[]



Yüklə 2,02 Mb.
səhifə10/12
tarix29.05.2018
ölçüsü2,02 Mb.
#46523
1   ...   4   5   6   7   8   9   10   11   12

DƏDƏ ŞƏMŞİRSİZ
Bu sinə dağlarda sinəmin dağı

Dünyaya sığmayan bir dağ kimidir,

Əcəl girələdi Dədə Şəmşiri,

Ölümün caynağı qarmaq kimidir.


Qocalmaq bilmədi eşqi, həvəsi;

Qaldı qartallara zil zənguəsi.

Getməz bu dağlardan aşıqın səsi,

O, coşub-çağlayan irmaq kimidir.


Həsrətdən dağların zirvəsi bəyaz,

Üşüdür gül üstdə arını ayaz.

O Dədə Şəmşirsiz Kəlbəcər bu yaz

Bülbülü gəlməyən bir bağ kimidir.


Dəlidağ çəkidə, qəlbilikdə o.

Həm canda yaşayar, həm ilikdə o.

Paklıqda, hörmətdə, ülvilikdə o

Bu vətən kimidir, torpaq kimidir.


Getməsin dumanı Murovun, dursun.

Ay ovçu, bəri gəl, qoy ovun dursun.

Ənvəri Şəmşirsiz kim ovundursun? --

Şairdir, ürəyi yarpaq kimidir.


1981

KÖHNƏ YARAM QÖVR ELƏDİ

O KİM İDİ?
Ata əli əlimizdən,

Qardaş əli telimizdən

Ayrılanda Uşaq idik.

Kim deyər ki,

Dərddən, qəmdən

uzaq idik?

Ağır illər, ağır zaman...

Kişi olduq

Dörd yaşından,

Beş yaşından.

Saçımızı

Pas atmağa

Biz qoymadıq.

Bacımızı

Kövşənlərdə tək yatmağa

Biz qoymadıq.

Ağır illər, ağır zaman...

Kişi olduq

Dörd yaşından,

Beş yaşından.

Kişilərtək

Yuxumuza haram qatdıq,

Bazarlarda palaz satdıq,

köhnə satdıq,

Eh, nə satdıq!

Nimçəsini satan oldu,

Çömçəsin satan oldu,

Yorğanını,

Səhəngini,

Əsgər getmiş ovçuların

Tüfəngini

Satan oldu.

Getdi var- yox, getdi maya;

Fəqət, fəqət satılmadı

Abır, həya.

Deməyin ki, o günlərin

Xatirəmdə izi qalıb,

İzi nədir? Özü qalıb.

Həyat elə möhürləyib

Yaddaşıma o anları,

Özüm kimi tanıyıram

Paltar, palaz satanları,

Biri əsgər atasıydı,

Biri əsgər anasıydı,

Biri əsgər bacısıydı...

Bu işlərə bais olan

Hərbin odu, acısıydı.

Deməyin ki, o günlərin

Xatirəmdə izi qalıb,

İzi nədir?

Özü qalıb.

O qab-qacaq satanların

Onda çoxu yetim idi...

O vaxt mülk də alan vardı,

O nəçiydi?

O kim idi?..

1979

ÜZƏRRİK
Bura həmin yerdir, həmin taladır,

İlin də mən deyən fəsilidir el.

Bu həmin xəndəkdir, həmin çaladır;

Üzərrik gözümə görünmür hələ.


Bir vaxt üzərriyə toxunmazdı əl,

Boy atıb qalxardı qurşağa qədər.

Qotazlı kolları dərib əlbəəl

Daşıyıb yerinə su ələyiblər.


Bir tikə çörəyə yüz göz baxarıdı,

Davaydı, çəlimsiz böyüyərdik biz.

Axı göz dəyəsi nəyimiz vardı --

Üzərrik yandıra nənələrimiz?


Qaldı meşələrdə ayaq izimiz;

Aclığın kəsəri qılıncdan iti.

Yamaqlı şalvardan çıxan dizimiz

Elə pis göz üçün üzərrik idi.


1978

YARALI MİSRALAR
Yadımdan çıxmır heç Bənövşə qarı,

Onun dağdan ağır nisgili vardı.

Dəhlizin küncündə həmişə qarı

Arı pətəyitək sızıldayardı.


Yaşlı gözlərinin yuxusu perik,

Naləsi gəzirdi obada onun.

Təsəlli verməyə curət etməzdik --

Üç oğlu ölmüşdü davada onun.


O--ağlar bir tütək, o--həzin bir ud;

Bayatı deyərdi, ağı deyərdi.

Hərdən qəzəblənib bu gücsüz vücud

Dəhlizdə Hitleri xirtdəkləyərdi.


Suya gedəndə də gözünün yaşı

Çayların suyunu bollandırardı.

Beləcə olardı qalı, savaşı...

Bircəyi dumandı, saçları qardı.


Qoynundan çıxanda çəlik qolları

Cəhrəni gününə yamaq edərdi.

Bir vaxt oğulları gedən yolları

O, dükcə edərdi, yumaq edərdi.


Axırda bir sümük, bir dəri qaldı;

Qaxaca döndərdi həsrət qarını.

İllər saçlarında “Kərəmi” çaldı,

Düydü göy əsgiyə damarlarını.


Yollara baxardı, yollara elə;

Bir ana yanında yollar xəcildi.

Öldü, dəfn elədik el adətiylə,

Yox, onun kəfəni dərddən biçildi.


Qarının naləsi buludlara tən,

Dağları dağıyla dağlayardı o.

Mən qəbir üstünə getmişdim dünən,

Eşitdim, qəbirdə ağlayırdı o.



OYUNCAQLAR
Oyuncaqlar, oyuncaqlar...

Xəyal uçar o illərə,

O illərdə qanad saxlar.

Oyuncaqlar

Həsədimdi mənim dünən,

İndi isə ala bilmir

Yaxasını

Həsrətimin əllərindən.

O illərdən ürəyimdə

Qalıb hələ bir nisgilim --

Nə yalançı atım vardı,

Nə maşınım, nə də filim,

Əyləncəsiz ötüşmədi

Fəqət yenə oyun vaxtım,

Oyun çağım.

Gör nə ilə əylənirdim,

Gör nə idi oyuncağım --

Mənasını bilmədiyim

Kitabların şəkilləri,

Təzə-təzə qığıldaşan

Fərələrin kəkilləri.

Yaz gələndə qoz yarpağı,

Üzüyola söyüdlərin

Boz yarpağı --

Oyuncağım;

Qış düşəndə buzu, qarı,

Sahibləri əsgər getmiş

Bağlı qalan qapıların

Qıfılları --

Oyuncağım.

Atamın da əllərinin

Daş qabarı --

Oyuncağım.

Qarğaların qarıltısı,

Cəhrəsinin sol yanında

Mürgü döyən qarıların

Xorultusu --

Oyuncağım...

O illərdən ürəyimdə

Qalıb hələ bir nisgilim --

Nə yalançı atım vardı,

Nə maşınım, nə də filim.

İllər ötdü,

Yaş üstünə gəldikcə yaş

Mən həyatı dərk elədim,

Başa düşdüm yavaş-yavaş.

İllər ötdü,

Oyuncağı yox olanın

Nisgilini sönən gördüm,

İllər ötdü.

Oyuncağı çox olanın

Çoxusunu, çox heyif ki,

Oyuncağa dönən gördüm.

1981


QORXURAM ÜRƏYİM...
Bu gün Xan Arazın sahilindəyəm,

Suları elə bil xalis civədir.

Arzunun, murazın sahilindəyəm;

Çayda bu nə nazdır, bu nə cilvədir!


Duman, çən kəsməyib aranı tültək.

Nə sərhət tanıyır, nə sədd anıram.

O tayda ney ötür, bu tayda tütək;

Bəxtəvər-bəxtəvər xumarlanıram.


Bir hovur dəyişib dünya kökündən...

Həftə adiləşib, ay adiləşib.

Bir hovur azadam qayğı yükündən,

Sərhəd adiləşib, çay adiləşib.


Alışıb yanmıram hicran gözüylə,

Yoxdur bir təmənnam “günahkar pirdən”.

Arza baxmıram şair gözüylə--

Qorxuram ürəyim partlaya birdən.

1983

SƏRHƏD PIÇILTILARI
1-ci pıçıltı
Araz nisginlərə biganə çaydır,

Sahili gəmirib qopmur tilovdan.

Araz yer üzündə yeganə çaydır,

Suyu buxarlanmır oddan, alovdan.


2-ci pıçıltı
Araz qalxa yatağından,

Baxa elin həsrətinə.

Araz dönüb ağ yağışa,

Yağa elin həsrətinə.

Bir ümüdə nə vaxtacan

Göz ağartsın qar, qış elə?!

Zaman bizə bir dəfə də

Bax beləcə qarğış elə:

“Həsrət qalın həsrətə siz!”

Araz, Araz dey-deyə

Neçə ürək, can çürüdü.

Araz, Araz çay deyil ki...

Qamçılanmış bir topağın

Kürəyinin qançırıdı.

“Araz” sözü lüğətlərdə

“Sədd” sözüylə tarazlaşıb.

Bu torpağın Araz deyən

Şairləri arazlaşıb.

Araz aşıb, Araz daşıb;

Biz piyada, Araz atlı.

Bir oğulda böyütmüşəm

Araz adlı.

Araz--Araz oğullara

Baki--ana, Təbriz--dədə.

Arazlar var Gəncədə də,

Təbrizdə də.

Araz adlı bir sərhəddi

Silə-silə

Araz qollar uzanacaq

Bu sahildən o sahilə.

Araz qollar uzanacaq

Araz üstən köpü kimi.

İki sahil sevincindən

Ağlayacaq körpə kimi.

Qış olsa da, gül bitəcək

Arazların yolu üstə.

Araz adlı bir həsrət də

Can verəcək

Araz--Araz oğulların qolu üstə.

1983


ŞƏHRİYARA MƏKTUB
Şəhriyarım, niyə elə göynədin?

Sızıldatdın bütün eli, obanı.

Köpəsinə layla deyir analar

İndi burda sənin “Heydərbaba”nı.


Övlad olduq bir müqəddəs yurda biz,

Əyilmədik çətində biz, darda biz.

Üşümüşük, titrəmişik burda biz

Üşüyəndə Savalanın çobanı.


Aramızı kəsməz heç çay, heç dərə;

Nəğmən axsın yamaclara, döşlərə.

Dönəm gərək iti, sivri neştərə

Deşəm gərək od dediyin çibanı.

1981

SEVGİ HARAYLARI

EŞİDİRSƏNMİ?
Sükutun nə haraylı,

Qasırğalı dəryadır!

Qulağimi batırır

Sükutunun fəryadı,

Eşidirsənmi?

Hicran görüş yerində

Qürrələnir, öyünür?

Eşidirsənmi?

Deyinməkdən çinarın

Yapağı əprim-əprim.

Cığırlarda təklikdən

Nalə çəkir ləpirim,

Eşidirsənmi?

Gündüzüm belə keçir,

Gecəm belə sovuşur.

Məhəbbətin hökmüylə

Qış bahara qovuşur,

Eşidirsənmi?

Dodağımı üzümdə

Həsrət çəkib çarmıxa.

Fəqət bahar yeliyəm,

Əsirəm, çağlayıram

Sədləri yıxa-yıxa,

Eşidirsənmi?

Ürəyimin başında

Ümüdümün boxçası,

Ümüddən qönçə tutub

Ömrümüzün baxçası.

Bu sinəmin ümüdddən

Çağlayan dağ çayı var,

Eşidirsənmi?

“Sənsizəm” harayı var,

Eşidirsənmi?

1980


PAYIZ ƏLLƏRİNƏ XINA

YAXACAQ
Bu sənsiz ömrümün sənli günləri

Kişnəyər sinəmdə səssiz-səmirsiz.

Bu sənsiz ömrümün çənli günləri

Dolanar səmərsiz, keçər səmərsiz.


Bu bahar mən deyən bahardan deyil,

Yolumda o həsrət toxumu əkdi.

Gözümün yaşından içib, bu nisgil

Payızda sinəmdə göyərəcəkdi.


Ümüd--ciliklənmiş zərif bir şüşə,

Ot basmış cığırda qoşa iz itib.

Kolların dibində nərgiz, bənövşə,

O şümşad barmaqda bi üzük bitib.


Bu payız əlinə xına yaxacaq,

“Vağzalı” düşəcək sümüklərinə.

Mənsə göz yaşımı mağardan uzaq

Çəkərəm başıma vüsal yerinə...

1982

QOŞALAŞDIQ
Qoşalaşdıq bi cüt qoşa göz kimi,

Yuva qurduq, isindirdik köz kimi,

Şirinləşdik dodaqlarda söz kimi.

Küsülülər bizi görüb barışır,

Adət olub--yaxın dostlar, tanışlar

Səni məndən, məni səndən soruşur.


Eşqimizdən hicran qorxar, lal olar;

Bu sevdamız nağıllaşar,bal olar.

Evimizdə şirin-şəkər balalar

Qaqqıldaçıb bir-birinə qarışar

Səni məndən, məni səndən soruşur.
Gül açıram bu günümü mən görüb,

Qonum-qonşu bizi hər vaxt şən görüb.

Gəl qəmlənmə saçlarında dən görüb--

Ağ saçların ağ günümə yaraşır.

Qəribədir, doğma atan, anan da

Səni məndən, məni səndən soruşur.


1983

GÖRÜŞDÜK, XƏYALMI BU?
Qoşun çəkər həsrətin

Ürəyimin başıyla.

Getdi, vüsal baharım,

Qaldım hicran qışıyla.


Ötüb keçdin köç kimi,

Yıxdın könül köşkümü.

Zalım qızı, eşqimi

Ölçdün üzük qaşıyla.


Güləndə də ağladım,

Qəmlə ülfət bağladım.

Küsdüm, küsü saxladım

Sizin bağın quşuyla.


Yazıldı qəlbə dağın

Min dərdi qəlbi dağın.

Bilmirdim, qəlb otağın

Hörülübmüş daşıyla.


Görüşdük, xəyalmı bu?

Yoxsa şirin bir yuxu?

Gözünün yaşını yu,

Yu gözümün yaşıyla!

1979

* * *
Aman təklik əlindən!



Xalq mahnısı.
Necə sərrast deyiblər,

Necə incə deyiblər.

Ürəyimi oxuyub,

Ürəyimcə deyiblər.

Bu dünyada tənhalar

Ya yazıqdır, ya naşı;

Ömür keçir, sevgilim!

Gəl oruraq yanaşı.

Danışaq şirin-şirin,

Dərtləşək şirin-şirin.

Təkləmişik təkiliyi,

Hicrana göz dağıyıq.

Ömrümüzə şərikli,

Səadət ortağıyıq.

Kədərindən yadigar

Qarlı saçım var mənim,

Ülfətinə, qayğına

Ehtiyacım var mənim.

Ürəyimdən nisgili

Mehrinlə hürkü düşsün,

Hara getsək, yollara

Ləpirimiz cüt düşsün.

Yalqız buraxma məni

Çay-çörək yeyən anda.

Sən yanımda olmasan,

İştahım küsər onda.

Qapını asta açıb

Səhərlər gedən zaman

Çıx eyvana, görüm ki,

Arxamca boylanırsan.

Elə bilməki, bunlar

Kişi şıltaqlığıdır,

Sənin qayğın gözümdə

Ümüd, fəryad dağıdır.

Şahdağımsan, başında

Məhəbbətdən tacım var,

Dedim, yenə deyirəm:

Fərəhinə, qəminə

Mənim ehtiyacım var.

Bir məcilisdə özümü

Sənsiz yalqız, tək sandım;

Sən yanımda yox idin,

Sənsizlikdən utandım.

Sənsiz ötən anların

Yanında ölüm nədir!

Fəqət görsən donmuşam,

Qələm də əlimdədir,

Otağıma gəlmə bax!

Yanlız onda sən məni

Danışdırma, tək burax

1979

GÖZLƏRƏM SƏNİ
(Mahnı)

Sənsiz çəmənlərin gülləri həşəm,

Mən sən talehim, bəxtim demişəm.

İntizar-intizar, körpə bənövşəm,

Gözlərəm səni.
Düşüb bir məhəbbət yükü çiynimə,

Nə boran, nə şaxta gəlməz eynimə.

Zülmət gecələri geyib əynim,

Gözlərəm səni.


Təşnə çağlarımdır, çağla çay kimi,

Hicran buludunu doğra ay kimi.

Bahara tələsən torağay kimi

Gözlərəm səni.

1973

MAŞUK ŞERLƏRİ


ƏKİZLƏR
Puşkinlə Nermontovun talehi

bir-birinə oxşayır.
Cüt gəldi zəkanın, fikirin gərəyi.

Onlar---bir qartalın qoşa qanadı.

Lermontov ürəyi, Puşkin ürəyi

Qoşa alovlandı, qoşa qanadı.


Təhqirə, təqibə dözmək çox çətin...

Doğdu qeyrətini zaman da əkiz.

Əkiz qorxusunun mütləqiyyətin

Gördü fərmanlarda, fərman da--əkiz.


Bir elin, bir yurdun şer gülünü

Əkizlər bitirdi, əkizlər dərdi.

Puşkinlə Lermontov rus elinin

Əkiz vüqarıdır, əkiz də dərdi.


1979

AXI NECƏ DİNCLİK TAPIM
Vurulmuşam mən bu yerin

Gen düzünə, dik yalına...

Görən Maşuk həkimlərin

Hardan gəldi xəyalına?!


Dedilər ki, yorulmusan,

Az fikirləş, at söz-sovu.

Get Maşuka, suyu dərman...

Ziyarət et Lermontovu.


Fəqət burda çətin yatam,

Nə gecəm var, nə gündüzüm.

Dincliyim yox, narahatam,

Fikir başda düzüm-düzüm.


O vuruldu bu şəhərdə,

Abidəsi --doğma qapım.

Şair qanı axan yerdə

Axı necə dinclik tapım?!

1979

MAŞUK BAYATISI
Qolun sınsın Martunov, dur!

Bir bax, gör ki, ovun durur.

Balasını ovundurur

Beşik ağlaya-ağlaya.


Heykələ bax, söhbət açır,

Zülümətdirmi çənlə qaçır?

Burda şam tək şölə saçır

İşıq ağlaya-ağlaya.


Bax bu Qərib, bu Şahsənəm...

Allah, yenə yandı sinəm.

Qalıb burda o bəxti kəm

Aşıq ağlaya-ağlaya.


Yaddaşında saz* saxlayır,

Qış saxalayır, yaz saxlayır,

O vaxtdan ki, yas saxlayır

Maşuk ağlaya-ağlaya.


*Lermontovun ev muzeyində saz da saxlanılır.



...DARIXMAYIM
Rəngi qaçıb bəyaz qarın,

Qışın ömrü qısalıbdır.

Peşəməngül qayaların

Qucağına qısılıbdır


Maşuq basıb sinısinə

Saz yerinə vələsləri.

Soruşuram dönə-dönə

Burdan aşıq Ələsgəri.


Kimdir yenı durub hazır,

Sözə verir can qrunu?

Lermontovmu şeir yazır--

Dağlar udub cınqırını?


Günəş qlxdı, nur ələdi,

Aə zirvələr oda düödü.

Talada cüyür mələdi,

Bizm dağlar yada düşdü.


Kim öyrədib dili dağa?

Duydu nədir hay-harayım.

Maşuq qəsdən Dəlidağda

Oxşadı ki, darıxmayım.




QARATOYUQ
Bu dağ sel əlində kiçilən deyil,

Bu dağ nəğməsizdə keçinən deyil.

Sənində mənim tək vecinə deyil

Sümüyə, iliyə işdiyən soyuq.

Oxu, qulaq asım ay qarayoyuq!
Qonduğun qayanın qutd oxşarı var,

Bu yerin, torpağın yurd oxşarı var.

Səsində”Sarıtel”, “kürdovşarı” var,

Vətəni sevməkdə qoşayıq, tayıq.

Gəl verək səs-səsə, ay qaratoyuq!
Beştau doğmaca beş qardaşımdır,

Heyrətdən daşdaşmış, daş qardaşımdır.

Dumana bürünən zirvə başımdır;

Bu dünya--bir ümman, xəyalım-qayıq

Ozu, ayılt məni, ay qaratoyuq!
Arzular gül aça, bədxah qısqana.

Yerini, yolunu oğul, qız qana.

Haq sözün qılıncı qaça yüz qana.

Necə ki qırğılar düşməyüb düyuq,

Boşalt ürəyini, ay qaratoyuq!
Nəğmə yağışında hər gün çimənsən,

Ləhcən dəyi.məyib, həmən-həmənsən.

Getsəmdə, bu yerdə sən elə mənsən;

Həsrətdən bir ürək, qəlb oyuq-oyuq...

Öt bunu nəğməndə, ay qaratoyuq!
Bi tarix göründü qanı qaşında,

Çevrildi alova, közə bu şaxta.

Nə düşdü yadıma yenə Maşukda?--

Ürəyim göynədi. Sızıldadı, ux!

Mən susdum, sən oxu, ay qaratoyuq!

1983


ŞAİRƏ TƏSƏLLİ
Nə Maşuq yadımdan çıxır, nə meşə,

Nə də o selhasel, o yağışlı gün.

Bu dərd az qalır ki, sinəmi deşə,

Sən cavan yaşında dueldə öldün.


Düşmən fürsət gəzdi tez qisas alsın,

Zarafat...Gör tapdı ölümü nədə!

Şair, şeirlərin bir yana qalsın,

Həsəd aparıram ölümünə də.


Hələ nə görmüşdün sən bu dünyada?!

Cılızlar min şərə,böhtana həris.

Xəbis ürəklərdən bir istedada

Güllələr açılır səssiz, səmirsiz.


Bir xain danışır ağsaqqal kimi,

Qəsdən düz yolunu edir dolanbac.

Xəyanət səmimi, hiylə səmimi.

Düşmən kim, dost kimdir?!-Oğulsan baş aç.

Səbr elə, sözümü təmkinlə dinlə;

Yenə bir sarıdan sən bəxtiyarsan--

Gördün düşmənini öz gözlərinlə,

Gördün ki, kim alıb köksünü nişan...

1983

MAŞUK MEŞƏSİ
Ağaclar dırmaşıb dəcəl uşaqtək

Dağın zirvəsinə yamacla, yolla.

Tamaşa etməyə bir cüt göz gərək--

Meşə bəhsə girib göylə,maşallah!


Burdakı quşlara heç kim deməz kiş!

Bu gün yaman qar var, yaman boran var.

Evdə balasını yedizdirməmiş

Meşədə quşlara dən aparan var.


A yorğun əsəbim, dincini bir al!

Pərtliyim, bığımı yenə çeynəmə.

Dizimi yalayır körpə bir maral,

Bir cüt sarıköynək qonub çiynimə.


Baxışım heyrətdə, gözüm heyrətdə;

Elə bil nadanam, görməmişəm mən.

İnsanı, heyvanı belə ülfətdə,

Belə ünsiyyətdə görməmişəm mən.


Maral duzağıdır meşə başabaş,

Nə güllə səsi var, nə bir səksəkə.

Bu meşə uzadıb sağ əlini kaş

Bizim meşələrin başına çəkə!..

1983.


YAPINCI-REKLAM
Foto-atelyedə növbəyə bir bax!

Çəkdi diqqətimi yenə əlbəəl.

On il bundan qabaq gördüyüm papaq,

Qara yapıncı da yanında heykəl.


Səyyahın, turistin gülür gözləri...

Bir çomaq, bir papaq, yapıncı--reklam,

Çoban paltarına maraq göstərir

Min ünvan sahibi olan min adam.

Asfaltın üstündə utanır çomaq,

Bu barlar, bu parklar ona yabançı.

Başda-başa qonur zavallı papaq,

Çiyindən-çiyinə qonur yapıncı.


Döndərir hamını bəriki tindən,

Geyəndə adamın yuxusu gəlir.

Əsər yox qoyunun bərəkətindən,

Fransız ətrinin qoxusu gəlir.


Aparıb onları ver yiyəsinə,

Bəsdir, şəkil çəkən, ta ağ eləmə.

Aparıb çobanın at dəyəsinə,

Asfaltın üstündə dusdaq eləmə.


Bu yerdə sən şəkil çəkdiyin gündən

Bilirsən onları kimlər geyibdir?!

O məğrur çobanı təhqir etmə sən,

Qoyundan, quzudan, dağdan eyibdir!

1983.


QARÇİÇƏYİ
Səni burda görən deyər dəlidir,

Göydənmi bu yerə düşmüsən çiçək?

Şaxtanın, boranın gəlhagəlidir,

Qarın sinəsini deşmisən, çiçək!


Kahalar zəhimli baxışa bənzər,

Dərələr qar ilə siləbəsilə

Zərif ləçəyində naxışa bənzər

Çillənin solaxoy çəkdiyi sillə.


Bu quduz küləklər salıb zoruna,

Göyrüşün körpəcə şivan qoparıb.

Ümidi ilişib qışın toruna,

Lüt-üryan budaqlar şivan qoparıb.


Bu necə mənzərə, necə səhnədir!--

Qış meydan sulayır dağın qaşında.

Bitmisən, başına at təpib, nədir?--

Ömürdən bezməzlər çiçək yaşında.


Nəğməni həmişə səssiz ötmüsən,

Duyub pıçıltını bu dağ, dərə.

Təsəlli bitmisən, ümid bitmisən

Baharın yolunu gözləyənlərə.


Bənizi sozaldı tır ləçəyinin--

Deyəsən sözlərim xətrinə dəymiş.

Bağışla, anladım qarçiçəyinin

Qiyməti nədəymiş, xətri nədəymiş.


Dördnala səyirdir yel hey atını,

Hardasa yuxuda diksinir nərgiz.

Girov qoymusan ki, öz həyatını,

Bahara ümidi itirməyək biz.

1983.

ƏLVİDA” DEMİRƏM



` GÖRÜŞƏNƏDƏK!
Gedirəm Maşukdan, gedirəm daha,

Vaxt necə tez keçdi, batdı günaha.

Çiynimə atdığım, yapıncı kaha,

Mən səni bilməzdim bu qədər kövrək,

“Əlvida” demirəm, görüşənədək!
Özümü yoxuşda, düzdə sınadım,

Ağrını, inadı qovdu inadım.

Səni çox danladım, çox da qınadım,

Gündə min çiçəyə qonan kəpənək,

“Əlvida” demirəm, görüşənədək!
Dağların hüsnünə güzgü, ayna göl,

Meh əsdi, gülümsün, nazlan, oyna, göl!

Maral buynuzuyla kirkitlənən çöl,

İzimi köksünə yazan biçənək,

“Əlvida” demirəm, görüşənədək!
Ay bulaq, axtarıb tapdım yerini.

Burdakı suların sənsən sərini.

Alnımın, üzümün muncuq tərini

Yalayıb qurudan, dəsmalım külək,

“Əlvida” demirəm, görüşənədək!
Elburus ağappaq, burdasa yazdır,

Nərgizlər kollarda qotaz-qotazdır.

Sənin nəğmələrin nə xoşavazdır,

Maşukda al qana bələnən ürək,

“Əlvida” demirəm, görüşənədək!

1983.



ƏNVƏR RZA



KÖNLÜMƏ BAHAR DÜŞÜB



TÜSTÜLƏR
Uzaqdan tüstü qalxsa,

Müsafirlər, yolçular

Düşünərlər o yerdə

Ya şəhər var, ya kənd var.

Tüstü qalxdığı yerin

Qanadıdır, qoludur,

Tüstü elin, obanın,

Şənliyin timsalıdır.

Bircə dəfə qalxmasa

Tüstülər kəndimizdən,

Yayın qızmar günündə

Üşüyərəm inan mən.

Bizim qonşu evlərin

Burulan tüstüsünü

Bayırda axşam, səhər

Üz-gözümə yayıbdır

Sərin, soyuq küləklər.

Yanağımdan yaş axıb

Süzülüb gilə-gilə,

Mən axan göz yaşımı

Əlimin arxasıyla

Silmişəm gülə-gülə.

Kəndimizdə evlər var--

Körpələrin gülüşü

Yurd salıb qucağında.

Kəndimizdə evlər var--

Göylərə nur çiləyir

Gecə zülmət çağında.

Kəndimizdə ev də var--

Kəndimin kədəridir,

Kəndimizdə ev də var

Neçə ildən bəridir

Bacaları tüstüsüz,

Qapıları bağlıdır,

Çalın-çarpaz dağlıdır.

Kəndimizdə ev də var--

Qapısının dəstayi

Nə vaxtandır pas tutub,

Qəmə batıb, yas tutub.

Kəndimizdə ev də var

Hərbin uğursuz yeli

Üzərindən əsibdir,

Cəbhələrdə partlayan

Bombaların tüstüsü

Tüstünü kəsibdir.

Yana-yana baxanda

Bu tüstüsüz evlərə,

Başımdan tüstü qalxır

Gündə azı min kərə.

Göz yaşardan tüstüdən

Mən incik olmamışam.

Deyirəm, bu tüstülər

Yaşartsın gözlərimi

Təki hərbin o mənhus,

Qara yeli əsməsın.

Bombaların tüstüsü

Bu tüstülü evlərin

Tüstüsünü kəsməsin.



GÖZBAĞLIYICI
Baxışlar bir səhnəyə

Tuşlanıb süngü kimi.

Möcüzə görməmişəm

Hələ bu günkü kimi--

Doğruluğuna gözlə

İnandığım bir yalan--

Alov çıxır, od çıxır

Bir insanın ağzından,

Nə bir yol yandım deyir,

Nə bir kömək diləyir.

Möcüzə göstərir o.

Dəmir yeyir, daş yeyir.

Sənətə bax, işə bax--

İdrakı ovsunlamaq...

Gözümüz bağlanıbdır

Gözümüz baxa-baxa,

Əl də çalırıq hələ

Oturub aldanmağa.

Mənə elə gəlir ki,

Əl çalıb aldanırıq.

Yox, qardaş, gözbağlamaq

Məharət yox, kələkdir,

Qoy hər səhər, hər axşam

Yalandolu fırıldaq!

Bi avamı başa sal,

Düşünsün--dərin dərin,

Bir nadan gözünü aç,

Onda deyim afərin!



Yüklə 2,02 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə