qanunvericiliyinin konkret norması ilə ziddiyyət, təşkil etməsində özünü göstərir. İctimai-təhlükəli
əməl yalnız o zaman cinayət sayılır ki, Cinayət Məcəlləsinin bu və ya digər maddə-sində nəzərdə
tutulmuş olsun.
Təqsirlilik-cinayətin növbəti mühüm əlamətidir. Əməlin cinayət hesab edilməsi təkcə
ictimai-təhlükəli və qeyri-hüquqi olması ilə deyil, həm də onun təqsirə, yəni qəsd və yaxud
ehtiyatsızlıq formasında törədilməsi ilə də bağlıdır.
Cinayət cəzalanmalı olan əməldir. Əməli cinayət kimi xarakterizə edən əlamət ondan
ibarətdir ki, yalnız o əməl cinayətlərə aid edilir ki, onların törədilməsinə görə qanun cinayət cəzası
nəzərdə tutur.
Cinayətin qeyri-əxlaqiliyi isə, onun cəmiyyətdə mövcud olan əxlaq normalarına və hakim
mənəvi təsəvvürlərə zidd olmasıdır.
Beləliklə, cinayət - cinayət qanunu ilə mühafizə edilən ictimai münasibətlərə mühüm ziyan
yetirən və yaxud ziyan yetirməsi təhlükəsi yaradan, cinayət qanunu ilə nəzərdə tutulan ictimai-
təhlükəli, qeyri-hüquqi, təqsirli, cəzalanmalı olan və qeyri-əxlaqi olan əməldir.
Xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq cinayətlər böyük ictimai
təhlükə törətməyən, az ağır, ağır və xüsusilə ağır cinayətlərə bölünür.
Qüvvədə olan cinayət qanunvericiliyinə əsasən (2001-ci il iyulun 2-də Cinayət Məcəlləsinə
edilmiş dəyişiklik və əlavələr nəzərə alınmaqla) qəsdən və ya azadlıqdan məhrum etmə ilə bağlı
olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə
cinayət qanunu ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq
olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur.
Cinayət qanunu ilə qəsdən və ya ehtiyatsızlıqla törədilən və barəsində yeddi ildən artıq
olmayan müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulan əməllər az ağır cinayətlər sayılır.
Cinayət qanunu ilə qəsdən və ya ehtiyatsızlıqla törədilən və barəsində on iki ilə qədər
müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulan əməllər ağır cinayətlər hesab olunur.
Qanunda daha ağır cəza nəzərdə tutulmuş əməllər isə xüsusilə ağır cinayətlərə aid edilir.
3. Cinayət məsuliyyətinin anlayışı və əsasları.
Hüquq normalarının pozulmasında təqsirli olan şəxslərə tətbiq edilən dövlət məcburiyyəti
hüquqi məsuliyyətin müxtəlif formalarında ifadə olunur. Onlardan biri də cinayət məsuliyyətidir.
Hüquqi məsuliyyətin digər formalarından o, yüksək ağırlığı ilə fərqlənir ki, bu da cinayət
işləri üzrə hökmün həmişə dövlət adından çıxarılması növündə cəzanın tətbiqi ilə başa çatır.
Cinayət məsuliyyəti cinayət - hüquq münasibətləri çərçivəsində həyata keçirilir (əmələ gəlir,
reallaşır, xitam olunur). Cinayət hüquq münasibətləri - cinayət törətmiş şəxslərlə dövlət arasında
qanunla tənzim olunan münasibətlərdir. Cinayət hüquq münasibətləri cinayətin törədilməsi anından
əmələ gəlir. Məhz bu andan cinayət törətmiş şəxslərin və dövləti təmsil edən ədalət mühakiməsi
orqanlarının hüquq və vəzifələri meydana çıxır: dövlətin təqsirli şəxslərə cinayət məsuliyyətini
təşkil edən məcburetmə tədbirlərini tətbiq etmək hüququ yaranır. Bununla belə, təqsirli şəxslərə
cinayət qanunu ilə müəyyən edilmiş hədlərdə konkret təyin edilməsi onun vəzifəsidir. Öz
növbəsində, təqsirli şəxslərin məsuliyyət daşımaq vəzifəsi yaranır.
Ancaq bu şəxslər cəzanın, törətdikləri cinayətlərin xarakterinə və dərəcəsinə müvafiq olaraq
təyin edilməsində hüquqa malikdirlər. Cinayət məsuliyyətinin müəyyən fəaliyyət hüdudları var.
Cinayət hüquq münasibətləri, şəxslərin cinayət törətdikləri andan dərhal, geniş miqyasda cinayət
məsuliyyətinin əmələ gəlməsi ilə əlamətdar olan və ancaq tədricən realizə olunan hüquq
münasibətləridir. Cinayət məsuliyyətinin faktiki olaraq reallaşdırılması şəxslərin ibtidai istintaq
mərhələsində müttəhim qismində cəlb edilməsi anından başlayır. Cinayət məsuliyyəti işə məhkəmə
baxışı ittiham hökmünün çıxarılması mərhələsində davam edir, o həm də təyin olunmuş məhkəmə
cəzasının real icrası mərhələsində də mövcud olur. Cinayət məsuliyyəti, cinayət hüquq
münasibətlərinin aradan qaldırılmasının aşağıda göstərilmiş hallarında xitam olunur: Cəzanı çəkib
qurtarma, cinayət məsuliyyətindən azad etmə, amnistiya və yaxud əfv etmə haqqında akta görə.
Cinayət məsuliyyətinin əsaslarının müəyyən edilməsinə qanunvericilik və cinayət hüquq
nəzəriyyəsi iki aspektdən yanaşır: hüquqi və faktiki əsaslar. Cinayət Məcəlləsinin 3-cü maddəsinə
əsasən, yalnız cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud
olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Buradan belə
nəticə çıxır ki, cinayət məsuliyyətinin vacib və yeganə əsasları törədilmiş əməldə qanunda
göstərilmiş cinayət tərkibinin mövcud olmasıdır. Belə ki, şəxsi əqidə, niyyət və baxışlarına
(sonuncular əgər törədilmiş əməldə ifadə olunmursa) görə cinayət məsuliyyətinə cəlb etmək olmaz.
Bununla belə, əməl ictimai-təhlükəli olmalı, yeni ictimai münasibətlərə ziyan vurmalıdır. Əgər
subyektin davranışının müəyyən forması cinayət məsuliyyətinin faktiki əsasları hesab olunursa,
onda törədilmiş əməldə qanunda nəzərdə tutulan konkret cinayət tərkibinin mövcud olması onun
hüquqi əsaslarını təşkil edir.
Cinayət tərkibi - konkret ictimai-təhlükəli əməli cinayət kimi xarakterizə edən əlamətlərin
cinayət qanunu ilə müəyyən edilmiş məcmusudur.
Cinayət hüquq nəzəriyyəsində cinayət tərkibini xarakterizə edən əlamətlər dörd qrupa
bölünür: obyekt və obyektiv cəhəti xarakterizə, edən əlamətlər (bunlar cinayət tərkibinin obyektiv
əlamətləri adlanır) və subyekt və subyektiv cəhəti xarakterizə edən əlamətlər (subyektiv əlamətlər).
Cinayətin obyektini cinayət qanunu ilə mühafizə edilən o ictimai münasibətlər təşkil edir ki,
onlara cinayət nəticəsində mühüm ziyan yetirilir və yaxud yetirilə bilər.
Cinayətin obyektiv cəhətinə törədilmiş əməlin (hərəkət və yaxud hərəkətsizliyin)
xüsusiyyətləri, bu əməlin nəticələri, yəni vurulmuş ziyan və cinayətin zahiri tərəfini xarakterizə
edən digər əlamətlər, məsələn: yeri, vaxtı, üsulu, vasitəsi, şəraiti və s. aiddir.
Obyektiv cəhətin əlaməti kimi əməl, iki formada çıxış edir: cinayətkar hərəkət və cinayətkar
hərəkətsizlik.
Cinayətkar hərəkət - cinayət qanunu ilə qadağan olunan, fəal ictimai - təhlükəli davranış
aktıdır. Məsələn, qəsdən adam öldürmə (Cinayət Məcəlləsinin 120 maddəsi), qəsdən sağlamlığa ağu
zərər vurma (maddə 126) və s.
Cinayətkar hərəkətsizlik – cinayət qanunu ilə qadağan olunan, passiv ictimai-təhlükəli
davranış aktıdır, yəni ziyanlı nəticələrin qarşısının alınması üçün şəxsin, müəyyən hərəkətləri etməli
olduğu halda onu etməməsidir. Cinayətkar hərəkətsizlik şəraitində hər şeydən əvvəl müəyyən
qaydada hərəkət etmək vəzifəsini təyin etmək lazımdır. Hərəkət etmək vəzifəsi aşağıdakı əsaslardan
irəli gəlir: bilavasitə qanundan, məsələn, qanunvericiliyə və ya xüsusi qaydalara müvafiq olaraq
xəstəyə kömək etməyə borclu olan tibb işçisi tərəfindən üzrlü səbəblər olmadan xəstəyə tibbi yardım
göstərilməməsi (maddə 142); təqsirli şəxsin xidməti mövqeyindən, məsələn, vəzifəli şəxsin öz
vəzifəsini yerinə yetirməməsi; qohumluq münasibətindən, məsələn, uşaqlara və ya valideynlərə
kömək göstərməkdən qərəzli boyun qaçırma (maddə 176).
Cinayətkar hərəkət və yaxud hərəkətsizlik - insan davranışının iradəvi aktıdır, buna görə də
hərəkətsizlik zamanı məsuliyyətin təyin edilməsi üçün həmçinin bu və ya digər şəxsin tələb olunan
hərəkətləri etməsinin real imkanlarını, yəni konkret şəraitdə göstərilən hərəkətlərin edilməsinin
faktiki imkanlarını müəyyən etmək lazımdır. Belə ki, fiziki məcburiyyət, lazımi ixtisasın, istehsal
təcrübəsinin olmaması, qarşısı alınmaz qüvvə (təbii hadisələr, məsələn, zəlzələ, sel, daşqın və s.) və
s-nin təsiri altında şəxsin hərəkətsizlik etməsi cinayət məsuliyyətini istisna edən hallardır.
Obyektiv cəhətin əlamətlərinə ictimai-təhlükəli əməl ilə baş verən ictimai - təhlükəli nəticə
arasında səbəbli əlaqə aiddir.
Cinayətin subyektiv cəhəti - əqli, iradi və motivasiya (motivlərin formalaşması və inkişaf
prosesi) proseslərinin üzvü vəhdətindən ibarət olub, cinayətin törədilməsi ilə bilavasitə əlaqədar olan
şəxsin psixi fəaliyyətidir. Təqsir, motiv və məqsəd cinayətin subyektiv cəhətini xarakterizə edən
hüquqi əlamətlərdir.
Təqsir - şəxsin törətmiş olduğu ictimai-təhlükəli əmələ qəsd və yaxud ehtiyatsızlıq
formasında ifadə olunan psixi münasibətidir. Təqsir – cinayətin subyektiv cəhətinin vacib əlaməti,
Dostları ilə paylaş: |