Yer təkin öyrənilməsində və faydalı qazıntıların axtarışında hansı geofiziki



Yüklə 54,14 Kb.
tarix19.03.2022
ölçüsü54,14 Kb.
#84587
Məryəm Mirzoyeva


Yer təkin öyrənilməsində və faydalı qazıntıların axtarışında hansı geofiziki

üsullardan istifadə olunur və onların əhəmiyyəti

Məryəm Mirzoyeva Əfqan

Azərbaycan Milli Elmlər Akademiyası “Neft və Qaz İnstitutu”

Neft-qaz yataqlarının axtarış və kəşfiyyatının geofiziki üsulları,

Magistratura, 1-ci kurs

meryem-2020@bk.ru

Yer qabığının dərin qatlarında tükənməz qiymətli sərvətlər mövcuddur. Bu sərvətlərin yerləşdiyi yerləri dəqiq təyin etmək məqsədi ilə alimlər dəqiq təbiət elmlərini birləşdirərək böyük sıçrayışla inkişaf edən yeni elmi istiqamət “Geofiziki kəşfiyyat” üsullarını işləyib hazırlamışlar. Yerin daxili quruluşunun öyrənilməsi, faydalı qazıntı yataqlarının axtarış və kəşfiyyatında geofiziki tədqiqat üsullarının rolu əvəzolunmazdır. Hal-hazırda komputerləşdirilmiş elektron-hesablama maşınlarının köməyi ilə avtomatlaşdırılmış rejimdə ölçülmüş fiziki sahələrin (elektrik, seysmik, qravimaqnit və s. ) nəticələrinə görə mütəxəssislər heç bir dağ-mədən və quyuqazma işləri aparmadan Yerin dərin qatlarını öyrənə bilər. Bu tədqiqatlar isə öz növbəsində Yerin dərin qatlarında yerləşən, çətin tapıla bilən faydalı qazıntı yataqlarının axtarışını asanlaşdırır və az sərmaye qoyuluşu ilə qarşıya qoyulan məsələləri həll etməyə imkan verir. Əməli sürətdə geofiziki üsulların geoloji məsələlərin həllində istifadə olunmasına XIX əsrin sonları XX əsrin əvvəllərində əldə olunan külli miqdarda tədqiqat nəticələrinin toplanmasından sonra başlanmışdır. Həmin dövrdə istər elmi, istərsə də ilkin iqtisadi şərtlər bu üsulun işlənib hazırlanmasına tam təminat verirdi. Geofiziki üsulların bəziləri böyük, digərləri isə praktiki olaraq heç bir məhdudiyyəti olmadan istənilən dərinliyə  qədər nüfuz etməsilə xarakterizə olunur. Son illərdə geofizika sahəsinin əsas nəaliyyətlərindən biri geoloqlar tərəfindən geologiya elminin inkişafının geofizikasız qeyri-mümkün olmasını qəbul etməsidir. Hazırda inkişaf etmiş ölkələrdə geoloji kəşfiyyatla məşğul olan hər 5 nəfər mütəxəssisdən biri geofizikdir.

Geofiziki üsullar vasitəsilə böyük ərazilər üçün Yer qabığının qalınlığı və quruluşu təyin olunur. Bu isə axtarış işlərinin istiqamətini inamla təyin etməyə imkan verir. Qeyd etdiyimiz kimi geofizika elminin inkişafı yüksək mərhələyə çatdığından onun həll etdiyi məsələlərin dairəsi də çox böyümüşdür. Buraya faydalı qazıntıların yaranması və onların yerləşməsinin geniş miqyasda öyrənilməsi kimi məsələlər daxildir. Bu işlər ondan ötrüdür ki, gələcək kəşfiyyat işlərinin istiqaməti müəyyənləşdirilsin və bu işlərin məhsuldarlığı artırılsın. Yerin strukturu ilə faydalı qazıntı yataqlarının sıx əlaqəsi vardır. Odur ki, geofiziki işlərin nəticəsində faydalı qazıntı yataqlarının yayılma zonası, neft və qaz yataqlarının və daş kömür daşıyan süxurların yayılma qanunauyğunluqları müəyyənləşdirilir. Yerin daxili quruluşunu öyrənmədən faydalı qazıntıların kəşfiyyatının və axtarışının elmi əsaslandırılmış şəkildə aparılması mümkün olmazdı. Geofiziki kəşfiyyat üsulları öyrənilən fiziki sahələrin müxtəlifliyinə görə bir sıra üsullara bölünür: Maqnit kəşfiyyatı, Qravi kəşfiyyat, Elektrik kəşfiyyatı, Seysmik kəşfiyyat, Radioaktiv elementlərin kəşfiyyatı. Geofiziki üsullar müxtəlif şəraitlərdə tətbiq olunur: Yer səthində, havada, kosmosda, dənizdə, quyularda dərin şaxtalarda və müxtəlif dağ-mədən işləri aparılan ərazilərdə və s. Geoloji məsələlərin səmərəli və yüksək dəqiqliklə həlli üçün kompleks geofiziki üsullardan istifadə olunması daha faydalı və məqsədəuyğun hesab olunur. İndi isə bəhs etdiyimiz geofiziki üsullar haqqında qısa məlumat verək.

