A n a r əsərlər I hekayələr, povestlər



Yüklə 2,48 Mb.
Pdf görüntüsü
səhifə97/168
tarix28.06.2018
ölçüsü2,48 Mb.
#52388
1   ...   93   94   95   96   97   98   99   100   ...   168

 340 

alışmışdım – onun bir az yorğun, bir az istehzalı, bir az kədərli 

səsinə, divar dalından eşidilən yeknəsəq qammalara, radionun 

güclə sezilən nəfəsinə, təyyarə  uğultusuyla dolu pauzalara. 

Mən indi onun haqqında bəzi şeyləri öyrənmişdim, amma çox 

az  şey. Bilirdim ki, adı  Mədinədir, tək yaşayır. Bilirdim ki, 

gözləri qonurdu, çəkməsinin nömrəsi otuz beşdir. Bundan artıq 

heç nə bilmirdim. 

Bir dəfə soruşdum: 

–Neçə yaşındasınız? 

–Eh, qoca qarıyam, nəvələrim, nəticələrim var, – dedi və 

mən onun cavan səsindən duydum ki, məni dolayır. Və bir də 

bildim ki, nə yaşından danışmaq istəyir, nə işindən, nə də ailə 

vəziyyətindən. Mən də inad edib soruşmurdum. O özü də bu 

barədə  məndən bir şey soruşmurdu, amma bilirdi ki, iyirmi 

doqquz yaşım var, subayam, elmi idarədə  işləyirəm. Bircə 

adımı bilmirdi. Nədənsə ona əsil adımı deyil, başqa ad 

demişdim: Rüstəm. Niyə? Bilmirəm. Bəlkə onun da əsil adı 

Mədinə deyildi, başqa idi. 

–Axı biz haçan görüşəcəyik? 

–Neylirsiz görüşməyi? – dedi. – Bəyəm belə pisdi? Sizi 

bilmirəm, amma mənimçün bu telefon söhbətləri çox xoşdur. 

Həyatıma nə isə təzə bir şey gətirir. Mənə xoşdur ki, müəyyən 

saatlarda zəng gözləyirəm. Zəng eləyən adamı heç tanımıram, 

üzünü də görməmişəm, ona görə də onunla açıq danışa bilirəm, 

o da ürəyindəkiləri mənə deyə bilir. Məni heç vaxt görməyib, 

heç təsəvvür də eləmir ki, necəyəm. Məgər bu pisdir?! 

Görüşərik, bir-birimizi bəyənmərik, hər şey də pozulub gedər. 

Əgər bir-birimizi bəyənsək belə yenə hər şey dəyişər, adiləşər, 

bayağılaşar. Gəlin  əlaqələrimizi elə bu şəkildə saxlayaq. 

İnandırıram sizi, bu, daha yaxşıdır. Ondansa işinizdən danışın. 

O məsələ necə oldu? Davanızı deyirəm? Ötüşdü? 

–Yox. Ərizə vermişəm, gedirəm ordan. 

–Hara? 


–Hələ bilmirəm. Siz nə məsləhət görürsünüz? 


 341 

O, cavab vermədi və mən təyyarə uğultusunu eşitdim. 

 

Yeni ili Firuzgildə qarşılayırdıq. Təzə bəylə gəlin – Rasimlə 



Fəridə  də  gəlmişdilər. On ikiyə on dəqiqə qalmış masanın 

arxasına keçdik. Masanı Firuzun arvadı, başqa arvadların 

iştirakıyla çox yaraşıqlı düzəltmişdilər. Mən hamıdan gec 

gəlmişdim, soyuq idi, qarlı-çovğunlu küçədən sonra evin istisi, 

işığı adama daha xoş gəlirdi. 

Saat on ikini vurdu, bir-birimizi qucaqlayıb öpdük, hamıya, 

hamıya xoşbəxtlik, səadət arzuladıq və Firuz dedi ki, bu il 

tarixi il olacaq – Seymur evlənəcək. Biz bir qədəh də içdik və 

Firuz məni kənara çəkdi. O, axşamdan içmişdi, lap dəm idi və 

qədəhin böyründən tutub tək bir mənim sağlığıma tost deyirdi. 

Özü də ancaq mənə deyirdi. 

–İçirəm sənin sağlığına. Həmişə belə olasan. Mərd, 

prinsipial, amma bir az da ülfətli, qılıqlı, rəftarlı. Həyata açıq 

gözlə baxasan. Bilirəm ürəyində mənə gülürsən, bəlkə də nifrət 

edirsən. Elə bilirsən ki, mən də bax bütün bunlardan – o par–

par parıldayan təzə mebelini göstərdi, – ya da Səmayənin 

şubasından ötrü mənliyimi satmışam. Yox. Mən heç bir vaxt 

vicdanımın əleyhinə getmərəm, heç vədə elə söz demərəm ki, 

vicdanım onu qəbul eləməsin. Buna əmin ola bilərsən. 

Amma… – o, pauza verdi, – amma gərək adamın ağlı başında 

olsun. Xoruz kimi atılmasın hər dəqiqə ortalığa. Elə yer var 

gərək çəkiləsən, güzəştə gedəsən, elə yer də var ki, gərək 

qabarasan, sözünün üstündə möhkəm dayanasan. Bəzi xırda 

işlərdə güzəştə getmək lazımdır ki, böyük işlərdə getməyəsən. 

–Bəlkə də sən haqlısan. Amma mənimçün bu haqq—hesab 

çox qəliz məsələdir, burda geri çəkil, orda irəli çıx, mən belə 

idmandan baş çıxara bilmirəm. 

O, əlini yellədi: 

–Ay-hay. Yaxşı, gəl içək. Yeni ildən harda işləyəcəksən? 

–Qəzetdə, – dedim. – Dünəndən əmrim verilib. 

–Özün bilən yaxşıdır, amma məndən soruşsan nahaq getdin. 



 342 

O, royalın arxasına keçdi, çalmağa başladı, arvadı da oxudu. 

Bizim radionun son mahnılarından biri idi. Birdən mənim 

yadıma qammalar, sonra isə radio düşdü. 

–Tost demək istəyirəm, – dedim. 

Hamı təəccüblə mənə baxdı, bilirdilər ki, mən heç vaxt tost-

zad deyən deyiləm. 

–Bax, biz hamımız burdayıq, bir yerdə, kefimiz də sazdır. 

Gəlin amma fikirləşək görək bu axşam tək qalanlar neyləyir? 

Məsələn, növbətçilər, yol baxıcıları. 

–Kim, kim? – deyə ordan-burdan səsləndilər. 

–Yol baxıcıları deyirəm. Bəli, o yol baxıcıları ki, qatarların 

cədvəlini  əzbər bilir, təpə-tənha daxmalarından gecə vaxtı, 

qarda-çovğunda yola çıxıb qatarları ötürürlər. 

Rasim: 

–Dinməyin, deyəsən aşnamız dəmdir, – Hamı  bərkdən 



gülüşdü. Firuz tez mənə baxdı və ayağa durdu: 

–Dayanın, dayanın, – dedi. – Deyəsən xətrinə dəydi. Xahiş 

edirəm gülməyəsiz, məsələ ciddidir. Deməli, yol baxıcılarının 

sağlığına, eləmi Seymur? 

Hamı qədəhləri qaldırdı. 

–Yox, — dedim, — mən yol baxıcılarının sağlığına demək 

istəmirdim. Sözümü ağzımda qoyduz. Mən başqa bir adamın 

sağlığına içmək istəyirdim və bax, əgər dolayıb eləsəz, məndən 

inciməyin. 

–Pah atonnan. Yaxşı, de gəlsin... 

–Mən bir adamın, bir tək-tənha, yalqız adamın sağlığına 

içmək istəyirəm.  İndi o, oturub radionun qabağında. O, bütün 

radiostansiyaların proqramını, cədvəlini bilir. Yol baxıcısı 

qatarların qarşısına çıxan kimi o da efirdəki konsertlərin 

qabağına çıxır. Bütün dünya onun otağındadır, bütün bu 

dünyayla birlikdə o necə təkdir... 

Mən bir qurtuma qədəhi başıma çəkdim. 

Hamı  səssiz-səmirsiz içdi, təəccüblə baxışdı, amma bir şey 

demədi. Bir azdan sonra isə başqa  şeylərdən danışmağa 



Yüklə 2,48 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə