1
Əbülfəz Rəcəbov
Dil, Cəmiyyət, Şüur
Oxucuya
Dil
1 ci fesil: Dilin mahiyyəti
İşarədən Nitqədək
Nitq və Fəaliyyət
Əmək, Cəmiyyət və Dil
Cözlər və Şeylər
Dilin və Nitqin Funksiyaları
OXUCUYA
İnsanlar arasında ən mühüm ünsiyyət vasitəsi olan dil haqındakı bu kitabda dilin bəzi fəlsəfi məsələlərindən
bəhs edilir. Həmçinin dilin mahiyyəti, onun insan həyatında oynadığı rol, dilin yaranması, işarədən nitqə doğru
inkişafı fəlsəfi baxımdan araşdırılır. Adətən, elmi ədəbiyyatda iddia edilir ki, dil əmək fəaliyyəti zamanı cəmiyyətdə
yaranmışdır, cəmiyyətdən kənarda dil yarana bilməzdi. Bu zaman unudulur ki, cəmiyyət özü də dilsiz mövcud ola
bilməzdi. Qəribə vəziyyətdir: dil cəmiyyətsiz, cəmiyyət də dilsiz yaranmır. Bəs, onda necə olmuşdur ki, birinin varlığı
digərini şərtləndirən və nə zamansa ikisi də mövcud olmayan bu iki ictimai hadisə əmələ gəlmişdir? Nitqin insan
fəaliyyəti ilə əlaqəsi necə olmuşdur? Hansı əvvəl yaranmışdır: əmək, cəmiyyət, yaxud dil? Sözlərin əşyalara, əşyaların
sözlərə münasibəti necədir? Əşyaların adları, ümumiyyətlə adlandırma təsadüfi, yaxud şüurlu olmuşdur? Dil və nitq
arasındakı münasibət necədir? Müasir insanın həyatında dil nə kimi əhəmiyyətə malikdir? Bütün bu suallara müəllif
tarix elmi baxımından yox, dilçilik və fəlsəfi elmlər baxımından cavab verməyə çalışmışdır.
Kitabda dil və şüur arasındakı münasibətlərə elmi baxımdan yanaşılır, bu münasibətlər fəlsəfə və psikologiya
elmlərinin, xüsusən neyropsikologiyanın son nailiyyətləri əsasında araşdırılır. Bu nöqteyi-nəzərdən dil və cəmiyyət,
dil və tarix problemlərinin tədqiqinə də kitabda geniş yer verilmişdir.
Kitab qabaqcıl dünya elminin mütərəqqi ideyaları əsasında yazılmışdır. Müəllif elmi ədəbiyyatda irəli sürülmüş
fikir, ideya, nəzəriyyə və fərziyyələrə tənqidi yanaşmış, bunların müsbət və mənfi cəhətlərini oxucuya izah etməyə
çalışmışdır.
Nəzərdən keçirilən və tədqiq edilən problemlərin mühüm bir qismi nəinki Azərbaycan dilində (Azərbaycan
dilçiliyində yox!), eyni zamanda elmdə ilk dəfə qaldırılır. Muəllif bir sıra hallarda bu problemlərin həllində müasir
elmi ideyalarla təzad təşkil edən fikirlər irəli sürur, bəzən müasir dilçilikdə qəbul edilməyən, bəzən isə tənqid edilən
(rədd edilən desəydik, daha doğru olardı) ideyalara isnad edir. Lakin qeyd edilməlidir ki, müəllif dilin fəlsəfi
məsələlərini tədqiq və izah edərkən hər yerdə dialektik və tarixi materializm fəlsəfi müddəalarından çıxış edir.
Qeyd edilməlidir ki, indiyədək tədqiqatçılar dilin fəlsəfə ilə bağlı problemlərindən danışarkən öz fikirlərini
sübut etmək üçün Marks və Enqelsin əsərlərindən sitatlar gətirmiş, onların fikirlərinə əsaslanmışlar. Lakin heç kəs
onların fikirlərindəki mənanın dərinliyinə diqqət yetirməmişdir. Marks və Enqels öz əsərlərində dil və təfəkkürün
münasibətindən danışmamışlar, dil və şüurun münasibətindən bəhs etmişlər, halbuki istər Azərbaycan, istərsə də
ümumiyyətlə sovet dilçiləri bu barədə həmişə Marks və Enqelsin məşhur sözlərinə müraciət etmişlər («Dil də şüur
qədər qədimdir». «Dil başqa insanlar üçün mövcud olan və yalnız bununla da mənim özüm üçün mövcud olan praktik
real şüurdur» və s.). Onların fikrincə, guya şüur və təfəkkür eyni hadisədir. Əksinə Marks və Enqels dil və təfəkkürün
münasibətindən danışmaq istəsə idilər, «şüur» sözünü yox, «təfəkkür» sözünü işlədərdilər. Məhz bu kimi səbəblərə
2
görə müəllif Marks və Enqelsin fikirlərinə müraciət etdikdə onların indiyədək verilmiş izahından çıxış etmir, əksər
hallarda öz şərhini təqdim edir.
Lakin nəzərə almaq lazımdır ki, bu kitabda təqdim edilən dilin fəlsəfi problemlərinin əksəriyyəti elmdə ilk dəfə
qaldırılır. Ona görə də güman edirəm ki, səhvlərim, yanlış, yaxud dolaşıq fikirlərim olmamış olmaz. Kitabda rast
gələcəyiniz nöqsanlar və ümumiyyətlə kitabda qaldırdığım məsələlər barəsində fikir, məsləhət, arzu və təkliflərinizi
mənə bildirsəniz, qabaqcadan öz minnətdarlığımı bildirirəm.
Dil
İnsanı ətraf mühitə hakim edən, bütün canlıların fövqündə saxlayan dildir. İnsan dildən hər gün, hər saat istifadə
edir. Çox vaxt insan həyatında idrakın, şüurun, təfəkkürün əhəmiyyətini ön plana çəkir, bunlarsız insanın insan kimi
ümumiyyətlə mövcud ola bilməyəcəyini söyləyirlər. Bu zaman unudurlar ki, idrakın şüurun, təfəkkürün yaranması və
formalaşmasında dilin əhəmiyyəti böyükdür. Dil olmasa idi idrak, şüur, təfəkkür haqqında, müasir insanın özü
haqqında bu gün söhbət belə ola bilməzdi. İnsanı insan edən dildir.
İnsan həyatında oynadığı nəhəng rola görədir ki, dilin yaranması, gerçəkliklə, şüurla, təfəkkürlə əlaqəsi,
ümumiyyətlə dil problemi bütün dövrlərdə filosofları maraqlandırmış, dilçilik elmi yaranandan onun mərkəzi
mövzusuna çevrilmişdir. «Dil nədir?» sualı dilçiləri dil haqqında elmin bütün tarixi boyu maraqlandırmışdır. Bu suala
çoxlu və müxtəlif cavablar verilmişdir. Cavablar, müəlliflərinin elmi dünyagörüşünü əks etdirmiş, dilin tədqiqat
metodlarının, dilin inkişafı, forma və qanunauyğunluqlarının müəyyənləşdirilməsinə ciddi təsir göstərmişdir.
Dilçilik elmi dilin mahiyyəti və təbiəti haqqındakı müddəalarında dialektik materializm fəlsəfəsinin
prinsiplərinə əsaslanır. Bu müddəalara görə, dilin əsas funksiyaları kommunikativ (ünsiyyət), fikir (təfəkkür,
nominativ - dil fikir alətidir), estetik-emosional və inikas funksiyalarıdır. Dil məhz kommunikativ və fikri
formalaşdırma aləti funksiyaları sayəsində ictimai hadisə olur. Dilçilik elmi də dilə bu baxımdan - ictimai hadisə
olması nöqteyi-nəzərindən yanaşır, dilin təbiətini, inkişaf qanunauyğunluqlarını, dillə şüurun və təfəkkürün, dillə
cəmiyyətin qarşılıqlı əlaqə və münasibətlərini bu baxımdan öyrənir.
Dilə strüktur baxımından yanaşsaq, ona belə bir tərif verə bilərik: dil işarələr və onlar arasında əlaqələr
sistemidir. Dilə onun funksiyaları, cəmiyyətdəki rolu və insan həyatındakı əhəmiyyəti baxımından yanaşdıqda isə ona
belə bir tərif vermək olar: dil insanlar arasında ən mühüm ünsiyyət vasitəsi, insan fikrinin, təfəkkürünün formalaşması
vasitəsi, insanların estetik-emosional hisslərinin ifadə vasitəsi, insanın mənəvi aləminin, əxlaqının, davranışının,
xalqın mənəvi ruhunun formalaşması vasitəsidir. Biz bu tərifin son və ən kamil tərif olması fikrindən uzaq olsaq da,
bizcə, o, Dilə indiyədək verilmiş təriflərin ən əhatəlisi, mükəmməlidir. Dilsiz cəmiyyət, deməli, insanın özü mövcud
ola bilməz." Dil insanın insan kimi varlıq formasıdır.
Bütün bunlar dilin fəlsəfi tərifidir. Dilçilik elmi isə dili sırf dilçilik baxımından öyrənir. Dil hər şeydən əvvəl dil
haqqında elmin, dilçiliyin tədqiqat obyektidir, predmetidir. Dilin nəzəri problemlərini - dil və şüur, dil və təfəkkür, dil
və cəmiyyət, dilin təbiəti və mahiyyəti, dilin inkişaf qanunauyğunluqları, dilin qnoseoloji və ontoloji problemləri-
dilçiliyin bəzən obrazlı surətdə dilin fəlsəfəsi adlandırılan ümumi dilçilik adlanan sahəsində öyrənilir.
Nəzəri dilçilik hər şeydən əvvəl dilin mahiyyəti problemini aydınlaşdırmaqla məşğul olur, çünki ən mühüm
ünsiyyət vasitəsi olan dil bu və ya digər dərəcədə cəmiyyət, tarix, şüur, təfəkkür, psixika, fərdin nitq qabiliyyəti və s.
ilə əlaqədardır. Məhz buna görə dilçilik dilin mahiyyəti məsələləri ilə az ya çox əlaqədar olan digər elm sahələri ilə
«kəsişir», beləliklə, aralıq elm sahələri yaranır.
Əlbəttə, dil özü özündə olan, özü özü üçün olan varlıq, hadisə deyildir. O, obyektiv gerçəklikdə mövcud olan
digər varlıq və hadisələrlə sıx əlaqədardır. Dilin təbiətini düzgün müəyyənləşdirmək üçün onun digər obyektiv