193
141-143) və «Şairin hüquqları» (211) adlı iki məqaləsi dərc olunmuşdur. Burada şair
ədəbiyyatın bir sıra məsələləri, o cümlədən millilik və ümumbəşərilik barədə öz fikir
və mülahizələrini bildirmişdir. Onun fikirləri dövrü üçün bir növ yeni olduğundan
birmənalı qarşılanmamış, müəyyən mübahisələrə, hətta münaqişəyə səbəb olmuşdur.
Şair «Böyük sənət məsələləri» adlı məqaləsində öz mülahizələrini ədəbiyyat və
incəsənətin gələcək inkişafı üçün həyati əhəmiyyətə malik olan tipiklik probleminin
şərhi üzərində qurmuşdur. İndiyədək tipiklik haqqında aydın bir anlayışın olmadığı,
indiki ictimai hadisələrin mahiyyətini ifadə edən şeylərin deyil, çox yayılmış,
məişətdə kök salmış şeylərin tipik sayıldığı S.Vurğunu razı salmırdı. Buna görə də o,
tipiklik haqqında, obrazların və hadisələrin şüurlu surətdə şişirdilməsi haqqında
söhbətin meydana çıxmasını bədii yaradıcılıq praktikasının irəli sürdüyünü tamamilə
təbii bir hal hesab edirdi.
Şair obrazların şüurlu surətdə böyüdülməsini böyük incəsənətin mahiyyətini
təşkil edən bir məsələ kimi səciyyələndirir və bunu çoxdan məlum olan, lakin az qala
hamı tərəfindən unudulan belə bir həqiqətə doğru geri qayıtmaq sayırdı ki, böyük
incəsənət heç bir zaman böyük bədii ümumiləşdirmələr olmadan, yüksək bədii
idealsız yaşaya bilməz. S.Vurğun dünya ədəbiyyatı tarixinə istinad edərək göstərirdi
ki, bəzən tam bir dövrün və ya bütün bir xalqın ruhu və qəlbi hər hansı bir şairin
yüksək fikir və hisslərində öz ifadəsini tapmışdır. O bu baxımdan XVIII əsrdə
yaşamış böyük Azərbaycan şairi M.P.Vaqifin, XX əsrin əvvəllərində yaşamış dahi
satirik M.Ə.Sabirin yaradıcılığını nümunə hesab edirdi.
Şair bu məqalədə bədii surətləri yaradarkən münasib təsvir vasitələrinin, o
cümlədən münasib bədii dilin tapılmasını bir tələb kimi qarşıya qoyurdu. Onun
fikrincə, bu təsvirin sənətkarın parlaq boyalarına, yüksək poetik bədii dilinə ehtiyacı
vardır. S. Vurğun yazıçı öz qəhrəmanının dili ilə yüksək və alovlu sözlər
194
deyəndə, yüksək fikirləri və arzuları ifadə edəndə bəzi tənqidçilərin müəllifi qeyri-
təbiilikdə, sünilikdə, bəzən isə mücərrədlikdə təqsirləndirməsi ilə heç cür
razılaşmırdı. O, belə hesab edirdi ki, bu cür tənqidçilər yazıçının təsvir etdiyi
adamların dilini onların gündəlik və adi məişət dili ilə məhdudlaşdırır, böyük mənəvi
aləmin dilini, yüksək fikirlərin, arzuların, nurlu hisslərin və duyğuların dilini inkar
edirlər. Şair yazırdı: «Əgər biz böyük və güclü insan obrazları yaratmaq istəyiriksə,
gərək həmin insanlar üçün ifadəli, həmin adamların həyatını və mübarizəsini, onların
mürəkkəb daxili aləmini açıb göstərməyi bacaran zəngin bədii dil də yaradaq». (136,
250)
S.Vurğun «Böyük sənət məsələləri»ndə tipiklik məsələsi ilə əlaqədar olaraq milli
xarakter probleminin də yeni bir şəkildə meydana çıxdığını xüsusi qeyd etmiş, bu
barədə öz mülahizələrini söyləmişdir. O vaxtlar bir sıra tədqiqatçılar təsdiq edirdilər
ki, SSRİ-də yaşayan bütün xalqlar bir-birindən dildən başqa heç bir şeylə fərqlənə
bilməzlər.
Filologiya elmləri doktoru, şair Qasım Qasımzadə göstərir ki, bu barədə aparılan
müzakirə və mübahisələrdə bir vaxt milli xarakteri inkar halları epidemik hal almışdı.
Yeni tarixi mərhələdə ərazi, iqtisadi və dil birliyi şəraitində millətin mövcudluğu
marksist təlim əsasında təsdiq edilsə də, mübahisə «mədəniyyət ümumiliyində özünü
göstərən ruhi («mənəvi») xüsusiyyət ümumiliyi» müddəası üzərində gedirdi. «Bu
anlayışı «milli xarakter»dən ayırmaq, yaxud bütün insanlar üçün süni surətdə
eyniləşdirmək tərəfdarları meydana gəldi. Deyənlər oldu ki, «söhbət hər hansı» «milli
xarakterin» «mənəvi xüsusiyyət ümumiliyindən yox, milləti təşkil edən ayrı-ayrı
adamlar qrupunun (sinfi və peşə, etnoqrafik və b.) tarixən meydana gələn bəzi mənəvi
(ruhi) xüsusiyyətlərindən getməlidir». (103, 113) Bütün bunlar isə milli
xüsusiyyətləri inkar etməkdən başqa bir şey deyildi.
S.Vurğun hər bir xalqın milli xüsusiyyətlərinin yalnız milli dillər arasındakı
fərqlərlə məhdudlaşdırılmasını heç cür qəbul etmir
195
və bu fikri qətiyyətlə rədd edirdi. O, «formaca milli, məzmunca sosialist»
mədəniyyətində formanın yalnız dillə məhdudlaşdırılmasının əleyhinə idi. S.Vurğun
xatırladırdı ki, dünyada eyni bir dildə danışan, lakin müxtəlif milli xarakterlərə malik
xalqlar yaşayırlar. Şair yazırdı: «Hər bir xalqın özünün xüsusiyyətləri: öz məişəti, öz
ənənələri və zövqü, adətləri və vərdişləri vardır ki, bütün bunlar da əsrlər boyunca
yaranıb inkişaf etmişdir, hər bir xalqın öz təfəkkür tərzi və dünyanı dərk etmək tərzi
vardır». (136, 251)
S.Vurğun müxtəlif milli mədəniyyətlərin bir-birindən keçilməz sədlərlə
ayrılmadığını, onların arasında hətta forma cəhətdən bir çox ümumi cəhətlərin
olduğunu da istisna etmirdi. O, sənətkarın vəzifəsini onda görürdü ki, həm xalqları
birləşdirən, onları bir-birinə yaxınlaşdıran, bir-birini anlamağa vasitə olan cəhətləri,
həm də dünya mədəniyyətini zənginləşdirən və ümumiləşdirən milli xüsusiyyətləri
görüb duya bilsin.
Şair insandakı milli xüsusiyyətləri düzgün və bütün rəngarəngliyi ilə təsvir
etməyi böyük və parlaq xarakterlər yaratmaq üçün zəruri şərt sayırdı.
S.Vurğun bu barədə fikir və mülahizələrini «Şairin hüquqları» məqaləsində daha
da dərinləşdirmiş və genişləndirmişdir.
Əlbəttə, S.Vurğun sosializm realizmini özünün mənsub olduğu ədəbiyyatın əsas
yaradıcılıq metodu kimi qəbul edirdi. Bununla yanaşı, şairin fikrincə, bu metod
müxtəlif millətlərdən olan yazıçıları heç də məcbur etmir ki, onlar həyatın bütün
proseslərini və hadisələrini yalnız müəyyən bir çərçivə daxilində, bütün milli
ədəbiyyatlar üçün yeganə olan bir formada açıb göstərsinlər və ümumiləşdirsinlər.
Sosializm realizmi metodunun mahiyyətini belə başa düşmək - onu ehkam halında,
məhdud şəkildə başa düşmək və həyat həqiqəti ilə ziddiyyətə girmək deməkdir.
Həyat özü müxtəlif şəkillərdə təzahür edir, bu isə incəsənətdə formaların, o cümlədən
milli formanın rəngarəng və müxtəlif olmasını şərtləndirir. Şair «Böyük sənət
məsələləri»ində söylədiyi
Dostları ilə paylaş: |