Gələcəyə ünvanlanan qəhrəmanlıq dastanı
Lirik poeziyası, məhəbbət misraları, kövrəkliklə süzülən ifadələri ilə qəlbləri riqqətləndirən
Nəriman Həsənzadə tarixi
mövzulara müraciətdə daha sərt, mətin, sərrast, döyüşkən bir libas
geyir. Bu zaman o, cəngavərliyə, mübarizliyə, mətin olmağa, məğrurluğa sövq etdirir. Soydaşını
keçmişi ilə qürur duyub, güvənli olub, basılmazlıq haqqını tapdamamağa çağırır. “Nuru Paşa”
əsəri də məndə həmin ovqatı yaşatdı. Bu ovqata pozitiv impuls verən, həm də əsərlə tanışlığım
Moskvada elmi məzuniyyət zamanı olduğundan, qaldığım mehmanxananın yanından keçən uzun
bir küçənin “Səməd Vurğun” adını daşımasının doğurduğu təəssürat oldu. Böyük şairin adı
yazılmış lövhələri gördükcə qürurlanır, həm də Rusiyanın paytaxtında Azərbaycan şeirinin
təntənəsini yaşayırdım. “Səməd Vurğun” küçəsini dolaşdıqca, Nəriman Həsənzadə şeiriyyətini
duyduqca ölməz poeziyamızın hüdudlara sığmadığının təsdiqini yaşayaraq öz ürək
düşüncələrimi soydaşlarımla Vətəndə paylaşmağı münasib bildim.
Tarixdə adətən qələbə çalanlar qəhrəman sayılır. Zirvədə tutulur, ehtiramla anılır, adına
olub-olmamış rəvayətlər qoşulur. Bu rəvayətlərin, “qəhrəmanlıq dastanlarımızın ömrü
qəhrəmanlığımızın ömründən daha uzun olur”. Professor Nizami Cəfərovun təəssüflə qeyd etdiyi
bu fikir də cəmiyyətin funksional mövcudluğuna xas təbii haldir. Cəmiyyət daima qəhrəmanlıq,
yaxud da daima uğursuzluq vəziyyətində qala bilməz. Hər iki hal davamlı prosesə çevriləcəyi
ehtimalında belə, artıq öz mahiyyətindən kənarlaşır. Nizami bəyin xalq üçün arzuladığı
qəhrəmanlıq ömrünün uzunluğunu şərtləndirən əsas dəyəri elə özü də təsdiqləyir.
Qəhrəmanlıq dastanlarının ömrü uzun olursa, deməli o dastanı yaradan və yaşadan insanlar
qəhrəmanlıq aşiqidir.
Qəhrəmanlıq təşnəsi ilə yaşayan cəmiyyət xarüqələr yaratmağa qadir olur.
Qəhrəmanlıq ruhunu oyandırmağa, səfərbər etməyə, səmərəli istifadəyə yönəltməyə qadir
dastanlara, digər ədəbi janrda yazılmış əsərlərə böyük ehtiyac vardır. Bu hər zaman olduğundan
daha çox bu günkü Azərbaycana lazımdir, strateji anlamda belə zəruridir.
Bəli, qəhrəmanlıq dastanı, haqqında bəhs etdiyi qəhrəmanın da, dastanı yaradanın da
ömründən uzun olmalıdır. Əgər o həqiqi qəhrəmanlığa həsr olunubsa. Əks təqdirdə zamanın
konyuktur kəsiklərində ilişib unudulacaqdır. Nuru Paşa, unudulmayacağını tarix təsdiqləyən
qəhrəman oldu. Şəninə sağlığında nəğmələr oxunan qalib ordu komandanı Nuru Paşa 90 il sonra
Azərbaycan seirinin baş qəhrəmanına çevrildi. Nəriman Həsənzadənin yaratdığı “Nuru Paşa”
oxucuların təfəkküründə şairin gördüyü obrazda yaşayacaqdır. Bəs tarixi əsərlər təcrübəsi zəngin
və uğurlu olan şair Nuru Paşanı necə gördü, necə yaratdı?
Nəriman Həsənzadə Nuru Paşanın özündən öncə onun qəhrəmanlıq meydanını yaratdı. O
meydanda zaman və məkan hüdudları çox genişdir. Meydan Nuru Paşanın “at belində”
Türkiyədən Gəncəyə gəldiyi 1918-ci il deyildir. Qəhrəmanlıq meydanının coğrafiyasını şair öz
gözündə mətnə alıb. Azərbaycanın davasına qoşulmuş “Mehmetciklər”in doğulduğu hər bir
diyarın imzasına minnətdarlıq duyğusunu poemada dönə-dönə vurğulayan şair “səngərdə
doğmalaşan” kayserilər, ağdamlılar, samsunlular, ağdaşlılar nümunəsində türk birliyinin örnəyini
təbliğ edir. Qəhrəmanlıq meydanının məkanı nə qədər genişdirsə, zaman hüdudları daha
dərinliklərə uzanır. Səlcuqlardan, eldənizlərdən, səfəvilərdən güc alan türkün ermənilər
tərəfindən qətliama məruz qaldığı ana ağı deyən şair “türkün qılınc ləhcəsində” danışmasına
vadar edən düşmənə xəbərdarlıq edir: “Türk qılıncı parlayanda, tarixə İstiqlal yazır”.
“Türksoylu İskəndər” – Nuru Paşa şair bənzətməsində “Fatehlərin varisi – Turanlı
şahzadə” kimi vəsf edilməklə yanaşı, türk millətinin xarakterinə, düşüncəsinə, mentalitetinə xas
dəyərlər də təqdir edilir. Türkün genetik kod daşıyıcılarını düsturlaşdıran şair əsas döyüş
meydanını unutmur, süjeti tarixi müstəvidə, dövrün mürəkkəb mənzərəsində davam etdirir. Hələ
XIX əsrin əvvəllərində Qafqazın Rusiya tərəfindən istilasından qaynaqlanan erməni iddialarının
reallaşması yönündə XX əsrin əvvəllərində aparılan qanlı savaşın Azərbaycan xalqına qarşı
soyqırımına çevrilməsi şair qəlbini daxildən püskürdür:
...Torpağın üstünə püskür,
torpağın altını, Tanrım.
Yerdən çıxsın yer altında
yatanların...
Türkün qəhrəmanlıq salnaməsində kölgə görmək istəməyən şair son min ilin tarixini çək-
çevir edir. Səfəvi-osmanlı, sünni-şiə savaşını qınaya-qınaya “qardaşa əl tutan”
Nəriman
Nərimanovu, “Bir millət, iki dövlət” deyən Heydər Əliyevi anır. Amma bu da bir reallıqdır ki,
XX əsrin əvvəllərində türkün böyük bir dövləti var idi – Osmanlı imperatorluğu. Dünya
savaşında məğlub olub çökən Osmanlı dövlətini parçalamaq niyyətli və əməlli dövlətlər bir araya
gəlmişdi. Bax, o zaman türk xalqı Mustafa Kamalın başçılığı altında ölüm-qalım savaşına qalxdı.
Bax, o zaman şairin “Turanlı şahzadəsi” – Nuru Paşa xalqının azadlıq mübarizəsinə dəstək verdi.
Bu mübarizədə bolşevik Rusiyası ilə müttəfiqliyin faydalı olacağı zərurətini dərk edən Türkiyə
milli-azadlıq mücahidləri Azərbaycan Cümhuriyyəti hökumətini əks mövqedə durmaqda
qınayırdı. Hələlik isə qayıdaq 2 il öncəyə – 1918-ci ilə.
...Bizdən vətən istəyirdi
vətənsizə rus dövləti.
Həştərxana daşıyırdı
neftimizi gəmi-gəmi.
“Gülüstan”dan “Türkmənçay”dan
millətə nə qalmışdısa, miras kimi.
Xalqımızın bu gün də məruz qaldığı təcavüzün köklərini “Gülüstan”da, “Türkmənçay”da
görməkdə haqlı olan şair Azərbaycanı bölüşdürmüş dövlətlərin himayəsindən azğınlaşan erməni
təcavüzkarlığını səciyyələndirir.
Erməninin xəyanəti –
rusdan gəlir,
farsdan gəlir.
Yaranmaqda olan tarixi fürsətdən məharətlə istifadə edən erməni başbilənləri mövcud
himayədarlarına, tərəfdaşlarına dərhal xəyanət edib müttəfiqlərini
dəyişməkdə zəngin təcrübə
qazanıblar. 1917-1920-ci illər ərzində rəqib düşərgələr arasında manevrlər edib, asanlıqla
istiqamət dəyişdirərək Qafqazda erməni dövlətini əldə edə bildilər. Böyük dövlətlərin geopolitik
maraqlarında oyunçuluq edərək bolşevik hakimiyyətinin siyasətini öz milli maraqları ilə
uzlaşdırıb xeyli yeni torpaqlar mənimsədilər. Bu uzlaşmanı “daşnakbaşlı bolşeviklər qan gölündə
avar çəkir” ifadəsində verən şair 1918-ci ilin yazında bolşeviklərin daşnaklarla işbirliyi
nəticəsində minlərlə azərbaycanlının görünməmiş vəhşiliklə kütləvi qətliama məruz qaldığını
təsvir edir:
...Bir cəhənnəm səhnəsiydi,
Şamaxı zəlzələsiydi,
Şamaxıda qətl-qarət...
...Ağsuda su qurudumu?
Göyçayda çay soğuldumu?..
...Kəndləri yandırırdılar,
türkləri oddayırdılar.
Ayaqlayıb meyitləri,
üstündən addayırdılar...
Cənubi Qafqazda, Şərqi Anadoluda, Cənubi Azərbaycanda ermənilərin eyni vaxtda
törətdikləri qırğınlar beynəlxalq vəziyyətin gərgin dövründə baş vermişdir. Dünya müharibəsinin
son ilində, Rusiyada yeni hakimiyyətin əlverişli siyasəti müstəvisində, Xəzər hövzəsi – Qafqaz
regionu, başlıcası Bakı nefti uğrunda beynəlxalq rəqabətin qızğın çağında ermənilərin
canfəşanlığı təsadüfi deyildi. Son dərəcə mürəkkəb bir mühiti Nəriman Həsənzadə poetik dillə
oxuculara anladır:
...Bizim Poylu körpüsünə sancıb
alman – bayrağını.
Neft istəyir, –
bir başmağa qoyub iki ayağını.
O da guya menşeviklə canhacandı.
Orda rusdu, burda “yan”dı,
ingilisdi, italyandı.
Allah, allah, gör nə qədər quzğun gəlib...
Azərbaycandakı ictimai-siyasi qüvvələrin mövqeyi də şairin diqqətindən kənarda
qalmamışdır. “Susan millətçi natiqləri”, “Yoxa çıxan varlı Bakı qoçularını”, “sözü keçməyən
hacıları”, “bəyləri, xanları” qınayaraq yaradıcılığında əvvəllər də neftlə bağlı bildirdiyi
münasibəti təsdiqləyir: “Göz dağıdı neft, Allahım, əsiriyik bu sərvətin”.
Nuru Paşa Nəriman Həsənzadə poeziyasında bu günün və gələcəyin simvoludur:
...Nə qədər ki, sərhəd boyu hədələyir,
bizi yağı;
nə qədər ki, almamışıq Zəngəzuru,
Qarabağı...
“Nuru Paşa” dastanının ruhu şair üçün aparıcı bir motivdən yoğrulmuşdur: “Tarix! Səni
oxuyuram mən türkə “Can!” deyə-deyə. Bununla belə türk, müsəlman təəssübkeşliyinin
kölgəsində qalmayan böyük bir sevgi var onun qəlbində: Vətən sevgisi – Azərbaycan sevgisi!
Tarixin cazibədar ideologiyalarını bu sevginin fövqündə deyil, ona xidmətdə arzulayan Nəriman
Həsənzadənin “Nuru Paşa” əsəri bu günün gələcəyə qəhrəmanlıq çağırışıdır.
Firdovsiyyə ƏHMƏDOVA
525-ci qəzet.- 2010.- 15 sentyabr.- S.4.