354
A.Tahirlinin tədqiqatları onu da sübut edir ki, mühacirətdəki qələm
ustalarımız tək Azərbaycanın dərdini deyil, imperiya işğalı altındakı bütün türk
millətlərinin başına gətirilənləri də öz yazılarında dünya xalqlarına çatdırmışlar.
Bizim mühacir nəşrlərimiz çap olunduqları ölkələrin kütləvi informasiya
vasitələrinin də diqqətindən kənarda qalmamış, yeri gələndə mötəbər mənbə kimi
burada dərc olunan materiallara istinad edilmişdir.
Bu qəzet-jurnallar həm də milli mədəniyyətimizin, ədəbiyyatımızın
təbliğatçısı və daşıyıcısıdır. Vətəndə baş verən hər bir ədəbi-mədəni hadisə, yenilik
mütləq bu nəşrlərin səhifələrində öz əksini tapırdı. Qan-qada ilə dolu şanlı
tariximizin şahidləri və salnaməçiləri öz fədakar mübarizələri ilə tədqiq və təbliğ
olunmaq haqqını qazanmışlar.
Mətanət AĞAYEVA
«Xalq qəzeti» № 255
5 noyabr 2002
Sözdən yarananların sözü
Filologiya elmləri namizədi, jurnalist Abid Tahirlinin bu günlərdə «Əbilov,
Zeynalov və oğulları» nəşriyyatında çap edilmiş «Sözlə yarananlar, sözü
yaşadanlar» kitabı xalqın taleyində, milli-mədəni şüurunda, tarixində sözün
rolundan söhbət açır.
Bu kitabda XX əsrdə, xüsusilə ötən yüzilliyin 80-ci illərinin sonu, 90-cı
illərinin əvvəllərində Azərbaycan xalqının tarixində və taleyində iz qoyan
hadisələrə milli şüur, milli hərəkat, milli ideologiya kontekstində nəzər salınır,
hadisələr şərh edilir, söz, sənət sahiblərinin, siyasət adamlarının fəaliyyətindən
bəhs olunur. Müəllifin qeyd etdiyi kimi, xalqımızın tarixi, mədəniyyəti, ədəbiyyatı,
adət-ənənələri, həyat tərzi, xarakteri sözdə yaşayır, şifahi və yazılı ədəbi nümunələr
söz xəzinəmiz millətin ən böyük sərvətidir. Bu kitab da öz sahiblərini, onların
irsini, sözlərində yaşayan, müqəddəs miras kimi nəsillərdən-nəsillərə ötürülən
məslək, əqidə və idealları, bu yoldakı cəfakeşliyi, fədakarlığı, eyni zamanda sözün
insanda yaratdığı hiss-həyəcanı, sevinc və kədəri anmaq kimi bir niyyətdən
yaranmışdır.
Kitabın «Milli hərəkat milli ideologiya və mətbuat» adlanan I hissəsində
1988-ci ilin yanvarından nəşrə başlayan, elə ilk nömrələrindən həm
respublikamızda, həm qürbətdə yaşayan həmvətənlərimiz arasında böyük marağa
səbəb olan, səhifələrində xalqı düşündürən, narahat edən problemlərdən söhbət
açan «Vətən» cəmiyyətinin orqanı «Odlar yurdu» qəzetinin nəşr tarixindən,
fəaliyyətindən bəhs olunur.
Bu qəzet zamanın çox təlatümlü bir dövründə nəşrə başlamışdı. Üç əlifba ilə
çap olunan, xaricdəki həmvətənlərimiz arasında da geniş yayılan qəzetin 80-ci
illərin sonu, 90-cı illərin əvvəllərində respublikamızı dünya ictimaiyyətindən təcrid
edən informasiya blokadasını yarmaqda müstəsna xidmətləri danılmazdır.
355
Kitabın II fəslində isə A.Tahirlinin Azərbaycanın görkəmli siyasi, ictimai
xadimləri, sənət adamları ilə müsahibələri verilib.
«Tədqiqatlar və tədqiqatçılar» adlanan III bölmədə A.Tahirli bir neçə
məqaləni ədəbi-mədəni, ictimai-fikir tariximizdə öz yeri olan Ceyhun Hacıbəylinin
yaradıcılığına həsr etmişdir. Müəllif bu məqalələrdə oxucunu C.Hacıbəylinin həyat
və yaradıcılığı ilə tanış edir, onun publisistikasında islami dəyərlərlə bağlı
faktlardan, mətbuat tariximizin ilk araşdırıcılarından biri kimi bu sahədə, həm də
folklor sahəsində apardığı tədqiqatlardan söhbət açır.
Sonuncu bölmədə isə oxucular «Son ucu ölümlü dünya» adı altında
müəllifin valideynlərinə həsr etdiyi, kövrək notlarla qələmə alınmış xatirələrlə
tanış olacaqlar. A.Tahirli bu bədii-publisistik qeydlərində cəmiyyət üçün layiqli
vətəndaşlar yetirən sadə zəhmət adamlarının portretini yarada bilib.
Mətanət AĞAYEVA
«Xalq qəzeti» 25 dekabr 2001