A n a r əsərlər I hekayələr, povestlər



Yüklə 2,48 Mb.
Pdf görüntüsü
səhifə98/168
tarix28.06.2018
ölçüsü2,48 Mb.
#52388
1   ...   94   95   96   97   98   99   100   101   ...   168

 343 

başladılar. 

Mən dəhlizə  çıxdım, nömrəni yığdım və dinləməyə 

başladım. Dəstək susurdu. "Bu da sənin yol gözətçin – deyə 

düşündüm. – Nahaq sən onun dərdini çəkirsən. O da yəqin 

hardasa yeni ili qarşılayır. Niyə də qarşılamasın axı?" 

Sonra mən yenə zəng elədim. İstədim ki, yeni ilini Moskva 

vaxtıyla təbrik eləyəm. Cavab çıxmadı, bir saatdan sonra yenə 

zəng elədim, Praqa vaxtıyla yeni ilini təbrik etmək istədim, 

yenə hay vermədi. Bir saat da keçdi, yenə zəng elədim. Hansı 

vaxtla yeni il idi bilmirəm, bəlkə Qrinviç vaxtıyla. 

Nəhayət, səhər altının yarısında, küçədəki avtomatdan zəng 

eləyəndə cavab çıxdı. 

–Sizi Atlantik yeni iliylə  təbrik edirəm, – dedim. Yəqii ki, 

nə demək istədiyimi başa düşmədi, mən də izah eləmədim. 

–Sizsiz? İndicə girmişəm qapıdan. 

–Bilirəm. Bütün gecəni sizə zəng vurmuşam. 

–Rəfiqəmgildəydim. 

–Dəxli yoxdur, – dedim, – yeni ildə mən sizə vacib bir şey 

demək istəyirəm. Mən sizi sevirəm. Özü də dəliçəsinə sevirəm. 

–Belə de. — O güldü. — Əcəb  şad xəbərdir. Yeni il pis 

başlamır. 

–Siz mənim  əzizim, gözümün işığısınız, bilmirəm hansı 

sözləri demək lazımdır, amma mən heç kəsi belə sevməmişəm. 

Bilirəm, sizə gülməli gəlir, axı biz heç bir–birimizi 

görməmişik. Amma neyləmək, bu belədir ki, var. Mən sizsiz 

yaşaya bilmərəm. 

–Daha doğrusu, mənim telefonumsuz, – dedi. – Bilirəm, bu 

sözlər havayı söhbətdir, amma hər halda onları eşitmək xoşdur. 

İlk dəfə idi ki, bizim söhbətimizi qammalar müşayiət 

etmirdi. Səhər açılırdı. Mən vaxtilə musiqi məktəbində 

oxuduğuma görə  ağlıma belə bir bənzətmə  gəldi – həyatın 

xromotik qamması – ağ  və qara pərdələrin – gündüzlərin və 

gecələrin, yaxşı, işıqlı günlərin və pis, qaranlıq günlərin 

ardıcıllığı... 



 344 

–Mən sizi haçan görəcəm axı? Amma siz düz deyirsiniz, 

görüşməyək. Bu məhəbbətin  ən gözəl formasıdır, bir-birimizə 

telefon xətləriylə bağlanmışıq. Gözəl əlaqədir. 

–Birtərəfli əlaqədir, – dedi, – o, mənada ki, mənə zəng edə 

bilirsiz, amma mən sizə yox. 

–Bəli, ona görə də  mən sizi görməliyəm. Ünvanınızı deyin 

bu saatca gəlim ora. 

–Xahiş edirəm sizdən, — dedi və səsində ağrı duydum. —

Xahiş edirəm bu sevinci məndən almayın. Belə  təklifi mənə 

çoxları edir. Siz də etsəz, sizinlə də salam-kəlamım kəsiləcək, – 

susdu, sonra əlavə etdi, – amma sizə mən çox isnişmişəm. Siz 

ilk adamsınız ki, ərimin ölümündən sonra özümə yaxın, 

məhrəm bilirəm. 

Yanvarın ikisində təzə işimə gəldim. Bütün günü böyük bir 

materialı redaktə etdim, işin axırına yaxın makinaçıya verdim. 

Dedim ki, mütləq səhərə hazır edin. Kanselyariyanın qabağında 

böyük bir siyahı asılmışdı – işçilərin familiyaları  və telefon 

nömrələri. Mən gözucu bu siyahıya nəzər saldım və birdən 

diksindim – elə bil tanımadığım adamlar içində tanış bir sifət 

görmüşdüm. 

–Vəlizadə kimdir? – deyə xəbər aldım. 

–Bizim makinaçıdır. İndicə material verdiz e, ona... Nədir ki? 

Mən pəncərədən baxdım. Qonur gözlü makinaçı 

pilləkənlərlə aşağı düşürdü. Dikdaban çəkmələri – tuk-tuk-tuk, 

– pilləkəndə  səslənirdi və  mən bilirdim ki, onun çəkməsinin 

nömrəsi otuz beşdir. 

 

Bu, lap nağıla oxşayırdı. Tale bizi bir idarədə 



rastlaşdırmışdı, amma o hələ bu barədə bir şey bilmirdi. İndi o, 

makinasında mənim verdiyim böyük materialı yazarkən heç 

ağlına da gətirmir ki, bu materialı ona mən vermişəm, yəni, 

bilir ki, mən vermişəm, amma bilmir ki, mən oyam, yox, daha 

doğrusu, necə deyim, mən – mənəm. 

Mən özümü saxlaya bilmirdim, bu yeniliyi ona çatdırmaq 




 345 

istəyirdim, avtomatdan ona zəng elədim.  İlk dəfə belə erkən 

zəng vururdum və telefon susurdu. "Zərər yoxdur, həmişəki 

vaxt zəng edərəm, qoy sürpriz olsun". 

Gecə ona zəng vurdum. 

–Salam. İki saat bundan qabaq sizə zəng eləmişdim. 

–Belə tez niyə? Rəfiqəmgildə idim. Əlimdə  işim vardı, 

onlarda işləyirdim. 

Gülüşümü güclə boğaraq: 

–Nə işdi ki? – deyə soruşdum. 

–Evə iş götürmüşəm. Təzə müdirimizin tapşırığıdır. 

–Təzə müdir? 

–Hə, bu gün idarəmizə təzə şöbə müdiri gəlib. 

–Yox  əşi, – mən yenə  də gülməkdən özümü güclə 

saxlayırdım. — Hə, necədir təzə şöbə müdiriniz? 

–Nə deyim vallah. Nə isə məni açmadı. Çox təkəbbürlüdür. 

Düzdür, ilk təəssüratla çətindir demək, amma, hər halda... 

Mən quruyub qaldım. Bu variant heç mənim ağlıma 

gəlmirdi. 

–Niyə xoşunuza gəlməyib ki? 

–Əşi, heç, birinci təəssürat çox vaxt səhv olur. Bəlkə  də 

yaxşı adamdır. Hər halda özünü belə tox tutur. Hündür, göyçək 

oğlandır. Sifəti də gözəldir, amma bir az forsludur deyəsən... 

Adama elə bil yuxarıdan aşağı baxır. Danışanda da belə əmrlə 

danışır: sabaha çap eləyin. 

İlk dəfə olaraq o öz peşəsi haqqında ağzından söz qaçırtdı. 

Amma mən bu sözdən yapışıb, onun peşəsini soruşmadım, axı 

onsuz da bilirdim. 

–Bəs sizin işiniz nə oldu? – deyə soruşdu. – Təzə  işə 

düzəldiniz? 

Onda mənim ağlıma da gəlmədi ki, qəribə bir oyun 

başlayıram, amma ani olaraq hansı daxili qüvvəsə məni saxladı 

və belə cavab verdim: 

–Yox, bilirsiz, fikrimi dəyişdim. Köhnə yerimdə qaldım. 

Səhərsə ilk dəfə Mədinəni, mənim Mədinəmi gördüm. Yəni 



 346 

dünən də görmüşdüm onu. Amma dünən bu sifət başqa 

sifətlərdən biri idi, xoş, yapışıqlı bir sifət idi, amma xüsusi bir 

şeylə ayrılarından fərqlənmirdi. Adi bir sifət... Bəlkə hətta ona 

gözəl də demək olardı, amma nə isə solğun, tutqun bir gözəllik 

idi bu. Bütün bunlar dünən idi. 

Bu gün isə hər şey bambaşqa idi. Onun çap etdiyi kağızlara 

baxa-baxa oğrun-oğrun özünə  də  nəzər salırdım. Onun mənə 

yad olan zahiri görünüşüylə bu qədər yaxın, doğma məhrəm 

səsi arasında, real varlığıyla telefon varlığı arasında bir ahəng, 

uyğunluq axtarırdım. 

Mən onunla çox mehriban, həssaslıqla davranırdım və çox 

maraqlanırdım görüm o bu dəyişikliyi duyurmu? 

Bunu bilmək üçün axşamı gözləyirdim. Telefon saatını. 

–Deyirdim də sizə, ilk təəssürat çox vaxt aldadıcı olur. Sən 

demə belə mehriban, belə həssas adammış ki... 

–İkinci təəssürata da çox inanmayın. O da aldadıcı ola bilər. 

–Yox, yox, dünən onun gözlərinin içinə baxa bilməmişdim. 

Bu gün baxdım – "görəsən haçan baxıb ki, mən sezməmişəm", 

– deyə düşündüm. – Bilirsiz gözləri nə təmizdir, ağıllıdır. 

–Qısqanıram sizi ha, – dedim. 

Bu oyun belə başladı. Mən artıq bu oyunun qaydalarını da 

bilirdim. O isə hər şeydən bixəbər idi. 

Artıq mən heç bir şey edə bilməzdim. Hadisələr mənim 

nəzarətimdən, ixtiyarımdan çıxmışdı. Poçt qutusuna atdığın 

məktub kimi. 

Bu oyunun öz çətinlikləri vardı. Gərək bütün sözlərini, 

ifadə, düşüncə  tərzini dəyişdirəydin. Telefonda bir adam 

olaydın, işdə başqa. Hərəsinin də öz aləmi, öz davranışı, öz 

psixologiyası. 

İşdə  mən tamam başqa adam idim. Xeyirxah, amma arada 

pərdə saxlayan, bir qədər özünü çəkən. Telefonla o mənə 

mənim barəmdə danışırdı, hər hərəkətimi, hər addımımı, 

üzümün hər ifadəsini təhlil edirdi. Çox vaxt söhbəti mən özüm 

salırdım, amma axır vaxtlar hiss edirdim ki, mənim söz 



Yüklə 2,48 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə