АЛАТОРАН № 15, YANVAR 2010
38
Həmid Herisçi
SUİTİ
Bakıda elə nəhəng divarlar var...
Buyur, götür,
dibində bütöv bir milləti
sıraya düzüb qır,
güllələ...
Sabah “ANS-press” xəbər yayar-
-:boşa getməyib orda
bircə güllə”...
Sən isə hiylə işlət belə dar məqamda,
hiylə...
Get ora, bir azacıq yat, mürgülə...
görəcəksən sakitlikdir tam...
Bakının lap ucqarlarında
tozu çırpılan xalça-palazların
səsini də eşidərsən orda...
Görərsən, kimsə sağ qalmayıb
bu həyatda...
Hətta,
həyat da...
Sən bu divarların dibində
bir ömür qədər susarsan,
itə çevrilib kölgələrə cumarsan,
bir fahişə tapmaq eşqiylə
yüz dollarını xırdalayarsan,
pusarsan
AZPETROL xəzinəsini yarmış quldurları,
qusarsan
milli mətbəximizin hamısını...
Öz qanını...
xatırlayarsan
necə
inqilabçı atan
üzüb getmişdi Bakıdan
Xəzərin düz ortasına qədər...
Ancaq,
qəzavü-qədər,
Bir də Xəzəri qoruyan
bığlı, qoca suitilər
dişləmişdilər atanı...
Xatırlayarsan
1 saylı Bakı xəstəxanasını,
qarnına 40 iynə vurulmuş
o əziz insanı...
atanın
sonrakı həyatını...
lll
Neftçi buruq ustaları,
eşitmişəm,
suitiləri
qarmaqla tutardılar
Pirallahı adasında...
Ciyərini çıxarıb, leşini
Xəzərə atardılar...
Dadlıymış, deyirlər
suitinin qanlı ciyəri...
Sonra yatardılar bu neftçilər,
“KASPAR” gəmiçilik idarəsinin
aşbaz qadınlarıyla...
Hə,
mən buna, varam...
Hə, bunu bacarmadı atam...
Aleksandr Belovun :Amfibiya-adam”
kinofilminə bir də baxsam,
atamı o İxtiandra oxşadaram,
onu dişləmiş suitini
tanıyaram...
Qan damır indiyəcən
o suitinin sallaq, iti
bığlarından...
АЛАТОРАН № 15, YANVAR 2010
39
EDİSON LAMPASI
Cənab Edison,
yumşaq kreslonda əyləş,
özün fikirləş,
təkcə elə əl-əlvan işığı, sarı lampanımı
ixtira etmişik biz?
Yox... yox,
lap qədimlərdə
zil qaranlığı, qatı zülməti
şək-şübhəsiz,
elə yenə biz ixtira etmişik,
yenə biz!
Dediklərimdən qorxduz deyəsən...
Bəlkə, bir siqaret tüstülədəsiz?
Təkcə, Təzəbazardan aldıqlarınızı yox...
Ürəyinizi, yaxanızı qaldırıb
küləyə “Yox!” deməyinizi də
bəlkə, salofan torbalarda
bizə hədiyyə edəsiz?
İcad etdiyiniz lampanın işığında,
sarı payız yarpaqlarının
özünə ev axtarmağını,
millətin kirli corablarını,
barı, bircə dəfə görsəydiniz...
Deyərdiz,
“yetər!”, ixtiranızı
ləğv edərdiz.
Darıxdız deyəsən,
bəlkə bir azacıq keflənəsiz,
min il sonra yenidən diriləsiz
fahişələrin danışdığı xatirələrdə...
qızların döşləri böyüyüb bərkiyəndə?
Bəlkə
bütün duyğularınızla incələsiz,
şübhələrinizi
kəfənsiz dəfn edəsiz,
bir lampa da icad edəsiz...
nəhayət ki, görə biləsiz
necə mən
çar-naçar
evimə qayıdıram...
Yorğunam. Arığam.
Bir az hələ ayığam...
Corabımın birini çıxarıram.
Digərini çıxarmağa əl atana can,
min il vaxt keçir aradan...
Sanki yoxam...
yenidən gərək doğsun məni
rəhmətlik anam...
Həə, belə yerdə adam darıxar.
Bədənimdən tez,
boğazım götürüb özünü
qatarın altına atar!
Hələ kimsə arxamca yalvarar-
- :eh, mənim yaşıl kəlağayım,
səni dəmir mafiyəyə sancaqladım,
Bakı küləyində səni hey dalğalandırdım,
Sən bu küləklə elə hey danışdın,
sayıqladın,
getdin, qayıtmadın”...
Eh, cənab Edison, sən burda
axı nəyi işıqlandırdın?
Heç bunu
bacardın?
PAYIZ
Ölüm gələndə,
görəcəksən
tətiyi sıxan kobud barmaq,
payızın sığalladığı sarı yarpaq,
bir ahənglə
titrəyəcək,
elə bu cür də göbəyini titrədəcək
“Elbaro” restoranındakı
anası göyçək
şişman rəqqasə...
Nə yaxşıkı...
Nə yaxşıkı,
həyat fanidi...
Ötəridi, axıcıdı, anidi,
həqiqi deyil, şərtidi,
bəzən, görmürsənmi,
özünə qarşı qatildi,
canidi...
Bildim!...o öz qalstukunu gəmirən
Saakaşvilidi!
Yoxsa, vallah, əbədiləşərdi
АЛАТОРАН № 15, YANVAR 2010
40
burjuyların
supermarketlərə səfərləri,
həyatın ölümlə cərimələnməsi...
Nə yaxşıkı bu da fanidi...
Nə gözəldi, qəşəngdi
göydəki ala buludların hərəkəti,
yerdəki bank binalarının hərəkətsizliyi...
bunun fərqini,
riyazi tənliyini,
dəqiq :cəm”ini
həll etmiş qoca riyaziyyatçını göstər mənə.
İnanım bütün bunların da
faniliyinə,
sevinim, körpələrin payız sərçələrinə baxıb
azca gülümsəməyinə...
O körpə lap gülümsəməsə də
qələbəni yenə öz cibində bil,
sənindir,
qağayılara ömürlük icarə müqaviləsi bağlamış
vəhşi sahil...
Nə yaxşıkı
həyat fanidi...
yoxsa, nə varsa əbədiləşərdi...
Kəfənlər də çürüməzdi...
Qəndlər də əriməzdi
bizim bu oğraş çayxanalarda.
Buğda da üyülməzdi,
əsla kiçilməzdi,
dəmir əyilməzdi,
zibil də çürüməzdi
Qoca padşahlar,
elə
hey təmbəki iyləyərdi,
elə hey asqıraraq yenidən dirilərdi...
ölərdi
ancaq
küləyi sinəsiylə saxlayan qağayılar.
payız da xərcləməzdi
öz sarı yarpaqlarını
bizim tənha küçələrimizdə...
Ətrafındakı sarı payız,
Jekdən, yaşayış yerindən aldığın arayış,
bu bir parça kağız,
belini sıxan köhnə qayış
deyir - “hələ də yaşayırsan”...
Payız. Payız. Payız...
Ey mənə bənzər insan
Bu aləm ağı qaranı özündə birləşdirən
qorxunc ağcaqayın idi,
bu çoxdan aydın idi,
göydəki ulduzları quru meyvə kimi
suya salmaq lazım idi,
bu çoxdan aydın idi…
Ey, mənə bənzər insan, sən hardasan?
hardasa yaxındasan
pərdənin arxasındasan,
ürəyin darıxır,
əlində kibrit qutusunu
oynatmaqdasan…
bu ucuz şorbaların buğundan tərləmiş
güzgülərin
üstündə
mən barmağımla hansı sevgimin adını yazım?
bilmirəm ölüm,
yoxsa qalım.
bəlkə gedim, o mənə bənzər insanı
axtarım tapım,
bir əsgər kimi bel kəmərinin toqqasını
silib parıldadım,
onun qabağına çıxım?
Ağ ev, Qızıl meydan sözlərindəki
rənglərə olan qədim inamlara,
bəlkə də yalanlara,
məndə bir inam
qalmayıb,
zaman bizə verdiyi
maaşları azaldıb,
bilirəm, mənə bənzər o insan
gəlib buralarda məni
axtarıb…
ancaq tapmayıb…
burdakı yazı
mizlərinin üstünə
fahişələrin telefon nömrələri yazılıb,
hər gələn, bildiyi başqa nömrələri də
ora artırıb,
mizlərin üstündə boş yer qalmayıb!
bütün bunlar
mənim varlığımı sarsıdır,
ey, mənə bənzər insan, indi, bu gün
bizim görüşümüzün vaxtıdır !!!