A n a r əsərlər I hekayələr, povestlər



Yüklə 2,48 Mb.
Pdf görüntüsü
səhifə95/168
tarix28.06.2018
ölçüsü2,48 Mb.
#52388
1   ...   91   92   93   94   95   96   97   98   ...   168

 332 

Səni görməyə  də bilərdim. Zəng edirdim, səsini eşidir və 

deyirdim: əzizim, əlin niyə belə soyuqdur? 

Səni görməyə  də bilərdim, amma məsafədən belə 

duyurdum. Sahil kəndlərinin sakinləri dənizi görməyəndə belə 

onu duyduqları kimi. 

İndi isə dəniz qeyb oldu. Yoxa çıxdı. 

Min dəfə  təkrar olunan əhvalat mən, sən, bir də o, əlbəttə. 

Amma bir də telefon.  

Hər şey Rasimin toyundan başlandı. 

Firuz tostunu davam etdirirdi: 

–Biz beş yoldaş idik. Lap o filmdəki kimi, yadınızdamı: 

onlar beş nəfər idi. Mən, Kamal, Murad, Rasim, Seymur. Bizi 

bir-bir fəth etdilər, bir-bir boyunduruğa saldılar. Bax, bunlar 

saldı – bizim xanımlar. Hələ evdə də bir çətən külfətimiz var – 

oğul-uşaq. Bəli, külfət bizi basdı, yaman basdı – hamı gülüşdü. 

– Bu gün də biz Rasimi itiririk. Heyf ondan. Əlbəttə, mən 

zarafat edirəm. Xoşbəxt olun Fəridə, Rasim. Mən sizə çoxlu 

səadət, cansağlığı, uzun ömür arzulayıram. Oğullu, qızlı 

olasınız. Amma sizin sağlığınıza içmişik, yenə içəcəyik.  İndi 

bu badələri mən axırıncı igidin saqlığına – bizim canımız-

ciyərimiz Seymurun sağlığına qaldırmaq istəyirəm. Subaydı-

sultandı. Sağ ol, var ol, bülbül ol, qəfəsdə olma. 

Hamı  mənə baxırdı, gülüşlərin və badələrin cingiltisi 

arasından tanış üzləri görürdüm – dostlarımın üzlərini. Üzlərdə 

sevincli, bir qədər də təəccüblü ifadə vardı. 

Qonaqlar dağılışanda biz hamımız – Firuz, Kamal, Murad 

arvadlarıyla, bir də  mən tək, bir yerdə  çıxdıq. Biz yatmış 

şəhərin gecəli küçələriylə addımlayırdıq və birdən Firuzun 

arvadı mənim qoluma girdi: 

–Yaxşı, Seymur, sənin toyunu haçan eləyirik? 

–Uzaq gələcəkdə. 

–Belə niyə? Yoxsa sən bu naqqalın sözlərinə inanırsan? – O, 

şıltaq bir nəvazişlə ərinin böyrünə qısıldı. – Elə bilirsən ki, ailə 

həyatı cəhənnəmdir. 



 333 

Firuz: 


–Özünə layiq qız tapa bilmir, – dedi. 

–Doğrudan? Uşaqlar, eşidirsiniz? Gəlin Seymura bir qız 

tapaq. Səninçün Bakının ən gözəl qızını tapsaq, evlənərsən? 

–Mütləq, – dedim, – ancaq bir şərtlə. Gərək, bax elə bu saat, 

bu dəqiqə tapasınız. Yoxsa fikrimi dəyişərəm. 

–Kamal: 


–Gözümün işığı, – dedi, – gecənin bu vaxtında sənə hardan 

qız tapacağıq? Küçədən tapmayacağıq ki... həm də gecənin bu 

vaxtında küçələri gəzən qızı almazsan yəqin. 

–Bəli, – dedim, – tamamilə doğru buyurursunuz. Odur ki, bu 

söhbəti xətm edək. 

–Mənim bir təklifim var, gəlin Seymura telefonla qız tapaq. 

Budur, bax, avtomat da var. 

–Gözəl fikirdir, – dedim, – amma iki qəpikliyim yoxdur. 

Hər tərəfdən mənə iki qəpikliklər uzatdılar. Budkaya girdim. 

–Nömrəni deyin.  

Firuz: 

–Əşi, ağlına gələn nömrəni çək, – dedi. – Məsələn... – 



birdən o, sözünü yarımçıq qoydu. – Yox, qardaş, keçəl suya 

getməz. Birdən qayınananla yola getmədin, yapışacaqsan 

mənim xirtdəyimdən. 

–Qorxaq, – dedim, – məsələ  də bundadır. Evlənmək ciddi 

işdir. Heç kəs məsuliyyəti boynuna götürmür. Kamal, bəlkə sən 

deyəsən. 

–Mənim bir təklifim var, – deyə Firuzun arvadı sözə qarışdı. 

Onun həmişə bir təklifi olurdu, – heç kəs boynuna məsuliyyət 

götürmək istəmir. Gəlin onda məsuliyyəti bölüşək. Hərə bir 

rəqəm desin. 

Firuz: 

–Əla, – dedi. O həmişə arvadının təkliflərini bəyənirdi. – 



İki. Mən iki çəkdim. Firuzun arvadı: 

–Doqquz, – dedi. 

Kamal: 



 334 

–Sıfır, – dedi və arvadına baxdı, – sən de. 

–Mən? Nə deyim, bilmirəm... yaxşı, dörd. 

Murad: 


–Beş, – dedi. 

Bircə Muradın arvadı heç nə deyə bilmədi, çünki dəstəkdən 

artıq kəsik siqnallar eşidilirdi. 

–Nişanlım yatıb,  — dedim. Hamı gülüşdü. Mən dəstəyi 

asdım. 

Yolumuza davam etdik, yavaş–yavaş dağılışdıq, hərə öz 



evinə getdi və  mən, nədənsə, özümü çox tənha hiss elədim. 

Dəniz bağına qayıtdım, uzun müddət adamsız bulvarı 

dolandım, qaranlıq dənizə  və uzaqdakı  rəngbərəng buylara 

baxırdım, birdən zəng elədiyim telefon nömrəsi yadıma düşdü. 

Gecə saat iki idi. Mən yaxındakı avtomat budkasına girdim, 

yarığa iki qəpiklik saldım və nömrəni yığdım. 

Telefonun dəstəyindən qadın səsi eşidildi. Yuxulu səs də 

deyildi, belə – azacıq yorğun, azacıq da təəccüblü. 

–Bəli. 

–Salam. 


–Salam. Kimdir? 

–Mənəm. Gəlin tanış olaq. 

Mən sillə kimi üzümə vurulacaq sərt cavab gözləyirdim. Ya 

da elə bilirdim ki, üzünə  çırpılan qapı kimi dəstək də birdən 

asılacaq. Amma nə söydü, nə asdı. Səsi əvvəlki kimi sakit idi. 

–Axı tanışlıq üçün vaxt bir az gecdir. 

–Gecdir? Xeyr, əsla!  Əsil vaxtdır. Mən bu saat ən yaxın bir 

yoldaşımın toyundan çıxmışam. Bu, mənim axırıncı subay dostum 

idi. Mənə elə gəlir ki, bu gün onun toyu yox, yası idi. 

–Vay, vay, vay. Elə niyə deyirsiniz? Bəs siz özünüz evli 

deyilsiniz? 

–Yox. Bəs siz ərdəsiniz? 

O güldü. 

–Tanışlığın elə birinci dəqiqəsindən hər  şeyi bilmək 

istəyirsiniz? 



 335 

–Bağışlayın, siz allah. Elə bilməyin ki, mən telefon 

xuliqanlarındanam. Yox, nədənsə, təklikdən bağrım çatlayır. 

Odur ki, dedim zəng eləyim, bir adamla danışım. 

–Bəs mənim nömrəmi hardan tapdınız? 

–Təsadüfən. Ağlıma gələn rəqəmləri yığdım, vəssalam. 

–Əcəbdir. 

–Bilirsiniz, bir az içmişəm, odur ki, özümü çox yalqız hiss 

eləyirəm. 

–Olur, eybi yoxdur. 

–Sizinlə görüşə bilərik? 

–Yox, bax, bu baş tutan iş deyil. Gəlin belə danışaq.  İndi 

gecdir. Gedin evinizə, yıxılıb yatın. Səhər duracaqsız, bütün 

dərdi-qəminiz uçub gedəcək. Görərsiz. 

–Axı  mən sizi görmək istəyirəm, heç olmasa danışmaq 

istəyirəm sizinlə. 

–Telefonumu ki, bilirsiniz. Sabah ayılandan sonra yenə  də 

görsəz ki, mənimlə danışmaq istəyirsiz, zəng eləyin. 

–Doğrudan? 

–Doğrudan. Gecəniz xeyrə qalsın. 

–Xeyrə qarşı. Sabah sizə zəng eləyəcəyəm. 

Gülməlidir vallah, amma dəstəyi asıb boş, adamsız küçələrlə 

addımlayarkən mənə elə  gəlirdi ki, daha mən də  tək deyiləm. 

Mənim də kimimsə var. 

Səhərisi gün, təbii ki, mən zəng eləmədim. Bütün günü yüz 

əlli iki min işlə  məşğul oldum və  hər  şeyi unutdum. Bir neçə 

gündən sonra iş planının müzakirəsində laboratoriya 

müdirimizlə möhkəm toqquşdum. O həm də  mənim elmi 

rəhbərim idi. 

Müzakirədən sonra Firuz məni evlərinə apardı. Biz onunla 

bir institutda işləyirdik. Yolda o mənim başıma ağıl qoyurdu, 

deyirdi ki, cırtqoz olma, hər  şey üçün partlama. Əgər 

haqlısansa da həqiqəti ifadə  və müdafiə etməyin müxtəlif 

formaları var. Hamını özünə düşmən eləməklə heç kəsi 

inandıra bilməyəcəksən. Bir az rəftarın olsun, qılığın olsun. 



Yüklə 2,48 Mb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə