Belə hesab edirəm ki, XX əsr miladi təqvimə görə 1901-ci ilin 1 yanvarında
deyil,1905-ci ildə Rusiyadakı,Uzaq və Yaxın Şərqdəki inqilabi hadisələrdən başlandı və
1991-ci ilin dekabrında Belovec meşəsində SSRİ-nin dağılması, bütün dünyaya
meydan oxuyan sosialist düşərgəsinin tarixə qovuşması ilə sona yetdi. Məndə belə bir
təəssürat yaranıb ki,XX əsr sona çatsa da,XX1 əsr
hələ başlanmayıb. Yüzilliyin simasını formal tarixlər deyil, epoxial, cahanşümul
hadisələr müəyyən edir.
XX əsrin simasını inqilablar,çevrilişlər və müharibələr müəyyən etdi.Əlbəttə,daha
öncəki əsrlərdə də qanlı savaşlar,nəhəng inqilablar az olmayıb,lakin yola saldığımız
əsrin kataklizmləri qədər bütün bəşəriyyətin taleyinə total təsir edən yüzillik
olmayıb.Fikrimcə,XX əsrdə iki deyil,üç dünya müharibəsi baş verib. 1914-1918-ci və
1939-1945-ci illərdə baş vermiş Birinci və İkinci cahan müharibələri misilsiz insan
itkiləri, maddi dağıntılar,bir neçə nəslin puç olmuş ümidləri ilə nəticələndi.
Hal-hazırda isə artıq yarım əsrdən uzun sürən bir müddət ərzində
Koreya,Vyetnam,Laos,Kambodcadan tutmuş Kəşmir, Əfqanıstan,Yaxın Şərqdən
keçərək Afrika və Mərkəzi Amerika,son illərdə Qafqaz və Balkanlarda qanlı Üçüncü
dünya müharibəsi gedir. Fikrimcə ,bu da əvvəlki iki müharibə kimi tam haqda dünya
müharibəsi adlandırıla bilər.Yüz minlərlə insanın həlak olduğu,xalqların tarix boyu
formalaşmış dəyərlərinin, qarşılıqlı münasibətlərinin məhv edildiyi,fiziki və mənəvi
cəhətdən şikəst edilmiş nəsillərin arzu və istəklərinin yanlış siyasi prioritetlərə, düzgün
dərk edilməmiş milli və dövlət mənafelərinə qurban verilən qanlı qarşıdurmaları bəzi
siyasətçilər qeyri-sabitlik kimi qiymətləndirirlər. Bu isə real vəziyyətə həddən artıq
yumşaq ad verməkdir.
Həqiqi və uydurulmuş milli mənafelər -budur elan edilməmiş Üçüncü Dünya
müharibəsinin səbəbləri və motivləri.
Əgər XX əsrin iki dünya müharibəsində ölkələr və ya ölkə qrupları öz aralarında
savaşırdırlarsa,Üçüncü dünya davasında ölkələrin daxilindəki etnoslar bir-birinə qarşı
durur.Bu,ilk baxışda göründüyü kimi vətəndaş müharibəsi deyil,hər biri lokal xarakter
daşıyan,müəyyən bir ölkənin sərhədləri ilə hüdudlanan,lakin bütövlükdə dünya miqyaslı
bir yanğının məşum mənzərəsini təşkil edən sırf etnik toqquşmalardır.
Hər biri ayrıca,mustəqil fəlakət olsa da,müəyyən bir dövlətin sərhədləri
daxilində baş verən bu faciəli hadisələrin səbəbləri çox vaxt eyni olur. Əlbəttə ki,hər bir
ölkənin və hər bir konfliktin spesifik xüsusiyyətlərini və şəraitini nəzərə almaqla.
Bir çox hallarda əsl hərbə çevrilən bu qanlı toqquşmaların konseptual əsası ondan
ibarətdir ki,beynəlxalq qanunun iki əsas prinsipi -- bir tərəfdən ölkənin ərazi bütövlüyü
və sərhədlərinin toxunulmazlığı,digər tərəfdən bu ölkələrdə yaşayan milli azlıqların öz
müqəddəratını təyin etmək prinsiplərini - bir-birilə uyğunlaşdırmaq çətindir. Bu iki
prinsip,şübzəsiz, istər münaqişə baş verən bölgələrdə,istərsə də ümumən dünyada
sabitliyin bərqərar olması üçün çox vacibdir. Hər hansı sərhəddə yenidən baxılması və
ya dəyişdirilməsi bir örnək kimi təkcə həmin ölkə üçün deyil,başqa dövlətlər üçün də
böyük təhlükə mənbəyidir.Belə təşəbbüslərin zəncirvari reaksiyası bütün dünyanı
partlada bilər.
Digər tərəfdən hər hansı böyük və ya kiçik xalqın öz mədəniy-yətini,dilini,iqtisadi
sistemini,mentalitetini qoruyub saxlamağa çalışması düzgün anlanılmalıdır.
Bu, həddən artıq mürəkkəb və ağrılı problemin mədəni, lakin, təəsüf ki,
reallıqdan hələ çox uzaq həlli hər iki prinsipmin uyğunlaşdırılmasındadır. Ölkənin ərazi
bütövlüyü qeydsiz-şərtsiz toxunulmaz qalmalıdır. Lakin bu vahid ölkədə milli azlıqların
tam mənasında mənəvi və maddi mövcudluğu, geniş özünüidarəetmə şəraitində öz
iqtisadiyyatinı,mədəniyyətini və dilini inkişaf etdirməsi üçün imkanlar yaradılmalıdır.
İnkişaf etmiş Avropa ölkələrinin, məsələn, elə tutalım İsveçrənin artıq çoxdan nail
olduqları bir ideal. Amma o da var ki, firavanlıq içində yaşayan Avropada da - Olster və
ya Basklar ölkəsində vaxtaşırı partlayış səsləri dünyanı sarsıdır.
Milli azlıqların kompakt yaşadıqları ölkələrdə ən geniş hüquqlara malik olmaq və
ən yüksək statuslu muxtariyyət qanunauyğun sayılır. Dağlıq Qarabağ üçün məhz bunu
təklif edən Azərbaycan hər dəfə rədd cavabı alır. Bu rədd cavabı artıq baş tutmuş faktın
«məntiqinə» və kənar qüvvələrin açıq ya gizli dəstəyinə arxalanır. Buraya onu da əlavə
edək ki, bütövlüklə qovulduqlarına qədər Ermənistan ərazisində yaşayan 200 min
azərbaycanlı hər hansı muxtariyyət formasını dilə belə gətirə bilmirdi..
O zamanki sovet rəhbərliyinin cinayətkarcasına laqeyd yanaşdığı Qarabağ
münaqişəsinin davamı kimi,sonralar Çeçenistan hadisələri başlandı.
Həm Rusiyanın,həm də Qərbin müəyyən dairələrinin üstünlük verdiyi ikili
standartlar siyasəti problemi daha da dərinləşdirdi və istər Azərbaycanın, istərsə də
Ermənistanın ictimai şüurunda daha bir əlavə yeni problem yaratdı. Azərbaycan və
yəqin ki, Ermənistan cəmiyyətində heç nəyə baxmayaraq Rusiyaya xeyirxah münasibət
bəsləyən,onun tarixinə hörmətlə yanaşan, mədəniyyətinə heyranlığını gizlətməyən
adamlarla Şimal qonşusunun mövqeyini ikili standartlar siyasəti kimi
qiymətlənldirənlər,bu dövlətdən mümkün qədər uzaqlaşmağı təklif edənlər arasında
qarşıdurma meydana çıxmaqdadır.
Əlimdə kifayət qədər dəlil və sübutların olmasına baxmayaraq,burada Qarabağ
münaqişəsinin qaynaq və səbəblərinə dair baxışlarımı daha artıq şərh etmək
istəmədim.Amma bu gün Azərbaycanın və düşünürəm ki,həm də Ermnistanın ən kəskin
və qanlı reallığı olan problemə toxunmaya da bilmərəm. Bir anlığa təsəvvürümə
gətirirəm ki, bu münaqişə, eləcə də Abxaziya, Osetiya və Çeçenistandakı münaqişələr
olmayaydı,qoca Qafqazımız necə bəxtəvər bir diyara, turizm, qonaqpərvərlik, firavanlıq
cənnətinə çevrilərdi. Buruda yaşayan bütün böyük və kiçik xalqların səmimi
mehribanlıq şəraitində, qonşu, yaxın ölkələrlə xeyirxah dostluq münasibətləri mühitində
çiçəklənən Qafqaz….Əvvəl-axır belə bir zaman gəlib çıxacaq. Arzum budur ki, bu
xoşbəxt gələcək çox da gecikməsin. Mənim sinnimdə olanlar - yaşı altmışı keçənlər öz
gözləri ilə bu xoş gələcəyi görüb ixtiyarlıq çağlarımızı belə bir dünyada yaşamaq
istəymi daha yaxşı başa düşər.
Mənim gələcək barədə ümmidlərim hər halda tarixi gerçəkliklərə əsaslanır.
Böyük olsun ya kiçik -- heç bir müharidə qalib olmur.Əvvəla ona görə ki,qələbə olay
deyil, sürəcdir,yəni hadisə deyil prosesdir.1945-ci ilin mayında Sovet İttifaqı faşist
Almaniyasına, sentyabrında Yaponiyaya qalib gəldi.Bü zəfər - hadisə idi,proses,sürəc
isə ondan ibarətdir ki, otuz-qürx il sonra Almaniya və Yaponiya dünyanın ən inkişaf
etmiş ,əhalisi rifah içinlə yaşayan qabaqcıl ölkələridir,Sovet İttifqının varisi olan
müstəqil dövlətlər,o cümlədən ilk növbədə Rusiyanın özü isə ağır iqtisadi dürümda
çabalayır və Almaniyadan,Yaponiyadan yardım istəyir..Zəfəri kim çaldı - Sovet
İttifaqımı, Almaniyamı, Yaponiyamı?
Dostları ilə paylaş: |