Akademikin Son eseri



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə37/75
tarix01.07.2018
ölçüsü0,89 Mb.
#52682
1   ...   33   34   35   36   37   38   39   40   ...   75

Bəli, beləliklə, toyun səhəri günü bəy evinin hə​yətində güllələr atılmadı, gəlinin
bakirəlik nişanəsi qız evinə göndərilmədi.
İki ailənin intizarla gözlədiyi xəbər ikinci axşam da gəlmədi. Birinci gün günahı
yorğunluqda, ilk görüşün utan​caqlığında görən bəy ikinci gecə iqtidarsızlığını dərk
edincə çaşqınlığı artdı. Sıxıntılar üst-üstə gəlir və onu daha dərinə batırırdı.
Pərtliyini gəlindən gizlədə bilmirdi. Yengələr həyəcanlarını Kamranın anasına
çatdırdılar.
Ailə həkimi bu xəbərə inanmadı. Bəy onun nə​zarətində böyüyüb, naxoş ola
bilməzdi. Onun təklifi ilə bəyə uyğun görünən seçmə yeməklər verildi, şərbətlər
içirdildi.
Bunun təsiri olmayanda ölkənin məşhur hə​kim​ləri giz​licə gəlib getdilər.
Şübhələnəcək bir şey yoxdur. Bəy öküz kimi sağlamdır. Uşaqlıqdan bəri
zədələndiyini də xatırlamır. Harda, hansı əsəb telləri düyün düşmüşdü, beyindən
gələn xətt harda qırılmışdı? Aydınlaşdırmaq çətindi. Beləcə çarəsizlik içində
qalan həkimlər yeməklərin, fikir dağıdan söhbətlərin xeyirsizliyini görüb çəkilib
getdilər. Bəy sarayda görünməyə utanır, tam atasının istədiyi ki​mi heç nəyə
qarışmır, heç bir işə irad tutmurdu. Sunay bu günlərdə sevgilisinə daha çox
bağlanmışdı. Onunla bir əzab çəkir və gənc bədəninin cavabsız istəkləri onu gün​-
dən-günə soldururdu.
Axırda ucqar dağ kəndindən bir ara həkimi gə​tirdilər. Qarı bəyi görəndə çaşdı.
Ömrü boyu yağ-bal içində yaşamış belə bir oğlanın bağlanması inandırıcı deyildi.
Ancaq qarı günahı elə bu bolluqda gördü. Kimlərin əlindən çıxdığı bilinməyən
yeməklərdən şübhələndi. “Ay balam, gavur köpəyuşağının gön​dərdiyi
zəhrimarların yaraşığnan bükülməsinə, şə​k​linə, bəzəkli torbasına baxıb, qarnınızı
niyə doldurursunuz nə cür düzəldil​diyini bilmədiyiniz kolbasa-molbasaynan? Öz
mal-qaramıza, ətimizə, çörəyi​mizə, suyumuza, meyvəmizə nə olub? Doğulan
gündən uşağı ana südünə həsrət qoymaq, səsi çıxan kimi qarnını dərmanla
doldurmaq nə deməkdir? Budey axırı belə olur! Bu bəy birinci deyil ki! Məni ora-
bura dartmaqdan əldən salıblar. “Filankəsin oğlunu bağlayıblar...” Nə bağlamaq,
canım? Bu köh​nənin söz-söhbətidir. İndikilərki əsl xəstəlikdir. Özü də xətrinizə
dəyməsin, toxluq, harınlıq, sizin diliniznən desək, importnı yemək xəstəliyi!”
İmpotent dedikləri də elə importnı kimi bir şeydir.
Dodaqaltı danışa-danışa balaca su hovuzunu ilmanqı su ilə doldurtdurub
Kamranın anasından aldığı bir kisə qızılı tökdü suya. Bəyi hovuza saldı, bədəni
piləyə dönənə kimi sudan çıxmasına imkan vermədi. Ancaq qızıl suyunun da təsiri
olmadı. Di gəl qarı da inadından hələm-hələm əl çəkənə oxşamırdı. Çəkdiyi
zəhmət boşa getdikcə əsəbiləşir və arada bəylə ərkyana zarafatlaşırdı. Sonra


xətrinə dəyməkdən qorxub, “darıxma, bu xəstəlik mənim əlimdən qaça bilməz”
deyib onun könlünü alırdı. Arada bir gün bəyin bədəninə 10-12 zəli düzdü. Gözəl
qızlara ovxalatdırdı və onlardan öyrəndi ki, Kamranın bədənində “hər şey yerli
yerindədir”.
Şəhərin baş axundu da kənarda qalmadı. Bir neçə dua yazdı. Birini suya salıb
içəcəkdi, birini boynundan, birini Allah bilir harasından asacaqdı.
Bunun dalınca bəyin anası bütün xeyir-şər işlərdə məs​ləhətləşdiyi məşhur
falabaxan Rəşxəndəni çağırtdırdı. Falçı qurğuşun əridib suya tökməkdən
başlayaraq, qəhvə falına qədər, bütün bacarığını işə saldı, haldan-hala düşdü,
hökmünü belə verdi: “Oğlunun düşməni çoxdur, xanım, ölümünə caduluyublar onu.
Şükür, niyyətləri baş tutmayıb. Ya üç saat, ya üç gün, ya üç ay sonra bəy salındığı
quyudan çıxacaq”.
...Yerin də qulağı var. Günün birində hücrəsindən çıxmayan, xalqın ölmüş hesab
elədiyi, bütün dünyanı gəzib dolandığından hamının Qoca Səyyah dediyi kişidən
bir ismarıc gəldi. “Cavanlara əziyyət verməsinlər, dava-dərmanla üzməsinlər
onları, günah o haram mülklərdədir. Bağlanan o evin bəxtidir. Qoy çıxsınlar
ordan, gəzib-do​lansınlar, ya da çobanlara qoşulub yaylaqlara qalxsınlar...”
Başqa yol qalmamışdı.
***
Sunayla Kamranın içində fikir qasırğaları, sevinc, kədər, peşmanlıq, şübhə, ümid
bir-birini əvəz elədikcə, vaxtın necə keçdiyini hiss eləməmişdilər. Yazın oğlan
çağı, elin yaylağa qalxdığı vaxtıydı. Aslan nazir dağda, dəniz sahilində, çayların
və göllərin qırağında iqamətgahlar tikdirmişdi, daha doğrusu, “dostları” yarışa
giribmiş kimi, harda bir gözəl yer vardısa, orda onun üçün bir yurd salmışdılar.
Hətta itlər də unudulmamışdı. Hər mülkdə elə it damları vardı ki, ölkənin böyük
alimləri görsələr, bağırları çatlardı; çünki bu damlara alimlərin yaşadığı evlərdən
daha çox para xərclənmişdi.
Memarlar dünyanı gəzir, harda gözəl bir imarət gör​sələr, ekizini ölkənin içində
yaradırdılar. Tarix kitabları itib-batsa, bu binalar gələcək nəsilləri çaş-baş
qoyardı: bu ölkə kimin olub; eyni vaxtda neçə mədəniyyət keçib bur​dan? Kimə
başa sala bilərsən ki, bu ölkənin başçıları eyni vaxtda həm Çin, həm İtaliya, həm
fin, həm rus, həm ingilis, həm alman, həm hind, həm türk saraylarında yaşamışlar.
Saraylardakı mebellər, qab-qacaq, ən xırda bər-bəzəklər də memarlıq üslubuna
uyğunlaşdırılmışdı. Kamrana qalsa, həvəslə Quş adasındakı evə gedərdi. Quş və
balıq ovu üçün darıxmışdı. Lakin ov mövsümü keçib getmişdi. Dənizin isti,
rütubətli günləri başlamışdı, buna görə də mövsüm üçün ən yaxşı yerlərdən birinə


– Altundaş qalasına getməyi qərarlaşdırdı. Ada istəyirsən – bura da ada kimi bir
yerdir; buludların üstündə, qayalar arasında, havasının, suyunun əvəzi yoxdur. İlin
bu vaxtında mərmər qayalar canlanır, gülə-çiçəyə bürünür, rahatlığını pozan
tapılmaz. Buranı məsləhət görənlərdən biri də falçı qarı idi: “Yaxşı yer seçmisiniz
xanım, o dağ ziyarətgahdır. Alplar piri var orda, Qısır bulaq var. Allahın hökmü
ilə niyyətimiz qəbul olunar”.
Xanımın ürəyi əsirdi. Həm oğlunu, gəlinini yaylağa gön​dərirdi, həm də falçı
qarının dediyi üç ayın tezlikcə tamamlanacağının narahatlığını keçirirdi. O qarıya
inanırdı. Dəfələrlə yoxlamışdı sözünü, indi də üç ayın tamamında hökmən bir
möcüzə olacağına, tilsimin qırılacağına və ailəsinin sıxıntısına, oğlunu utandıran
bu bəlaya son qoyulacağına əmin idi.
Bu həkim, fala baxan, dua yazan sürüsünü rədd eləməyə Kamranın bəhanəsi
qalmamışdı. Bununla belə, ətrafındakı adamlar, canıyananlıqla danışan qohumlar,
süni kədəri aşıb-daşan gözlər, arxasınca sürünən pıçıltılar dözülməzdi. Elə bilirdi
sarayın havasında, suyundadır iqtidarsızlıq. Gücünü alan da bu havadır.
Sunay gündən-günə zəifləyirdi. Ötən axşam doyunca ağlamışdı: “Boşa məni!
Günahkar mənəm. Qəlbin götürmür məni. Ürəksiz evlənmənin axırı belə olur”.
Sevgilisi onu sakitləşdirmişdi: “Səni özüm bəyənmişəm. Boşanmaq sözünü də
unut”.
Gəlinin sözünün kökünü bilmirdi. Bilmirdi ki, bu fikir qayınanadan gəlir: “Biz
uşağımızın düşməni deyilik, neçə ay belə davam edəcək? Qız çürüyür axı orda!”
Düzünə qalsa, qayınana da nə deyəcəyini, nə edə​cəyini bilmirdi. Qızı başqa evdə
olsa, çoxdan qaytarardı, ancaq nə Aslan nazirə belə bir sifət göstərə bilər, nə də
qızına söz demək olardı: “Qismətim belədir, cənazəm çıxar burdan”.
May ayının gözəl günlərindən birində qalaya çatdılar. Çoxdan bəri ilk dəfə
Sunayın üzü gülürdü: “Oy, bura nə gözəldir!”
Adı qala olsa da, burda imarəti dövrələyib zindana çevirən divar yoxdur. Dağ
bütövlüklə qalaya bənzəyir. Ev bir əl kimi göyə yüksələn qayanın ovucunda
qızılgülə bənzəyir, sanki dağlar buludlara uzadır onu.
Kamran da sıxıntıdan çıxmışdı. Otaqların geniş pən​cərələri gözəlliyə açılır və
özünü birbaşa cənnətin ortasında hiss edirsən. Gecədən qopub evə girmədilər.
Qayanın qaşında, ocağın qırağında otur​dular. Yemək yada düşmürdü. Ulduz
salxımları göyü aşsüzənə döndərmişdi. On beş günlük Ay az qala Günəş qədər
işıqlı idi, o qədər işıqlı idi ki, bənzətməyə söz tapa bilməzdin; deyilənə görə bu
ilin bu günü super böyüklüyə çatıb, nadir hallarda görünən bir dolğunluq qazanan
Ay gəlib başlarının üstündə dayanmışdı və sanki sonrakı yolunu getmək
niyyətindən əl çəkmişdi. Sunay başını qaldırıb Aya baxanda geriyə qanrıldı və


Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə