A n a r əsərlər I hekayələr, povestlər



Yüklə 2,48 Mb.
Pdf görüntüsü
səhifə123/168
tarix28.06.2018
ölçüsü2,48 Mb.
#52388
1   ...   119   120   121   122   123   124   125   126   ...   168

 435 

I — hissə Dantenin həyat və yaradıcılığı haqqında məruzə. 

II — hissə Böyük konsert". 

Gecənin tarixi də əllə yazılmışdı — mayın 11-i, yəni bu gün. 

Məcid: 

–Səliqəli geyin ha, Feyzulla, — dedi, — üst-başıva fikir ver, 



hökumət-zad olacaq.  

Feyzulla dili-dodağı əsə-əsə: 

–Çox sağ ol, bala, — dedi, — çox sağ ol, — ayrı söz deyə 

bilmədi. Qəhərlənmişdi. 

Evinin pilləkənlərini quş kimi çıxdı. Amma içəri girəndə 

özünü tox tutdu, təmkinlə danışdı: 

–Arvad, hazırlaş, — dedi. — Bu axşam Dantenin yubileyinə 

gedirik. 

–Hara? 

–Dantenin yubileyinə. Heç bilirsən Dante kimdir? Böyük 



İtaliya şairidir. Özü də yeddi yüz il bundan əvvəl yaşayıb.  

Həcər: 


–Bıy, mənim orda nə işim var? — dedi. 

–Bəs demirdin məni teatra, konsertə apar. Teatr, konsert 

bunun yanında nədir ki? Yubiley bilirsən nə olan şeydir? 

Təntənə, bayram. Doklad da olacaq, konsert də. Hələm–mələm 

adama bilet vermirlər. 

–Bəs sənə nə əcəb veriblər, gün hayandan çıxıb. 

–Bizə də bir gün düşər də. Altmış ildir külüng çalıram, saç-

saqqal ağartmışam. Özü də adımı da yazıblar e... Məxsusidir. 

Di yaxşı, hazırlaş, mənim də qara kostyumumu ütlə. 

Feyzulla arvadıyla nə isə təzə bir tonda, yeni bir intonasiya 

ilə, göstəriş, əmr ədasında danışırdı və qəribədir ki, arvad da bu 

tonu etirazsız qəbul edir, ərinin dediklərinə  əməl edirdi. Qara 

kostyumu sandıqdan çıxartdı, çırpdı, üstünə su səpdi, səliqəylə 

ütülədi, şalvarın bükümü taxta kimi dümdüz oldu. Yaş əskiylə 

Feyzullanın qara çəkmələrini də sildi, parlatdı.  

Yeddiyə hazır oldular. Həcər arada vaxt tapıb bir 

Anaxanımgilə də baş çəkdi, təzə xəbərdən agah elədi onu, dedi 



 436 

ki,  İtaliyadan  şair gəlib, biz də onun gecəsinə gedirik, Bakıda 

say-seçmə adamları çağırıblar. Feyzullaya məxsusi dəvətnamə 

göndəriblər.  

Bu bahar axşamı Bakının küçələri adamla dolu idi. Cavan 

oğlanlar, qızlar qol-qola gəzirdilər. Feyzulla da Həcərin qoluna 

girmişdi. Həcər qara gülməxmər paltarını geymiş, çiyninə  ağ 

ipək örpəyini salmışdı. Ayağında dikdaban qara lak çəkmə 

vardı. 

Neçə illərdən bəri ilk dəfə idi ki, belə qol-qola küçəyə 



çıxmışdılar, neçə illərdən bəri ilk dəfə idi ki, deyişmir, 

dalaşmırdılar, Həcər də deyinmirdi, gülümsünürdü. 

Feyzulla: 

–Belə görünür, bizim teatrdan bircə  mənə veriblər, — 

deyirdi. — Uşaqlardan heç biri bir şey demədi. Alsaydılar, o 

saat deyərdilər. 

Səkkizə beş dəqiqə qalmış Akademiyanın qabağına çatdılar. 

Qapını itələyib içəri girdilər. Qəribədir ki, qaranlıq idi, adam da 

gözə  dəymirdi. Geniş  mərmər pilləkənlərə  tərəf addımladılar, 

birdən səs eşidib dayandılar. Kimsə boğuq bir səslə oxuyurdu, 

səsi binanı başına almışdı: 

 

–Ermani, ay ermani,  



Paytona mindir mani. 

 

Feyzulla baxıb oxuyanı gördü. Qarovulçuydu. Qarovulçu da 



onları gördü. Oxumağına ara verib onlara yanaşdı: 

–Kimi istəyirsiz, ara? — dedi. 

Feyzulla bayaqdan bəri ovcunda hazır tutduğu dəvətnaməni 

təmkinlə qarovulçuya uzatdı. 

Qarovulçu dəvətnaməyə etina etmədən: 

–Bu nadir? — dedi. 

Feyzulla: 

–Yubiley də, — dedi, qarovulçunun gözünü döydüyünü 

görüb  əlavə etdi, — bəs yubiley burda deyil? Dantenin 

yubileyi... Qarovulçu patron kimi açıldı: 




 437 

–Ha da, gündə birinin yubileyidir. Bir gün Davıdovun, 

sabah Mamedovun, onunçün dükanda spiçka tapılmır da... 

dünən əldən almışam. Beş korobka... on beş kopeyka. 

Feyzulla və Həcər maddım-maddım qarovulçuya baxırdılar. 

Qarovulçu doyunca deyinib ürəyini boşaltdı. Sonra onlara tərəf 

döndü: 

–Yox, qardaş, — dedi. — Bu gün burda yubiley-zad yoxdur. 



Səhv eləmisiz. Yəqin ayrı gündür. 

Feyzulla: 

–Axı burda mayın 11-i yazılıb, — dedi.  

Qarovulçu özündən çıxdı. 

–Kişi, nə istəyirsən, nə qaribə adamsan, dedim yoxdur, 

vassalam. Burda heç kəs yoxdur, hamı gedib evinə, iş qurtarıb. 

Siz də çıxın gedin evinizə. 

Pilləkənlərdən addım səsi eşidildi. Yuxarıdan eynəkln bir 

oğlan düşürdü. 

–Nədir, Aristakes dayı, —deyə qarovulçuya müraciət etdi. 

Aristakes  əyilib aliminium çaynikdən bankasına çay tökür, 

zumzümə edirdi. Başını qaldırıb: 

–Nə bilim, deyir yubileyə gəlmişik, deyirəm burda yubiley–

zad yoxdur, elə manimla spor eləyir. 

Cavan oğlan Feyzullagilə yaxınlaşıb salam verdi, 

dəvətnaməni alıb baxdı, güldü: 

–Əmi, kimsə sizinlə zarafat edib, — dedi, — bu yubiley bir 

həftə bundan qabaq oldu.  

Feyzulla: 

–Axı..., –dedi və udqundu, — burda yazıblar 11 may.  

Oğlan: 

–Kimsə əlnən yalandan yazıb. Kimsə zarafat eləyib, — dedi 



və xudahafizləşib getdi. 

 

Ermani, ay ermani.  



Paytona mindir mani. 

 

Qarovulçu yenə bir ağız oxudu, səsi boş binada hamamdakı 




 438 

kimi yayıldı. 

Feyzullayla Həcər küçəyə çıxdılar. Feyzulla gözünü qaldırıb 

Həcərə baxa bilmirdi. Bilirdi ki, Həcər bu saat açılacaq: yerə 

soxum sənin fərsiz boyunu, mən də deyirəm axı... Kimdir səni 

adam yerinə qoyan? 

Amma Həcər də dinmirdi. Beləcə lal–dinməz addımlayaraq 

metro stansiyasına çatdılar.  

Həcər:  

–Metro, —dedi.  

Feyzulla boğuq səslə: 

–Hə, —dedi. 

Çırtma vursaydılar ona, qan damardı. Həcər Feyzullanın  

çoxdan yadırğadığı yumşaq və həlim səslə: 

–Gəlsənə metroya gedək, gəzək, ay Feyzulla, — dedi.  

Feyzulla: 

–İstəyirsən gedək, — dedi, sonra xəbər aldı, — heç metroya 

minmisən? 

Həcər ani sükutdan sonra: 

–Yox, —dedi, — hələ minməmişəm. 

Təbəssümə bənzər bir şey Feyzullanın dodaqlarına qondu. 

–Bah, onda kef çəkəcəksən, — dedi, — bir özgə aləmdir. 

Beş qəpikləri yarığa atdı. 

–Keç. 


Həcər keçdi.  

Feyzulla: 

–Beş  qəpik atmasaydım keçə bilməzdin, — dedi, —o saat 

adamın qıçından vurur. 

–Sən nə danışırsan. 

–Bəli, bəli, görürsən, bu da yeriyən pilləkən.  

Həcər: 

–Bıy, ay Feyzulla, bu nə qiyamət şeydir, — dedi. 



Feyzulla arvadının təəccübündən daha da həvəslənir, 

təcrübəli bələdçi kimi metronun müxtəlif möcüzələrini Həcərə 

göstərir, danışır, izahat verirdi. 



Yüklə 2,48 Mb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə