Yalan, aldatma, məkr və hiyləgərlik (davamı)



Yüklə 24,99 Kb.
tarix06.05.2018
ölçüsü24,99 Kb.

Yalan, aldatma, məkr və hiyləgərlik (davamı)

Uşaqların və yeniyetmələrin Səlib yürüşünə cəlb edilməklə aldadılması və onların fırıldaq qurbanlarına çevrilməsi bu eybəcərliklərin daha bariz nümunəsidir. 1212-ci ilin mayında startını götürən bu hadisə dini fanatizmin hansı dəhşətlərə gətirib çıxardığını aydın göstərir. Fransada həmin dövrdə yeniyetmə çoban Stefanın gözünə ağ rahib obrazında İisus göründü. İisus ona göstəriş vermişdi ki, yeni Səlib yürüşünün başında dursun. Bu yürüşdə yalnız uşaqlar iştirak etməli idi, guya ki, ələ silah götürmədən, dillərində Allahın adı olmaqla onlar Sahibin qəbrinin olduğu Yerusəlimi azad etməlidirlər.

Çoban elə ehtirasla moizə edirdi ki, uşaqlar evlərindən qaçıb ona qoşulurdular. Vandom bu “müqəddəs qoşun”un yığışdığı yer elan edildi, buraya 30 min yeniyetmə toplaşmışdı. Stefan artıq möcüzə yaradan hesab olunurdu. Onlar Marselə getdilər ki, oradan müqəddəs torpağa üzsünlər, lakin gəmilər barədə əvvəlcədən heç kim düşünməmişdi. Qoşuna keşişlər və kəndlilər, çox hallarda həm də cinayətkarlar qoşulurdu.

Bu hərəkata dəlisovluqla qoşulmağa can atan alman uşaqlar isə Almaniyadan İtaliyaya gedən yolda Alp dağlarını keçəndə dəhşətli məhrumiyyətlərə məruz qaldılar. Yerli əhali isə Fridrix Barbarossanın səlibçilərinin (III Səlib yürüşü) törətdikləri bədbəxtliklərdən cana doyduqlarından onların çətinliklərinə laqeydlik göstərirdilər.

Fransız uşaqlarına isə Marseldə iki yerli tacir yeddi gəmi verdi ki, onlar müqəddəs torpağa üzsünlər. Lakin onların izi bütünlüklə itdi və 18 ildən sonra, 1230-cu ildə Avropada vaxtilə onları müşayiət edən bir rahib meydana çıxdı və o, danışdı ki, yeniyetmələr olan gəmi Əlcəzair sahillərinə gəlib çıxdılar, orada onları gözləyirdilər. Məlum oldu ki, tacirlər onlara gəmiləri mərhəmətlərinə görə deyil, müsəlman quldarları ilə sövdələşdiklərinə görə veribmişlər. Yeddi gəmidən ikisi hələ üzərkən Sardiniya adası yaxınlığında qəzaya uğrayıb batıbmış, digərlərini isə əclaflar Şimali Afrikaya gətirib, guya Sahibin qəbrini xilas edəcək bu zəvvarları Misirin qul bazarında qul kimi satmışdılar. Minlərlə uşaq Xəlifənin sarayına düşmüşdü. Ən ağır bədbəxtlik payı isə aldadılan və təcavüzlərə məruz qalan qızların bəxtinə düşmüşdü. Dini fanatizm və kilsənin nüfuzu hesabına aldadılan on minlərlə avropalı uşaq öz evlərini, valideynlərini tərk edib, uzaq diyarlarda səfillərə və əsl qullara çevrilmişdilər.

İngiltərə kralı I Eduard qiyam qaldıran uelsliləri sakitləşdirmək üçün 1284-cü ildə Kardiffdə olarkən bir hiyləgərliyə əl atdı. Xalqın qarşısına çıxıb dedi ki, mən sizə Uelsdə anadan olan və ingiliscə bir kəlmə də bilməyən bir nəfəri hökmdar qoyacağam. Uelslilər kralın bu bəyanatına çox sevindilər, lakin məlum oldu ki, kral onların sadəlövhlüyündən istifadə edib kələk işlətmişdir. Onun bu bəyanatından əvvəlki gün Kardiffdə anadan olan oğlu, gələcək kral II Eduardı o, Uels printsi təyin etmişdir. Hər bir körpə kimi o, danışa bilmirdi. Uelslilər kral I Eduardın hiyləgərliyinin qurbanı oldular. O vaxtdan etibarən kralın böyük oğlu, vəliəhd Uels printsi adlanır. İndiki kraliça II Elizabetin oğlu Çarlz da bu titulu daşıyır.

Fransa kralı IX Karl anası Yekaterina Mediçinin öyrətməsi, təhriki ilə qəsd təşkil etdi və 1572-ci il avqustun 24-nün gecəsində – bu Varfolomey gecəsi adlanır,- Parisdə huqenotlar adlanan protestantların qırğını başlandı. Sena çayı qandan qırmızı rəng almışdı. Hamı dini dönüklərə hücum edirdi. Latın məhəlləsində professorları, tacirləri öldürürdülər. Həmin gecə 5 mindən 10 minə qədər parislinin öldürüldüyü güman edilir. Hüqenotların təqibinə görə Parisi çox sayda sənətkarlar tərk etdi və bu gələcəkdə özünü Fransa üçün ağır iqtisadi zərbə kimi göstərdi.

Yalnız 1594-cü ildə kral IV Henri protestantlıqdan katolikliyə qayıtdığına görə, “Paris messaya dəyər” şüarı ilə paytaxta girib, uzun sürən vətəndaş müharibəsindən sonra burada sülhü bərpa etdi. Parislilər 1610-cu ildə dini fanatik tərəfindən qətlə yetirilən kral IV Henrini samaritan adlandırıb, onu hökmranlığı dövründə çox sevdilər.

1715-ci ildə Cünəş Kral- XIV Lui öldükdən sonra Fransa taxt- tacına onun nəticəsi, az yaşlı XV Lui gəldi. Ölkəni regent kimi Orlean hersoqu ( Adı II Filipp olan bu adam 1715-1723-cü illərdə Fransada hökmranlıq etmişdi ) idarə etməyə başladı. O, özünü xalqa qayğıkeş, izafi xərcə yol verməyən hökmdar kimi göstərmək üçün sarayın tövlələrindəki atların sayını iki qat azaltdı. Bunu eşidən böyük fransız filosofu Volter yazmışdı ki, yaxşı olardı ki, o, tövlədəki atların miqdarını azaltmaqdansa, saraydakı eşşəklərin sayını iki qat azaldaydı.

Təkcə bir ölkənin ərazisində deyil, beynəlxalq münasibətlərdə də bir-birini aldatmağa geniş yol verilir. Çünki ən sıx müttəfiqlik belə, qarşılıqlı şübhələri aradan qaldırmır, həqiqi etimada əsaslanmır. Müttəfiqlik müqaviləsi ilə bağlananlar, sonradan müharibə cığırına düşməklə, bir-birinə ağır zərbə vurmağa çalışırlar. 1807-ci ildə Napoleonla rus çarı I Aleksandr dostluqdan xəbər verən müqavilə imzalamışdılar. Rusiya sonralar Britaniya ilə əlaqələri bərpa etdiyinə görə, Napoleon Rusiyaya yürüş etdi və nəticədə ağır məğlubiyyətlə üzləşməli oldu.

Napoleon, ondan 130 il sonra Hitler kimi ümid edirdi ki, onun Böyük İmperiyası əsrlərlə axırıncı imperiya olacaqdır. Hitler imperiyası kimi o da yaranandan az sonra sürətlə tənəzzülə uğradı. Burada iki başlıca səbəb var idi: Böyük Britaniyanın dirçəlməsi və millətçiliyin güclənməsi. Britaniyanın dirçəlməsi əsasən onun dəniz qüvvələrinə borclu idi. Britaniya uzun müddət ərzində dalğaları idarə etdikcə hərbi hücumlar üçün demək olar ki, heç də kövrək olmurdu. Napoleon İngiltərəyə müdaxilə etməyi də düşünürdü və quruda əlbəttə, onun ordusu çox güclü idi. Ona görə də bu müdaxilə üçün gəmilər də toplanmışdı. Lakin 1805-ci ildə Trafalqar döyüşündə birləşmiş fransız-ispan donanması admiral Nelsonun başçılıq etdiyi Britaniya hərbi-dəniz qüvvələrinə üstün gələ bilmədi, əksinə ağır məğlubiyyətlə üzləşdi. Napoleon bu vaxt Brataniyanı məğlub etmək üçün üzünü özünün Kontinental Sisteminə tərəf çevirdi. 1806-1807-ci illərdə həmin sistem işə salındı, bu yolla Britaniya mallarının Avropa qitəsinə çatdırılmasının qarşısının alınmasına cəhd edildi. Bundan məqsəd Britaniyanı iqtisadi cəhətdən zəiflətmək və onun müharibə aparmaq qabiliyyətini məhv etmək idi. Lakin Kontinental Sistem uğursuzluğa düçar oldu. Müttəfiq dövlətlər Fransanın iqtisadi hegemonluğuna sıx bağlanılmağa nifrət edirdilər. Bəziləri onu aldatmağa, digərləri isə müqavimət göstərməyə başladılar. Ona görə də qapını Britaniya ilə əməkdaşlığa açdılar. Şərqi Aralıq dənizindəki və Latın Amerikasındakı yeni bazarlar həmçinin Britaniyanın itkilərini kompensasiya edirdi. Məhz bunlara görə də, 1810-cu ildən Britaniyanın dəniz yolu ilə ixracı rekord səviyyəyə qalxmışdı. Müttəfiqləri Napoleonu aldadaraq Britaniya ilə əməkdaşlığı və ticarəti bərpa etmişdilər.

İmperializmin “yalan” təməli

İmperializm tarixən yenidən canlanmaqla öz məqsədlərinə doğru hələ XVII əsrdə başlayıb, sonrakı dövrlərdə isə irəliləsə də, XIX əsrdə daha böyük miqyas almağa başladı. 1880-ci illərdən Avropa dövlətləri dənizlərin o tərəfindəki torpaqları geniş qaydada tutmağa başlayanda yeni imperializm adlanan bu hərəkat Asiya və Afrikanın parçalanmasına, ələ keçirilməsinə səbəb oldu. İspaniya, Britaniya, Rusiya imperiyaları artıq əvvəlki əsrlərdə təşəkkül tapmışdı. XIX əsr isə dünya ərazilərinin yenidən bölünməsi, Afrikanın bütövlükdə müstəmləkə ərazisinə çevrilməsi üçün xüsusi əhəmiyyətə malik oldu.

Britaniyanın ağ irqinin bu qitədəki uğurlu irəliləməsi həmin əsrin sonunda baş verdi. Bu istilaları, işğalları, torpaqların ələ keçirilməsini İngiltərədə elmi cəhətdən də sübut etməyə çalışırdılar. Londonda 1865-ci ildə nəşr edilən “Zəncilərin təbiətdə yeri” adlı “elmi” məqaləsində Ceyms Hatt Darvin nəzəriyyəsindən istifadə edərək zənciləri insanabənzər meymunlarla müqayisə edirdi. Britaniyanın böyük çətinliklə əzabından qurtulduğu quldarlığa o, haqq qazandırırdı. Belə bir mülahizə irəli sürmüşdü ki, britaniyalılar elə təkamülə məruz qalmışlar ki, onlar başqa xalqları idarə etməyə qadirdirlər, çünki onlar yüksək irqdirlər. Bir neçə onillikdən sonra, artıq XX əsrdə Hitler almanları təmiz arilər adlandırmaqla yüksək irq kimi təqdim edəcək və onun ağalığı üçün dünyanı yeni ən böyük miqyaslı və dəhşətli müharibəyə cəlb edəcəkdi.

Britaniya öz müstəmləkə siyasətini insanlığa məhəl qoymadan həyata keçirirdi, bu məqsədlə hər cür yalana və hiyləgərliyə əl atırdı. Bir ingilisin bu vaxtlar dediyi kimi, “Britaniyanın bütün vəziyyəti aldatmaya əsaslanırdı”. İngilislər Afrikada əraziləri birbaşa deyil, marionetkalar olan tayfa başçıları vasitəsilə idarə edirdilər, yerli başçı olmayanda isə özləri onu təyin edirdilər. XIX əsrin sonunda Böyük Britaniya Afrikada iri ərazilərə malik idi, oradakı inzibati başçılar hər şeylə: vergi toplamaqla, polis və məhkəmə xidməti ilə məşğul olurdular. Afrikanın böyük tədqiqatçısı şotland Devid Livinqston qitədə öz kəşflərini edərkən, “kömək etmək” şüarını irəli sürmüşdüsə, bu söz sonralar “idarə etmək” mənasını kəsb etdi. Lakin onun ardıcılları barədə də bəxti gətirmədi. İngilis Henri Morton Stenli ondan xəbər gəlməyən Livinqstonu axtarmağa göndərilmişdi və tapdıqdan sonra onunla birlikdə Tanqanika gölünü tədqiq etmişdi. Sonralar o, Belçika kralı II Leopoldun xidmətinə keçmişdi və onun müstəmləkəçilik siyasətinin həyata keçirilməsinə böyük köməklik göstərmişdi.

Əgər Livinqston göylərə yüksəlməyə cəhd edirdisə, müstəmləkə siyasətinə xidmət edənlər nəzərlərini torpağa, daha doğrusu, yerin təkinə dikmişdilər. Afrikada Britaniya məstəmləkəçiliyinin genişlənməsində Sesil Rodsun (1853-1902-ci illər) böyük fəaliyyəti olmuşdu, əslində o, 1880-90-cı illərdə imperiyanın siyasətini aparmışdı. İngilis müstəmləkəçiləri tərəfindən Cənubi və Mərkəzi Afrikada ərazi işğallarının təşkilatçısı olmaqla, onların bir hissəsi olan Rodeziya koloniyasını yaratmışdı. İndi həmin koloniyanın şimal hissəsi Zambiya Respublikasına, cənubu isə Zimbabveyə məxsusdur. O, 1870-ci ildə səhhətinə görə Cənubi Afrikadakı Natala göndərilmişdi. Oranc Azad Dövlətində almaz yatağı kəşf edildikdən sonra, bu sahədə öz bəxtini sınamaq üçün ora getmiş, Matabeles tayfa çarının güzəşti sayəsində 1888-ci ildə xeyli ərazi ələ keçirərək, onu Rodeziya adlandırmışdı. Bu ərazini 1896-cı ilə qədər təkbaşına idarə etmişdi. 1890-96-cı illərdə Kap (Keyp) koloniyasının baş naziri olmuş, Cənubi Afrikadakı Keypdən qitənin şimalındakı Qahirəyə qədər dəmir yolu çəkilməsinin layihəsini irəli sürmüşdü.

İmperializmin iri addımlarla irəliləməsi hesabına Britaniya Viktoriya epoxasında dünya əhalisinin 1/4-ə ağalıq edirdi. Vaxtilə ispan kralının dediyi sözü təkrar edib, kraliça deyə bilərdi ki, mənim imperiyamın üzərində Günəş batmır.

Afrikanın müstəmləkəçiliyi bir qədər uzun tarixə malikdir. Hələ XVII əsrin ortalarında burada yenicə məskunlaşmış hollandlar, sonra isə almanlar və fransızlar Kap əyaləti ərazisində böyük sahələri ələ keçirmişdilər. Kolonistlər arasında hollandlar çoxluq təşkil etdiyindən onları holland dilində “kəndli” mənasını verən “bur” sözündən götürülmüş “burlar” adlandırmağa başlamışdılar. Onlar həyasızcasına və qəddarlıqla yerli əhali olan buşmenləri məhv edir və yaşadıqları yerlərdən qovur, onların torpaqlarını və mal-qarasını əllərindən alırdılar.

Britaniya missionerləri XIX əsrin əvvəllərində yerli əhalinin burlar tərəfindən vəhşicəsinə, insanlığa yad qaydada məhv edilməsindən yazırdılar. Sonralar britaniyalılar da yerli əhali ilə eyni qaydada davranacaqdılar. Afrikalılar demək olar ki, qul vəziyyətində idilər. Öz əməllərini kalviniizmin ehkamları ilə ört-basdır edən burlar, dərisinin rəngi başqa olan adamları qul etmək barədə özlərinin “ilahi” hüquqa malik olduqlarını bəyan etmişdilər.

Sonralar burlarla ingilislər arasında başlanan mübarizədə burlar məğlub oldular. Burlar yalnız Oranc Azad Dövlətini yaratdılar. Lakin Orancda almaz dənələrinin, 80-ci illərin əvvəllərində isə Transvaalda zəngin qızıl yataqlarının kəşf edilməsi ona gətirib çıxardı ki, müstəmləkə siyasəti ilə iri ingilis şirkətləri məşğul olmağa başladı. Axı Hindistanın da müstəmləkəyə çevrilməsində hələ 1600-cü ildə yaradılmış və əvvəllər sırf kommersiya ilə məşğul olan İst-İndia şirkətinin ölçüyə sığmayan xidmətləri olmuşdu. Cənubi Afrikadakı şirkətlərin əməliyyatlarını, birja fırıldaqlarını mədən müəssisələrinin səhmləri hesabına varlanan Sesil Rods istiqamətləndirirdi. Bir neçə il ərzində o, almaz hasilatının çox sayda konsessiyalarını ələ keçirdi, sonra isə Cənubi Afrikadakı bütün almaz və qızıl hasilatını inhisara götürdü. Məşhur bankir lord Rotşildin dəstəyi ilə Rods öz dövrünün aparıcı maliyyə maqnatına çevrildi. O, Afrikada “Keypdən Qahirəyədək” olan bütöv müstəmləkə kompleksinin yaradılmasını arzu edirdi.



(Ardı var)

Telman Orucov

525-ci qəzet.- 2014.- 1 mart.- S.19.


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə