1. Dövlətin anlayışı. Dövlətin formaları. Dövlət və dövlət hakimiyyəti. Dövlət və vətəndaş cəmiyyəti. Hakimiyyətin cəmiyyətdə rolu və mahiyyəti


§3. Hakimiyyətin cəmiyyətdə rolu və mahiyyəti



Yüklə 218,67 Kb.
səhifə2/3
tarix27.10.2017
ölçüsü218,67 Kb.
#7024
1   2   3
§3. Hakimiyyətin cəmiyyətdə rolu və mahiyyəti.

Hər hansı bir cəmiyyətin sistemli idarə olunmağa ehtiyacı var.

Hakimiyyət - mürəkkəb, çoxcəhətli bir hadisədir ki, onun tədqiqinə təbii olaraq, müxtəlif cür yanaşmalar mövcuddur. Hüquq ədəbiyyatında hakimiyyətə yalnız insanların birgə fəaliyyəti kimi baxılmır. O, cəmiyyətdə sosial qurumların vahid fəaliyyətini və möhkəm qaydaları təmin edən mütəşəkkil bir qüvvə kimi xarakterizə olunur. Bundan əlavə, hakimiyyət ayrı-ayrı adamların, sosial qurumların, bütünlükdə xalqın öz iradəsini xüsusi metodların köməyi ilə həyata keçirməyə, bunu başqalarına qəbul etdirməyə olan real qabiliyyəti kimi də başa düşülür. «Hakimiyyət» anlayışının mahiyyətinə başqa cür yanaşmalar da mövcuddur ki, o da bu çoxcəhətli sosial hadisənin bu və ya digər tərəfini əks etdirir.

Ən ümumi şəkildə hakimiyyəti, insanların davranış və fəaliyyətini bütün cəmiyyətin, ayrı-ayrı sosial qrupların iradəsinə tabe etdirmək vasitəsi kimi xarakterizə etmək olar.



Hakimiyyət - sosial hadisə olmaqla insan cəmiyyətinin meydana gəlməsi ilə birlikdə yaranıb. Onu ibtidai icma quruluşu dövründə cəmiyyətə xas olan ümumi işləri görmək tələbatı zəruri etmişdir. Onun meydana gəlməsinə tayfa və qəbilələrdə insanlar arasındakı münasibətlərin qaydaya salınması, müxtəlif növ ümumi əhəmiyyətli funksiyaların icrası: qidanın bölünməsi, ailə-nikah münasibətlərinin nizamlanması, əməyin cinsə, yaşa görə bölünməsi və s. zərurətin yaranması səbəb olmuşdur. Öz təbiətinə görə bu, hər şeydən əvvəl ictimai rəyin - yığıncağın qərarı, ağsaqqallar şurası, rəhbər, qəbilə başçısı və s. ictimai hakimiyyətin nüfuzuna söykənməklə mövcud olmuşdur. İbtidai icma cəmiyyətində insanların yaşamaq uğrunda amansız mübarizəsi şəraitində meydana gələrək bərqərar olmuş qadağa və davranış qaydalarına riayət etməsinin ciddi vacibliyi, hakimiyyətin tələblərinin könüllü icrasına səbəb olmuşdur. Əlbəttə, zəruri hallarda məcburetmə də tətbiq olunurdu (məsələn, qəbilədən qovma, həyatdan məhrumetmə və başqa tədbirlər). Lakin, ibtidai icma cəmiyyətində hakimiyyətin həyata keçirilməsinin xüsusiyyəti hakimiyyətin tələblərini yerinə yetirməyi təmin edən xüsusi məcburetmə aparatının olmamasıdır ki, bu da yalnız siyasi təşkilat olan dövlətdə mövcud olur.

Dövlət hakimiyyəti hər şeydən əvvəl dövlətin mecburetmə qüvvəsinə, xüsusi aparatların köməyi ilə (dövlət orqanları və idarələri, məhkəmə, hüquq-mühafizə orqanları və s.) belə məcburetmə imkanlarına arxalanır, baxmayaraq ki, dövlət hakimiyyəti başqa metod və vasitələrin köməyi ilə də həyata keçirilir.

İnsanların ictimai həyatına dövlət hakimiyyəti öz nizamlayıcı təsirini dövlət orqanları vasitəsilə göstərir, sanki o, bu fəaliyyətdə öz maddi təcəssümünü tapır.

Hakimiyyətin xalqa məxsus olması onun demokratik metodlarla həyata keçirilməsini, dövlət hakimiyyətinin xalq qarşısında hesabat verməsini qabaqcadan müəyyənləşdirir.

Dövlət hakimiyyətinin başlıca vəzifəsi - insanın hüquq və azadlıqlarının, şərəf və ləyaqətinin tanınması, onlara riayət olunması və müdafiəsidir. Belə ki, demokratik dövlətdə insan, onun hüquq və azadlıqları - ali dəyərlərdir.
§4. Dövlətin əsas qanunu kimi konstitusiyanın anlayışı və sosial-iqtisadi mahiyyəti.

Konstitusiya anlayışı latın dilində olan «constitucio» sözündən olub hərfi mənası «quruluş», «təsisat», «qurmaq», «təsis etmək» deməkdir. Etimoloji baxımdan konstitusiya terminindən ilk dəfə Qədim Romada imperator hakimiyyətinin ayrı-ayrı aktlarının adlandırılması üçün istifadə olunmuşdur. Orta əsrlərdə Avropada feodal-zadəgan imtiyazlarını nəzərdə tutan aktlar da sözün hərfi mənasına uyğun olaraq bu cür adlandırılmışdır.

İlk yazılı Konstitusiya (yəni, daxili struktura malik vahid, əsas qanun) kimi 1787-ci ildə qəbul edilmiş və bu günə qədər fəaliyyət göstərən ABŞ-ın Konstitusiyasının adını çəkmək olar. Avropada ilk yazılı konstitusiyalar 1791-ci il Polşa və Fransa Konstitusiyaları olmuşdur.

Konstitusiya dövlətin ali qanunu kimi bir sıra özünəməxsus xüsusiyyətlərə malikdir:



1. Konstitusiyanın xüsusi subyekt - xalq tərəfindən qəbul edilməsi. Qeyd etmək lazımdır ki, konstitusiya digər üsullarla da qəbul olunur. Konstitusiya xalq tərəfindən qəbul olunsa da, bəzən yuxarıdan (mütləq monarxiyalarda) bir növ bağışlanılır. Lakin bu istisnadır və demokratik konstitusiyalar üçün xarakterik deyildir.

  1. Dövlət və cəmiyyətin Əsas Qanunu kimi Konstitusiya başqa qanunlardan fərqli olaraq təsisedici, birbaşa xarakter daşıyır. O, ictimai münasibətlərin geniş dairəsini, bunlardan bütün cəmiyyət üzvlərinin, bütün vətəndaşların köklü maraqlarmı əhatə edən daha vaciblilərini tənzimləyir. Konstitusiya dövlətin konstitusiya quruluşunu, insan və vətəndaşın başlıca hüquq, azadlıq və vəzifələrini, dövlətin ictimai-iqtisadi əsaslarını, onun milli-ərazi quruluşunu, dövlət hakimiyyəti və yerli özünüidarəetmə sistemini təsbit edir, hüquq qaydasının və qanunçuluğun əsaslarmı müəyyən edir. Ona görə də konstitusiya normaları dövlət orqanları, siyasi partiyalar, ictimai təşkilatlar, vəzifəli şəxslər və vətəndaşların fəaliyyəti üçün əsasdır. Konstitusiya normaları bütün başqa hüquq normalarına münasibətdə daha yüksək hüquqi qüvvəyə malikdir.

  2. Konstitusion nizamasalmanın hərtərəfliliyi. Göstərildiyi kimi, Konstitusiya çox geniş və mürəkkəb olan sosial-siyasi sistemin əsaslarını müəyyənləşdirir. Aydındır ki, bir sahəni əhatə etməklə konstitusiya bütün sistemi müəyyən edə bilməz. Onun bir norması bəzən bir neçə sahə üçün çıxış nöqtəsi rolunu oynayır. Məsələn, mülkiyyət hüququ bütün iqtisadi sistem üçün müstəsna əhəmiyyətə malik olmaqla onun çıxış nöqtəsini təşkil edir. Seçki sistemi siyasi sistemin əsasını təşkil edən çox mühüm elementlərdən biridir. Elə buna görə də konstitusion normalar bir çox hallarda konkret olmur və aid olduğu məsələnin ən əsas tərəflərini müəyyən edir.

  3. Konstitusiya, artıq qeyd edildiyi kimi, bütün hüquq sisteminin başlanğıcı kimi, hüququn əsas mənbəyidir. O, cari qanunvericilik üçün hüquqi bazadır və onun xarakterini müəyyən edir. Cari qanunvericilik Konstitusiyanın müddəalarını inkişaf etdirir. Bəzi hallarda Konstitusiyada bu və ya digər qanunun qəbul edilməsi haqqında göstəriş olur (məsələn, Azərbaycan Respublikası Konstitusiyasının 142-ci maddəsində göstərilir ki, bələdiyyələrə seçkilərin qaydaları qanunla müəyyən olunur). Qanunvericiliyin hüquqi bazası kimi Konstitusiya bütün hüquq məkanında əsas mərkəzdir. O, bütünlükdə hüququn inkişafında uzlaşmaya və hüququn sistemləşdirilməsinə kömək edir.

  4. Konstitusiya ən yüksək hüquqi qüvvəyə malikdir. Əsas Qanun kimi Konstitusiyanın aliliyi onda təzahür edir ki, bütün qanunlar və dövlət orqanlarının digər aktları onun əsasında və ona uyğun olaraq qəbul edilir. Konstitusiyaya ciddi və dəqiq riayət etmək bütün dövlət orqanları, ictimai birliklər, bütün vətəndaşlar üçün ən ali davranış normasıdır.

6. Konstitusiyanın yuxarıda göstərilən xüsusiyyətlərindən doğan ayrıca hüquqi xassələri də mövcuddur. Bunlara legitimlik, reallıq və stabillik xassələri aiddir.

Konstitusiyanın legitimliyi dedikdə aşağıdakılar nəzərdə tutulur:



  1. Konstitusiyanın xalq tərəfindən seçilmiş ali nümayəndəli hakimiyyət orqanı tərəfindən qəbul edilməsi.

  2. Ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilməsi (Azərbaycan Respublikasının Konstitusiyası).

3. Xüsusi təsis yığıncağı tərəfindən qəbul edilməsi.
Konstitusiyanın reallıq xassəsinə aşağıdakılar daxildir:

  1. Konstitusiya müddəalarının nizama saldığı ictimai münasibətlərin xarakterinə uyğun gəlməsi.

  2. Konkret tarixi şəraitdə tarixi, siyasi, etnoqrafik, iqtisadi xüsusiyyətlərin nəzərə alınması.

3. Konstitusiya müddəalarının sosial nəticələrini əvvəlcədən
görmək (məqsəd və nəticə).

4. Konstitusiyanın real təminat verməsi.

Qeyd etdiyimiz kimi, Konstitusiyanın hüquqi xassələrindən biri də onun stabilliyidir. Konstitusiya uzun müddət üçün nəzərdə tutulan normativ hüquqi sənəd olduğuna görə o, konstitusion tənzimləmənin obyekti olan ictimai münasibətlərə məqsədyönlü təsir etməlidir. Bunun üçün cəmiyyətdə aşağıdakı şərtlərin olması zəruridir:


  1. Qanunçuluq rejiminə ciddi əməl olunmalıdır.

  2. Hər hansı hüquq pozuntusuna qarşı dözümsüzlük tərbiyə edilməlidir.

3. Konstitusiyanın səmərəli müdafiə mexanizmi olmalıdır.
Konstitusiya ən yüksək hüquqi qüvvəyə malik olan və bir tərəfdən

insan və cəmiyyət arasında, digər tərəfdən isə insan və dövlət arasında münasibətlərin əsaslarını nizamlayan hüquq normaları sistemidir. Bu hüquq normaları bir və ya bir neçə normativ hüquqi aktda - əsas qanunlarda cəmlənə bilər. Həmin normalar çoxsaylı normativ hüquqi aktlardan, eləcə də məhkəmə presedentlərindən və konstitusiya adətlərindən ibarət ola bilər.

Konstitusiya maddi mənada özündə yazılı aktı, aktlar məcmusunu və yaxud Konstitusiya adətlərini təcəssüm etdirir. Bu da ilk növbədə insan və vətəndaş hüquq və azadlıqlarını bəyan edir və onlara təminat verir, eləcə də konstitusiya quruluşunun əsaslarını, idarəetmə formasını və ərazi quruluşunu, mərkəzi və yerli hakimiyyət orqanlarının təşkili əsaslarını, onların səlahiyyətlərini və qarşılıqlı münasibətlərini, dövlət rəmzlərini və ölkənin paytaxtmı müəyyən edir.

Demokratik hüquqi dövlətdə Konstitusiya nəinki dövlətin, habelə xalqın dövlətçilik iradəsini, suverenliyi ifadə etdirən cəmiyyətin də əsas qanunudur. Konstitusiya insanın və vətəndaşın əsas hüquq və azadlıqlarını, hakimiyyətin ictimai-siyasi institutlarını və xalqın özünüidarə sistemini təsbit edir, vətəndaş cəmiyyətinin formalaşmasının və inkişafının hüquqi əsası kimi çıxış edir.

Konstitusiya müxtəlif funksiyalara malikdir. Onun əsas funksiyası hüquqi funksiyadır. O, nə qədər müxtəlif sosial hadisələrlə əlaqədar olsa da, konstitusiya hüquq normaları sistemidir və bütün hüquq sisteminə xas olan tənzimləmə, qoruma funksiyalarını yerinə yetirir. O həm də qanunvericilik sistemində bütün digər normaların keyfiyyət və xarakterinin müəyyən edilməsi üçün başqa heç bir hüquqi aktın malik olmadığı funksiyanı - hüquq normalarının hüquqauyğunluğunun qiymətləndirilməsi, müəyyənləşdirilməsi funksiyasını yerinə yetirir.

Konstitusiyanın ikinci funksiyası onun sosial funksiyasıdır. Konstitusiya ölkədəki sosial təbəqələrin ortaq mənafe və maraqlarını aşkara çıxarır. O, sosial sistemin başlıca ünsürlərini bir-birilə əlaqələndirir və onlara hüquq çərçivəsində davranış imkanı verir, onları təşkilatlandırır. Ailə, din kimi sosial təsisatlara, atalıq, analıq kimi sosial dəyərlərə təsir göstərərək, bütün sosial sistemdə mövcud münasibətlərə təsir edir və yeni dəyərlərin formalaşması üçün zəmin yaradır. Konstitusiya sosial sistemin sabitliyini təmin edir, onun inkişafının ümumi əsaslarını müəyyənləşdirir. Təhsil, elm kimi sosial sistemin yaşamasına birbaşa təsir göstərən ünsürlərə təsir etməklə konstitusiya bu sistemin həyati əhəmiyyətli maraqlarının müdafiəsini öz üzərinə götürmüş olur.

Üçüncü funksiya ölkənin siyasi sistemi ilə bağlı olan siyasi funksiyadır. Konstitusiyanın bu funksiyası hakimiyyətin təşkili və dövlətin əsasları ilə birbaşa bağlıdır. Konstitusiya fərdlərin siyasi sistemdə, siyasi durumda davranış qaydalarını müəyyən edir, siyasi qüvvələrin hakimiyyəti əldə etməsinin sivil forma və üsullarını təsbit edir və nəhayət, siyasi partiyaların təşkili və fəaliyyətinin hüquqi əsasını formalaşdırır. Siyasi sistemə giriş-çıxış birbaşa konstitusiyadan asılıdır desək, yəqin ki, yanılmarıq. Siyasi sistemin əsas «oyun qaydaları» burada müəyyənləşdirilir. Məhz konstitusion normalar bütün siyasi qüvvələr üçün ümumi imperativlər müəyyən edir və siyasi sistemdə bu imperativlərə riayət olunmasına nəzarət edir (siyasi partiyaların fəaliyyətinin Konstitusiya Məhkəməsi tərəfindən qiymətləndirilməsi buna misal ola bilər).

Dördüncü funksiya tərbiyəvi funksiyadır. Bu funksiya, hər şeydən əvvəl, hər bir insanda konstitusiyaya, qanunlara, insan və vətəndaşın hüquq və azadlıqlarına və dövlətə hörmət ruhu aşılayır. O eyni zamanda müəyyən dünyagörüşünü ifadə edir.

Tərbiyəvi funksiya həm də insan - cəmiyyət - dövlət münasibətlərinin qarşılıqlı əlaqəsini və onların məsuliyyətini müəyyən etməkdə böyük rol oynayır.

Konstitusiyanın hüquqi qüvvəsi məsələsi son illər konstitusiya hüquq elmində aktiv müzakirə olunan məsələlərdən biridir. Bu ondan irəli gəlir ki, konstitusiyanın hüquqi qüvvəsi onun xüsusiyyətlərinə görə digər aktların hüquqi qüvvəsindən fərqlənir. Hüquqi aktların qüvvəsi onların nəyə və necə, hansı dairədə tətbiq olunmasını ifadə edir. Hüquq normaları bir sistem olduğuna görə onların tətbiqi və hüquqi qüvvəsi də bir-birindən asılıdır. Elə buna görə də hüquqda birbaşa hüquqi qüvvə və dolayı hüquqi qüvvə anlayışları vardır. Bir qayda olaraq, aktlar birbaşa hüquqi qüvvəyə malikdir. Birbaşa hüquqi qüvvə onu ifadə edir ki, aktın nəzərdə tutulmuş fakta tətbiqi üçün başqa bir akta ehtiyacı yoxdur və özü konkret hala təsir edə bilər. Başqa sözlə, birbaşa hüquqi qüvvədə hüquqi nizamasalma, sadəcə, aktın öz gücü, öz imkanları hesabına həyata keçirilir. Dolayı hüquqi qüvvə isə, əksinə, onu ifadə edir ki, aktın nəzərdə tutulmuş konkret hala tətbiqi üçün başqa hüquqi akt da olmalıdır və həmin akt olmadan onun tətbiqi qeyri-mümkündür. Burada aktın realizə olunması bir başqa aktla şərtləndiyinə görə ona dolayı hüquqi qüvvə deyilir. Dolayı hüquqi qüvvəsi olan akt ortaya çıxmış konkret halı tənzimləmək üçün bir başqa aktın olmasını tələb edir. Lakin burada aktın dolayı hüquqi qüvvəsi ilə fərdi hüquqi tənzimləmənı qarışdırmaq olmaz. Ümumiyyətlə, bütün hüquq sistemi reallığa iki cür təsir edir: 1) normativ nizamasalma; 2) fərdi hüquqi nizamasalma. Fərdi hüquqi nizamasalma hüququn tətbiqi prosesinə aid olub, aktın hüquqi qüvvəsindən asılı deyil və bir çox hallarda tətbiq olunur. Fərdi hüquqi nizamasalma mərkəzləşdirilmiş qaydada, yalnız dövlət orqanları tərəfindən həyata keçirilə və ya fərdlərin özləri tərəfindən realizə oluna bilər. Məsələn, əmək müqaviləsi, mülki müqavilə fərdlərin özləri tərəfindən həyata keçirilən fərdi hüquqi nizamasalma vasitəsidir. Fərdi hüquqi nizamasalma vasitəsi qanunun tələblərini reallığa çevirmək üçün baş vermiş faktı incəliklərinə qədər tənzim edən hüququn tətbiqi mərhələsidir. İstənilən məhkəmə qərarı, hökmü fərdi hüquqi tənzimləmə vasitəsidir. Dolayı hüquqi qüvvəyə malik olan aktın realizə olunmaq üçün fərdi hüquqi nizamasalmaya deyil, normativ hüquqi nizamasalmaya ehtiyacı olur. Başqa sözlə, dolayı hüquqi qüvvəyə malik aktın - qanunun tətbiq olunması üçün sərəncam, əmr verilməmişdən əvvəl (fərdi hüquqi nizamasalma vasitəsi) mütləq başqa bir normativ hüquqi akt verilməlidir.

Azərbaycan Respublikası Konstitusiyasının 147-ci maddəsinə görə, konstitusiya Azərbaycan Respublikasında ən yüksək və birbaşa hüquqi qüvvəyə malikdir. Bu o deməkdir ki, heç bir akt konstitusiyaya zidd ola bilməz və konstitusion müddəalar birbaşa praktikada tətbiq edilir. Yəni hər hansı qanunun olub-olmamasından asılı olmayaraq, vətəndaş konstitusion normaların realizə edilməsini tələb edə bilər.

Konstitusiyanın əsas normaları birbaşa tətbiq olunmaq imkanına malikdir. Burada isə əsas problemlərdən biri norma-prinsiplərin birbaşa təsbit olunmasıdır.

Konstitusiyanın birbaşa tətbiqində məhkəmə hakimiyyətinin rolu xüsusilə yüksəkdir. Məhz məhkəmə pozulmuş hüquq və azadlıqları müdafiə edir və hüququn tətbiqi ilə də ən çox elə o məşğuldur.

Hər bir Konstitusiya ən yüksək hüquqi qüvvəyə malik olan əsas qanun kimi özünün hüquqi mahiyyəti ilə bərabər, sosial-siyasi mahiyyətə də malikdir. Bu da ondan ibarətdir ki, Konstitusiya qəbul olunduğu zaman özündə mövcud olan siyasi qüvvələrin nisbətini təcəssüm etdirir.

Azərbaycan Respublikası Konstitusiyası suverenliyi, müstəqilliyi və dövlət hakimiyyətinin aliliyini təsbit edən hüquqi təsis sənədidir. O, Konstitusiya quruluşuna sistemli baxışa əsas verir, dövlət institutları sistemində balans yaradır, Konstitusiya quruluşunun sabitliyini təmin edir.

Azərbaycan Respublikasının Konstitusiyası yalnız dövlətin təşkilini deyil, həm də qeyri-dövlət sahələrini - sosial-iqtisadi quruluşun əsaslarını, cəmiyyətin mədəni həyatını, insan və vətəndaşın hüquq, azadlıq və vəzifələrini əhatə edir. Onun tənzimləyici rolu bütün dövlət orqanizminə aiddir. Odur ki, Azərbaycan Respublikasının Konstitusiyası onun Konstitusiya quruluşunun əsaslarmı, insan və vətəndaşın hüquqi statusunu, vətəndaş cəmiyyətinin əsas cəhətlərini, unitar dövlət quruluşunu, Azərbaycan Respublikasında qanunverici, icra və məhkəmə hakimiyyəti orqanlarının təşkili və fəaliyyəti prinsiplərini, yerli özünüidarəetmənin əsaslarım təsbit edir.



§5. Azərbaycan Konstitusiyasının inkişaf mərhələləri

Azərbaycan Respublikasının ilk Konstitusiyası 1921-ci il 29 mayda I Ümumazərbaycan Sovetlər Qurultayı tərəfindən qəbul edilmişdir. O, Konstitusiyanın sosialist tipdə inkişafının başlanğıcını qoymuş, Azərbaycanın sonrakı konstitusiyaları SSRİ konstitusiyalarına müvafiq olaraq qəbul edilməklə bu qəbildən olan prinsipləri inkişaf etdirmişdir.

1921-ci il Azərbaycan SSR-in Konstitusiyasından sonra respublikamızda baş verən ictimai siyasi dəyişikliklər nəticə etibarilə 1927, 1937, 1978 və 1995-ci illərdə yeni konstitusiyaların qəbulunu zəruri etmişdir.

1978-ci ildə qəbul edilmiş, 1980-ci illərin ikinci yarısından etibarən çoxsaylı əlavə və dəyişikliklərə məruz qalmış və bunun nəticəsində ilkin redaktəyə nisbətən əhəmiyyətli şəkildə dəyişiklikliyə uğrayan Azərbaycan SSR-in Konstitusiyası, 1995-ci il Azərbaycan Respublikası Əsas Qanunu qəbul edilənədək qüvvədə olmuşdur.

Azərbaycan Respublikasının yeni Konstitusiyasının qəbulu ölkədə baş verən köklü ictimai-siyasi və iqtisadi dəyişikliklərin hüquqi cəhətdən təsbit olunması zərurəti ilə şərtlənirdi.

1995-ci ilin yazında Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə Azərbaycan Respublikasının yeni Konstitusiyasının layihəsi hazırlanmışdır.

Yeni Konstitusiya 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş və 27 noyabr 1995-ci ildə ümumxalq səsverməsinin nəticələri nəşr edildiyi andan qüvvəyə minmişdir. Konstitusiyalı quruluşun əsaslarını möhkəmləndirərək, Azərbaycan Respublikası Konstitusiyası Azərbaycanı - respublika idarəetmə formasına malik, unitar, demokratik, hüquqi, dünyəvi dövlət kimi müəyyən edir. Konstitusiya özündə ümumbəşəri dəyərləri təsbit etməklə aşağıdakı prinsipləri müəyyən etdi:


  1. İnsan, onun hüquq və azadlıqları ali dəyərlərdir (insan və vətəndaşın hüquq və azadlıqlarının tanınması, riayət olunması və müdafiəsi dövlətin vəzifəsidir);

  2. Suverenliyin daşıyıcısı və hakimiyyətin yeganə mənbəyi Azərbaycan xalqıdır;

  3. Sosial siyasət insanın layiqli həyatını və sərbəst inkişafını təmin edən şəraitin yaranmasına istiqamətlənib;

  4. Dövlət, xüsusi və bələdiyyə mülkiyyət formaları eyni qaydada tanınır və müdafiə olunur;

  1. Dövlət hakimiyyəti qanunverici, icraedici və məhkəmə hakimiyyəti bölgüsü əsasında həyata keçirilir;

  2. Yerli özünüidarəetmə demokratik hüquqi dövlətin əsas elementlərindən biri kimi tanınır və ona təminat verilir;

  3. İdeoloji və siyasi müxtəliflik, çoxpartiyalılıq tanınır. Heç bir ideologiya dövlət və ya məcburi xarakterli ola bilməz;

  4. Beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsip və normaları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr onun qanunvericilik sisteminin tərkib hissəsidir.

Azərbaycan Respublikasının Konstitusiyası ali hüquqi qüvvəyə, birbaşa təsirə malikdir və Azərbaycan Respublikasının bütün ərazisində tətbiq olunur. Azərbaycan Respublikasında qəbul olunan qanunlar və qanundan aşağı qüvvəli normativ hüquqi aktlar Azərbaycan Respublikası Konstitusiyasına zidd olmamalıdır (Azərbaycan Respublikası Konstitusiyası, maddə 147).

Bir ictimai formasiyadan digərinə keçid bütövlükdə cəmiyyət həyatının müxtəlif sferalarında köklü dəyişikliklərin baş verməsinə səbəb olur ki, bu da Azərbaycan Respublikasının 12 noyabr 1995-ci Konstitusiyasına ilk konstitusion dəyişikliklərin edilməsini zəruri etdi. 24 avqust 2002-ci ildə ümumxalq səsverməsi - referendum yolu ilə Azərbaycan Respublikası Konstitusiyasının 24 maddəsində, 18 mart 2009-cu ildə isə 46 maddəsinə əhəmiyyətli dəyişiklik və əlavələr edildi. Bu əlavə və dəyişikliklərin edilməsi respublikamızda həyata keçirilən demokratik islahatların tələblərindən irəli gəlmişdir.


§6. Azərbaycan dövlətinin konstitusiya statusu

Konstitusiya quruluşunun əsasları Azərbaycan Respublikasının Konstitusiyasının I bölməsində təsbit olunmuşdur. Konstitusiya quruluşunun əsasları ayrı-ayrı dövlətlərin konstitusiyalarında müxtəlif adlar altında verilmişdir. Məsələn, İtaliya və Almaniya Federativ Respublikasının Konstitusiyasında «Əsas Prinsiplər», Fransa Respublikası Konstitusiyasında «Suverenlik haqqında», Türkiyə Respublikası Konstitusiyasında «Ümumi Əsaslar» və s.

Azərbaycan Respublikası Konstitusiyasında isə cəmiyyətin və dövlətin fundamental əsasları, həyata keçirilməsi ölkəmizdə konstitusion dövlətin bərqərar olunmasına yönələn başlıca prinsiplər isə «Ümumi müddəalar» adı altında təsbit olunmuşdur. Bu bölmədə öz əksini tapan normalar norma-prinsiplər, məqsəd normaları, vəzifə-normaları hesab olunur.

Konstitusiya quruluşunun əsaslarının aşağıdakı struktur elementləri vardır: xalq hakimiyyəti; xalq suverenliyi; insan və vətəndaşların hüquq və azadlıqlarının üstünlüyü; Azərbaycan dövlətinin forma və mahiyyəti; hakimiyyət bölgüsü; sosial və iqtisadi əsaslar; dövlət hakimiyyətinin əsasları; yerli özünüidarəetmənin tanınması və təmin olunması, onun müstəqilliyi və dövlət hakimiyyətindən ayrılması.

Konstitusiya quruluşu dar və geniş mənada anlaşılır. Dar mənada Konstitusiya quruluşu - Konstitusiyada təsbit olunan və mövcud qanunvericilikdə inkişaf etdirilən dövlətin təşkili üsullarıdır.

Geniş mənada konstitusiya quruluşu - ali hakimiyyət və idarəetmə orqanlarının təşkili; dövlət quruluşu və insan, vətəndaş cəmiyyəti və dövlət arasındakı hüquqi əlaqələrlə bağlı meydana çıxan, başlıca olaraq Konstitusiya normaları ilə nizama salman iqtisadi, sosial, siyasi, hüquqi, ideoloji münasibətlərin məcmusudur.

Konstitusiya quruluşunun əsasları - dövlətin hüquqi tabeçiliyini təmin edən və onu konstitusion dövlət kimi xarakterizə edən başlıca prinsiplərin məcmusudur. Bu prinsiplər bütövlükdə konstitusiya hüquq sisteminin ideya və hüquqi bazasını təşkil edir.

Ölkəmizdə konstitusion dövlət quruculuğu istiqamətində yeni addım 1991-ci il 18 oktyabr tarixli «Dövlət Müstəqilliyi haqqında» Konstitusiya Aktının qəbulundan sonra atılmış oldu. Artıq bu Aktda Konstitusiya quruluşunun mühüm prinsipləri öz təsbitini tapmış oldu. Məsələn, «Azərbaycan Respublikasında suveren hakimiyyət Azərbaycan xalqına məxsusdur» (10-cu maddənin I hissəsi); «Azərbaycan xalqı müstəqil, dünyəvi, demokratik, unitar dövlət yaradır» (12 maddənin I hissəsi); «Azərbaycan Respublikasında dövlət hakimiyyəti hakimiyyətin bölunməsi prinsipinə əsaslanır» (12-ci maddənin II hissə-si) və s. Qeyd etmək lazımdır ki, Akt yeni Konstitusiyanın işlənməsi üçün əsas hesab olunurdu.



Demokratik dövlət. Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan dövlətinin başlıca əlamətlərini təsbit etmişdir ki, bu da dövlətin mahiyyətini müəyyən edir. Konstitusiyanın 7-ci maddəsinin I hissəsində deyilir: Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublikadır.

Azərbaycan dövlətinin demokratik xarakteri özünün ifadəsini konstitusiya quruluşunun aşağıdakı struktur elementlərində tapır:



  1. xalq hakimiyyəti;

  2. hakimiyyətin bölgüsü;

  3. siyasi plüralizm;

ç) yerli özünüidarəetmə.

Xalq hakimiyyəti - dövlət hakimiyyətinin yeganə mənbəyidir. Onu cəmiyyət özü müəyyən edir. Xalq suverenliyinin həyata keçirilməsi üsulları aşağıdakılardır: suveren və müstəqil dövlətin yaradılması, başqa dövlətə müstəqil birləşmə və ya onların birləşməsi, xalq tərəfindən azad şəkildə müəyyən edilən hər hansı siyasi statusun müəyyən edilməsi. Xalqın iradəsi demokratik dövlətin yeganə bazisidir və dövlət hakimiyyətinə, onun formasının dəyişməsinə mandat məhz ondan gəlir.

Azərbaycan Respublikası Konstitusiyanın 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır.

Xalq hakimiyyəti aşağıdakı əsas formalarla həyata keçirilir:



  • Bilavasitə demokratiya. Bu zaman xalq ona məxsus olan dövlət hakimiyyətini bilavasitə həyata keçirir.

  • Nümayəndəli demokratiya. Xalqı təmsil edən, onun iradəsi ilə fəaliyyət göstərən dövlət hakimiyyəti və yerli özünüidarə orqanları vasitəsilə həyata keçirilir.

Azərbaycan Respublikasının da Konstitusiyası bu prinsipi təsbit edərkən, mövcud sistem nəzərə alınmış və özünəməxsus bir bölgü işlənib hazırlanmışdır.

Konstitusiyanın preambulasında Azərbaycan Respublikası Konstitusiyasının 1991-ci il 18 oktyabr tarixində qəbul edilmiş “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında” Konstitusiya Aktına əsaslanması haqqında müddəa əks olunmuşdur. Məhz bu aktda da ilk dəfə olaraq Azərbaycan Respublikasında hakimiyyətin bölgüsü təsbit olunmuşdur.

Yeni Konstitusiyaya əsasən dövlət hakimiyyəti hakimiyyətlərin bölünməsi prinsipi əsasında həyata keçirilir. Qanunverici hakimiyyəti Milli Məclis həyat keçirir, icra hakimiyyəti Azərbaycan Respublikası Prezidentinə mənsubdur, məhkəmə hakimiyyətini isə ədalət mühakiməsi yolu ilə məhkəmələr həyata keçirir.

Qanunvericilik hakimiyyətini Azərbaycan Respublikasının Milli Məclisi həyata keçirir. İcra hakimiyyətini bölgü çərçivəsində, əsasən prezident təmsil edir, bununla belə, hakimiyyət bölgüsü mexanizmində Nazirlər Kabineti də iştirak edir. İcra hakimiyyəti bütövlükdə icra hakimiyyəti sisteminə daxil olan bütün orqanlar tərəfindən həyata keçirilir. Məhkəmə hakimiyyətini Azərbaycan Respublikası məhkəmələri ədalət mühakiməsi yolu ilə həyata keçirir. Qanunverici hakimiyyət yalnız bir orqanda təşkilatlanıb, onun yerli orqanları yoxdur. İcra hakimiyyəti çoxsaylı orqanlar sistemində təşkilatlanıb, bütün səviyyələrdə müxtəlif orqanlara malikdir. Məhkəmə hakimiyyəti də daxilən hər bir üzvü (hər bir məhkəmə) geniş muxtariyyətə malik olan orqanlar sistemi tərəfindən həyata keçirilir, yəni bir məhkəmə digər məhkəmənin işinə müdaxilə edə bilməz, hər bir məhkəmə ayrılıqda məhkəmə hakimiyyətinin daşıyıcısıdır. Ölkənin ali orqanları səviyyəsində hər üç hakimiyyət budağı arasında tarazlaşdırma və çəkindirmə sistemi qarşılıqlı şəkildə realizə olunur. Həm Milli Məclis, həm də prezident, həm də Konstitusiya Məhkəməsi bir-birinə konstitusion səlahiyyətlər vasitəsilə təsir edir. Hakimiyyət budaqları daxilində ikinci səviyyədə mənzərə bir qədər fərqlidir. Bu orqanlardan sonra gələn və orqanlar iyerarxiyasında mühüm rola malik orqanlar, ancaq və ancaq icra hakimiyyətində dəqiq və təşkilatlanmış şəkildə mövcuddur. Burada söhbət mərkəzi icra hakimiyyəti orqanlarından gedir.

Demokratik dövlətin ayrılmaz xüsusiyyətlərindən biri də burada plüralizmin mövcudluğudur, yəni onun ideoloji və siyasi müxtəlifliyə malik olmasıdır.

Siyasi müxtəliflik özünü aşağıdakılarda göstərir: birincisi, çoxpartiyalılıq; ikincisi, ictimai birliklərin qanun qarşısında bərabərliyi; üçüncüsü, ictimai birliklərin sərbəst fəaliyyəti; dördüncüsü, məqsəd və fəaliyyəti Azərbaycan Respublikasının konstitusiya quruluşunun məcburi dəyişdirilməsi və onun bütövlüyünün pozulmasından, dövlətin təhlükəsizliyinin sarsıdılması, silahlı birləşmələr yaradılması, sosial, irqi, milli və dini düşmənçiliyin qızışdırılmasından ibarət olan ictimai birliklərin təşkil edilməsi və fəaliyyətinin qadağan olunması



Hüquqi dövlət. Ölkəmizdə həyata keçirilən konstitusion islahatların məqsədi demokratik dəyərlərin təsbit olunması və gerçəkləşdirilməsi mexanizmlərinin işlənib hazırlanmasıdır.

Hüquqi dövlət anlayışı özündə konstitusion demokratik dövlət anlayışında mövcud olan əlamətləri birləşdirir. Lakin hüquqi dövlətin spesifik əlamətlərinin üzərində dayansaq hüquqi dövlət haqqında daha geniş, aydın təsəvvür yaratmış olarıq.

Bu prinsiplər əsasən, aşağıdakılardır:


  1. Hüququn aliliyi prinsipi;

  2. Hakimiyyətin bölgüsü prinsipi;

  3. Hamının qanun qarşısında bərabərliyi;

  4. Hüquq və azadlıqların üstünlüyü prinsipi;

  5. İnsan və vətəndaşın hüquq və azadlıqlarının real təminatı prinsipi.

  6. Qarşılıqlı məsuliyyət, yəni şəxsin dövlət və dövlətin şəxs qarşısında məsuliyyəti;

  7. Məhkəmə hakimiyyətinin müstəqilliyi prinsipi.

Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunan - «Azərbaycan hüquqi dövlətdir» formulasına belə dövlət quruculuğunun başlıca məqsədi, vəzifəsi və istiqaməti kimi baxmaq lazımdır.

Hüququn aliliyi prinsipi hüquqi dövlətin ən mühüm prinsipidir. Bu prinsip öz təzahürünü hər şeydən əvvəl qanunun aliliyində tapır. Başqa sözlə, ictimai həyatın bütün sferalarına aid olan əsas ictimai münasibətlər qanunqüvvəli aktlarla deyil, yalnız qanunla nizama salınmalıdır. Ölkəmizdə Konstitusiya ən yüksək hüquqi qüvvəyə malik olan qanundur. Konstitusiya təkcə qanunvericilik sisteminin yox, eyni zamanda hüquq sisteminin əsasını təşkil edir. Digər tərəfdən Konstitusiya - dövlətin bütün ərazisində birbaşa hüquqi qüvvəyə malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 147-ci maddəsində Konstitusiyanın əsas qanun kimi bir sıra özünəməxsus əlamətləri təsbit edilmişdir.

«I. Azərbaycan Respublikası Konstitusiyası Azərbaycan Respublikasında ən yüksək hüquqi qüvvəyə malikdir.


  1. Azərbaycan Respublikasının Konstitusiyası birbaşa hüquqi qüvvəyə malikdir.

  2. Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan Respublikasının qanunvericilik sisteminin əsasıdır».

Hüquqi dövlətin növbəti prinsipləri - hər kəsin qanun qarşısında bərabərliyi və insan və vətəndaşların hüquq və azadlıqlarının üstünlüyü konstitusion quruluşun humanist əsası kimi qəbul edilir.

Hüquqi dövlətdə dövlət, insan və vətəndaşların təbii hüquq və azadlıqlarının Konstitusiyada təsbit edilməsi ilə yanaşı, bu hüquq və azadlıqların realizə edilməsi təminatlarını, həmçinin onların müdafiə edilməsi vəzifəsini daşıyır.

Azərbaycan dövlətinin mahiyyətini təşkil edən xarakterik cəhətlərdən biri də onun sosiallığıdır, yəni sosial dövlət olmasıdır. Azərbaycan Respublikasının sosial dövlət kimi siyasətinin əsas istiqamətini insanın azad inkişafı və onun ləyaqətli həyatının təmin edilməsi şərtləri təşkil edir. bu da Konstitusiyanın I və II bölmələrində təsbit edilmişdir. Konstitusiyaya əsasən insanların sağlamlığı və əməyin müdafiəsi; əmək haqqının təminatlı minimum məbləğdə müəyyən edilməsi; ailələrin, analığın, atalığın və uşaqların, əlil və yaşlı vətəndaşların dövlət tərəfindən himayə edilməsinin təmin edilməsi; dövlət təqaüdlərinin, yardımların və sosial müdafiənin digər təminatlarının müəyyən edilməsi və s. hüquqi dövlətin əsas prinsiplərini təşkil edir.

Dünyəvi dövlət. Dövlətin bu xarakteristikası özündə onu ehtiva edir ki, Azərbaycan Respublikasında din dövlətdən ayrıdır, başqa sözlə, bunlar qarşılıqlı fəaliyyət göstərir, bir-birilərinin işlərinə qarışmırlar.

Azərbaycan Respublikası Konstitusiyasının 7-ci maddəsinə əsasən, Azərbaycan dünyəvi dövlətdir. Azərbaycan dövlətinin dünyəvi dövlət xarakteristikası özünü aşağıdakı amillərdə göstərir. Birincisi, rəsmi, qanuniləşdirilmiş dinin mövcud olmaması - heç bir din məcburi müəyyən edilməmişdir. İkincisi, dinin dövlətdən ayrılması. Üçüncüsü, bütün dini etiqadların qanun qarşısında bərabərliyi. Bu müddəalar Azərbaycan Respublikası Konstitusiyasının 18-ci maddəsində təsbit olunmuşdur.

Azərbaycan Respublikası Konstitusiyanın 18-ci maddəsinə görə, Azərbaycan Respublikasında din dövlətdən ayrıdır və bütün dini etiqadlar qanun qarşısında bərabərdir, insan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərin yayılması və təbliği qadağandır, habelə dövlət təhsil sistemi dünyəvi xarakter daşıyır.

Bununla belə, respublika qanunvericiliyi dini birliklər üçün aşağıdakıları müəyyən edir:



  • dini birliklər qanuna uyğun olaraq öz fəaliyyətlərini qurur və həyata keçirir;

  • dövlət orqanlarının və yerli özünüidarəetmə orqanlarının vəzifələrini icra etmir;

  • dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarına seçkilərdə iştirak etmir;

  • siyasi partiyaların və hərəkatların fəaliyyətində iştirak etmir və onlara maliyyə və digər yardım göstərmir.

Respublika idarəetmə forması. Dövlət və hüquq nəzəriyyəsi kursundan məlum olduğu kimi, dövlətin forması anlayışı özündə üç müstəqil elementi birləşdirir: idarəetmə forması, dövlət quruluşu forması və dövlət rejimi (siyasi rejim).

Azərbaycan Respublikası Konstitusiyasının 7-ci maddəsi dövlətimizin başlıca əlamətlərini göstərməklə yanaşı onu, idarəetmə formasına görə respublika kimi təsbit etmişdir. Respublikanın başlıca əlamətləri - dövlət başçısının seçkilər vasitəsilə bu vəzifəni əldə etməsi və Konstitusiya ilə müəyyən olunmuş müddətdə öz səlahiyyətlərini həyata keçirməsidir. Bu xüsusiyyətlər, respublikanı dövlət başçısı vəzifəsini tutmağın irsi xarakter daşıdığı monarxiyadan fərqləndirir.

Azərbaycan Respublikası Konstitusiyası dövlətimizi respublikanın hər hansı bir növünə (parlamentli, prezidentli, qarışıq) aid olduğunu birbaşa olaraq təsbit etmir. Dövlət başçısının konstitusion statusunun təhlili, onun hakimiyyətin digər qolları, hər şeydən əvvəl parlamentlə qarşılıqlı fəaliyyəti ölkəmizdə prezidentli respublikanın mövcudluğu haqqında nəticə çıxarmağa imkan verir.

Belə bir nəticəyə aşağıdakılar da əsas verir: prezident həm dövlət başçısı, həm də icra hakimiyyətinin başçısıdır; prezident ümumi, bərabər və birbaşa seçkilər nəticəsində xalq tərəfindən seçilir; hökumət parlament tərəfindən deyil, prezident tərəfindən təşkil olunur, prezident qarşısında məsuliyyət daşıyır və hesabat verir; hökumət parlament qarşısında deyil, prezident qarşısında istefa verir; prezidentin parlamenti buraxmaq səlahiyyəti yoxdur; parlamentin prezidentə impiçment tətbiq etmək səlahiyyəti var.



Unitar dövlət quruluş forması. Hər bir dövlətdə onun dövlət quruluşunun forması əhəmiyyətli rol oynayır. Bu həmin dövlətin mahiyyəti, habelə dövlətlə onun tərkib hissələri (inzibati - ərazi vahidləri, muxtar təsisatlar, federasiya subyektləri) arasındakı münasibətlər ilə müəyyən edilir. Öz növbəsində dövlət quruluşunun forması dövlət hakimiyyətini və onun həyata keçirilmə metodlarının mövcudluğunu möhkəmləndirir.

Dövlət quruluşu bir qayda olaraq ölkənin Konstitusiyasında və onun əsasında qəbul edilmiş digər normativ hüquqi akflarda təsbit olunur.

Azərbaycan Respublikası Konstitusiyası (7-ci maddə) dövlət quruluşuna görə respublikamızı unitar dövlət kimi xarakterizə edir.

Dövlət rejimi. Dövlət rejimi - dövlət hakimiyyətinin həyata keçirilməsi metodlarını səciyyələndirən dövlət formasının ən fəal, dinamik hissəsidir. Dövlət rejimi avtoritar və demokratik olmaqla iki qrupa bölünür.

Azərbaycan Respublikasının Konstitusiyası bizim ölkəmizdə dövlət rejiminin konkret növünü müəyyən etməklə dövlətimizin dünyanın demokratik dövlətlərindən biri olduğunu sübut etdi. Konstitusiyanın 7-ci maddəsində birbaşa olaraq Azərbaycan dövlətinin demokratikliyi təsbit edilir. Hakimiyyətlərin bölünməsi prinsipi; dövlət hakimiyyət orqanlarının və yerli özünüidarəetmə orqanlarının seçilməsi və vaxtaşırı olaraq dəyişilməsi; insan hüquq və azadlıqlarının ali dəyərlər kimi tanınması, onlara riayət edilməsi və təminatının dövlətin vəzifəsi hesab olunması; siyasi plüralizm; qanunvericiliyin əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının aliliyinin müəyyən edilməsi dövlətimizin demokratikliyini sübut edən əsas amillərdən hesab olunur.




Yüklə 218,67 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə