Akġf aġirli



Yüklə 1,82 Mb.
Pdf görüntüsü
səhifə37/84
tarix11.12.2023
ölçüsü1,82 Mb.
#146464
1   ...   33   34   35   36   37   38   39   40   ...   84
AZERBAYCAN METBUATI TARIXI 1875-1920

"Bir-iki nəfər 
Məmmədquluzadələrin, Nemanzadələrin ölümü ilə elə bilirsiniz ki, "Molla 
Nəsrəddin"i öldürəcəksiniz? Bunu biliniz ki, "Molla Nəsrəddin"i öldürmək 
mümkün olsa da, mollanəsrəddinçiliyi
 
öldürmək olmaz". 
"İrşad"ın bu mövqeyindən 
anlaşılır ki, çapından çox vaxt keçməmiş artıq "Molla Nəsrəddin" öz məktəbini 
yaratmışdır. 
1909-cu ildə C.Məmmədquluzadənin qardaşı Ələkbər Təbrizdə başlayan 
azadlıq hərəkatında iştirakına görə həbs olunur. Bir neçə mətbu orqan, o cümlədən 
"Tərəqqi" Ələkbərin Təbriz inqilabındakı fəaliyyətini yüksək qiymətləndirirdi. 
R.Nəcəfov bu barədə xatirələrində yazır: "Mirzə Ələkbər Təbriz inqilabında iştirak 
etdiyi üçün çar hökuməti tərəfindən tutulub İrəvan həbsxanasına göndərilmişdir. 
Edam cəzası və ya ədəbi katorqa təhdid altında bulunurdu ki, bu hadisə Mirzəni 
sarsıtmış və əhval-ruhiyyəsini pərişan etmişdi. O, idarəni buraxıb, maddi vəsait 
aramaq və gedib qardaşını qurtarmağa çalışmaq məcburiyyətində idi". 
"Molla Nəsrəddin"i idarə etmək üçün onu əvəzləyəcək şəxsin Naxçıvanda 
Məmmədəli Sidqi olacağını düşünən C.Məmmədquluzadə 1910-cu ildə M.Sidqiyə 
belə bir məktub yollayır: "Əzizim Məmmədəli! Mən bu ovqat kəndə getməliyəm 
və burada bir adam lazımdır ki, "Molla Nəsrəddin"i idarə eləsin. Əgər yaz fəsli 
gəlib Tiflisdə qala bilsəniz, tez gəlin... Əgər mərhum Sidqi Bəradərinin oğlu ilə 
gələcəkdə dostluğum baş tutsa, özümü xoşbəxt hesab edərəm". 


86 
Cəlil Məmmədquluzadənin təklifini qəbul edən M.Sidqi Tiflisə gəlmiş, 
1910-cu ilin iyul ayının əvvəllərindən redaktor vəzifəsini yerinə yetirmişdi. 
Jurnalın iyul-avqust nömrələrinin qeyri-rəsmi redaktoru M.Sidqidir. 
1901-cu 
ilin sentyabrın 16-da Cəlil Məmmədquluzadə Tiflis 
qubernatoruna ərizə yazaraq jurnalın redaktorluğunu müvəqqəti olaraq M.Sidqiyə 
həvalə etməyi xahiş etmişdir. Ərizəyə baxılana qədər "Molla Nəsrəddin"in nəşri 
dayanmış, jurnalın 35-ci sayı ilə 36-cı sayı arasında bir ay fasilə olmuşdur. 1910-cu 
ilin noyabrın 5-də M.Sidqi müvəqqəti redaktor təsdiq edilərək bu vəzifəni 1911-ci 
ilin martın axırınadək yerinə yetirdi. 
Daim təhdid və təzyiqlərə məruz qalan "Molla Nəsrəddin"ə qarşı 1911-ci 
ildən başlayaraq senzor hücumları yenidən kəskinləşdi. Redaktorlardan kəskin 
yazılar yızalmayacağı ilə bağlı alınan iltizamlar jurnalın müntəzəm nəşr 
olunmasına çətinliklər yaradırdı. 1912-ci ilin martından C.Məmmədquluzadə 
jurnalın nəşrini uzun müddətə dayandırdı və "Molla Nəsrəddin"in bərpası 1913-cü 
il yanvar ayının 13-dən sonra mümkün oldu. 
Birinci Dünya müharibəsi ərəfəsində vəziyyətin kəskinləşməsi "Molla 
Nəsrəddin"in nəşrinin müvəqqəti dayanmasına səbəb oldu. Bu barədə 
C.Məmmədquluzadə 1914-cü il noyabr ayının 17-də Tiflis Mətbuat İşləri 
Komitəsinə göndərdiyi ərizəsində yazırdı: "Mənim redaktorluğum altında çıxan 
"Molla Nəsrəddin" jurnalının nəşrini qeyri-müəyyən vaxta qədər dayandırıram". 
Həmin dövrdə jurnalın redaktor köməkçisi olan Əliqulu Qəmküsar 
"Bəsirət" qəzetinin müxbiri ilə müsahibəsində bu barədə deyir: "Biz "Molla 
Nəsrəddin" məcmuəsini qapatmaq fikrində deyilik və bu fikirdə də olmayacağıq və 
lakin vaxt namünasib olduğu üçün jurnalı qapatmağa məcburuq. Müharibə 
qurtardıqdan sonra yenə jurnal kəmal əla sabiq nəşr olunacaq, müştərilərə 
jurnalımız göndəriləcəkdir. Jurnalımızın müvəqqəti dayandırılmasına ancaq indiki 
namüsaid vaxt baisdir". 
Bu uzun fasilədən sonra jurnal 1917-ci il fevralın 9-dan çapını yenidən 
bərpa etdi. Rus imperiyası daxilində baş verən inqilabi proseslər, xalqların öz 
müqəddəratını təyinetmə arzuları "Molla Nəsrəddin"çiləri, o cümlədən 
C.Məmmədquluzadəni düşündürməyə bilməzdi. C.Məmmədquluzadənin 1917-ci 
ilin noyabrında dərc olunan "Azərbaycan" məqaləsi bu istəkdən doğurdu. Rusiyada 
baş verən proseslərin Azərbaycanı istiqlala doğru apardığını uzaqgörənliklə duyan 
Mirzə Cəlil parçalanmış Azərbaycan ağrılarını yazır, Vətənin vahidliyi ideyasını 
ortaya qoyurdu. Vətinin coğrafi hüdudları haqqında məlumat verən ədib "hardadır 
Azərbaycan" sualının cavabını verirdi: "Azərbaycanın çox hissəsi İrandadır ki, 
mərkəzi ibarət olsun Təbriz şəhərindən, qalan hissələri də Gilandan tutub, qədim 
Rusiya hökuməti ilə Osmanlı hökuməti daxilindədir ki, bizim Qafqazın böyük 
parçası ilə Osmanlının bəzi ərazilərindən, Bəyaziddən ibarət olsun". Cəlil