Maqnit kəşfiyyatında Yerin maqnit sahəsi ölçülür və təhlil olunur. Hələlik Yerin maqnit sahəsinin mənşəyi tam aydın olmamasına baxmayaraq bu üsul praktiki məqsədlər üçün, faydalı qazıntı yataqlarının kəşfiyyatı və axtarışı, geoloji məsələlərin həllində geniş istifadə olunur. Bu onunla əlaqədardır ki, bütün geoloji kütlələr, xüsusilə filiz yataqları maqnit minerallarından ibarətdir və Yerin maqnit sahəsinin təsirindən maqnitlənir.

Yerin qravitasiya sahəsi Yer kürəsinin formasını, onun sıxlıq xüsusiyyətlərini özündə əks etdirir. Qravitasiya sahəsi həm də kəşfiyyat işlərində geniş istifadə edilir. Regional geoloji axtarış, tektonik rayonlaşdırma, qeyri-bircinsli kütlələrin, neft və qaz strukturlarının aşkar edilməsində, dağ-mədən filiz yataqlarının, effuziv və intruziv kütlələrin tapılmasında və s. aktual məsələlərin həllində qravikəşfiyyat üsulunun xüsusi rolu vardır. Qravimetrik kəşfiyyatın köməyi ilə həll olunan geniş miqyaslı praktiki məsələlər yalnız seysmik üsulla müqayisə oluna bilər.

Təbii radioaktiv şüalardan ən çox keçicilik qabiliyyətinə malik olan qamma şüalarıdır. Buna görə də qamma üsuldan süxurların və filizlərin radioaktivliyinin öyrənilməsində və kəşfiyyat geofizikasında geniş istifadə olunur. Radiometrik üsul təkcə radioaktiv filizin axtarışında deyil, eyni zamanda kəşfiyyatında, işlənib hazırlanmasında və zənginləşdirilməsində geniş istifadə olunur.

Elektrik cərəyanının kəşfi və onun yaratdığı sahənin öyrənilməsi ilə əlaqədar elektrik kəşfiyyat üsulu yaradılmışdır. 1924-cü ildə rus alimi-fizik A.A.Petrovski elektrik cərəyanını ilk dəfə dağ-mədən sənayesində (Qazaxıstanda) tətbiq etmişdir. Beləliklə, elektrik cərəyan sahəsinin öyrənilməsi və tətbiqi bir neçə inkişaf mərhələsi keçərək kəşfiyyat geofizikasında özünə mühüm yer tutmuşdur. Elektrik kəşfiyyat üsulu Yer daxilində təbii və süni yolla yaradılmış elektrik sahəsinin öyrənilməsinə əsaslanır. Təbii və süni elektrik cərəyanı dağ süxurlarının və faydalı qazıntı yataqlarının öyrənilməsində geniş istifadə edilir. Çünki hər bir süxurun və ya faydalı qazıntı yatağının özünəməxsus elektrik sahəsi və elektrik keçirmə qabiliyyəti vardır. Elektrik kəşfiyyat üsullarının müxtəlif növləri, modifikasiyaları mövcuddur. Buraya Şaquli elektrik zondlama üsulu (ŞEZ), Dipol elektrik zondlama üsulu (DEZ), Elektrikləşmiş kütlə üsulu, Radiodalğalarla şüalandırma üsulu aid edilir. Elektrik kəşfiyyatı digər geofiziki kəşfiyyat üsullarından texniki bazasının genişliyi ilə fərqlənir.

Geofiziki metodlar arasında seysmik kəşfiyyat üsulu xüsusi yer tutur. Bu kəşfiyyat üsulu süni və təbii yolla yaranan seysmik dalğaların yerin daxili qatlarında yayılmasının sistemli şəkildə öyrənilməsinə əsaslanır. Geofiziki kəşfiyyatın digər üsulları kimi seysmik kəşfiyyat da Yer qabığının geoloji quruluşunun, onda yerləşən faydalı qazıntı yataqlarının axtarışı və kəşfiyyatı ilə məşğul olur. Həll etdiyi geoloji məsələlərin çoxsaylılığına və dəqiqliyinə görə kəşfiyyat işlərində aparıcı yer tutur. Seysmik kəşfiyyat qədim zamanlardan məlum olan zəlzələlər haqqında elm sahəsi olan seysmologiyadan ayrılmış və inkişaf etmişdir. Faydalı qazıntı yataqlarının axtarışı və kəşfiyyatının geofiziki üsullarından biri kimi seysmik kəşfiyyat iyirminci yüzilliyin 20-ci illərinin əvvəllərində tətbiq olunmağa başlanmışdır. Seysmik kəşfiyyat inkişafının ilk dövrlərində seysmologiyanın nəzəriyyəsinə və üsullarına əsaslanmışdır. Zəlzələ ocaqlarında yaranıb Yer səthinə gələn elastiki dalğaları müşahidə etməklə Yer təkindəki ayrı-ayrı sərhədlərin quruluşunun öyrənilməsinin mümkünlüyü sübut edilmişdi. Nəhayət, tədqiqatçılar belə qənaətə gəldilər ki, elastiki dalğaları süni yollarla da həyəcanlandırmaq və onları tədqiq etmək olar. Süni yaradılmış elastiki dalğaların Yer qabığında yayılmasından geoloji kəşfiyyat işlərində istifadə edilməsinin ilk üsulunu 1913-cü ildə R.Fressenden təklif etmiş və patent almışdır. O bu məqsədlə əks olunan dalğalardan istifadə edilməsini təklif edirdi, lakin bir çox metodiki və texniki çətinliklərə görə bu üsul uzun müddət tətbiq edilə bilmədi. 1919-cu ilə L.Mintrop seysmik kəşfiyyatın yeni üsulunu - sınan dalğalar üsulunu patentləşdirdi. Bu üsulun əməli tətbiqi daha sadə olduğundan geoloji kəşfiyyat işlərində geniş tətbiq olunmağa başladı. Bunun sadəliyinin əsası ondan ibarət idi ki, dalğa mənbəyindən müəyyən məsafələrdə sınan dalğalar partlayış nəticəsində yaranan digər dalğaları qabaqlayaraq qəbul məntəqələrinə birinci çatırlar. Seysmik kəşfiyyatın üstünlüyü şübhəsiz onun dəqiqliyində və Yerin dərin qatlarında geoloji kəsilişləri ətraflı təyinetmə xüsusiyyətinə malik olmasıdır. Seysmik kəşfiyyat işlərini təkcə quruda yox, eyni zamanda dənizdə, dənizkənarı ərazilərdə və şelflərdə də aparırlar. Bu da neft, qaz və digər faydalı qazıntıların şelflərdə axtarışına kömək edir.

Quyularda da Yer səthində aparılan geofiziki tədqiqat üsullarından istifadə olunur. Fərqi isə işin özünəməxsus texnologiyasından ibarətdir. Quyuların geofiziki üsullarla tədqiqi iki böyük qrupa bölünür: karotaj və quyu geofizikası üsulları. Karotaj üsulu-Quyularda geoloji kəsilişləri fiziki üsullarla öyrənir. Tədqiq olunan fiziki sahələrdən və ölçülən kəmiyyətlərdən asılı olaraq bu üsul elektrik, radioaktiv, maqnit, akustik və başqa növ karotajlara bölünür. Karotaj işlərinin yüksək geoloji əhəmiyyətliyi və səmərəli olması, quyudan süxur nümunəsi çıxarmadan qazma işinə keçməsi və geoloji kəsilişlərin daha etibarlı öyrənilməsindən irəli gəlir.

Quyu geofizikası-Dağ-mədən istehsal yerləri arasındakı geoloji məkanın, o cümlədən quyular arası məkanın öyrənilməsində istifadə olunur. Bu üsul faydalı qazıntı yatağını əlverişsiz şəraitdə belə aşkar etməyə imkan verir. Məsələn, faydalı qazıntı yatağı müəyyən dərinlikdə və qazılmış quyudan kənarda yerləşdikdə belə onu bu üsulla aşkar etmək mümkün olur. Quyularda geofiziki tədqiqatlar xüsusi avtomatlaşdırılmış karotaj stansiyalarının köməyi ilə aparılır. Bəzi hallarda dərin olmayan quyuları tədqiq etmək üçün əldə gəzdirilən karotaj stansiyalarından istifadə edirlər.

Bütün bunlarla yanaşı qeyd etmək lazımdır ki, geofiziki üsulların bəzi növləri ətraf mühitə nəzərə çarpacaq dərəcədə mənfi təsir göstərir. Bu seysmik, elektrik və nüvə fizikası üsullarına aiddir. Bu üsullarla süni fiziki sahələr yaratmaqla tədqiqat işləri aparılır. Seysmik dalğaların yaradılması üçün aparılan partlayış işləri təbiətə olduqca zərərli təsir göstərir. Xüsusilə su hövzələrində aparılan partlayışlar daha təhlükəlidir. Bu kimi mənfi ekoloji təsirləri azaltmaq üçün müntəzəm olaraq geofiziki işlərin texnologiyası, buraxılan cihazların istehsalının nizamlanması təkmilləşdirilməlidir.

İllər keçdikcə dünya xalqlarının sivilizasiyasının geniş vüsət tapması və Yerin təkində olan təbii sərvətlərə insan tələbinin artması bir tərəfdən, Yerin başqa kainat elementləri ilə təmasını öyrənmək isə digər tərəfdən, geofizika elminin hərtərəfli inkişafına olan ehtiyac yeni geofiziki cihaz və avadanlıqların çox sürətlə istehsalına səbəb olmuşdur.



Ədəbiyyat

  1. Xələfli Ayaz Alı oğlu “Geofiziki kəşfiyyata giriş”.

  2. A.Q. Əhmədov “Geofiziki məlumatlar və onların interpretasiyası”.

  3. Bəylər Aslanov “Qravi-Kəşfiyyat kursu”.

  4. Məmmədov P.Z. , Əhmədov T.R. , Yusubov N.P. “Seysmik kəşfiyyat”

Yüklə 54,14 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə