194
zamanda SSRİ-dən kənarda – Türkiyə, ABŞ, Fransa, Almaniya, Polşa və sair kimi
ölkələrdə Azərbaycan Xalq Cümhuriyyəti barədə kifayət qədər yazılmışdır.
Xaricdə Azərbaycan Xalq Cümhuriyyəti haqqında ilk sanballı əsərlər Versal
(Paris) sülh konfransında iştirak etmək üçün Fransaya göndərilən nümayəndə
heyəti tərəfindən nəşr edilmişdir. Əlimərdan bəy Topçubaşov, Məmməd Həsən
Hacınski, Əkbər Ağa Şeyxülislamov, Mir Yaqub Mehdiyev, Məmməd
Məhərrəmov, Əhməd bəy Ağayev, Ceyhun bəy Hacıbəylinin və sonradan heyətə
qatılan A.Atamalıbəyov və Ə.Qafarovun da daxil olduğu nümayəndə heyətinin
Parisə yetişən üzvləri (Ə.Ağayev yolda ingilislər tərəfindən həbs olunaraq Maltaya
sürgün edilmişdir) böyük həvəslə Fransanın paytaxtında kitab və bülletenlər çap
etməyə başladılar. Fransız və ingilis dillərində nəşr edilmiş “Qafqaz Azərbaycanı
Respublikası”, “Qafqaz Azərbaycanı Respublikasının sülh konfransına
memorandumu” kimi materiallarda Azərbaycan Xalq Cümhuriyyəti haqqında
dolğun məlumatlar öz əksini tapmışdır. C.Hacıbəylinin həmin vaxtlar Parisin
nüfuzlu jurnallarından birində çap etdirdiyi “İlk müsəlman respublikası
Azərbaycan” adlı məqaləsi də bu mənada böyük maraq doğurur. Yeri gəlmişkən
qeyd edək ki, hələ bundan bir qədər əvvəl – 1918-ci ilin noyabr ayında Azərbaycan
Xalq
Cümhuriyyətinin xarici işlər naziri Ə.Topçubaşovun İstanbulda
“Azərbaycanın təşəkkülü” kitabı çapdan çıxmışdır.
Qırmızı terrordan, təqib və təzyiqlərdən qurtulan Azərbaycan Xalq
Cümhuriyyətinin bir sıra liderləri 20-ci illərin əvvəllərindən qürbətdə xalqın
azadlığı uğrunda fəal ideoloji mübarizəyə başlamışdılar. Bu mənada İstanbulda
nəşr edilən “Yeni Qafqasya” (1922-1929), “Azəri-türk” (1927-1929), “Odlu yurd”
(1929-1931), “Azərbaycan yurd birgisi” (1932), Berlində azərbaycan və alman
dillərində buraxılan “İstiqlal” (1932-1934), “Qurtuluş” (1935-1939), Parisdə
fransızca çıxan “Promotey” (1929-1938), rus dilində nəşr olunan “Qafqaz” (1932-
1938) kimi qəzet və jurnallarda, habelə İkinci Dünya müharibəsindən sonra
Ankarada
buraxılan “Azərbaycan”, “Mücahid”, Münhendə çap edilən
“Azərbaycan” kimi nəşrlərdə də mühacir müəlliflər 28 May və onunla əsası
qoyulan Şərqin ilk demokratik dövləti olan Azərbaycan Xalq Cümhuriyyəti
haqqında fəxarətlə, eyni zamanda dərin kədər və qüssə ilə söz açmışlar.
Məmməd Əmin Rəsulzadə, Mirzə Bala Məmmədzadə, Məmməd Əli Rəsul-
zadə, Ceyhun bəy Hacıbəyli, Mustafa bəy Vəkilov, Əkbər Ağa Şeyxülislamov,
Xəlil bəy Xasməmmədov, Əlimərdan bəy Topçubaşov, Şəfi bəy Rüstəmbəyov
kimi xadimlər Türkiyə, Polşa, Fransa və Almaniyada buraxılan mühacir nəşrlərdə
Azərbaycan istiqlal tarixinin ən şanlı səhifəsi olan və əsası 1918-ci ilin 28 mayında
qoyulan Azərbaycan Xalq Cümhuriyyəti haqqında faydalı əsərlər çap etdirmişlər.
Ümm-ül-Banu, Yusif Vəzir Çəmənzəminli, Əhməd bəy Ağayev, Əli bəy
Hüseyzadə, Əhməd Cəfəroğlu, Hüseyn Baykara, Almas İldırım, Kərim Yaycılı,
Gültəkin, Alazan Baycan, Əhməd Qaraca, Həmid Dönməz, Süleyman Təkinər,
Kərim Odər, Mustafa Türkəqul, Əbdülvahab Yurdsevər, Məcid Musazadə və sair
kimi qələm sahibləri xaricdə Azərbaycan ədəbiyyatı, tarixi, mədəniyyəti
xəzinəsinə qiymətli töfhələr verirdilər.
195
Ankaradakı Azərbaycan Kültür dərnəyinin orqanı olan “Azərbaycan” jurnalı
özünün 1952-ci il 1 may tarixli 2-ci nömrəsində yazırdı: “28 May Azərbaycanı
milli müstəqil kültürə, milli məktəbə, milli iqtisadiyyata, insan haqlarına və milli
orduya qovuşdurmuşdur” (“Ayın təqvimi” məqaləsindən). Jurnalın “28 May
Azərbaycanın istiqlal günüdür” (1 iyun 1952-ci il, №3) adlı məqaləsində bu tarixi
gün – Milli Azərbaycan bayramı münasibətilə Azərbaycan kültür dərnəyinin
Ankarada keçirdiyi böyük tədbir barədə ətraflı məlumat verilir. “Azərbaycan”
jurnalının (Ankara) 1953-cü il tarixli 2-ci nömrəsində dərc olunmuş “Türkün nəşə
və zəfər ayı” adlı məqaləsində də 28 May müqəddəs gün kimi anılır, bu qutsal
yolun yolçuları – şəhidləri və mücahidləri sayqı ilə yad edilir.
Münhendə nəşr olunan “Azərbaycan” jurnalı 1952-ci il tarixli 2-ci
nömrəsində dərc etdiyi Ceyhun Hacıbəylinin “28 May hissiyatı” və Əkbər Ağa
Şeyxülislamovun “Azərbaycan necə quruldu” (məqalə Parisdə rus dilində çıxan
“Azərbaycan” və Ankarada nəşr olunan “Mücahid” jurnallarında da dərc
edilmişdir) adlı məqalələrində Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə nəzər
salınır, onun əhəmiyyətindən bəhs olunur və xalqın yenidən istiqlala qovuşacağına
ümid edilir. “Baharın ən gözəl ayı may Tiflisdə daha da qüvvətli bir surətdə insana
təbiətin oyanmasını və yeni bir ömrə hazırlaşmasını göstərir. Parlayan günəş,
buludsuz göy, hər tərəfdən sizi səssiz yaşamağa dəvət edib, bütün Qafqazı sizə
bəxşedər kimidir. Bu nemətdən istifadə edə bilməniz üçün hər şey əmrinizə
hazırdır”. Belə bir təsvirlə başlayan “Azərbaycan necə quruldu” adlı məqalədə
Tiflisdə 26 maydan sonra cərəyan edən hadisələr, Qafqaz seyminin dağılması, üç
müstəqil dövlətin yaradıldığının elan edilməsi təfərrüatı ilə qeyd olunur. “Tarixi
qiyməti yalnız Azərbaycan milləti üçün deyil, eyni zamanda bütün islam aləmi
üçün də əhəmiyyətli olan bu gün ilk dəfə bir cümhuriyyət elan edilməkdədir.
Həsən bəy Ağaoğlu məclisi açdı. Anlaşma indi bütün üzvlər arasında tamamdır.
Rəy vermək hər üzvün vəzifəsidir. Bitərəf qalmaq istəyənlər lütfən məclisi tərk
etsinlər. Heç kim yerindən tərpənmir. Həsən bəy Azərbaycanın “müstəqil və hür
bir dövlət olmasını” rəyə qoyur. Katib Mustafa Mahmudi isimləri oxuduqca hər
üzv “razıyam” cavabını verir. Hər kəsin üzü nəşəli və məmnun kimi görünür. Sədr
Həsən bəy qalxaraq bütün üzvlərə:
- Bu saatdan, yəni saat 8
10
dəqiqədən Azərbaycanın istiqlaliyyəti Milli
Azərbaycan Şurası tərəfindən qəbul edilmişdir- deyir.
Gözü yaşlı Milli Şura üzvləri bir-birlərinin əllərini sıxırlar”.
Məqalədə daha sonra Ə.A.Şeyxülislamov Azərbaycanın istiqlalını elan edən
tarixi şəxsiyyətlərin adını çəkir və Milli Şuranın 6 maddədən ibarət verdiyi
bəyanatı oxuculara təqdim edir.
Maraqlı və təbiidir ki, 80-ci illərin sonunda Azərbaycanda milli-azadlıq
hərəkatının vüsət alması ilə respublika kütləvi informasiya vasitələrində olduğu
kimi, mühacir mətbuatında da 28 May mövzusu aktuallaşdı. Azərbaycan Xalq
Cümhuriyyətinin tarixi, liderləri, atributları barədə yazılar qəzet səhifələrinə
çıxarıldı. Xaricdəki həmvətənlərimiz, onları birləşdirən mədəniyyət mərkəzləri
Azərbaycan Xalq Cümhuriyyətinin il dönümünü geniş qeyd etməyə başladı.
Dostları ilə paylaş: |