156
Məclisin açılmaq saatı yaxınlaşdı. Tamaşaçılar ki içlərində müsəlman
xanımları da az deyildi - boş yerləri doldurdular. Məbuslar hər kəs öz məxsusi
yerini tapıb oturdular. Qəzetə yazıçıları kağız və qələmlərini hazırlayıb müntəzir
durdular. Ministirlər müavinləriylə bərabər öz yerlərinə keçib cərgə ilə oturdular.
Bir lojaya sığmayıb, sağ və sol iki lojanı doldurdular.
Bunların hamısı başı açıqdılar. Bir nəfərdən savayı, görünür ki, soyuqdan
qorxurmuş, həqiqət, çox soyuqdur.
Hamı amadə olub intizarda ikən milli
şura rəisi Məhəmməd Əmin
Rəsulzadə cənabları rubəru qapıdan çıxıb məqami-sədarətdə üzü məclisə tərəf,
ayaqüstə bir vəziyyət aldıqda hazirinin intizarı donub diqqətə münqəlib oldu.
Məhəmməd Əmin qəlbən nikbin və nikbinliyində də sabit-qədəm
olduğuna dəlalət edən açıq və gülər bir üz və yerə baxmaq adəti olmayan bir göz
ilə məbuslara xitabən nitq söyləməyə başladı.
Padşahlı məmləkətlərdə məclisi-məbusanı padşah açar, amma Azərbaycan
Cümhuriyyətinin məclisi-məbusanını bir nəfər vətən övladı açdı.
Məhəmməd Əmində natiqlikdə "patent" qazanmış olan "arator"lara
məxsus qol atma, baş oynatma, üz-gözünü sifətdən-sifətə dəyişmə kimi hərəkətlər
yox idi.
Bunların əvəzində özgə bir hal var idi ki, o da getdikcə qızışıb sözlərinin
dəruni qəlbdən söyləndiyini eşidənlərə hiss etdirməklə dərin bir təsir oyatmaq idi.
Qol atmaqdan bu yaxşıdır. Bunda ixlasi-qəlb və səmimiyyətlə bərabər, sərd edilən
kəlamda bir də böyük bir ciddiyyət mövcud olduğuna hər kəs inanıb natiqin hər bir
sözünə lazımınca əhəmiyyət verirdi. O idi ki, hər bir cümlə axırında alqışlar
yağırdı.
Natiqin nitqini bugünkü nömrəmizdə oxuyarsınız.
Mənim məqsədim
gördüklərimi, təəssüratımı söyləməkdir.
Növbət ministrlər rəisi Fətəli xan Xoyskiyə yetişdi.
Xudavəndi-aləm hər yerdə istibdad varsa, evini yıxsın necə ki, rus
istibdadının evini yıxdı. Qoyurdularmı ki, vaxtında dilimizi öyrənək ki, yeri
düşəndə danışarkən fikrimizi söyləməyə, söz axtarmağa möhtac qalmayaq!
Bavücudi-in Fətəli xan çox da duruxa-duruxa danışmırdı, dilinə hətta
rəvan demək də caizdir. Anasından öyrənmiş dilinə bir
qədər də türk qəzetələrin
mütaliəsindən və bir də Osmanlı türk qardaşlarımız ilə bir müddət təmasda
bulunub deyib-danışmaq məcburiyyətindən hasil olan sözləri qatıb, bir dil
düzəltmişdi ki, onunla ifadeyi-məram edirdi.
Fətəli xan, zatən nitq söyləmirdi. O, məbuslar, əfəndilərlə dərdləşmək
istəyirdi, dərdini söyləyib şikayət edirdi.
Xaricdə qarışıqlıq və daxildə pərişanlıq ola-ola xəzinədə bir köpük pul və
meydanda bir nəfər əsgər olmaya-olmaya, bizi hökumət seçib dedilər ki, gərək bu
157
işləri düzəldəsiniz.
Biz də necə ki görürsünüz, mümkün qədər düzəltdik. Pul da
var, yol da var və sairə.
Məclis rəisi-vüzəranın sözlərinə diqqət və sükut ilə qulaq verirdi, ancaq
sağ tərəfdə kim idisə, xısın-xısın pıçıldanıb rəisin hər sözünə bir kinayə buraxırdı.
Zənnimcə, Fətəli xanın şikayəti parlaman əksəriyyətinin qəbuluna məzhər
olmayacaq deyil.
"Deklarasiya"nın müzakirəsi sonraya qaldı.
Doğrudur, "Fətəli xan
kabinəsinin əvəzində özgə bir kabinə alsa idi, işləri daha gözəl aparardı", deyənlər
olacaqdır. Ancaq bəlkə "özgə kabinə heç bir işləri də görə bilməyəcək idi" deyənlər
də az olmayacaqdır.
Fətəli xanı "tənqid etmək asandır, amma işi görmək çətindir" sözlərinə
çox adamlar şərikdir.
Sağda oturan "İttihad" fraksiyası özlərindən sol olan fraksiyaları bir
məsələdə qabaqladı, hətta bir dərəcəyə qədər "məhcub" belə etdi ki, "utandırdı"
sözündən bir az yüngüldür. "İttihad" parlaman açılmaq bayramı münasibətilə siyasi
dustaqların əfvi-ümumisi təklifini etdi. Fraksiya namından bu təklifi irad edən
"İttihad" əzası "özgələrə" səbqət etmək arzusunun cüşindən karıxıb "siyasi" sözünü
unutmaqla bir çoxlarını
qorxutdu, kənardan tez "siyasi" sözünün əlavəsi mətləbi
aşkar etməklə təskinə səbəb oldu.
Cavan parlamanımızın birinci iclasında hasil olan təəssürat gələcək
əndişələrimizin zayil edilməyəcəyinə ümidlər verib, indiki ovzamızın
da bir
dərəcəyə qədər hiss etdirməz ağırlığı müqabilində qəlbimizdə təsliyyətamiz bir hiss
oyadar.
Allah kömək etsin!
Dostları ilə paylaş: