eyni zamanda əmələ gəlir. Hüquqi şəxslər xüsusi hüquq qabiliyyətinə malikdirlər. Bu onunla
izah edilir ki, hüquqi şəxs öz əsasnaməsi (nizamnaməsi) dairəsində fəaliyyət göstərir. Hüquqi
şəxsin fəaliyyət qabiliyyəti dedikdə, onun mülki dövriyyədə müstəqil olaraq çıxış edəbilmə
qabiliyyəti başa düşülür. Qanunvericiliyə əsasən, hüquqi şəxsin fəaliyyət qabiliyyəti faktiki
cəhətdən onun orqanlarının yaradılması ilə əmələ gəlir. Hüquqi şəxslərin orqanları vahid və
kollegial olmaqla iki qrupa bölünür. Dövlət hüquqi şəxsləri vahid rəhbərlik prinsipi əsasında
təşkil edilir və adətən bir orqanları olur. Vahid rəhbərliyə hüquqi şəxs olan idarə, müəssisə və
təşkilatın direktoru, rəisi və s. misal ola bilər. Kollegial orqanlardan fərqli olaraq onlar təyin
edilirlər. Kooperativ, ictimai və digər hüquqi şəxslər isə kollegial orqanlara malikdir. Bu cür
tipli hüquqi şəxslərin orqanları onların ümumi yığıncağı tərəfindən təyin edilir. Kollegial
orqanlara ümumi yığıncaqdan əlavə, yuxarı orqana tabe olan icra orqanı, nəzarət orqanı olan
- təftiş komissiyası və s. misal ola bilər.
Hüquqi şəxsin orqanı onun tərkib hissəsidir. Orqanın nizamnamə ilə müəyyən edilən
fəaliyyəti həyata keçirməsi hüquqi şəxsin fəaliyyəti kimi qiymətləndirilir və onun üçün
hüquq və vəzifələr yaradır.
Hüquqi şəxsin fəaliyyət qabiliyyəti, həmçinin onun nümayəndəlikləri vasitəsilə həyata
keçirilir. Hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və hüquqi şəxsin mənafelərini təmsil
və müdafiə edən ayrıca bölməsi nümayəndəlik sayılır. Hüquqi şəxsin olduğu yerdən kənarda
yerləşən və onun funksiyalarının hamısını və ya bir hissəsini, o cümlədən, nümayəndəlik
funksiyalarmı həyata keçirən ayrıca bölməsi filial sayılır.
Nümayəndəliklər və filiallar hüquqi şəxs deyildirlər və hüquqi şəxsin təsdiq etdiyi
əsasnamələr üzrə fəaliyyət göstərirlər. Nümayəndəliklərin və filialların rəhbərləri hüquqi
şəxs tərəfindən təyin edilir və onun etibarnaməsi əsasında fəaliyyət göstərirlər.
Hüquqi şəxslərin əmələ gəlməsinin üç üsulu (qaydası) vardır:
1) sərəncam;
2) icazə;
3) təqdimedici normativ üsul.
Sərəncam qaydasında dövlət hüquqi şəxsləri əmələ gəlir. Bunun mahiyyəti ondan
ibarətdir ki, hüquqi şəxsin yaranması üçün səlahiyyətli dövlət orqanlarının xüsusi inzibati
sərəncamı lazımdır.
İcazə qaydasında yeni hüquqi şəxsin yaradılması təşəbbüsü təşkilatçılara - fiziki və
yaxud hüquqi şəxslərə aiddir. Belə hüquqi şəxsin yaradılmasında dövlət orqanının iştirakı
həmin hüquqi şəxsin yaradılmasına icazə verməsində ifadə olunur. Burada icazə ya dövlət
orqanları, ya da buna səlahiyyəti çatan kooperativ və ictimai təşkilatlar tərəfindən verilir.
İcazə qaydasında yaranan hüquqi şəxslərə həmkarlar ittifaqlarını, idman cəmiyyətlərini və s.
misal göstərmək olar.
Təqdimedici normativ qaydada hüquqi şəxsin əmələ gəlməsi üçün dövlət orqanlarının
sərəncamı və icazəsi lazım deyildir. Belə hüquqi şəxslərin əmələ gəlməsi onunla izah edilir
ki, onların yaradılması qabaqcadan xüsusi hüquq normalarında müəyyən olunmuşdur. Dövlət
orqanı isə belə hüquqi şəxsin yaradılmasında hüquq normalarına əməl olunmasını yoxlamaq
səlahiyyətinə malikdir. Hüquqi şəxslərin əmələ gəlməsinin belə qaydası istər
respublikamızda, istərsə də xarici ölkələr-də daha çox yayılmışdır.
Mülki qanunvericilikdə hüquqi şəxsin xitammm iki qaydası gö-stərilir:
1) yenidən təşkiletmə;
2) təsviyyə, yəni ləğvetmə.
Hüquqi şəxsin yenidən təşkili onun təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin
nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə həyata keçirilə bilər.
Yenidən təşkiletmə qaydasında universal (ümumi) hüquq varisliyi tətbiq olunur, yəni bu
zaman hüquq və vəzifələr tam həcmdə yeni təşkil edilmiş hüquqi şəxsə keçir.
Hüquqi şəxsin ləğvi onun mövcudluğuna və fəaliyyətinə hüquq və vəzifələri hüquq
varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam verilməsi deməkdir.
Hüquq ədəbiyyatında hüquqi şəxslərin sərəncam, könüllü və məcburi qaydada xitam
edilmələri göstərilir. Sərəncam qaydasında bir qayda olaraq dövlət hüquqi şəxsləri xitam
edilirlər. Bu, onları təşkil edən dövlət orqanlarının qərarı ilə həyata keçirilir. Məcburi və
könüllü qaydada isə kooperativlər, ictimai təşkilatlar və s. xitam edilirlər. Könüllü qaydada
hüquqi şəxsin ləğvi həmin təşkilatın ümumi iclasının qərarı ilə, məcburi qaydada hüquqi
şəxsin ləğvi isə buna səlahiyyəti olan dövlət orqanlarının qərarı ilə həyata keçirilir. Hüquqi
şəxsin mövcudolma müddəti qurtardıqda, o, fəaliyyət həddini aşdıqda, dövlətin mənafelərinə
zidd olaraq fəaliyyət göstərdikdə və s. hallarda qanun həmin hüquqi şəxsin ləğv olunması
haqqında məcburedici tədbirlər nəzərdə tutur.
Hüquq ədəbiyyatında hüquqi şəxslər bir sıra əsaslara görə növlərə bölünürlər.
Mülkiyyət formasından asılı olaraq hüquqi şəxslər dövlət və xüsusi (qeyri-dövlət)
hüquqi şəxslərə bölünür.
Fəaliyyət məqsədlərindən asılı olaraq kommersiya və qeyri-kommersiya təşkilatları
fərqləndirilir.
Təşkiletmə qaydasına görə hüquqi şəxslər könüllü (təsisçilərin iradəsi ilə) və sərəncam
qaydası ilə (mülkiyyətçinin və ya idarəetmə orqanının qərarı üzrə) yaradılan hüquqi şəxslərə
bölünürlər.
Hüquqi vəziyyətinə görə hüquqi şəxslər milli və xarici hüquqi şəxslərə bölünürlər.
Ölkə daxilindəki hüquqi şəxslər milli qanunvericiliyə uyğun olaraq yaradılır və fəaliyyət
göstərirlər. Xarici hüquqi şəxslər isə, xarici ölkələrin qanunvericiliyinə əsasən, yaradılırlar.
Lakin onlar öz fəaliyyətlərini milli qanunvericiliyə əsasən, həyata keçirirlər.
Mülki Məcəllənin 43-cü maddəsinin 3-cü və 4-cü bəndlərinə əsasən, Azərbaycan
Respublikası və bələdiyyələr mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi
iştirak edirlər. Bu hallarda onların səlahiyyətlərini onların hüquqi şəxslər olmayan orqanları
həyata keçirirlər.
Dövlət mülki hüquq münasibətlərinin iştirakçısı kimi hüquq subyektliyinə, yəni hüquq
və fəaliyyət qabiliyyətinə malikdir. Lakin digər subyektlərdən fərqli olaraq bu hüquq
qabiliyyətinin özünəməxsus xüsusiyyətləri vardır. Bu, onunla izah olunur ki, dövlət ümumi
hüququn əsas subyekti olmaqla hakimiyyətin daşıyıcısıdır. Bu xüsusiyyət dövlətin mövcud
suverenliyində ifadə olunur.
Suverenlik daxili və xarici ifadəyə malikdir. Öz ərazisi hüdudlarıda dövlət ən ali
hakimiyyəti təcəssüm etdirir. Heç kəs dövlətin daxili işlərinə qarışa bilməz.
Dövlətin suverenlik xüsusiyyəti onu mülki hüququn xüsusi subyektinə çevirir. Bu
mənada:
- dövlət özü mülki hüququn digər bütün subyektləri üçün məcburi olan qanunlar
qəbul edir;
- dövlət digər tərəfin iradəsindən asılı olmayaraq mülki hüquq münasibətləri əmələ
gətirən inzibati aktlar qəbul edir;
- dövlət bərabərlik əsasında qurulan mülki hüquq münasibətlərində iştirak etdikdə
belə, hakimiyyət funksiyasını saxlayır;
- dövlət immunitetdən istifadə edir.
Mülki hüquq münasibətlərinin obyektləri. Mülki hüquq münasibətlərinin mühüm
ünsürlərindən biri də bu münasibətlərin obyektləridir. Mülki hüquq münasibətlərinin
obyektləri dedikdə, bu hüquq münasibətlərinin nəyə qarşı yönəldiyini başa düşmək lazımdır.
Mülki hüquq subyektlərinin öz aralarında hüquq münasibətlərinə daxil olmalarına səbəb olan
maddi və mənəvi nemətlər mülki hüquq münasibətlərinin obyektləri adlanır. Belə nemətlərin
(obyektlərin) dairəsi olduqca geniş və müxtəlifdir. Mülki Məcəllənin 4-cü maddəsinə uyğun
olaraq əmlak və ya qeyri-əmlak dəyəri olan, qanunvericiliklə mülki dövriyyədən çıxarılmamış
maddi və ya qeyri-maddi nemətlər mülki hüquq münasibətlərinin obyektləri ola bilərlər.
Dostları ilə paylaş: |