Mülki qanunvericilik mülki hüquq münasibətləri subyektlərinin hüquqi vəziyyətini,
mülkiyyət hüququnun və başqa əmlak hüquqlarının əmələ gəlməsi əsaslarını və həyata
keçirilməsi qaydasını müəyyənləşdirir, müqavilə və digər öhdəlik münasibətlərini, habelə sair
əmlak münasibətlərini və onlarla bağlı olan şəxsi qeyri-əmlak münasibətlərini tənzimləyir.
Ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik
hüququ və əlaqəli hüquqlar ilə bağlı münasibətlər, əgər ailə, əmlak, torpaq, təbiəti mühafizə,
müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki
qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir.
Mülki hüququn mənbələri içərisində ən mühüm və əsas yeri Azərbaycan
Respublikasının 12 noyabr 1995-ci il Konstitusiyası tutur. Konstitusiyada mülkiyyət və onun
formaları, vətəndaşların mülkiyyət və əqli mülkiyyət hüququ, şəxsi və mənzil toxunulmazlığı,
sağlamlığın qorunması, şərəf və ləyaqətin müdafiəsi, azad sahibkarlıq, zərərin ödənilməsini
tələb etmək və s. hüquqları, həmçinin, onların həyata keçirilməsi təminatlarını müəyyən edən
məsələlər öz əksini tapmışdır.
Konstitusiyadan sonra mülki hüququn mənbələri içərisində Azərbaycan Respublikasının
2000-ci il sentyabrın 1-dən qüvvəyə minmiş Mülki Məcəlləsi başlıca yer tutur. 74 fəsildən və
1325 maddədən ibarət olan bu Məcəllənin ümumi hissəsində (1-566-cı maddələr) mülki
hüququn ümumi və prinsipial müddəaları təsbit olunmuş, xüsusi hissədə (567-1325-ci
maddələr) isə öhdəlik hüququnun bütün növləri müvafiq ardıcıllıqla verilmiş, vərəsəlik
hüququnun ümumi və xüsusi hissəsini tənzim edən normalar sistemləşdirilmişdir.
Vəzifələri mülki hüquq subyektlərinin əmlak və şəxsi qeyri-əmlak münasibətlərini
tənzimləməkdən, onların hüquqlarını və qanuni mənafelərini müdafİə etməkdən, fiziki
şəxslərin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu, şəxsi həyatının və şəxsi toxunulmazlığının
müdafiəsi hüququnu qorumaqdan, mülki dövriyyəni təmin etmək, sahibkarlıq fəaliyyətini
dəstəkləmək və sərbəst bazar iqtisadiyyatının inkişafına şərait yaratmaqdan ibarət olan bu
Məcəllənin əsas məqsədi üçüncü şəxslərin hüquqlarına xələl gətirmədən mülki dövriyyənin
azadlığını onun iştirakçılarının bərabərliyi əsasında təmin etməkdir.
Mülki hüququn mənbələrinə həm də Azərbaycan Respublikası Nazirlər Kabinetinin
qərar və sərəncamları da daxildir. Lakin Nazirlər Kabinetinin qəbul etdiyi bütün aktlar deyil,
yalnız mülki münasibətlər sahəsində qəbul etdiyi qərar və sərəncamlar mülki hüququn
mənbəyini təşkil edir. Bu aktlarla əsasən, təşkilatlar arasındakı əmlak münasibətləri nizama
salınır. Bundan başqa, digər dövlət orqanlarının verdiyi aktlar da mülki hüququn mənbəyi
sayılır və mülki münasibətləri nizama salır. Məsələn, Milli Bankın instruksiyası ilə kredit və
hesablaşma münasibətləri, Nəqliyyat Nazirliyinin qaydaları və başqa aktları ilə sərnişinlərin və
yüklərin daşınması və s. münasibətlər nizama salınır.
Mülki hüquq normaları, həmçinin, yerli icra hakimiyyəti və bələdiyyə orqanlarının
qərarlarında öz əksini tapır.
Azərbaycan Respublikasının bütün qanunları kimi mülki qanunlar da dərc edildiyi
gündən qüvvəyə minir (əgər qanunda başqa müddət göstərilməyibsə). Mülki qanunların
geriyə qüvvəsi yoxdur, yəni mülki qanunlar ondan əvvəl yaranan münasibətlərə tətbiq
edilmir. Mülki Məcəllənin 7-ci maddəsinə əsasən, qanunla birbaşa nəzərdə tutulmuş hallarda
mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilər. Mülki hüquq subyektlərinə ziyan vurarsa və
ya onların vəziyyətini pisləşdirərsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz. Mülki
hüquq normaları, onların ləğv olunması və ya qanun qaydasında dəyişdirilməsi ilə öz
qüvvəsini itirir.
Azərbaycan Respublikasının mülki qanunları respublikanın bütün ərazisində qüvvədədir.
Mülki qanunvericilikdə nəzərdə tutulan hüquqlar Azərbaycan Respublikasının bütün
ərazisində maneəsiz həyata keçirilə bilər və hökmən mühafizə edilməlidir.
Mülki qanunvericilik Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün
fiziki və hüququ şəxslər üçün qüvvədədir. Mülki qanunvericiliklə müəyyənləşdirilmiş
qaydalar, əgər qanunda ayrı hal nəzərdə tutulmayıbsa, əcnəbilərin, vətəndaşlığı olmayan
şəxslərin və xarici hüquqi şəxslərin iştirak etdiyi münasibətlərə də tətbiq olunur. Xarici
vətəndaşların və hüquqi şəxslərin Azərbaycan Respublikası ərazisindəki hüquqi vəziyyətinin
müəyyən edilməsində beynəlxalq müqavilələrin böyük əhəmiyyəti var.
Məhkəmələr tərəfindən qəbul edilən aktlar heç bir hüquq norması yaratmadığı,
dəyişdirmədiyi və xitam etmədiyi üçün mülki hüququn mənbəyi də hesab edilmir. Bu aktların
ən böyük əhəmiyyəti ondan ibarətdir ki, onlar mülki qanunvericilikdəki boşluğu doldurur və
qərarların qanuna uyğun qəbul edilməsini təmin edir. Mülki qanunvericilikdə boşluq o
deməkdir ki, müəyyən məsələ hüquq vasitəsilə həll edilməlidir, lakin qanunvericilikdə onun
hüquqi cəhətdən həlli nəzərdə tutulmayıb.
Məhkəmə mübahisəli məsələni həll edərkən qanunvericilikdəki boşluğu aşkar edərsə,
özü onu həll edə bilməz. Bu halda o, qanunverici orqana yeni norma qəbul etmək haqqında
müvafiq təqdimat verməlidir. Qanunla müəyyən edilmiş hallarda məhkəmə konkret işi
qanunun analogiyası (yunanca analogia - uyğunluq, oxşarlıq), yaxud hüququn analogiyası
əsasında həll edə bilər.
Mülki Məcəllənin 11-ci maddəsinə əsasən, mülki hüquq münasibətləri mülki
qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq
edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd
deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir
(qanunun analogiyası).
Oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və
vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn
analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri
nəzərə alınmalıdır. Mülki hüquqları məhdudlaşdıran və ya məsuliyyət müəyyənləşdirən mülki
qanunvericilik normalarının analogiya üzrə tətbiqinə yol verilmir.
2. Mülki hüquq münasibətlərinin anlayışı, növləri və məzmunu
Mülki hüquq münasibətlərinin anlayışı və xüsusiyyətləri. Müxtəlif səpkili normativ
aktlarda ehtiva olunan mülki hüquq normalarının tənzim etdiyi əmlak və şəxsi qeyri - əmlak
xarakterli ictimai münasibətlər mülki hüququn predmetini təşkil edir. İctimai münasibətlərin
mülki-hüquqi tənzimetmə mexanizminin açılmasında mülki hüquq münasibətlərinin anlayışı
mühüm rol oynayır.
İctimai münasibətlərin mülki hüquq normaları ilə tənzim edilməsi nəticəsində onlar
hüquqi forma əldə edir və mülki hüquq münasibətləri təşəkkül tapır. Mülki hüquq
münasibətləri - mülki hüquq normaları ilə nizama salınan bu və ya digər münasibətlər deyil,
məhz həmin ictimai münasibətlərdir. Mülki hüququn predmetinə həm əmlak, həm də şəxsi
qeyri-əmlak münasibətləri daxildir. Əmlak münasibətlərinin mülki hüquqla tənzim edilməsi
nəticəsində mülki əmlak hüquq münasibətləri əmələ gəlir. Şəxsi qeyri-əmlak hüquq
münasibətləri də, bu münasibətlərin mülki hüquq normaları ilə nizama salınması nəticəsində
formalaşır.
Mülki hüquq normaları ilə nizama salınan ictimai münasibətlərə mülki hüquq
münasibətləri deyilir. Eyni anlayış şəxsi qeyri-əmlak münasibətləri üçün də xasdır. Hüquqi
tənzimetmə hər hansı bir yeni ictimai münasibətin əmələ gəlməsinə deyil, mülki hüquq
münasibətlərinin növlərindən biri olan və artıq mövcud olan şəxsi qeyri-əmlak
münasibətlərinə müəyyən forma verməsinə səbəb olur.
Mülki hüquq münasibətlərini digər ictimai münasibətlərdən fərqləndirən bir sıra
spesifik xüsusiyyətlər vardır. Bu xüsusiyyətlər aşağıdakılardır:
1) Mülki hüquq münasibətlərinin subyekt çoxluğunun olması və bu subyektlərin bir-
birinə qarşı münasibətdə bərabər olması;
Dostları ilə paylaş: |