2) Mülki hüquq münasibəti subyektlərinin münasibətin məzmununu müəyyən
etməkdə sərbəstliyi;
3) Mülki hüquq münasibətlərinin obyekt çoxluğunun olması;
4) Mülki hüquq münasibətlərinin əmələgəlmə əsaslarının müxtəlifliyi;
5) Mülki hüquq münasibətlərinin pozulması nəticəsində məsuliyyətin əmlak xarakteri
daşıması;
6) Mülki hüquq münasibətlərinin müdafiəsinin bir qayda olaraq iddia qaydasında
olması.
Beləliklə, bütün bu xüsusiyyətləri ümumiləşdirməklə mülki hüquq münasibətlərinə
belə bir geniş anlayış vermək olar: subyektləri bir-biri ilə qarşılıqlı hüquq və vəzifələrlə
əlaqədar olan, subyektlərin bərabərliyinə, sərbəstliyinə və məsuliyyətinə əsaslanan,
pozularkən bir qayda olaraq iddia qaydasında müdafiə olunan, əmtəə-pul formasında olan
əmlak münasibətləri və şəxsi qeyri-əmlak münasibətlərinin məcmusuna mülki hüquq
münasibətləri deyilir.
Mülki hüquq münasibətlərinin təsnifatı (növləri). Mülki hüquq münasibətləri bir sıra
əsaslara görə tənifləşdirilir: Maddi məzmununa görə mülki hüquq münasibətləri 2 yerə
bölünür:
1. Əmlak münasibətləri;
2. Şəxsi qeyri-əmlak münasibətləri.
Mülki hüquq münasibətlərinin əmlak və şəxsi qeyri-əmlak münasibətlərinə bölgüsü
onunla xarakterizə olunur ki:
1. Əmlak münasibətləri iqtisadi dəyərə malik olan münasibətlərdirsə, şəxsi qeyri-
əmlak münasibətləri maddi məzmuna, iqtisadi dəyərə malik olmayan
münasibətlərdir;
2. Əmlak münasibətlərindən fərqli olaraq, şəxsi qeyri-əmlak münasibətləri
vətəndaşların və ya təşkilatların qeyri-əmlak marağına xidmət edir;
3. Əmlak münasibətlərində hüquq varisliyinə yol verilirsə, şəxsi qeyri-əmlak
münasibətlərində hüquq varisliyinə yol verilmir.
Mülki hüquq münasibətləri içərisində ən çox rast gəlinəni əmlak münasibətləridir.
Təşkilatların, habelə vətəndaşların mülki hüquqları və vəzifələri əksər hallarda əmlak
xarakterli olur.
Şəxsi qeyri-əmlak münasibətləri 3 qrupa ayrılır:
1. Şəxsi qeyri-əmlak xarakterli hüquq münasibətləri;
2. Yaradıcı fəaliyyəti özündə cəmləşdirən hüquq münasibətləri;
3. Təşkilati hüquq münasibətləri.
Şəxsi qeyri-əmlak hüquq münasibətləri özündə qeyri-əmlak xarakterli cəhətləri
birləşdirir ki, həmin cəhətlər insanla bağlıdır. Məsələn, ad, şərəf, ləyaqət və s.
Yaradıcı fəaliyyəti özündə cəmləşdirən hüquq münasibətləri bu münasibətlər içərisində
mühüm yer tutur. Bu münasibətlərin özünəməxsusluğu onun məzmunu və obyekti
araşdırılarkən aydın olur. Bu mülki hüquq münasibətlərinin obyekti şəxsiyyətin mənəvi,
yaradıcı fəaliyyətidir. Bura elm, ədəbiyyat və incəsənət əsərləri aiddir.
Şəxsi qeyri-əmlak münasibətləri içərisində təşkilati mülki hüquq münasibətləri mühüm
yer tutur. Təşkilati hüquq münasibətləri əmlak və şəxsi qeyri-əmlak münasibətləri ilə
əlaqədardır. Çox zaman onlar arasında hüquqi əlaqələrin reallaşmasına xidmət edir. Bu cür
münasibətlərə misal olaraq, nümayəndəliyi (təmsilçiliyi) göstərmək olar. Mülki hüquq
münasibətləri içərisində nəzarətedici münasibətlər də özünəməxsus yer tutur. Burada
subyektlərdən birinə digərinin fəaliyyətinə nəzarət etmək hüququ verilir. Məsələn,
sifarişçinin sifarişi qəbul edənin işinə nəzarəti. Qeyd etdiyimiz münasibətlərin lazımi
səviyyədə reallaşması üçün məlumat münasibətlərinin də xidməti az deyildir. Bu cür
münasibətə sifarişi qəbul edənin sifarişçiyə mövcud vəziyyət barədə məlumat verməsi və s.
misal ola bilər.
Subyektlərin əlaqəsinə görə mülki hüquq münasibətləri mütləq və nisbi hüquq
münasibətlərinə bölünür.
Mütləq hüquq münasibətlərində səlahiyyətli şəxs qarşısında bütün digər şəxslər
məsuliyyət daşıyırlar. Bu münasibətlərə mülkiyyət hüququ münasibətlərini aid etmək olar.
Məsələn, vətəndaş ona məxsus olan yaşayış evi üzərində mülkiyyətçiyə xas olan bütün
hüquqlara malikdir və digər şəxslər onun bu hüquqlarmı pozmaqdan çəkinməlidirlər.
Nisbi hüquq münasibətlərində isə səlahiyyətli şəxs qarşısında, ancaq bir və ya bir neçə
konkret şəxs məsuliyyət daşıyır. Bu münasibətlərdə səlahiyyətli şəxsin hüququ nisbi hüquq
münasibətləri ilə tənzim edilir. Məsələn, borc müqaviləsinə əsasən, səlahiyyətli şəxs, yəni
kreditor öz borcunu yalnız bir şəxsdən, borcludan tələb edə bilər.
Hüquqların həyata keçirilməsi ilə mülki hüquq münasibətləri əşya və öhdəlik hüquq
münasibətlərinə bölünür.
Əşya münasibətləri bu və ya digər subyektlərin - təbii obyektlər, istehsal vasitələri,
əməyin nəticələrinə malik olması ilə bağlı olan münasibətlərdir. Onların hamısı öz-
özlüyündə, birinci, subyektin ona məxsus olan əşyaya, ikinci, onun və digər şəxslər
barəsində bu əşyaya olan münasibətlərini təşkil edir.
Əşya münasibətlərinin bu cür ikili təbiəti prinsipial əhəmiyyətə malikdir. Şəxsin
əşyaya olan münasibəti normal istehsalı müəyyən edən şərtdir. İstehsal o vaxt maksimum
effektli olur ki, istehsalçı əşyaya sahiblik etsin, ondan istifadə etsin və onun üzərində
sərəncam versin.
Əmlak münasibətlərinin hüquqi xarakterindən danışsaq, onu deməliyik ki, əşya sahibi
əmlaka öz şəxsi əmlakı kimi yalnız kənar şəxslərin müdaxiləsinin qarşısı alındıqdan sonra
münasibət göstərə bilər.
Öhdəlik münasibətləri - əmlakın bir şəxsdən digərinə keçməsi ilə bağlıdır. Əgər
səlahiyyətli şəxsin marağının təmin edilməsi üçün vəzifə daşıyan şəxslərin fəal hərəkəti tələb
olunarsa bu cür hüquq münasibətləri öhdəlik münasibətləri adlanır. Məsələn, satıcı, satdığı
əşyanın qiymətini alıcıdan tələb etməyə haqlıdır. Burada alıcının fəal hərəkət etməsi tələb
olunur. Bu münasibətlər təbiətən müxtəlifdirlər. Onların ən böyük qrupu əmlakın sahibliyə,
istifadəyə və sərəncama verilməsinə səbəb olan müqavilələr əsasında, müəyyən bir hissəsi
isə iştirakçılar arasında hər hansı razılığın olmadığı hallarda yaranır. Onlara ziyanvurma
nəticəsində əmələ gələn öhdəliklər və s. misal ola bilər.
Hüquqi məzmununa görə mülki hüquq münasibətləri sadə və mürəkkəb hüquq
münasibətlərinə bölünür. Əgər bir tərəfdə hüquq, digər tərəfdə vəzifə varsa, bu cür hüquq
münasibətlərinə sadə və yaxud birtərəfli hüquq münasibətləri deyilir. Məsələn, borc
müqaviləsindən yaranan münasibətlər və s. hər iki tərəfdə hüquq və vəzifələrin olduğu
münasibətlərə mürəkkəb və yaxud ikitərəfli hüquq münasibətləri deyilir. Alqı-satqı, əmlak
kirayəsi və s. müqavilələrdən əmələ gələn münasibətlər buna misal ola bilər.
Mülki hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və xitamının əsasları. -
Mülki hüquq münasibətlərinin əmələ gəlməsi (dəyişməsi, xitamı) əsasını hüquqi faktlar təşkil
edir. Hüquqi faktlar dedikdə, hüquq normasında nəzərdə tutulan və hüquq münasibətlərinin
əmələ gəlməsi, dəyişməsi və xitam edilməsinə səbəb olan həyati hallar başa düşülür. Lakin
faktların hamısı deyil, yalnız müəyyən hüquqi nəticələrə səbəb olan hüquqi əhəmiyyətli
faktlar hüquqi faktdır.
Hüquqi faktlar üçün üç əsas hal xarakterikdir:
1) hüquqi fakt - bizim şüurumuzdan, düşüncəmizdən asılı olmayan real gerçəklikdir;
2) hüquqi fakt - mülki hüquq normalarında nəzərdə tutulur. Məhz bu normalar onun
hüquqi əhəmiyyət kəsb etdiyini bildirir;
3) hüquqi fakt - hansı faktların mülki hüquq normaları əsasında müəyyən nəticəyə
gəlməsini müəyyən edir.
Dostları ilə paylaş: |