336
Görürsən ki, biri düz danışmır. Denən ona ki, siz, görünür
məsələyə hərtərəfli nəzər salmamısınız, mənə elə gəlir ki, bu
məsələyə bir də baxsanız, mənimlə razılaşarsınız. Yoxsa sənin
kimi: siz heç bir şey qanmırsınız, nadansınız, cahilsiniz. Ona
görə də...
–Ona görə də, – dedim, – sənin bu siyasətçiliyin lap məni
boğaza yığıb.
–Yaxşı, görürəm ki, səninlə adam kimi danışmaq olmaz.
Gedək bizə çay içməyə...
Firuzun arvadı:
—Bilirsən, – deyirdi, – heç birimiz onu öyrətməmişik.
Bilmirəm heç bu sözləri hardan bilir, özü tapıb, deyir: anna,
atta.
O bir yaşı təzə tamam olmuş oğullarından danışırdı. Firuz o
biri otaqda ev paltarlarını, məstlərini geyinib gəldi.
—Doğrudan, — dedi, — qəribədir. Bilirsən mən təzə bir
nəzəriyyə icad eləmişəm. Mənə elə gəlir ki, dili uşaqlar yaradıblar.
Böyüklər yox, məhz uşaqlar. Biz — böyüklər də onların düzəltdiyi
sözlərdən istifadə edirik. Seymur əmisi, de görüm, harda belə şirin
bala görmüsən, kimin belə oğlu var, hə?..
Nə qədər eləyirdim telefon nömrəsini yada sala bilmirdim.
İkinci yarısı yadımda idi, əvvəlindəki iki rəqəmi də yadımda
idi, üçüncü rəqəm sıfır idi, bəs ikinci – yadıma sala bilmirdim
ki, bilmirdim.
–Bura bax, Səmayə, o axşam sən hansı rəqəmi dedin?
–Hansı axşam? Nə rəqəm?
İzah etməli oldum. Bir yığın zarafata, gülüşə, fərziyyəyə,
məsləhətə qulaq asmalı oldum. Ələ saldılar, doladılar, başıma
ağıl qoydular. Amma hamısı bir yana – qapıdan çıxanda
Səmayə dedi:
–Hə, yadıma düşdü: doqquz. Mənim trolleybusumun
nömrəsidir.
–Allo. Salam. Mənəm.
337
–Salam. Kimdir?
–Nə tez unutdunuz. Yadınızda, mən sizə zəng eləmişdim.
Üç gün bundan qabaq. Elə bu vaxtlar idi.
–Onda səsiniz başqa idi, – dedi və istehzayla əlavə etdi, – ya
bəlkə bu səfər danışan başqa adamdır. Keçən səfər evlənənin
başqa dostu təklikdən şikayət edir. Məşğulətçin telefon
macəralarına qurşanmısız.
O, sərt və kəskin danışmağı bacarırdı.
–And olsun ki, mənəm. Yəqin keçən səfər səsim sərxoş səsi
idi, onunçun tanımadız. İndi necə, tanıyırsınızmı?
–Hə, indi tanıdım. Mənə elə gəldi ki, başqa adamdır,
bağışlayın, – o, arxayınlıqla güldü. – Deməli, bu gün ayıqsınız.
–Yüz faiz. Ayıq vaxtımda zəng elədim ki, mənim haqqımda
yanlış təsəvvürünüz olmasın. Sonra elə bilərsiz içkibazam.
İldə-ayda bir dəfə içirəm.
–Yaxşı ki, zəng elədiniz, yoxsa bu axşam mən də yaman
darıxırdım. Radiom xarab olub.
–Siz həmişə belə gec yatırsınız?
–Hə, mən gecə yarısına qədər radioya qulaq asıram. Amma
bu gün radiomun lampası xarab olub, lap dəli kimiyəm.
Dəstəkdən piano səsi eşidilirdi. Lap uzaqdan eşidilirdi.
–Siz suallara cavab verməyi sevmirsiz, amma deyin, kimdir
bu geçə vaxtı piano çalan?
–Aa, – o güldü. – Bizdə deyil, qonşudadır. Bir zəhlətökən
qızdır ki, səhərdən axşamacan çalır. Divarlar nazikdir, bu
qammalar məni lap cəzana yetirib. Radiom işləyəndə heç
olmasa eşitmirəm onun çalmasını.
–Radioyla nəyə qulaq asırsınız ki?
–Efir evimin içi kimidir. Bax burda həmişə gecə konserti var
– elə bil mən onun radio-dalğaları üzərində gəzən barmaqlarını
görürdüm – burda da kəsik-kəsik melodilərdir, uzaq okeanların
üstündən uçub gəlir. Burda həmişə tufan uğuldayır, burda da
anlamadığım bir dildə danışırlar. Burda həmişə səs-küy olur.
Konferansye zarafat edir, camaat gülür, əl çalır, mən sözləri
338
başa düşmürəm, amma hamı gülür, fit verir, əl çalır, mən də
şənlənirəm. Burda da nə isə intim bir verilişdir. Kişiylə qadın
lap yavaş, pıçıltıyla danışırlar, mikrofonda nəfəslərini də
eşidirəm. Radio qəribə şeydir. Elə bil bütün dünya mənim
otağımdadır. Dünyanın gecəsi. Göy, melodiyalar, dramlar,
təyyarələr...
–Təyyarələr niyə?
–Qulaq asın, – dedi. Başa düşdüm ki, susub dinləyir, Mən də
qulaq verdim və bir qədər sonra təyyarə uğultusu eşitdim.
Görəsən bu təyyarə bizim evin də üstündən keçəcəkmi?
Görəsən onun evi hansı səmtdədir, şəhərin hansı tərəfində?
–Radioyla təyyarələr qohumdurlar, eləmi? – deyə qəfilcə
soruşdu.
–Hardan qohumdurlar ki?
–Səmadan, – dedi və yenə susdu. İndi dəstəkdən təyyarə
uğultusu deyil, yenə də bayaqkı kimi yeknəsəq qammalar
eşidilirdi.
–Mən elə hey danışıram, danışıram, siz isə susursunuz. Siz
də mənə bir şey danışın.
Özüm də özümə təəccüblənə-təəccüblənə, bilmirəm heç
niyə mən bu yad adama heç kəsə danışmadıqlarımı danışmağa
başladım. İşdəki çətinliklərimdən, köhnə dostum Firuzla günü-
gündən uzaqlaşmağımızdan, elmi rəhbərimi neçin
sevmədiyimdən, müzakirədə ona ağzımdan çıxanı dediyimdən
və başqa-başqa bu kimi şeylərdən. Ona heç bir dəxli olmayan
şeylərdən. Niyə mən bunları məhz ona danışırdım? Özüm də
bilmirəm. Amma özümü saxlaya da bilmirdim.
Birdən özümə gəldim. Tələsik onunla xudafizləşib dəstəyi
asdım.
Evimə
tərəf addımlaya-addımlaya düşünürdüm.
Düşünürdüm ki, bunu kimə danışsam inanmaz. Doğrudan da
tanımadığın, üzünü belə görmədiyin adama qəlbini necə açmaq
olar. Mən onun haqqında nə bilirdim? heç nə. Bircə onu
bilirdim ki, gecələr o, radio dinləməyi sevir, qonşusu isə
339
pianoda qamma çalır.
Bu hekayənin iştirakçılarından biri – telefondur. Mən
telefon haqqında bir neçə kəlmə demək istəyirəm. Son vaxtlar
mən telefonlar barəsində çox düşünürdüm: onlar mənə qəribə
və müxtəlif cür görünürdülər. Bizim laboratoriya müdirimizin
otağında – masanın üstündə qara bir telefon aparatı var. Hər
dəfə bu aparata baxanda mənə elə gəlirdi ki, onun xətti dinamik
məftilinə oxşayır. Müdirin daima nigaran, daima təlaşlı, qorxu
çəkən gözlərinə baxanda mənə elə gəlirdi ki, bu telefonu onun
otağına gec partlayan mina kimi qoyublar. O hər zəngdən, hər
hərəkətdən diksinirdi. Yəqin ona elə gəlirdi ki, bu mina –
telefon hər dəqiqə bəd bir xəbərlə partlaya bilər. Bir gün zəng
eləyib ona deyəcəklər ki, səni işdən çıxarıblar, yaxud arvadın
qaçıb...
Kanselyariyamızda da telefon vardı. Amma diski rəqəmsiz,
bağlı, qara bir dairə idi, elə bil möhürlənmişdi. Mənə elə gəlirdi
ki, bu telefon təkərsiz maşın, ünvansız məktub kimi köməksiz
və acizdir. O, sanki mütiliyin, asılılığın, passivliyin,
təşəbbüssüzlüyün rəmzi idi – sənə zəng vura bilirlər, amma sən
heç kəsə zəng vura bilmirsən. Bu tipli telefonların müqabilində
telefon avtomatlar da mövcud idi. Telefon avtomatlar disksiz
telefonların tam əksi idi. Sən zəng edə bilirsən, amma sənə
cavab verə bilmirlər. Zəng elə ağzına gələni de, lap söy, kim
səni tapacaq? Telefon avtomatlar – cəzasızlığın,
məsuliyyətsizliyin, özbaşınalığın rəmzi idi. Onların üstünlüyü
bombardmançı
təyyarənin silahsız gəmi üzərindəki
üstünlüyünə oxşayırdı.
Bilsəniz evimdə telefon olmamasına nə
qədər
hayıfsılanırdım. Əlimə keçən iki qəpikləri Hacı Qara kimi
xəsisliklə yığır, gizlədirdim. Tanış-bilişdən iki qəpik
toplayırdım, imkan düşən kimi ayrı pulu xırdalayıb iki qəpiklik
alırdım.
Hər gecə ona zəng eləyirdim. Həmişə də gec zəng
eləyirdim. Bu, vərdiş və adət halını almışdı. Bu söhbətlərə
Dostları ilə paylaş: |