saldılar nəfsi,

Bu otlaqda nəyin vardır, qəhət almış bu səhranı.

Tapılmaz kəndlidə arpa, onu dövran yandırmış,

Çörək olmaz o təndirdə ki, basmışdır su tufanı.

Tapılmaz heç bu xırmanda bir arpa, aləmi gəzsən,

Gözün çək arpadan, olma çörəkçün şah dərbanı!

Qoşulsa cahilə aqil, əsər qalmaz kamalından,

Bir oğru olsa, karvanda çalar eşşəklə palanı.

Xəsis bu rüzigarın sən pay umma süfrəsindən ki,

Gecə-gündüz iki it tək qovar biçarə mehmanı.

Saqın sən bu ala itdən, amandır, felinə uyma,

Ki, dişdən eyləmiş məhrum dişlə bir çox aslanı.

Fələkdə varsa da bir cüt çörək, bir sünbül, aldanma,

Sənə bir dəstə keşniş də deyil bu çərxin ehsanı.

Gecə goy süfrəsində var çörək xırdaları, baxma,

Dağarcıqda kəpəkdir ki, dilənçi etmiş İsanı!

Tamah ölmüş, ona meyyit namazı qıl desəm, hardan,

Taparsan su? Tutub başdan-başa çirkab bu dünyanı.

Təyəmmüm qıl desəm, yoxdur bu dünyada təmiz torpaq

Şəhidlər qanı basmışdır bütün bərrü biyabanı.

Özünü bəsləyənlər bir gülə oxşar ki, gülşəndə,

Kəsifdir batini, ancaq geyib əyninə dibanı.



________________Milli Kitabxana________________

Ağan süfrə açan günlər bütün itlər edər bayram,

Acından ölsə də, aslan yeməz itlərlə ehsanı.

Səxavət sahibi bircə tikəylə cənnəti aldı,

O, qorxmaz, olsa da müflis, bu dünya fanidir, fani.

Nolardı, bircə bilsəydim: bu dünyada nəyin artar,

Yeyib-içsən gecə-gündüz şərabı, noğlu, reyhanı

Əmirə söylə, ta bilsin ki, nəfs - it, nəş - sərvətdir,

İtə həmkasə olmaqla gedər badə şərəf-şanı.

Ölər ilbiz çanağında, çıxar əfı qılafından,

İlandan kəm deyilsənsə, soyun bu rəxti-əlvanı!

Süleymanam demə, əvvəl yanından divləri rədd et,

Qov, öldür, ya tutub zəncirə çək quli-biyabanı!*

Sənin amir o ruhun ki, tapar yer baği-cənnətdə,

Çalış etmə qara nəfsi bu nurlu ruh zindanı.

Xoşa gəlməz ki, şahənşah qayıtsın şad qürbətdən,

Otursun qəsrdə rahət, unutsun yarü-əvanı.

Bu aləmdən uzaqlaş sən, o aləm dərdinə qalma,

İki aləmdən üstündür təfəkkür əhlinin canı.

İki aləm - iki gözdür tərazusunda Allahın,

Sığınmaz onlara bir əl ki, qurmuş ədl mizanı.

Kişi heç vaxt iki aləmdə mənzil fikrinə düşməz,

Ki, Mizan Nahidindir, görməz o Mizanda Keyvanı*.

Ayaq torpağını al mərdlərin, başına tac eylə,

Qızıl tac alma, vermə oğruya sən sirri-pünhanı?*

Deyil dərviş o kəslər ki, ola şah tacına məftun,

Gərək dərviş bir gözdə görə dərvişlə sultanı.



________________Milli Kitabxana________________

Könül sultanı dərvişlər səfində xas yer tutmuş,

Ki, şah tacından üstündür ona dərvişin astanı.

Bütün dərvişlərin şahı olubdur Əhmədi-Mürsəl,

Ki, "Nuni-vəl-qələm" "Quran"da səbt etmiş bu fərmanı*.

Əgər dərvişsən, dərvişlərin əhvalına qal ki,

Günəş üryan ikən xələtlə şad eylər çox üryanı.

Cahanda yoxsul olduqca, daha artıq səxavət qıl,

Ki, meynə doldurar zərlə payızda bağı, bostanı.

Əvəz ummaq səxavət qarşısında, bil, riyadır bu,

Verib bir dirhəmi, on dirhəm etsən borclu yəzdanı.

Bacarmaz yaxşılıq pislər, müqəssirdir buna xilqət,

İlandan bal umarlarmı, onun yoxdursa imkanı?

Arı həm bal verər, həm də, yeri düşsə, soni sancar,

Ona baxma ki, vəsfində yazılmış vəhyi-rəbbanı.

Bacarsan, olma aludə calalma bu dünyanın,

Bu murdar daşı almaqla ələ, şad etmə şeytanı.

Fəqirin xirqəsində bəxyələrdə rəmzlər vardrr,

Ki, anlar "lövhi-məhfuz"u açanlar bu müəmmanı*.

Hamı dünyaya aşiqdir, biz isə qəmdən azadıq,

İtə aşiq olanlarda gərəkdir ola it canı.

Sənə bir həftəlik bəxtin əgər yar olsa, şad olma,

Üçüncü həftədə başlar Ayın cismində nöqsanı.

Atarsa qol-budaq neysan ayında kükrəyən əncir,

Onu xoşbəxt sanma, qarşılar pəjmürdə abanı*.

Fəlakətsiz səadət umma dövranda, yəqin bil ki,

Hilal iqbalına qarşı təbiət qoydu Sərtanı*.



________________Milli Kitabxana________________

Düşünsən haqqını, yoxdur cahanda daimi iqbal,

Səadətdir o şey ki, bu cahanda fanidir, fani.

Həzər qıl ah oxundan gücsüzün, bil, pusquda durmuş,

Çəkər nalə zəiflikdən, vurar tuş ah peykanı.

Tökər sübhə qədər qan-yaş gözündən sel kimi məzlum,

Boğar zalımları rahət yataqda qanlı tufanı.

Əlac axtar qəza təqdirinə, sən əzdiyin aciz,

Düşübsə torpağa, ahı yıxar ərşi-müəllanı.

Salıbsan Bijəni həbsə sən, ey Əfrasiyab, yatma!

Durubdur pusquda Rüstəm əlində tiği-bürranı*.

Yatarsan məst, lakin yatmamış sən əzdiyin məzlum,

Pilə qurdu kimi sazlar sənə tor çeşmi-giryanı.

Edibsən it kimi pislik, peşiman ol, "əl-əfv" söylə,

Ki, it də eyləyər "əf-əfv" nəyin olsa peşimanı.

Qocalmışsan, ölüm vaxtı nədir, nalan olursan sən;

Doğulduqda uşaq ağlar, tutar dünyanı əfğanı.

Qoyun tək bağlamış quyruq sənə dövran, belindən at,

Onu, qoy kavü mahinin dağılsın qəsri, ərkanı*.

Sənə dayə olub torpaq, südün əmdin, əmər qanın,

Bütün qanın o süddəndir ki, vermiş dayə püstanı.

Cavanlar qanıdır, içmə, əlində tutduğun badə,

Ki, torpaq meynəlikdən qaytarıb öz içdiyi qanı.

Gözəl zalimlərin nəfsi kimi, xunxar bu dünyanı,

İçi olmuş məzarıstan, eşikdə bağlı bostanı.

Xorasan bir hərəmdirsə, Məlikşahdır ona Kəbə,

Səmərqənd bir fələkdirsə, bir ulduzdur Qədərxanı*.



Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə