olmayan hüquqi şəxsin bağladığı əqd, əgər əqddə iştirak edən digər tərəfin onun qanunsuz
olduğunu bildiyi və ya bilməli olduğu sübuta yetirilərsə, həmin hüquqi şəxsin, onun
təsisçisinin və ya hüquqi şəxsin fəaliyyətinə nəzarət edən orqanın iddiası ilə məhkəmə
tərəfindən etibarsız sayıla bilər (Mülki Məcəllənin 349-cu maddəsi).
Məzmununa görə əqdlərin etibarsızlığı onun şərtlərinin qanunun tələblərinə uyğun
gəlməməsi ilə müəyyən olunur. Burada «qanun» dedikdə, respublikanın qanun və qanun
qüvvəli aktları, xüsusilə mülki qanunvericiliyi nəzərdə tutulur. Belə etibarsız əqdlər obyektiv
və subyektiv əlamətlərlə xarakterizə olunur. Əqdin hüquqazidd (qanunazidd) xarakteri onun
obyektiv əlamətidir. Subyektiv əlamət isə - tərəflərin əqdin hüquqazidd (qanunazidd)
olduğunu başa düşdükləri halda, onu bağlamaq və icra etmək niyyətləri olması ilə
əlaqədardır.
Formasına görə bağlanan əqdlərin etibarsızlığı onunla şərtlənir ki, qanunla müəyyən
olunmuş formaya riayət edilmir. Formanı pozmaqla bağlanmış əqdlər bilavasitə qanunda
göstərilmiş hallarda etibarsız sayılır.
İradə və iradə ifadəsindəki qüsurlar aşağıdakı hallarda özünü göstərir:
1) daxili iradənin deyil, yalnız iradə ifadəsinin mövcudluğu. Bunlara zorakılıq, hədə
təsiri altında bağlanan əqdlər, habelə öz hərəkətlərinin mənasını başa düşməyən və
ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslərin bağladıqları əqdlər aiddir.
2) iradə ifadəsinin daxili iradənin düzgün əks etdirməməsi. Məsələn, bir tərəfin
nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış
əqdlər və s.
3) daxili iradənin, qeyri-normal amillərin təsiri altında formalaşması. Bu cür etibarsız
əqdlərə aldatma, yanılma və ya ağır vəziyyətə düşmə nəticəsində bağlanan əqdləri
misal göstərmək olar.
4) iradə və iradə ifadəsinin yalnız görünüş üçün mövcudluğu. Bura aiddir: uydurma
və yalan əqdlər.
Mülki Məcəllənin 340-cı maddəsinə əsasən, uydurma əqd ona uyğun hüquqi nəticələr
yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd
əhəmiyyətsizdir. Yalan əqd isə başqa əqdi pərdələmək məqsədilə bağlanan əqddir. Yalan əqd
etibarsızdır. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən
əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.
Ümumiyyətlə, əqdin etibarsızlığı o deməkdir ki, əqd formasında həyata keçirilən
hərəkətlər hüquqi fakt əlamətinə malik olmur. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı
nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan
etibarsızdır.
Hüquq normasına uyğun gəlməyən əqdlər bağlandığı andan buna aid iddianın
qaldırılmasından və məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq
özlüyündə əhəmiyyətsiz əqdlərdir. Bu cür əqdlərin etibarsızlığı nəticələrinin tətbiq edilməsi
tələbini hər bir maraqlı şəxs irəli sürə bilər. Məhkəmənin bu cür nəticələri öz təşəbbüsü ilə
tətbiq etmək ixtiyarı vardır. Bağlandığı andan tərəflər üçün hüquq və vəzifələr yaradan, lakin
etiraz nəticəsində məhkəmə qaydasında etibarsız hesab edilən əqdlər mübahisəli əqdlər
adlanır. Bu əqdlər məhkəmədə mübahisələndirilməmişsə və onlar tərəfindən etibarsız
sayılmamışdırsa, qüvvədə qalır. Əqdi, həmin hissə daxil edilmədən bağlamağın mümkünlüyü
güman edilərsə, əqdin bir hissəsinin etibarsız sayılması onun qalan hissələrinin etibarsızlığına
səbəb olmur.
Əgər mübahisəli əqdi məhkəmə etibarsız sayırsa o, bağlandığı andan belə hesab edilir,
məhkəmənin qətnaməsi geriyə qüvvəyə malik olur. Əqdin etibarsız sayılmasının birinci
nəticəsi onun icrasının yolverilməzliyidir.
Əgər belə əqd tərəflərdən biri və yaxud hər ikisi tərəfindən icra edilmişsə onda məsələ
bir qədər mürəkkəbləşir. Belə hallarda restitusiya (latınca restitutio – bərpa deməkdir) tətbiq
olunur.
Mülki hüquqda əqd etibarsız sayıldıqda, əqd bağlamış tərəflərin əvvəlki vəziyyətlərinə
qaytarılması restitusiya adlanır.
Əqdin etibarsız sayılması aşağıdakı nəticələrə səbəb olur:
1) ikitərəfli restitusiyanın tətbiq edilməsi;
2) birtərəfli restitusiyanın tətbiq edilməsi;
3) restitusiyanın rədd edilməsi.
Mülki Məcəllənin 337.5-ci maddəsinə uyğun olaraq, əqd etibarsız olduqda, əgər bu
Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd
üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün
olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş
xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Bir sözlə, tərəflər müqavilə
bağlayanadək olduqları əvvəlki vəziyyətlərinə qaytarılır. Belə nəticələr ikitərəfli restitusiya
adlanır. Yetkinlik yaşına çatmayan, fəaliyyət qabiliyyəti olmayan, habelə fəaliyyət
qabiliyyəti məhdudlaşdırılmış fiziki şəxslərin bağladıqları əqdlər üzrə məhz ikitərəfli
restitusiyaya yol verilir. Mülki hüquqda bir qayda olaraq, ikitərəfli restitusiya tətbiq olunur.
Əqd bağlayarkən tərəflərdən biri qəsdən digər tərəfin zərərinə, onun hüquqlarını və
qanuni mənafeyini pozmaqla və yaxud dövlətin və cəmiyyətin mənafeyinə zidd hərəkət etdiyi
halda yalnız birtərəfli restitusiya tətbiq edilir. Birtərəfli restitusiyaya zərər çəkən barəsində
yol verilir. Aldatma, zorakılıq, hədə təsiri altında, habelə bir tərəfin nümayəndəsinin digər
tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində
bağlanmış əqdlər üçün məhz birtərəfli restitusiya nəzərdə tutulur. Bu zaman yalnız təqsirli
tərəf aldığını bütünlüklə qaytarır və çəkilmiş xərcləri ödəyir, zərərçəkənin təqsirli tərəfdən
aldığı isə dövlət mədaxilinə tutulur.
Əqdin etibarsız sayılmasının xüsusi bir nəticəsini restitusiyanın rədd edilməsi və yaxud
restitusiyaya yol verilməməsi təşkil edir. Restitusiyanın rədd edilməsi dedikdə, tərəflərdən
heç birinin əvvəlki vəziyyətə qaytarılmaması başa düşülür. Bu zaman hər iki tərəfin icra etdiyi
və ya icra etməli olduğu dövlət mədaxilinə keçir. Bu qayda əsasən, tərəflərin hər ikisinin
hərəkətlərində qəsd olduğu hallarda tətbiq olunur.
Bəzi hallarda əqdin etibarsız sayılması, əqdin etibarsızlığında təqsirli tərəf üçün digər
tərəfin çəkdiyi zərəri ödəmək öhdəliyini əmələ gətirir.
Göründüyü kimi mülki hüquqda əqdin etibarsız sayılmasının mühüm əhəmiyyəti vardır.
Bu, hüquq qaydalarının qorunmasına, qanunazidd olan hüquq və vəzifələrin yaranmasının
qarşısını almağa yönəldilməklə mülki dövriyyənin normal inkişafına şərait yaradır.
5. İddia müddəti.
Mülki hüquqda müddətlərin xüsusi qrupunu mülki hüquqların müdafiəsi müddətləri
təşkil edir. Mülki hüquqların müdafiəsi müddəti dedikdə elə müddət başa düşülür ki, həmin
müddət ərzində hüququ pozulmuş şəxs öz hüquqlarının müdafiəsini və yaxud məcburi
qaydada həyata keçirilməsini tələb edə bilər. Pozulmuş mülki hüquqların müdafiəsinin əsas
Dostları ilə paylaş: |