(Mülki Məcəllənin 328.4-cü maddəsi).
Neqativ şərt o deməkdir ki, əqd hansısa hadisənin müəyyən müddətdə baş verməyəcəyi
şərtilə bağlanmışdır. Əgər həmin müddət bitənədək hadisə baş verməzsə və ya həmin
hadisənin baş verməsinin mümkünsüzlüyü müddət bitənədək aydın olarsa, şərt yerinə
yetirilmiş sayılır. Əgər müddət müəyyənləşdirilməyibsə, şərt yalnız hadisənin baş
verməyəcəyinin aydın olduğu vaxt yerinə yetirilmiş sayılır (Mülki Məcəllənin 328.5-ci
maddəsi).
Əqdlərin formaları. Əqd bağlanarkən iradənin ifadə üsulu əqdin forması adlanır.
Əqdin etibarlı olması üçün qanunvericiliklə müəyyənləşdirilmiş formaya riayət edilməsi
zəruridir. Belə forma müəyyənləşdirilməyibsə, tərəflər onu özləri müəyyənləşdirə bilərlər.
Əqdlər şifahi və ya yazılı formada bağlanır. Şifahi bağlana bilən əqd o halda bağlanmış
sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur.
Mülki Məcəllənin 330-cu maddəsinə əsasən, bu Məcəllə ilə və ya tərəflərin razılaşması
ilə yazılı forması müəyyənləşdirilməmiş əqd şifahi bağlana bilər. Əgər tərəflərin
razılaşmasında ayrı qayda müəyyənləşdirilməyibsə, bağlanarkən icra edilən bütün əqdlər
şifahi bağlana bilər, amma notarial forması müəyyənləşdirilmiş əqdlər və sadə yazılı
formasına riayət edilməməsi etibarsızlığına səbəb olan əqdlər istisna təşkil edir.
Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya
onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə
bağlanmalıdır.
Yazılı formada əqdin bağlanmasının aşağıdakı müsbət cəhətləri vardır:
1.Yazılı formada bağlanması şifahiyə nisbətən əqdin məzmununu daha geniş açır;
2. Mülki dövriyyənin işirakçılarına öz iradələrini dəqiq ifadə etməyə və müqaviləni
dəqiq yerinə yetirməyə imkan verir;
3. Əqddən irəli gələn öhdəliklərin tərəflərdən birinin yerinə yetirməməsi hallarını
aradan qaldırmaq üçün məhkəmənin işini yüngülləşdirir.
Yazılı əqdlər də iki cür olur: sadə əqdlər və notarial qaydasında təsdiq edilməli olan
əqdlər. Sadə yazılı formada bağlanan əqdlərdə müqavilə üçün lazım olan bütün rekvizitlər –
tərəflərin adları, əqdin məzmunu, iştirakçıların imzaları göstərilməlidir. Bu cür əqdlərin
etibarlı olması üçün əqddə iştirak edən şəxslərin mütləq imzaları olmalıdır. Əgər fiziki şəxs
bədən qüsuruna, xəstəliyinə və ya savadsızlığına görə əqdi özü imzalaya bilmirsə, əqdi onun
xahişi ilə başqa fiziki şəxs imzalaya bilər. Başqa fiziki şəxsin imzası əqdi bağlayanın özünün
imza edə bilməməsinin səbəbləri göstərilməklə, notarius tərəfindən və ya bu cür notarial
hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxs tərəfindən təsdiqlənməlidir.
Elə dövlət hüquqi şəxsləri var ki, onların bağladığı əqdlər iki imza ilə - müdirin
(direktorun, rəisin və s.) və baş mühasibin imzası ilə təsdiq olunmalıdır. Məktub və ya
teleqramlarla mübadilə, sifarişin qəbul olunmasının təsdiq edilməsi də sadə yazılı əqdlərə
aiddir.
Əqdin sadə yazılı formasına riayət edilməməsi mübahisə halında əqdi və onun şərtlərini
təsdiq etmək üçün tərəfləri şahid ifadələrinə istinad etmək hüququndan məhrum edir, lakin
yazılı və digər sübutlar təqdim etmək hüququndan məhrum etmir. Qanunvericiliklə müəyyən
edilmiş hallarda əqdin sadə yazılı formasına riayət edilməməsi onun etibarsızlığına səbəb
olur.
Notarial formanın sadə yazılı formadan fərqi ondan ibarətdir ki, əqdin notariat
qaydasında təsdiqlənməsi yazılı sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə
yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir.
Mülki Məcəllənin 334.3-cü maddəsinə əsasən, əqdlərin notariat qaydasında
təsdiqlənməsi aşağıdakı hallarda məcburidir:
1) bu Məcəllədə göstərilmiş hallarda;
2) bu Məcəllə ilə həmin növlü əqdlər üçün bu forma nəzərdə tutulmuş olmasa da,
tərəflərdən hər hansı birinin tələbi ilə.
Hər şeydən əvvəl yaşayış evinin və s. daşınmaz əmlakın alqı-satqı müqaviləsi
bağlanarkən, vəsiyyətnamə tərtib edilərkən bu qaydalara riayət olunmalıdır.
Əqdin notarial formasına riayət edilməməsi onun etibarsızlığına səbəb olur. Bu cür əqd
əhəmiyyətsiz sayılır.
Bir sıra hallarda yazılı formaya riayət etməkdən başqa, həm də əqdin müəyyən dövlət
orqanında qeydiyyata alınması tələb olunur. Qeydiyyatdankeçmə başlıca olaraq əqdin
məzmununun qanuniliyini yoxlamaq, həmçinin, əqddən əmələ gələn hüquqların qeydiyyata
alınması məqsədi daşıyır. Əqddən irəli gələn hüquqların dövlət qeydiyyatına alınması
tələbinə riayət edilməməsi onun etibarsızlığına səbəb olur. Bu cür əqd əhəmiyyətsiz sayılır.
Əgər əqd lazımi formada bağlanmışsa, lakin tərəflərdən biri əqddən əmələ gələn
hüquqların qeydiyyatından boyun qaçırırsa, digər tərəfin tələbi ilə məhkəmənin həmin
hüquqların qeydə alınması barədə qərar çıxarmaq ixtiyarı vardır. Bu halda əqddən əmələ
gələn hüquqlar məhkəmənin qərarına uyğun qeydə alınır (Mülki Məcəllənin 336.2-ci
maddəsi).
Əqdlərin etibarsızlığı. Mülki qanunvericilikdə əqdin etibarsız hesab olunması üçün
aşağıdakı ünsürlərdən birinin qüsurlu olması vacibdir:
1) subyekt tərkibinə görə;
2) məzmununa görə;
3) formasına görə;
4) iradə və iradə ifadəsinə görə.
Subyekt tərkibinə görə bağlanan əqdlərin etibarsızlığı onunla şərtlənir ki, əqd onu
bağlayan şəxslərin hüquq və fəaliyyət qabiliyyətinə uyğun gəlmir. Belə əqdlərin etibarsızhğı
çox zaman onların fəaliyyət qabiliyyəti olmayan və ya fəaliyyət qabiliyyəti
məhdudlaşdırılmış şəxslər tərəfindən bağlanılması ilə izah olunur. Mülki Məcəllənin 342.1-
ci maddəsinə əsasən psixi pozuntu nəticəsində fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki
şəxsin bağladığı əqd etibarsızdır. Belə əqdin tərəflərindən hər biri aldıqlarının hamısını digər
tərəfə eynilə qaytarmalı, alınanları eynilə qaytarmaq mümkün olmadıqda isə onun dəyərini
pulla ödəməlidir. Bundan başqa, əgər fəaliyyət qabiliyyətli tərəf digər tərəfin fəaliyyət
qabiliyyəti olmadığını bilirdisə və ya bilməli idisə, ona dəymiş real zərərin əvəzini də
ödəməlidir.
Spirtli içkilərdən və ya narkotik vasitələrdən sui-istifadə etməsi, habelə qumara
qurşanması nəticəsində fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən məhdudlaşdırılmış fiziki
şəxsin öz himayəçisindən razılıq almadan əmlaka dair sərəncam verilməsi barədə bağladığı
əqd himayəçinin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Belə qayda yetkinlik
yaşına çatmayanlar tərəfindən bağlanmış əqdlərə də şamil edilir. Bu şəxslər yalnız
qanunvericiliklə nəzərdə tutulmuş qaydada xırda məişət əqdlərini bağlaya bilərlər.
Hüquqi şəxslərin bağladığı əqdlər aşağıdakı əsaslara görə etibarsız hesab olunur:
1) hüquqi şəxsin hüquq qabiliyyətindən kənara çıxmaqla bağladığı əqdlər;
2) hüquqi şəxsin orqanının öz səlahiyyətlərini aşmaqla bağladığı əqdlər.
Hüquqi şəxsin öz nizamnaməsində müəyyənləşdirilmiş fəaliyyət məqsədlərinə zidd
olaraq bağladığı əqd və ya müvafiq fəaliyyətlə məşğuliyyət üçün xüsusi icazəsi (lisenziyası)
Dostları ilə paylaş: |