157
3. Müəllif dərgidə dərc olunan materialların qısa məzmununu təqdim etməyə
elə aludə olur ki, bəzən elmi-tədqiqat işi jurnal xülasəsi təəssüratı bağışlayır. Elmi
ümumiləşdirmələr yolu ilə, yaxud tədqiqatların mövzusu, araşdırılan sahənin tarixi,
coğrafi baxımdan təsnifatını aparmaqla daha ciddi nəticələrə nail olmaq mümkün
idi.
4. Tədqiqatçı bəzən «Azərbaycan yurd bilgisi»ndəki resenziyanın
əhəmiyyətini, çəkisini qabartmaq üçün, haqlı olaraq mövzuya daha geniş planda
nəzər salır, müvafiq mənbələrə istinad etməklə mülahizələrini əsaslandırır. Bəzən
isə ehtiyac olduğu halda belə, bu işi görməkdən vaz keçir. Məs.: «Kitabi - Dədə
Qorqud» dastanı, onun haqqında jurnalda material verilənədək olan məlumatlar,
ötən əsrin 40-50-ci illərində dastanın acı, ağır taleyi, Azərbaycanın öz
müstəqilliyini əldə etdikdən sonrakı dövrdə türk dünyasının bu şah əsərinə
münasibət, xüsusi ilə dastanın 1300 illiyi ilə bağlı tədbirlər barədə müəyyən
faktlar, fikirlər söylənilsəydi, xatırlansaydı, əlbəttə, əsərə dolğunluq, sanballılıq
gətirmiş olardı.
5. Bir sıra hallarda tədqiqatçı təkrarçılığa yol verir, tutaq ki, Ovçu təxəllüslü
şairin təqlidçi olmadığını (səh.102, 105), yaxud bu şairin ədəbi ictimaiyyətə ilk
dəfə Ə.Cəfəroğlu tərəfindən təqdim edildiyini (səh.7, 75, 100) dönə-dönə
vurğulayır, bəzi hallarda isə bir-birinə zidd fikirlər söyləyir, müəllif öz-özünü
təkzib edir. O, bir tərəfdən «Gəncinə» əlyazması Şah Süleymanın taxta çıxmasına
ithaf edilmişdir» - yazır (səh.100), digər tərəfdən isə «Məlik bəyin bu qəzəli məhz
Şah Süleymanın taxta çıxması münasibəti ilə yazdığını deməyə əsasımız yoxdur»
(səh.103) deyərək, özünü inkar edir.
6. Tədqiqat işinin özünəməxsus məziyyətlərindən biri də budur ki, bu əsər
tədqiqat işi haqqında tədqiqatdır. Təəssüf ki, bəzi hallarda mühakimələr, fikirlər
arasında sərhədlər itir, mülahizələrin dissertasiya müəllifinə, yoxsa onun
araşdırdığı tədqiqatçıya aid olduğu qaranlıq qalır.
7. Növbəti irad avtoreferata aiddir. «İşin ümumi səciyyəsi»ndə müəllif
mövzunun tədqiqi tarixi ilə bağlı yazır: «Mühacirət ədəbiyyatının öyrənilməsinə və
düzgün qiymətləndirilməsinə ötən əsrin 90-cı illərindən başlanılmışdır». Bu fikir
doğru deyil. Əvvəla, mühacirət problemi, o cümlədən ədəbiyyatı ilə bağlı
araşdırmalar ötən əsrin 80-ci illərinin sonundan, xüsusi ilə «Vətən» Cəmiyyəti
yaranandan,
«Odlar
yurdu»
qəzeti
fəaliyyətə
başlayandan
aparılır.
M.F.Axundzadənin anadan olmasının 175 illiyi ilə bağlı dünyanın müxtəlif
ölkələrindən gələn türkoloqların, azərbaycanşünasların, respublikada tanınan
alimlərin iştirakı ilə 1988-ci ildə Bakıda keçirilən beynəlxalq simpoziumda
mühacirət ədəbiyyatı ilə bağlı xeyli məruzələr edilmiş, çıxışlar dinlənilmişdir.
Digər tərəfdən isə, Ə.Cəfəroğlu irsi, o cümlədən «Azərbaycan yurd bilgisi»ndə
dərc olunan materiallar barədə Türkiyədə yetərincə tədqiqat işi aparılmışdır.
Fikrimizcə, bu məqam vurğulanmalı idi.
8. Avtoreferatda dil-üslub xətalarına yol verilmişdir. «Ədəbiyyat tariximizdə
tanınmaz olan ədəbi simaların ilk dəfə bu dərgi vasitəsi ilə təqdim olunması faktı
«Azərbaycan yurd bilgisi»nin elmi dəyərini kifayət qədər təsdiq edir» (səh.20),
yaxud «Dissertasiya yekunlaşdırıcı «Nəticə» ilə tamamlanmışdır» (səh.21) kimi
cümlələr avtoreferatın dilinə ağırlıq gətirir.
158
9. Dissertasiya ilə bağlı müəllifin dərc etdirdiyi materialların mövzu
baxımından daha əhatəli olması arzuediləndir.
Göstərilən irad və mülahizələr Kəmalə Nəcəfovanın dissertasiyasının elmi-
nəzəri dəyərinə kölgə salmır, əhəmiyyətini azaltmır. Odur ki, Kəmalə Nurulla qızı
Nəcəfova «Azərbaycan yurd bilgisi» dərgisində ədəbiyyat araşdırmaları» adlı
tamamlanmış elmi əsərinə görə iddiasında olduğu 10.01.01 – «Azərbaycan
ədəbiyyatı», 10.01.02 – «Türk xalqları ədəbiyyatı» ixtisasları üzrə filologiya
elmləri namizədi alimlik dərəcəsi almağa tamamilə layiqdir.
Mühacirət mövzusunda yazarkən…
Ölkədə gedən ictimai-siyasi proseslər, xüsusilə Azərbaycan-Ermənistan
münaqişəsi ilə bağlı məlum müzakirələr, mübahisələr, mülahizələr ara-sıra
mühacirət mövzusunu da gündəmə gətirir. Bu, təbiidir. Əvvəla ona görə ki, Dağlıq
Qarabağ problemindən danışılarkən bu məsələyə erməni lobbisinin münasibət və
təsirindən də bəhs edilir. Digər tərəfdən isə say etibarı ilə üstünlük təşkil edən
Azərbaycan mühacirətinin məsələyə münasibəti də cəmiyyəti düşündürür,
maraqlandırır…
Azərbaycan mühacirəti ilə bağlı ictimai rəy bir mənalı deyildir. Çünki bu rəy
məsələyə münasibətdə müxtəlif zidd fikirlərdən formalaşmışdır. Bu fikirlərin biri
real, sağlam düşüncənin, təhlilin, müşahidənin nəticəsidir, digəri isə daha çox arzu
edilənin həqiqət kimi təqdim olunmasının, gerçəkliklə əlaqəsi olmayan pafoslu,
hay-küylü ifadə və ibarələrin toplusudur. Fikrimizcə, Kütləvi İnformasiya
Vasitələri (KİV) mühacirət mövzusundan bəhs edərkən son dərəcə diqqətli və
məsuliyyətli olmalıdır. İri şriftlərlə «Azərbaycan lobbisi» adlı bütöv bir səhifəlik
məqaləyə rast gələn oxucunun sevincdən gözləri yaşarır, sahə ilə az-çox tanış olan
mütəxəssisin isə müəllifin naşılığına təəssüflənməkdən başqa çarəsi qalmır. Bu gün
bu iki sözün yanaşı qoyulması nə qədər təəccüblüdürsə, o qədər də təəssüf doğurur,
yaxud əksinə…
Bu mövzuda yazan müəllif ilk növbədə «mühacirət», «diaspor», «lobbi»
sözlərinin mənasını özü üçün aydınlaşdırmalıdır. Sonra isə mühacirət, onun
yaranma tarixi və mərhələləri, coğrafiyası, sayı, sosial tərkibi, cəmiyyətdəki təsir
qüvvəsi, mövqeyi, rolu və s. kimi məsələlər dəqiqləşdirilməlidir. Təşkilatları,
dərnəkləri, KİV şəbəkəsi, maliyyə imkanları öyrənilməlidir. Bütün bunlardan sonra
mühacirətin mövcud mənzərəsi göz önünə gələcəkdir. Yuxarıdakı tələblər
baxımından Azərbaycan mühacirətini xarakterizə etsək, acınacaqlı bir səhnənin
şahidi olarıq. Bu həqiqət ağırdır, acıdır, kədərlidir, lakin etiraf edilməlidir. Əks
təqdirdə yalnış, qüsurlu fikir formalaşacaqdır. Bu gün Azərbaycan müharicətinin
nəinki nəhəng təbliğat maşını, geniş informasiya kanalları, heç müntəzəm, fasiləsiz
fəaliyyət göstərən, necə deyərlər günün tələblərinə cavab verən KİV-qəzeti,
radiosu, televiziyası yoxdur.
Dostları ilə paylaş: |