353
Oxucular bu kitab vasitəsi ilə eyni zamanda xaricdə yaşayan bir neçə
həmvətənimizi də yaxından tanımaq imkanı əldə edəcəklər.
Mətanət AĞAYEVA
«Xalq qəzeti», 13 iyun 2001
Milli mətbuatımızın mühacir qanadı
Azərbaycan sərhədlərindən kənarda işıq üzü görən mühacir nəşrlər milli
mətbuatımızın ən dəyərli nümunələrindəndir. Təəssüf ki, bu nümunələr məlum
səbəblər
üzündən nəinki tədqiqatlardan kənarda qalmış, hətta sovet
təəssübkeşlərinin qərəzli münasibəti ilə üzləşmişdir. Xalqımızın mühacir
övladlarının həyatı ilə maraqlanan, fəaliyyətini araşdıran, bu sahədə sanballı elmi-
tədqiqat əsərlərinin müəllifi, yazıçı-jurnalist Abid Tahirli yenicə çapdan çıxmış
«Azərbaycan mühacirət mətbuatı» kitabında öz araşdırmalarını ilk dəfə toplu
şəklində oxuculara çatdırır.
Azərbaycanda, Türkiyədə, Rusiyada, Almaniyada, Fransada, Polşada, ABŞ-
da, Argentinada və neçə-neçə yaxın-uzaq məmləkətlərdə son nəfəsinədək
Vətənimizin istiqlalı ideyasına sadiq qalaraq, onun uğrunda fəal ideoloji mübarizə
aparmış mücahidlərin əziz xatirəsinə ithaf etdiyi bu kitabında müəllif onların
İstanbulda çap etdikləri «Yeni Qafqasya», «Odlu yurd», «Azərbaycan yurd
bilgisi», Parisdə və Berlində çıxardıqları «Azərbaycan», «İstiqlal», Ankarada
buraxdıqları «Azərbaycan» adlı nəşrlərin müəllifləri, burada dərc olunan
materialların sənətkarlıq xüsusiyyətləri barədə geniş məlumat verir.
A.Tahirlinin öz tədqiqatlarında gəldiyi nəticə belədir ki, ilk mühacir nəşr
Mirzə Cəlilin 1921-ci ildə Təbrizdə çapını davam etdirdiyi «Molla Nəsrəddin»
jurnalıdır. Çünki Mirzə Cəlil bir dövlətdən başqa bir dövlətin ərazisinə keçmək
məcburiyyətində qalmış, deməli, mühacirət həyatı keçirmişdir. Kitabın ilk
bölməsində müəllif böyük filosof, şair Əlibəy Hüseynzadənin, mühacirət
jurnalistikasının görkəmli nümayəndəsi Əhməd bəy Ağaoğlunun, yazıları «Le
Fiqaro», «Le Revue des deux Monges» və s. kimi Fransanın tanınmış qəzet və
jurnallarında dərc olunan Ceyhun Hacıbəylinin də həyat və fəaliyyətinə ümumi
nəzər salır və onların mühacir mətbuatı tarixindəki xidmətlərindən söhbət açır.
Kitabda sözügedən hər bir qəzet və jurnal haqqında müfəssəl məlumat
verilir. Onların yaranma səbəbləri, bu nəşrləri araya-ərsəyə gətirənlərin əziyyətləri,
mövzuların rəngarəngliyi geniş şərh olunur.
1920-ci ilin aprel işğalından sonra qırmızı imperiyanın caynağından zorla
qurtulan Azərbaycan mücahidlərinin əksəriyyəti qardaş Türkiyəyə pənah
aparmışdı.
O dövrdə mühacirətdəki qələm sahiblərimiz Azərbaycandakı bütün
hadisələri diqqətlə izləyir və bu eybəcərliklərə öz münasibətlərini nəşr etdirdikləri
qəzet-jurnallarda bütün dünyaya çatdırırdılar.