30
yüksək inkişaf prosesi
keçirdiyi halda, keramika məmulatında şirdən çox gec istifadə
edilmişdir. Lakin VI-VIII əsr şirsiz məişət keramikasında şüşə fraqmentlərindən
bəzək vasitəsi kimi istifadə edilmiş nümunələr göstərir ki, orta əsr dulusçuları
texniki və bədii axtarışlara biganə olmamışlar, sadə görünüşlü qabları yeknəsəqlikdən
qorumuş, maraqlı bədii görünüşlü keramika nümunələri yaratmışlar.
Şirli məişət keramikasının ilk nümunələri Qəbələ, Qədim Gəncə,
Beyləqan, Şabran, Mingəçevir, Şamaxı qazıntılarından məlumdur. İstər
hazırlanması, istərsə də forma və bədii xüsusiyyətlərinə görə onların çox oxşar
olmasına baxmayaraq, ayrı-ayrı şəhərlərin bəzək üsulları, rəng qamması, dekorunun
üslub xüsusiyyətlərilə fərqlənən keramikası yaranırdı.
VIII-X əsrlərdə bədii cəhətdən yenicə formalaşan şirli saxsı məmulatın
texnoloji üsulları Yaxın Şərqin bədii keramikası ilə sıx əlaqədə və xronoloji
cəhətdən eyni vaxtda inkişaf edirdi. Yerli keramika məmulatının dekorunda Yaxın
Şərqdə məlum olan bütün texnoloji üsullar öz əksini tapmışdı. Qab üzərində
anqobla rəsm, anqobla və rəngli boyalarla birgə rəsm, anqoblaşmış yerlik üzərində
rəngli boyalarla rəsm və cızma dekorla işləmə üsulu geniş inkişaf tapmışdı. Lakin
Azərbaycan şirli keramikasının ilk orta əsr nümunələri tamamilə özünəməxsus
xüsusiyyətlərə malik olub, Zaqafqaziya və Yaxın Şərqin eyni dövr keramika
məmulatından tamamilə fərqli, orijinal dekor üslublu sənət nümunələri kimi fərqlənir.
Anqobla rəsm və qabın anqoblaşmış səthində polixrom rəsm üsulu əgər IX
əsrdən məlumdursa, anqoblu səth üzərində cızma rəsmin rəngli boyalarla birgə
işlənmə üsulu X əsrə təsadüf edir. Bütün bu texniki vasitələr orta əsr keramika
məmulatının dekorunda əsaslı dönüş etmiş və şirli keramikanın hələ ilk inkişaf
mərhələsində yüksək bədii sənət nümunələrinin meydana çıxması üçün geniş imkan
yaratmışdır. Bu ilkin texniki və bədii vasitələr, sonrakı dövr (XII-XIII əsrlər) şirli
keramika məmulatının əsas dekor vasitələri kimi inkişaf edib, orta əsr keramikasının
yüksək sənət növü kimi formalaşmasında xüsusi rol oynamışdır.
BOYALARLA RƏSM
Bu növ keramika məmulatı dekorunun üslub xüsusiyyəti, müxtəlif
variasiyalı ornamental kompozisiyaları və zəngin koloritinə görə IX-X əsr şirli
keramika növləri içərisində xüsusi yer tutur. Əsasən həndəsi və stilizə edilmiş nəbati
naxışlarla zəngin bu keramika məmulatının bəzəyində nadir hallarda heyvan, quş və
insan təsvirinə də rast gəlinir.
Ayrı-ayrı orta əsr Azərbaycan şəhərlərinin üslubu etibarilə çox oxşar
keramika məmulatı çox vaxt fərqli dekor və kolorit xüsusiyyətlərinə malikdir.
Bu cəhətdən Bakıdan müxtəlif vaxtlarda tapılmış sarımtıl şəffaf şirlə
örtülmüş iki qab fraqmentinin dekoru çox xarakterikdir.
Kasaya aid olan birinci fraqmentdə həndəsi xarakterli dekor qabın
kənarında cəmlənmişdir. Enli haşiyələrdə verilmiş sınıq xətlər və kəsişən dairələr