467
getmə, qızım, qal, yazım var, yaz.
Elə ki, otaqda tək qaldılar, Əvəz səsini yavaşıdıb:
–Rəhimə, —dedi. —Yazı bəhanə idi. Yazım–zadım yoxdur.
Səninlə şəxsi söhbətim var, məxfi. Məni düzgün başa düş.
Rəhimə yerindən sıçradı:
–Aaaa, ayıb olsun sizə yoldaş Əvəzov, — dedi. — Mən sizi
bir abırlı kişi bilirdim. Heç utanmırsınız. Mən bir həyalı,
ismətli, namuslu qızam. Qardaşım bilsə məni tikə-tikə
doğrayar. Əmim oğlu başımı kəsər, dayım oğlu gözümü
çıxardar. Ayıb deyil sizinçün. Arvadınızın gözünün içinə necə
baxacaqsınız. Elə bu gün görmüşəm onu, gəlmişdi sizin
maaşınızı almağa.
Əvəz qıpqırmızı qızardı:
–Ay qız, bir toxta görək, — dedi. — Sənin fikrin hara
gedib? Məsələ tamam başqa cürdür. — Əl-qərəz məsələni
Rəhiməyə açdı.
Rəhimə:
–A, — deyə fikrə getdi. — Belə de. Neçə otaqdır, deyirsiz?
Dörd? A beş?! Tək olur da. Atadan-anadan, bacıdan-qardaşdan
heç kəsi yoxdur ki... Nə? Bacısı var? Hə, sizin arvadınızdır.
Gediş-gəlişiniz yoxdur da? Aha, deməli, belə, çox yaxşı.
Namizəddir, doktor? Namizəd? Doktorluğu nə haldadır, teması
var, yazır, bir ilə müdafiə eləyər? Aha... Yaxşı, nə deyirəm,
razıyam. Amma üç şərtim var.
–Yaxşı, de görək şərtlərini.
–Birinci maddə: kiçik bacım Rəhiləni uşaq bağçasına
düzəldəcək. Ortancıl bacım Mədinəni musiqi məktəbinə
düzəldəcək, özü də skripkaya yox a, pianinoya. Kiçik qardaşım
Rəhimi instituta düzəldəcək. Ortancıl qardaşım Kərimi
aspiranturaya düzəldəcək.
–Dayan Kərim, tfu, dayan görüm, ay qız, dedin üç şərt
keçdin dördə.
Rəhimə:
–Halvaymış, — dedi. — Üç şərtim üç maddədən ibarətdir.
468
Mən hələ birinci maddənin a-sını, b-sini, v-sini və d-sini
deyirəm. Hələ dalı var, q) böyükdən kiçik bacım Səkinəni
kinoya prob eləyib bəyənməyiblər, gərək bu işi düzəltsin, çünki
qızın yaman həvəsi var çəkilməyə, e) böyük bacım Əminəni...
Əvəz cib dəftərinin əlifbasını açıb hərfləri saymağa başladı,
saçı biz-biz oldu. Rəhimə:
–j) –dedi, — böyükdən kiçik qardaşım Səlimi Neftyanikə
sol kənar hücumçusu düzəldəcək. Özü də dublidə yox a, sonra
mənə kələk kələr, əsas heyətdə.
Əvəz zəif səslə:
–Neçə bacı-qardaşsınız? —dedi.
Rəhimə:
–Məndən başqa doqquz, — dedi. — Hə, qaldı ikisi. İki əkiz
qardaşım: Valid və Xalid. Validi gərək dama federasiyasına
prezident düzəltsin, Xalidi də Dəlixanaya...
Əvəz:
–Dəlixanaya — prezident? — dedi.
–Yox, patsient.
Əvəz:
–Yaxşı, — dedi. — Birinci maddə qurtardı?
Rəhimə:
–Qurtardı, —dedi. — İkinci maddə odur ki, gərək mənə
yaxşı bir kvartira düzəltsin, pəncərələri dənizə tərəf. Eyvanı da
olsun.
—Kvartira neynirsən, ay qız. Bəhramın gül kimi kvartirası
var.
–Ana-atamı, bacım-qardaşımı da Bəhramgilə köçürdəcəm,
on iki baş külfətik, qalmışıq bir otaqda.
Əvəz köksünü ötürdü:
–Keç üçüncü maddəyə.
–Üçüncü maddə odur ki, ərim özü də, tanış–bilişi də gərək
mənə Rəhimə yox, Rayeçka desinlər.
Əvəz sevincək:
–Bax, bu oldu, əla. — dedi.
469
Üçüncü maddəni elə birinci gün düzəltdi. Birinci maddəni
yerinə yetirmək bir az uzun çəkdi. Rəhiləni bağçaya düzəltmək
üçün üç yaponski tranzistor, iki cüt çex ayaqqabısı, bir dəst
Rumıniya mebeli boyun oldu. Mədinəni musiqi məktəbinə
düzəltmək üçün qırx adamlıq qonaqlıq verməli oldu. Bağını
satıb Rəhimi instituta, Kərimi aspiranturaya qəbul elətdirdi.
Səkinəni kinoya çəkdirmək üçün rejissor haqqında radioda
yaxşı bir veriliş təşkil elətdirdi. Əminənin təyinatını kənddən
şəhərə dəyişdirdi, Səlimi Neftyanikə sol kənar hücumçusu
düzəltdi. Əvəzində kiməsə tapılmayan bir dərman boyun oldu,
kiməsə fəxri ad. Validi şaşki federasiyasının prezidentliyinə
itələmək üçün bir yaxşı yoldaşla mərc çəkib bir oturuma 25-
pors marojna yeməli oldu. Ən qəliz Xalidi dəlixanaya
düzəltmək məsələsi idi. Amma buna da əlac tapıldı. Sən demə
dəlixana direktorunun müavini filatelist imiş. Quş şəkli
çəkilmiş markaları toplayırmış. Bütün quşları yığıb
hacıleyləkdən başqa, Əvəz yerin deşiyindən hacıleylək markası
tapıb Xalidi kamal səliqəylə dəlixanaya saldırdı.
Qaldı kvartira məsələsi. Bir səhər Əvəz rayon evlər şöbəsi
müdiri Kamal Kamalovun qəbuluna gəldi. Əvvəlcə pəncərəyə
baxdı. Çünki deyirlər ki, Kamal Kamalov adamlardan
gizlənməkçün işə pəncərədən gedib-gəlir. Bir yaxşı kəndir
nərdivanı da var. Gəldi gördü heç kəs yox, qapı taybatay açıq,
gözlərinə inanmadı. Dedi yəqin yoldaş burda yoxdu. Keçdi
katibəsinə salam verdi. Katibə:
–Ələk-salam —dedi. — Xoş gəlmisiz. Bizə görə
qulluğunuz?
Əvəz dedi ki, yoldaş Kamal Kamalovu görmək istəyirəm.
Katibə:
–Buyurun, — dedi, — keçin içəri.
Əvəz Əvəzov daha böyük təəccüb içində içəri keçdi. Kamal
Kamalov dərhal masanın arxasından durub Əvəzə tərəf gəldi.
–Salaməleykum, —dedi. —Xoş gəlmişsiniz, bağışlayın tanış
deyilik. Tanış olaq. Kamal Kamalov. Çox şadam.
Əvəz:
470
–Əvəz Əvəzov, — dedi, əl verdi.
–Mənə görə qulluğunuz.
–Mənzil üçün gəlmişəm.
–Əcəb eləmisiz. Neçə otaq lazımdır?
–Üç-dörd.
–Üç-dörd, deməli yeddi. Çox gözəl. Şəhərin hansı
rayonunda?
Əvəzə elə gəldi ki, yuxu görür, ya da Kamalov onu dolayır,
amma fikirləşdi ki, nə olar olar.
–Mərkəzdə olsa yaxşıdır, — dedi. — Təzə evdə. Dənizə də
balkonu olsun. Kamal Kamalov:
–Baş üstə, gözüm üstə, — dedi, — ərizə yazmısız?
–Xeyr.
–Oturun yazın. Bu kağız, yox dayanın, bu pis kağızdı, bax
bunda yazın, əla yağlı kağızdır. Bu da qələm, bu tərəfi göy
yazır, bu tərəfi sumağı, bu tərəfi narıncı, heyf səkkiz rəngli
qələmim evdə qalıb. Hansıynan istəsəz yazın. Yazdız? Lap
yaxşı, verin dərkənar qoyum.
Kamalov Əvəzin ərizəsini götürdü, yaxşı bir dərkənar
qoydu, altında da ili, ayı, günü yazdı, saatı yazmaq istədi, qol
saatına baxdı, gördü yatıb.
–Bağışlayın, —deyə, Əvəzə müraciət elədi. —Mənim
saatım yatıb, saat neçədir?
Əvəz dedi ki, mənim də saatım yoxdur, amma bu saat
öyrənərəm. Çıxdı katibədən soruşsun, gördü katibə gedib.
Yüyürdü dəhlizə, gördü heç kəs qalmayıb, çıxdı küçəyə.
Birdən o səkidə köhnə dostu Əli Əliyevi gördü. Yanaşıb Əliyə
əl verdi, dedi:
–Köhnə dostum Əli Əliyev, nə yaxşı ki, sənə rast gəldim.
Köhnə dostum, de mənə görüm saat neçədir? Əli:
–Mehriban dostum Əvəz Əvəzov, — dedi, — nə yaxşı ki,
sənə rast gəldim. Saatı deməyinə deyərəm, ancaq, mehriban
dostum, sən də mənə bir kibrit ver, indicə...
(ardı var)
Əhməd Biqəm
Dostları ilə paylaş: |