və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət
qabiliyyəti olmayan sayıla bilər.
Şəxsin, fəaliyyət qabiliyyəti olmayan sayılması üçün hüquqi və tibbi kriteriya lazımdır.
Şəxsin öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərinə rəhbərlik edə
bilməməsi (hüquqi kriteriya) ağıl zəifliyi və ya ruhi xəstəlik (tibbi kriteriya) ilə şərtlənir. Bu
cür şəxslər üzərində qəyyumluq müəyyənləşdirilir. Onların adından əqdləri həmin şəxsin
qəyyumu bağlayır.
Şəxs sağaldıqda məhkəmə onu fəaliyyət qabiliyyətli sayır. Onun üzərində
müəyyənləşdirilmiş qəyyumluq məhkəmə qərarına əsasən ləğv edilir.
Mülki qanunvericilikdə fiziki şəxsin hüquqi taleyi ilə bağlı mübahisə doğuran
məsələlərdən biri də şəxsin xəbərsiz itkin düşmüş və ya ölmüş elan edilməsidir. Ümumi
qaydalara görə, bizim qanunvericilikdə şəxsin xəbərsiz itkin düşmüş elan edilməsi kimi
kateqoriyanın olması, mülki hüquq münasibəti subyektlərindən birinin, məsələn, borclunun,
ərin (arvadın), digər qohumların və s. olmaması ilə yaranan hüquqi qeyri-müəyyənlikləri
aradan qaldırmaq zəruriyyəti ilə əlaqədardır.
Mülki Məcəllənin 40.1-cı maddəsinə əsasən, əgər fiziki şəxsin olduğu yer məlum
deyildirsə və iki il ərzində o, yaşayış yerində görünməmişsə, maraqlı şəxslərin ərizəsinə
əsasən, məhkəmə fiziki şəxsi xəbərsiz itkin düşmüş hesab edə bilər. Xəbərsiz itkindüşmə
faktı müəyyən hüquqi nəticələrə səbəb olur: həmin şəxsin qanuni əmlakının daimi idarə
edilməsi üçün qəyyumluq müəyyən edilir; bu əmlak hesabına onun borcları ödənilir;
öhdəsində olan şəxslərə dolanacaq xərcləri verilir; əmək qabiliyyəti olmayan ailə üzvlərinin
ailə başçısını itirməyə görə pensiya almaq hüququ əmələ gəlir və s.
Xəbərsiz itkin düşmüş şəxs gəldikdə və ya onun olduğu yer aşkar edildikdə məhkəmə
onun xəbərsiz itkin düşmüş hesab edilməsi haqqında qərarı, habelə onun əmlakının idarə
olunması haqqında qərarı ləğv edir.
Əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa,
habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman
etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o,
məhkəmə qaydasında ölmüş elan edilə bilər.
Mülki Məcəllənin 41.2-ci maddəsinə müvafiq olaraq hərbi əməliyyatlarla əlaqədar
xəbərsiz itkin düşmüş hərbi qulluqçu və ya digər şəxs hərbi əməliyyatların qurtardığı gündən
azı iki il keçdikdən sonra məhkəmə qaydasında ölmüş elan edilə bilər. Ölmüş elanetmə
halında ölüm günü məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün hesab edilir.
Ölmüş elan edilmiş şəxs gəldikdə və ya onun olduğu yer aşkar edildikdə, məhkəmə
əvvəlki qətnaməni ləğv edir; ölüm haqqında qeydiyyat ləğv olunur; əgər yeni nikah
bağlanmamışdırsa, nikah bərpa olunur. Qayıtma vaxtından asılı olmayaraq, şəxs, onun ölmüş
elan edilməsindən sonra əvəzsiz olaraq başqa şəxsə verilmiş əmlakdan qalanının
qaytarılmasını tələb edə bilər. Əvəzli əqdlər üzrə əmlak o vaxt qaytarılır ki, həmin şəxs
əmlakı əldə edərkən şəxsin sağ olmasını bildiyi sübut edilsin.
Əgər ölmüş elan edilmiş şəxsin əmlakı dövlətə keçmiş və satılmışsa, onda əmlakmın
satışından götürülmüş məbləğ ona qaytarılır.
Hüquqi şəxslər və dövlət mülki hüquq münasibətlərinin subyektləri kimi. Mülki
hüquq münasibətlərinin subyekti təkcə fiziki şəxslər deyil, həm də təşkilatlar, idarə və
müəssisələr ola bilər. Mülki qanunvericilikdə idarə, müəssisə və təşkilatları fiziki şəxsdən
fərqli olaraq, hüquqi şəxs adlandırırlar. Hüquqi şəxsin anlayışı Mülki Məcəllənin 43.1-ci
maddəsində verilmişdir. Həmin maddəyə əsasən, hüquqi şəxs, qanunla müəyyənləşdirilən
qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində
ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi
qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı
və ya cavabdeh olmaq hüququna malikdir. Göründüyü kimi, hər bir qurum deyil, yalnız
aşağıdakı əlamətlərə malik olanlar hüquqi şəxs hesab olunurlar:
1. Təşkilati vahidlik.
Bu o deməkdir ki, hüquqi şəxs tam, vahid təşkilat qismində təşkil edilir. Hüquqi şəxsin
təşkilat vahidliyinə malik olması onun nizamnamə və ya əsasnaməsi ilə müəyyən olunur.
Hüquqi şəxsin təsisçiləri tərəfindən təsdiq edilmiş nizamnaməsi hüquqi şəxsin təsis
sənədidir. Nizamnamədə hüquqi şəxsin adı, olduğu yer, fəaliyyətinin idarə edilməsi qaydası,
habelə onun ləğvi qaydası müəyyənləşdirilir. Dövlət büdcəsində olan idarə və müəssisələr,
həmçinin, ictimai və s. təşkilatlar həmin növ təşkilatlara dair ümumi əsasnaməyə uyğun
olaraq hərəkət edirlər.
2. Ayrıca əmlaka malikolma.
Əgər təşkilati vahidlik çoxlu şəxslərin vahid bir kollektiv halında birləşməsi üçün
vacibdirsə, onda əmlak ayrılığı da bu birliyin fəaliyyətinin maddi bazasını əmələ gətirir. Hər
hansı bir təşkilat özünün maddi bazasına - torpaq sahələrinə, texniki predmetlərə, daşınar
obyektlərə, pul vəsaitlərinə və s. malik olmadan fəaliyyət göstərə bilməz. Bütün bunlar
kompleks halında hüquqi şəxsin xüsusi əmlakını təşkil edir və onu digər şəxslərdən
fərqləndirir.
3. Müstəqil əmlak məsuliyyəti.
Ümumi qaydaya görə hüquqi şəxsin əmlakının mülkiyyətçiləri və yaxud iştirakçıları
onun öhdəliklərinə görə cavab vermirlər, eyni zamanda hüquqi şəxslər də onların
öhdəliklərinə görə məsuliyyət daşımırlar. Başqa sözlə, hər hansı bir hüquqi şəxs öz
öhdəliklərinə görə müstəqil surətdə mülki-hüquqi məsuliyyət daşıyır.
Hüquqi şəxsin kreditorları öhdəlikdən yaranan tələblə yalnız həmin hüquqi şəxsə
müraciət edə bilərlər. Bu tələbə görə çərimə, qanun-vericiliklə müəyyən edilmiş qaydada
yalnız hüquqi şəxsin əmlakından alına bilər.
4. Mülki dövriyyədə öz adından çıxış etməsi.
Hüquqi şəxsin mülki dövriyyədə öz adından çıxış etməsi özünü onda göstərir ki, o, öz
adından mülki hüquqlar əldə edə və həyata keçirə, habelə vəzifələr daşıya bilər, məhkəmədə
iddiaçı və cavabdeh kimi çıxış edə bilər.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49.1-ci maddəsinə əsasən hüquqi şəxslər
qanunvericiliyə və nizamnaməyə uyğun fəaliyyət göstərən öz orqanları vasitəsilə mülki
hüquqlar əldə edir və öhdələrinə mülki vəzifələr götürürlər. Bəzi hallarda hüquqi şəxsin
marağına uyğun olaraq hüquqi hərəkətləri onun adından etibarnaməyə əsasən, onun
təmsilçiləri həyata keçirirlər. Yuxarıda göstərilən maddənin 3-cü bəndinə müvafiq olaraq
hüquqi şəxs adından çıxış edən şəxs təmsil etdiyi hüquqi şəxsin mənafeləri üçün vicdanla və
ağılla hərəkət etməlidir. Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, hüquqi şəxsin
təsisçilərinin (iştirakçılarının) tələbi ilə o, hüquqi şəxsə vurduğu zərərin əvəzini ödəməlidir.
Ümumiyyətlə, qeyd etmək lazımdır ki, hüquqi şəxsin mülki dövriyyədə öz adından
çıxış etməsi onun ən zəruri əlamətlərindəndir. O, sanki digər əlamətləri özündə cəmləşdirir.
Maddi və təşkilati zəmin əsasında yaranaraq, bu əlamət, hüquqi şəxsin müstəqilliyinin və
mülki hüquq subyektliyinin son ifadəsidir.
Göstərilən bu dörd əlamətin hamısının birlikdə olması vacibdir. Bu və ya digər
təşkilat, idarə və müəssisə göstərilən əlamətlərdən biri-nə belə malik deyilsə, hüquqi şəxs
hesab oluna bilməz.
Hüquqi şəxs dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malikdir və mülki
vəzifələr daşıyır. Kommersiya hüquqi şəxsləri qanunla qadağan edilməyən istənilən fəaliyyət
növlərini həyata keçirmək üçün zəruri mülki hüquqlara malik ola və mülki vəzifələr daşıya
bilərlər. Siyahısı qanunvericiliklə müəyyənləşdirilən ayrı-ayrı fəaliyyət növləri ilə hüquqi
şəxslər, yalnız xüsusi icazə (lisenziya) əsasında məşğul ola bilərlər. Hüquqi şəxsin hüquq
qabiliyyətinə onun ləğvinin başa çatdığı an xitam verilir.
Fiziki şəxsdən fərqli olaraq, hüquqi şəxsin fəaliyyət qabiliyyəti hüquq qabiliyyəti ilə
Dostları ilə paylaş: |