214
operası haqqında danışarkən göstərir ki, XII əsrdə Nizami, XVI əsrdə Füzuli
qələminin qüdrəti ilə bütün dünyada şöhrət qazanmış bu qədim ərəb əfsanəsi XX
əsrdə Ü.Hacıbəyovun musiqi dühası ilə bir daha şöhrətləndi, bütün Qafqaz və Şərq
xalqlarının dillərində dastan oldu, Füzuli şerinin əzəmət və romantikası musiqi
qanadlarında bir daha ucaldı, əngin üfüqlər açdı. Şair yazır: «İstər Məcnunun, istərsə
də Leylinin ürəkyaxıcı ariyalarını dinlədiyimiz zaman biz onların əynində
gördüyümüz ərəb qiyafələrini unutduğumuz kimi, hadisənin ən qədim ərəb mənşəyini
də unuduruq, çünki onların ağzından eşitdiyimiz doğma səslər, doğma avazlar,
heyratılar, şikəstələr və bayatılar Leyli və Məcnunu bizə Azərbaycan oğlu və
Azərbaycan qızı kimi təqdim edir». (136, 108-109) Məhz buna görə də S.Vurğun
«Leyli və Məcnun» dastanının istər bədii söz mətnini, istərsə də musiqisini tam
mənası ilə Azərbaycan xalqının oricinal mənəvi məhsulu, onun milli şer və musiqi
mədəniyyətinin gözəl bir incisi hesab edir. Şairə görə, «Leyli və Məcnun» artıq sadə
bir ərəb əfsanəsi deyil, Füzuli şerinin və Üzeyir Hacıbəyovun musiqi dilinin yaratdığı
Azərbaycan xalqının fikir və ürək məhsuludur.
S.Vurğun bəstəkarın «O olmasın, bu olsun» və «Arşın mal alan» musiqili
komediyalarını, habelə «Koroğlu» operasını təhlil etmişdir. Şair Ü.Hacıbəyovun
komediyalarının C.B.Molyer və M.F.Axundov komediyaları ilə səsləşdiyini
söyləmişdir. O, «Koroğlu» barədə danışarkən qeyd edir ki, operanın mürəkkəb və
zəngin simfonik quruluşu, milli musiqi alətlərimizin Avropa musiqi alətləri ilə
həmahəng bir dildə danışması, vokal musiqi sənətinin inkişafı üçün yazılmış klassik
ariyalar, kütləvi və qəhrəmanlıq səhnələrini ifadə edən mürəkkəb və həyəcanlı musiqi
nömrələri, iki-üç səsli xor sənətinin gözəl nümunələri, bütün bunların vahid bir
ahəngi Üzeyir sənətinin yüksək mədəniyyətini göstərir. Şair opera haqqında fikrini
belə tamamlayır: «Koroğlu» operası musiqi və opera sənətimizin mükəmməl bir
abidəsidir ki, o, nəsillər boyu yaşayacaqdır». (136, 111)
215
Məlumdur ki, Ü.Hacıbəyovun yaradıcılığı çox zəngin və hərtərəflidir. Onun
müxtəlif canrlarda yaradılmış musiqi əsərləri əvəzsiz sənət inciləridir. S.Vurğun
bəstəkarın əsərlərini təhlil etmiş, onların təsir qüvvəsini araşdırmışdır. O göstərir ki,
Ü.Hacıbəyov ilk dəfə milli musiqi alətlərimizin notlu orkestrini yaratmış, nəzəri və
əməli olaraq tar-kamança, tütək, yastı balaban, qoşa zurna vasitəsilə simfonik
əsərlərin ifa olunmasını sübut etmişdir.
Şair Ü.Hacıbəyov musiqisinin daxili məna gözəlliyi barədə danışmış və qeyd
etmişdir ki, Üzeyir sənəti soyuq bir şüurun, formal bir texnikanın məhsulu deyil,
hadisələri yaşamış, insan taleyini duyub-düşünmüş, sevinc və iztirablar keçirmiş bir
ürəyin məhsuludur. O yazır: «Üzeyir musiqisini dinlədiyimiz zaman biz bəzən
qaşlarımızı çatıb loğman kimi düşünürük, bəzən həyat və insan eşqinə odlardan,
alovlardan keçən qəhrəman oluruq. Bəzən ürəyimiz ümman kimi təlatümə gəlir,
bəzən də sakit və nurlu bir yaz səhəri kimi açılırıq, özümüzdə dağlarda külünglər
çalan Fərhadlar qüdrəti hiss edirik, xəyalımız göylərə uçduqca, yaşadığımız ana
torpağı, onun yaratdığı insan adlı böyük neməti daha çox sevirik, öz varlığımız və
tariximizlə fəxr edirik». (136, 111)
Şair əbədiyyət qazanmış Hacıbəyov sənətini bu sözlərlə səciyyələndirir: «Üzeyir
sənəti kamala yetmiş bir sənətdir. Lakin insan kamalının hüdudu olmadığı kimi, sənət
və yaradıcılığın da hüdudu yoxdur». (136, 111)
S.Vurğun müxtəlif çıxışlarında da Ü.Hacıbəyov yaradıcılığına toxunmuş, onun
həmişəcavan və parlaq sənətini təqdir etmiş, ondan öyrənməyə çağırmışdır.
Azərbaycan Elmlər Akademiyasının yaradılmasının 10 illiyi münasibətilə keçirilmiş
elmi sessiyada şair respublikada ictimai elmlərin inkişafı haqqında məruzə etmişdir.
Azərbaycan musiqisinin müasir vəziyyətini təhlil edən məruzəçi bəstəkarın
yaradıcılığını bir daha araşdırmış, gənc bəstəkarlara bu zəngin irsdən daha çox
öyrənməyi tövsiyə etmişdir.
Şairin Ü.Hacıbəyova həsr olunmuş şerləri dəyərli sənət inciləridir. Onun «Böyük
bəstəkar» şerində yalnız S.Vurğunun
216
sənət xadiminə sonsuz məhəbbətinin ifadəsini deyil, eyni zamanda milli
mədəniyyətimizin çiçəklənməsindən doğan iftixar, qürur hissini görürük. Müəllif
Üzeyir musiqisində doğma Azərbaycanı hiss edir. Şairə görə, Üzeyir sənətinin
böyüklüyü onun milli ruhunda, dərin mənasında, dərya ləngəri qədər təsirli
olmasında, ecazkar bir dillə xalq mənəviyyatını, xalq ruhunu, ən incə duyğuları,
müqəddəs diləkləri ifadə etməsindədir. Bu fikir müəllifin «Bəstəkar» şerində daha
qabarıq verilmişdir. Şerdən çıxan nəticə budur ki, Üzeyir sənəti dərin köklərlə xalq
mənəviyyatına bağlıdır və yad təsirlərdən uzaqdır. S.Vurğun bu sənətin qüdrətini
onun milli ruhla bağlılığında, xalq həyatının, adət-ənənələrinin, psixologiyasının
tərcümanı olmasında görür. Şair Üzeyir sənətini belə görür, ona bu baxımdan yanaşır.
S.Vurğuna görə, Üzeyir sənəti əbədidir, örnəkdir, bu sənət daha böyük zirvələr kəşf
edəcək:
Çal, çal! Rübabından süzülən məna
Dağların, daşların bağrını yarsın.
Sazında dil açan bu yeni dünya
Zəfərdən zəfərə bizi aparsın. (132, 227)
1948-ci ilin noyabr ayında dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun
Vətən və xalq üçün döyünən qəlbi əbədi olaraq dayandı. Bu ağır itkidən doğan
ümumxalq kədəri S.Vurğunun misralarında da öz əksini tapdı. Şair öz bəstəkar
dostunun cənazəsi önündə ürək ağrısı ilə deyirdi ki, qocaman qartal bir daha qıy
vurub dağlardan keçməyəcək. Vətən dağlarının suyundun içməyəcək, bir daha
gözlərini açıb aləmi görməyəcək, dostları ilə üz-üzə gəlməyəcək, yeni-yeni nəğmələr
qoşmayacaq. Lakin şer Vurğun poeziyasına məxsus bir nikbinliklə, Üzeyir sənətinin
əbədiliyinə inamdan doğan bir nikbinliklə tamamlanır:
Ölüm sevinməsin qoy… Ömrünü vermir bada
El qədrini canından daha əziz bilənlər.
Dostları ilə paylaş: |