200
təfəkkürə qida və cila gətirən bütün xoş niyyətli məsəllər, misallar məqbuldur,
təqdirəlayiqdir.
Mühacirət problemi, xüsusilə mühacirət mətbuatı ilə bağlı tədqiqatlarımla
bağlı prof.Xeyrulla Məmmədov bir yazısında araşdırmaları təqdir etmiş və yüksək
dəyərləndirmişdir, sərlövhəyə isə bu sözləri çıxarmışdır: Sahənin lokomotivi.
Ümid edir və inanmaq istərdim ki, istər-istəməz bu lokomotivin arxasınca
getməyə, ona qoşulmağa məcbur olan dostum, hörmətli Alxan Bayramoğlunun
məqaləsi heç də qısqanclıq hisslərinin təzahüratı, məhsulu deyil.
“525-ci qəzet”, 29 dekabr 2007
Fuad Azgurdan daha bir Ģeir
Sovet rejimi və ideologiyasının iflasından sonra insanların milli
vətənpərvərlik ruhunda tərbiyə edilməsi, eyni zamanda həmin mövzunun KİV-də
işıqlandırılması son dərəcə ciddi və aktual məsələ kimi meydana çıxdı. Həmin
vaxtdan xeyli müddət keçir. Lakin xüsusilə böyüməkdə olan nəslin vətənçi,
millətçi, istiqlalçı kimi tərbiyə edilməsində çatışmazlıqlar olduğu aşkardır.
Azadlığın, müstəqilliyin, milli dövlətçiliyin bəzən kifayət qədər
dəyərləndirilməməsi elə vətənpərvərlik tərbiyəsinin doğru-düzgün, ardıcıl
aparılmamasının təzahürüdür. Doğrudur, KİV vətənpərvərlik mövzusunda ara-sıra
publisistik və bədii materiallar dərc edir, gənclərin bu ruhda tərbiyə olunmasına
təsir göstərməyə çalışır. Bu təqdirəlayiqdir, lakin fikrimizcə, qənaətbəxş deyildir.
Yeni əsərlərin yazılması ilə yanaşı, vaxtilə Azərbaycan ədəbiyyatında bu
mövzuda yaradılmış, lakin heç vaxt solmayacaq, həmişə təzə-təravətli, oxucuların
qəlbinə, beyninə nüfuz edən nümunələr çoxdur. Onların bir qismi hələ də
arxivlərdə öz oxucularını gözləyir.
Azərbaycan poeziyasına ilk dəfə hürriyyət və istiqlal mövzusunu gətirən
Məhəmməd Hadi ilə İbrahim Tahirdən bu yana Gültəkin (Əmin Abid), C.Cabbarlı,
Hüseyn Cavid, Əhməd Cavad, Almaz İldırım, Kərim Yaycılı, Teymur Atəşli,
Həmid Dönməz, sovet və şahlıq dövründə Səməd Vurğun, Süleyman Rüstəm,
Şəhriyar, Məmməd Araz, Savalan kimi şairlərin əsərlərində gənclərin
vətənpərvərlik ruhunda tərbiyəsi üçün əvəzsiz incilər çoxdur.
Mühacir müəllif, Türk ordusu tərkibində Koreyaya göndərilən topçu zabit –
Qars azərbaycanlılarından olan Fuad Azgurun bir şeiri ilə oxucuları tanış etmişdim,
onun daha bir şeirini 1990-cı il 20 Yanvar faciəsi ilə qələmə aldığı və Xalq şairi
Bəxtiyar Vahabzadəyə ünvanladığı şeiri təqdim edirəm.
«525-ci qəzet», 26 fevral 2002.
201
Azərbaycan dastanı
Bəxtiyar Vahabzadəyə
Dünyanı tutsa da qüssələr, ah-fəğanlar,
Torpağa dönsə də min-min suçsuz insanlar,
Heç vaxt əbədi olmayıb tarixdə tiranlar –
Gec-tez boğacaq zalımı tökdüyü bu qanlar.
Qəmlənmə, Azərbaycana çökmüşsə zülmət,
Qovrulma, bu gün yurdumu sarmışsa cinayət,
Bir şanlı zəfər müjdəsi olar bu fəlakət:
Gec-tez boğacaq zalımı tökdüyü bu qanlar.
Qalxacaq qəbirdən əzəmətlə şəhidlər,
Qan rəngli kəfənlərlə igid oğlu igidlər,
Bir gün qaçacaq, yer gəzəcək qudurmuş itlər:
Gec-tez boğacaq zalımı tökdüyü bu qanlar.
Hər şanlı şəhid bir də görərsən – dağa dönmüş,
Ruhlarda coşub dalğalanan bayrağa dönmüş,
Axan bir su idi indi gur irmağa dönmüş:
Gec-tez boğacaq zalımı tökdüyü bu qanlar.
Qan vardır əsrlər boyu Türkün qədərində,
Lakin gül açır o sonra qanın qəmli yerində,
Bax budur! Günəş doğmağa hazır səhərində –
Gec-tez boğacaq zalımı tökdüyü bu qanlar.
Fuad Azgur
«Əvət, Vətən, yalnız Vətən qaldı…»
Mühacir mətbuatı ilə bağlı araşdırmalar apararkən böyük qələm sahibi və
istiqlal uğrunda ömrünün sonunadək yorulmadan, əzmlə, fədakarlıqla mübarizə
etmiş Mirzə Bala Məmmədzadənin vaxtı ilə «Yeni Qafqasya» dərgisində (1927, №
2) dərc etdirdiyi «Vətən qaldı» hekayəsinə Azərbaycan Kültür Dərnəyinin orqanı
olan «Azərbaycan» jurnalında (Ankara, № 5, 1 avqust 1952-ci il) da rast gəldim.
202
Müəllifin şəxsi həyatı ilə sıx bağlı olan həmin hekayənin oxucular tərəfindən də
maraqla qarşılanacağını nəzərə alıb onu sizə təqdim edirəm.
Yeri gəlmişkən qeyd edim ki, istər 20-30 və istərsə də 50-ci illər mühacir,
eləcə də Türkiyə mətbuatında maraqlı elmi, elmi-publisistik və bədii yazılarla çıxış
edən M.B.Məmmədzadə irsi Azərbaycan tarixini öyrənmək baxımından da əvəzsiz
mənbədir. Bu mənada onun «Azərbaycan Milli hərəkatı» (1937), «Azərbaycan
tarixində türk Albaniya» (1951) kitabları, «Azərbaycan tarixindən yarpaqlar» adlı
silsilə məqalələri və başqa əsərləri böyük əhəmiyyət kəsb edir.
«Ədəbiyyat» qəzeti
30 mart 2001
Vətən qaldı!..
Mühacirətin ilk ayları idi. Mənfur istilanın müdhiş dalğası ilə Rəştə
atılmışdım. Rəşt Gilanın mərkəzidir. Şəhərin ətrafını dolaşmaq məqsədilə,
arkadaşımla bərabər şəhər kənarına çıxmış, «Azərilər məzarını» ziyarətə
getmişdik. Bu, istila hökuməti tərəfindən zor ilə İrana sövq edilən və burada
aclıqdan, xəstəlikdən və bilhassa qızdırmadan ölən milli Azərbaycan nəfərlərinin
bir torpaq yığınından ibarət məzarıdır.
Son baharın son ayı idi. Buna rəğmən ortada bir bahar havası vardı. Cənub
ilə Şimal-Şərqdə görünən Gilan dağları, qismən buludlardan aşağı, qismən
buludlardan yuxarı olmaq üzrə, rəngarəng pək gözəl bir mənzərə təşkil edirdi.
Yaxındakı «möhtəşəm» bağın ətrafı xalq ilə dolu idi. Biz «Fatihə»
oxuduqdan sonra, bir qədər söyləməz olmuş, sükuta dalmışdıq. Kənardan
baxanlara biz, yolun kənarındakı gölləri, dağları seyr edir kimi görünə bilərdik.
Halbuki biz kəndi aləmimizdə, başqa aləmlərdə «gəzirdik».
Məzarlara baxdım. Yer ilə yeksan olmuş, qara torpaqdan ibarət olan bu
məzarların üzərində nə daş vardı, nə nişan. Bir kaç sənə sonra tamamilə
tanınmayacaq bir hala gələcəkləri şübhəsiz, bəlli idi. Bu məzarlar üzərində göz yaşı
axıdılmamışdı.
Buranı nə yaşlı bir ana, nə də bir yavuklu ziyarət etmişdi.
Torpaq üzərinə bir, iki damla yağmur töküldü. Arkadaşım qalxdı.
- Yağmur gəlir. Çabuk gedəlim də, bir tərəfdə saxlanalım, - dedi.
Qalxdım. Şimaldan qalxan qara, müdhiş bir bulud Gilanın mavi və saf
səmasını örtərək, ətrafı donuq, qorxulu bir rəngə bürüyərək gəlirdi.
- Bu nasıl yer canım, indi bahar idi… - dedim. Arkadaşım dərhal:
- Burası belədir. Şimal yeli əsdimi, yağmur hazırdır. Yağmur bitdikdən sonra
da bahar başlar… - dedi.
Yaxındakı bir qəhvəxanaya girdiyimiz zaman müdhiş bir yağmura tutulduq.
Başdan ayağa qədər islandıq. Qəhvəxanaya girdik.
Ətrafı yonulmamış, rənglənməmiş taxta yapıdan, siqara ve afyon
tüstüsündən qaralmış, qoxumuş qəhvəxananın qaranlıq bir guşəsində birisi, kirli bir
yorğana bürünmüş yatırdı.
Dostları ilə paylaş: |