87 
Məmmədquluzadə Azərbaycan övladlarının birləşib, Vətəni "yad millətlərin 
südünü əmmiş", millətin "ruhundan xəbərsiz" kəslərin xəyanətindən qorumağa, 
Vahid Azərbaycan ideyasının daşıyıcısı olmağa səsləyirdi: "Ax, gözəl Azərbaycan 
vətənim! Harda qalmısan? Ay torpaq çörəyi yeyən təbrizli qardaşım, ay keçə papaq 
meşkinli, sərablı, goruslu və moruslu qardaşlarım... Gəlin, biz də bir dəfə oturaq və 
keçə papaqlarımızı ortalığa qoyub bir fikirləşək, hardadır bizim Vətənimiz?" 
"Cümhuriyyət" adlı məqaləsində çarizmin süqutunun obyektiv tarixi 
proses olduğunu yazan C.Məmmədquluzadə xalq hakimiyyəti və demokratik 
respublika qurulmasının vacibliyini irəli sürürdü: "Padşahlıq taxtından yıxılan 
Nikolayın zalım və xain idarəsi dağılandan sonra Rusiya məmləkətində yaşayan 
millətləri, o cümlədən də biz müsəlmanları məşğul edən tək bir məsələdir: həmin 
məsələ cümhuriyyət məsələsidir. Cümhuriyyət, yəni latınca "respublika" elə bir 
hökumətə deyirlər ki, orada məmləkətin idarəsi camaatın öz öhdəsində və 
ixtiyarındadır, necə ki, məsələn, Firəngistan, İsveçrə və qeyriləri". 
Söz kəsərini qoruyub saxlamağa çalışan "Molla Nəsrəddin" ölkədə baş 
verən hadisələrə ictimai-siyasi proseslərə, cəmiyyətdəki neqativ hallara münasibət 
bildirir, dövrün ictimai-siyasi proseslərini şərh edirdi. Ancaq bu dəfə də jurnalın 
nəşri çox davam etmədi. 1918-ci ilin yanvarında "Molla Nəsrəddin" fəaliyyətini 
dayandırdı. Cəlil Məmmədquluzadə 1918-1920-ci illərdə ömür-gün yoldaşı 
Həmidə xanım Cavanşirlə birlikdə Qarabağa getdi və bir müddət Kəhrizli kəndində 
yaşadı. Xalq Cümhuriyyəti quruculuğu prosesində bilavasitə iştirak etməsə də, o, 
müstəqil dövlətçilik ideyasını dəstəkləyirdi. 
1920-ci ildə Cəlil Məmmədquluzadə öz ailəsi ilə köçüb Cənubi 
Azərbaycana getdi və o, 1921-ci ildə "Molla Nəsrəddin"i Təbrizdə bərpa etdi. 
Təbrizdə jurnalın 8 nömrəsi işıq üzü gördü. Mətbuat tariximizin əvəzsiz 
tədqiqatçılarından olan Qulam Məmmədli öz müsahibələrinin birində "Molla 
Nəsrəddin"in Təbriz nəşrinə aydınlıq gətirərək yazırdı ki, C.Məmmədquluzadə 
ailəsi ilə birlikdə Cənubi Azərbaycana köçdükdən sonra jurnalın çapını bərpa 
etmək istəyir. Onun "Molla Nəsrəddin"i azərbaycanca nəşr etmək istəyinə İran 
hökuməti icazə verməmişdi ki, gərək farsca çap olunsun. M.Cəlil isə İran 
hökumətinin bu tələbi qarşısında söyləmişdi: "Təbrizdə ermənilər ermənicə qəzet 
çıxarırlar. Siz isə Azərbaycan dilində jurnal nəşr etməyə icazə vermirsiniz. Elə isə 
icazə verin "Molla Nəsrəddin"i erməni dilində nəşr edim". C.Məmmədquluzadənin 
bu sərt münasibəti jurnalın Təbrizdə ana dilində nəşrinə səbəb oldu. 
Sovet hökumətinin təşəbbüsü ilə 1922-ci ilin iyununda "Molla 
Nəsrəddin"in nəşri Bakıya köçürüldü. C.Məmmədquluzadə ilə danışıqlar aparanlar 
onu Təbrizdən Bakıya köçüb, jurnalın sərbəst şəkildə çapının həyata keçirilməsinə 
kömək göstəriləcəyinə inandırdılar. 


88 
Bakıya gəldikdən sonra isə M.Cəlil vəziyyətin tamamilə dəyişdiyini, 
verilən vədlərin doğru olmadığını gördü. Qulam Məmmədli "Molla Nəsrəddin"in 
sovet dövrünü öz müsahibəsində belə təsvir edir: "Mirzə Cəlillə Mərkəzi Komitə 
arasında mübahisə başladı: "Jurnal necə çıxacaq və nədən yazacaq?" M.Cəlil 
deyirdi: "Sizdə mətbuat partiya orqanıdır, şəxsi adamlara qəzet çıxarmağa icazə 
verilmir. Mən isə "Molla Nəsrəddin"i özüm yaratmışam, özüm satmışam, özüm də 
nə istəmişəm, onu yazmışam. Buna icazə verəcəksizmi?" 
Jurnalın Sovet Azərbaycanında ilk nəşri 1922-ci ilin noyabrında həyata 
keçirildi. Bu nömrədə "Bakı nefti" adlı şeir və karikatura verilmişdi. Əli vedrəli
bankəli, qab-qacaqlı kim varsa, bu neft inəyinə hücum edib, onu sağmaq istəyir. 
"Hücumçular" qismində isə İngiltərə, Fransa, İtaliya, ABŞ və Rusiya kimi dövlətlər 
idi. Karikaturanın dərci böyük hay-küyə səbəb oldu. Sorğu-sual başlanılanda 
M.Cəlil demişdir: "Azərbaycan neftini kəndlilərimiz gedib qonşu respublikalardan 
birə on qat baha alıb, yandırırlar ki, qaranlıqda qalmasınlar". 
Jurnalın ideya-siyasi istiqamətləri barəsində Mərkəzi Komitənin 
səlahiyyət sahibləri ilə Mirzə Cəlil arasında çox dialoqlar, "tərbiyəvi söhbətlər" 
aparılsa da, o öz fikrindən dönmədi. Belə bir vəziyyətdə məcmuənin nəşrinin 
M.S.Ordubadinin nəzarəti altında həyata keçirilməsi qərarlaşdırıldı. M.Cəlilin 
xəbəri olmadan buraxılan saylarda baş redaktor kimi yenə də onun adı yazılırdı. 
Bunu qəbul etməyən Mirzə Cəlil M.S.Ordubadiyə yazırdı: "Səid, bildiyini elədin, 
gələn nömrədən mənim adım redaktor kimi o jurnalda yazılsa, mən bilirəm hara 
şikayət edəcəm". 
1925-ci ildən sonra C.Məmmədquluzadənin həyatında ciddi sarsıntılar baş 
verdi. Bu böyük ədibin istəmədiyi, yaxın buraxmadığı məqsədləri, ideyaları "Molla 
Nəsrəddin"də həyata keçirməyə başladılar. "Molla Nəsrəddin"i Allahsızlar 
Cəmiyyətinin orqanına çevirdilər. Beləliklə, 1925-ci ildən jurnalın baş 
redaktorunun adı əvəzinə, "Heyəti-təhririyyə" yazılırdı. 
Qulam Məmmədli öz xatirə müsahibəsində Mirzə Cəlilin bu ağır, sarsıntılı 
günlərini xatırlayır: "1922-ci ildən sonra "Molla Nəsrəddin" tamamilə simasını 
itirdi. Mirzə Cəlil ağır-mənəvi və sözün əsl mənasında maddi çətinliklər içərisində 
qaldı. Nəhayət, 1930-cu ildə xəstələndi. 1931-ci ilin sonunda ağır vəziyyətə düşdü. 
1932-ci ilin yanvarın 4-də o, dünyanı tərk elədi". 
"Molla Nəsrəddin"in isə sonuncu nömrəsi 1931-ci ildə buraxılmışdı. 
Jurnalın bu müddət ərzində Tiflisdə 340, Təbrizdə 8, Bakıda isə 400 sayı işıq üzü 
görmüşdü. 

Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə