A n a r əsərlər I hekayələr, povestlər



Yüklə 2,48 Mb.
Pdf görüntüsü
səhifə93/168
tarix28.06.2018
ölçüsü2,48 Mb.
#52388
1   ...   89   90   91   92   93   94   95   96   ...   168

 325 

istəməz düşünürsən: ayrılarkən, pul bahasına ofisiantdan xoş 

bir təbəssüm qoparıb, onun ədəbsiz davranışını unutmağa 

çalışmaqla biz də öz ləyaqətimizi alçatmırıqmı? 

Gəlin, addımbaşı belə günahlarla üzləşdiyimiz torpaqdan 

yenə  də ayrılaq — sözün həqiqi mənasında göylərə qalxaq; 

nəhəng və rahat hava gəmisinə minək. 

Bir dəfə mən xarici səfərdən qayıdarkən, təyyarə ilə birinci 

dərəcəli salonda uçmalı oldum. Salonda normal temperatur olsa 

da, mənə gah qalın yun şal gətirirdilər ki, üşüməyim, gah 

sərinləşdirici içki təklif edirdilər ki, susuz qalmayım. Yar-

yaraşıqlı stüardessalar diqqətcil və qayğıkeşdilər, yemək-

içməyimin, mütaliəmin qayğısına qalır, nazımı çəkirdilər. 

İki gündən sonra mən "dərəcəsiz" adi təyyarədə daxili reyslə 

doğma  şəhərimizə uçmalıydım; uçuşa, bir saatdan çox qalmış 

aeroporta gəldim. Onlarca başqa reys kimi bizim reys də qeyri-

müəyyən müddətə təxirə salındı. Əslində, qeyri-müəyyən vaxta 

qədər yox, hələlik çəmi ikicə saatlığa. Bəla burasındaydı ki, 

reysimiz altı, on saat təxirə salınsaydı, vaxtımı ölçüb-biçər, 

ondan səmərəli istifadə edə bilərdik. 

Amma iki saatlıq qısa vaxt səni müəyyən bir nöqtəyə - 

çamadanı qoyduğun yerə bağlayırdı, uçuş təxirə salındığından 

baqajı qeydiyyatdan keçirmirdilər, saxlama kamerasında isə 

yer yox idi. 

İki saatdan sonra bayaqkı soyuq və laqeyd səslə elan edildi 

ki, bizim reyslə  əlaqədar  əlavə  məlumat iki saatdan sonra 

olacaq. Məlumat bürosuna yaxınlaşmaq qeyri-mümkündü. Bu 

səadətə nail olanlarsa elə  qısa cavab alırdılar ki, teleqraf 

üslubuyla məşhur olan Heminqueyin özü də bu yığcamlığa 

həsəd apara bilərdi: "Xeyr, bilmirəm. Elanı gözləyin". 

Əlac nəydi, gözləyirdik. Səbirlə, itaətlə, səssiz-səmirsiz, 

ümidsiz halda gözləyirik.  İki saatdan bir yenə  vəd verib 

bildirirdilər, bəs, iki saatdan sonra uçuşun vaxtı haqqında əlavə 

məlumat olacaq. Düz on altı saat çamadanımın böyründəcə 

ayaq üstə durmalı oldum, bir yana tərpənməyə imkan yoxdu. 



 326 

Təxirə salınmış reyslərin çoxluğundan saxlama kamerası 

bağlıydı. Bufet piştaxtasına yalnız süvari həmləsiylə yol açmaq 

mümkün idi. Bütün stullar, kreslolar, divanlar, bir sözlə, 

oturulası, uzanılası, söykəniləsi bütün yerlər çoxdan, özü də 

deyəsən, əbədilik zəbt olunmuşdu. Qadınlar, uşaqlar qəzet sərib 

pilləkənlərdə uzanmışdılar... 

Məni incidən fiziki yorğunluq, aclıq, susuzluq deyildi. Məni 

ağrıdan alçalmağım idi, təyyarə limanının sərnişin xidməti 

işçilərinin qadın və kişilərin, qoca və  uşaqların, sağlam və 

xəstələrin, güclü və  zəiflərin bu dözülməz vəziyyətinə qarşı 

cinayətkar biganəliyi, laqeydliyi idi. Onlar üçün əzab-əziyyət 

içində saatlarla təyyarəni gözləyən bu adamlar ayrı-ayrı 

vətəndaş və şəxsiyyətlər deyil, bir itaətkar sərnişin kütləsiydi. 

Xalqımız ağrılı-acılı illərin bütün çətinliklərinə  mətanətlə 

sinə  gərdi. Evakuasiya - bumbuz, basırıq vaqonlar, küləklərin 

döydüyü sonu görünməyən gözləmələr... Amma onda 

müharibəydi... Rahatlıq yada düşmürdü... 

İndi dünyanın bu düz vaxtında, heyrətamiz texniki tərəqqi, 

komfort və servisin təntənəsi dövründə müasir təyyarə limanı 

öz sərnişinlərini kifayət dərəcədə çay, kofe, çörək, kreslo, ana 

və  uşaq otağı, saxlama kamerası, uçuş haqqında dəqiq 

məlumatla təmin etmək iqtidarında deyil... Mən yerimdən 

tərpənmədən on altı saat nədir, lap bütün günü və gecəni ayaq 

üstə qalaram, təki haçan uçacağımızın dəqiq vaxtını deyin, hər 

iki saatdan bir yalan vədlə  məni tovlamayın. Axı siz özünüz 

yaxşı bilirsiniz ki, uçuş iki saatlığa yox, daha uzun müddətə 

təxirə salınıb. Bunu gizlətməyin, açıq deyin. Səbəbini izah 

edin... İnandırıram ki, bu halda əsəbilik, narazılıq, qanqaraçılıq 

yarıba-yarı azalardı... Qəzet sərib quru yerdə, pillələrdə 

uzanmış uşaqlı qadından üzr istəyin. 

Xoş bir sözləmi, musiqiyləmi, nəyləsə, adamların könlünü 

alın,  qoy bilsinlər ki, mənən də olsa, onlara hörmət edir, 

onlarla hesablaşır, onların qayğısına qalırlar... 

İndi isə belə çıxırdı ki, bu rüsvayçılıq — hər iki saatdan bir 



 327 

üç-dörd kəlməylə baş aldatmaq normal haldır, guya elə belə də 

olmalıdır. Üzr istəmək nədir... "Üzr istəməyə, musiqi çaldırıb 

camaatı  əyləndirməyə vaxt hanı, biz burda işlə  məşğuluq" - 

yəqin ki, onların cavabı belə olardı. Adamlara insani 

münasibəti intelligent ədası, sentimentallıq və iradəsizlik hesab 

edən "sərt iş adamları" indi burada təyyarə limanında hansı işlə 

məşğul olduqlarını  və bu fəaliyyətin hansı  nəticələrə  gətirib 

çıxardığını əyani şəkildə nümayiş etdirirdilər! 

Reysimiz elan olunanda bir həngamə başladı ki, gəl görəsən. 

"Titanik"in sərnişinləri qayıqlara cuman kimi, biz də 

təyyarənin trapına tərəf yüyürdük Sankyulotlar  Bastilyaya 

hücuma keçən kimi, biz də son gücümüzü toplayıb səmaya 

həmlə elədik. Təyyarədə güc-bəla yerimizi tutduq və bu 

xoşbəxtlik məqamından stüardessa diktor avazı ilə bildirdi ki, 

heyət dincəlməyə gedib, təyyarə ancaq səhər    (gecəyarısı idi) 

havaya qalxacaq. Sonra da əlavə elədi ki (elandan məqsəd də 

elə bu idi), bütün sərnişinlər uçuşa qədər daha doğrusu, səhərə 

kimi təyyarəni tərk eləməlidirlər. Bu artıq biz sərnişinlərin 

ləyaqətini tapdalamaq deyil, sağlam düşüncəyə meydan 

oxumaq idi. Buna görə qərara aldıq ki, sankyulotlar barrikada 

qurub mudafiə olunduqları kimi biz də kresloları  səngərə 

çevirək, min əziyyətlə  əldə etdiyimiz "ərazidən" bir addım da 

geri çəkilməyək. Stüardessa hansısa qanuna istinadən bizi 

milislə  hədələdi. Demə, qədəmləri mübarək bu qanun 

sərnişinlərə məcburi gözləmə vaxtı təyyarədə, rahat kreslolarda 

keçirməyi qəti qadağan etsə  də onların saatlarla ayaq üstə 

qalmasına məşəqqət çəkə-çəkə gözləməsinə əsla etiraz eləmir... 

Bir uşaq... vay-şivən saldı. Ana: — zəhmət olmasa, uşağa su 

verin, - deyə stüardessadan xahiş elədi: 

Stüardessa laqeydcəsinə. 

—Uçuşa və  təyyarə lazımi yüksəkliyə qalxana qədər su 

butulkasını açmaq qadağandır, - dedi və sonra çox dəyərli bir 

məsləhət verdi. — Səhərə kimi dözün. 

Uşaq daha möhkəm fəryad qopardı. 



Yüklə 2,48 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə