43
ləri də, onun fəaliyyəti də güclü təsir göstərir. Buna görə də pe-
daqogika uşaqların fərdi və yaş xüsusiyyətlərini, qabiliyyətlərini üzə
çıxarmağı və nəzərə almağı, onların fəaliyyət növlərini və üsullarını
müəyyənləşdirməyi zəruri hesab edir.
Pedaqokanın etika ilə əlaqəsi. Pedaqogika etika ilə qarşılıqlı
əlaqəlidir. Fəlsəfi elm olan etika, əxlaq tərbiyəsinin əsasını təşkil
edir. Pedaqoji prosesdə əxlaqın meydana gəlməsi, təşəkkülü haqqın-
da məlumatlar da əhəmiyyətli yer tutur.
Pedaqogikanın həmçinin ədəbiyyat, incəsənət, tarix, erqo-
nomika, məntiq, gigiyena və daha bir çox digər elmlərlə də qar-
şılıqlı əlaqəsi vardır. Pedaqogika nəinki başqa elmlərin nailiyyətlə-
rinə, həm də bütün digər elmlərə, onların inkişafına təkan verir.
Pedaqogikanın digər elmlərlə qarşılıqlı əlaqəsi sayəsində tamam
yeni elm sahələri də yaranır.
Pedaqogika elminin digər elmlərlə təmasda inkişafı o demək
deyildir ki, guya pedaqoji bilikləri başqa elm sahələrində axtarmaq
lazımdır, hansı ki, vaxtı ilə K.D.Uşinskinin “Antropologiya” əsərin-
də belə meyil qabarıq şəkildə ifadə edilmişdir.
Pedaqogikanın digər elmlərlə əlaqələrini aşağıdakı kimi xüla-
sə etmək olar:
–
pedaqogika başqa elmlərin əsas ideyalarından, nəzəri müd-
dəalarından və ümumiləşdirilmiş nəticələrindən
istifadə edir;
–
pedaqogika başqa elmlərin tədqiqat metodlarından istifadə
edir;
–
fəlsəfə, psixologiya, ali sinir fəaliyyətinin fiziologiyası, so-
siologiya və başqa elmlərin apardığı tədqiqatların konkret nəticələri
pedaqogikada tətbiq olunur;
–
pedaqogika insanı öyrənən kompleks tədqiqatlarda iştirak
edir .
44
1.7. Pedaqogikanın sahələri
(və ya pedaqogikada diferensiya prosesləri)
Vaxtilə fəlsəfənin və sosiologiyanın tərkibində olan, bir müd-
dətdən sonra ondan ayrılan və getdikcə müstəqil elmə çevrilən pe-
daqogika inkişaf edərək bir çox şaxələrə ayrılmaqdadır. Peda-
qogikanın öyrəndiyi predmet o qədər mürəkkəbdir ki, ayrıca, hətta
ən geniş elm onun mahiyyətini, əlaqələrini və ifadə vasitələrini əha-
tə edə bilməz. Pedaqogika uzun inkişaf yolu keçərək çoxlu nəzəri və
təcrübi informasiya toplamış və hazırda şaxələnmiş elmi biliklər
sisteminə çevrilmişdir, başqa sözlə, müasir pedaqogika təhsil, təlim,
tərbiyə haqqında elmlər sisteminə çevrilmişdir. Pedaqoji elmin
sahələri arasında ardıcıl, sıx əlaqə vardır. Onların hamısı insanı öy-
rənir, onun təhsil-tərbiyə problemlərini tədqiq edir, praktika üçün
tövsiyələr işləyib hazırlayır. “Pedaqogika elminin arxitekturasının
özünəməxsusluğu, təkrarolunmazlığı məhz təbiətin ən ali varlığı
olan insanın özünün dünyaya gəlməsi ilə və ya sosiallaşması pro-
sesində düçar olduğu qeyri-normal hadisələrlə şərtlənir” .
Pedaqoji elm sahələrinin müxtəlifliyi insanların əqli, görmə,
eşitmə, nitq və s. imkanlarının müxtəlifliyi ilə də bağlıdır.
Pedaqoji elmlər sisteminə aşağıdakılar daxildir:
Məktəbəqədər pedaqogika məktəb yaşına çatmamış uşaqların
tərbiyə və təlim məsələlərini öyrənir. Ümumtəhsil məktəbinin pe-
daqogikası digər pedaqoji elm sahələri üçün elmi bazadır, o məhz
ümumi pedaqogikadır (ümumtəhsil məktəbi bütün dünyada kütləvi
məktəbdir, o, təhsil sisteminin əsasını təşkil etdiyindən həmin siste-
min həlqələri – ilk peşə təhsili, subbakalavr təhsili, ali təhsil onun
üzərində qurulur). Xüsusi pedaqogika (defektologiya) fiziki və əqli
cəhətdən qüsurlu olan uşaqların (həm də yaşlıların) inkişafının
psixofizioloji xüsusiyyətlərini, onların təlim-tərbiyəsinin nəzəri
əsaslarını, prinsiplərini, üsullarını, təşkili formalarını və vasitələrini
işləyib hazırlayır. Xüsusi pedaqogikanın da sahələri vardır: surdo-
pedaqogika – lal və karların, tiflopedaqogika – kor və zəif görən-
lərin, oliqofrenopedaqogika – ağıldan kəmlərin, loqopediya – nitqi
qüsurlu olanların təhsili və tərbiyəsi məsələlərini öyrənir. Fənlərin
tədrisi metodikası təlim qanunauyğunluqlarının ayrı-ayrı fənlərin
45
tədrisinə tətbiq edilməsi xüsusiyyətlərini tədqiq edir, onun optimal
metodlarını və vasitələrini öyrənir. Peşə metodikası konkret peşə
fəaliyyətinin qanunauyğunluqlarını öyrənir, nəzəri ümumiləşdirmə-
lər aparır, insanın təhsilinin prinsiplərini və texnologiyasını işləyib
hazırlayır. Tədqiqatçılar peşə sahəsindən asılı olaraq istehsalat,
hərbi və tibbi pedaqogikanı fərqləndirirlər. Ali məktəb pedaqogikası
ali təhsil müəssisələrində ali təhsil prosesinin spesifik xüsusiyyət-
lərini öyrənir. Sosial pedaqogika insanların bütün yaş qrupları və
sosial kateqoriyalarının xüsusi yaradılmış təşkilatlarda sosial tərbi-
yəsi məsələlərini öyrənir. Pedaqogika tarixi müxtəlif dövrlərdə
pedaqoji nəzəriyyələrin və məktəb tarixinin inkişaf qanunauyğun-
luqlarını öyrənir. Pedaqogika tarixini öyrənmədən bəşəriyyətin təh-
sil-tərbiyə tarixini izləmək, onu təhlil etmək, tarixi-pedaqoji irsin
inkişafındakı müsbət və mənfi meyilləri üzə çıxarmaq mümkün
deyildir. Müqayisəli pedaqogika təhsil və tərbiyə sistemlərinin
fəaliyyətinin və inkişafının qanunauyğunluqlarını müxtəlif ölkələrlə
müqayisəli şəkildə öyrənir. Ailə pedaqogikası ailədə uşaqların
tərbiyəsinin düzgün təşkili, ailədə düzgün münasibətlərin yaradıl-
ması, ailə ilə məktəb və digər tərbiyə müəssisələri arasında səmərəli
əlaqə yaradılması, cəmiyyətlə ailənin tərbiyəvi təsirlərinin əlaqələn-
dirməsi, bunların insanların həyata hazırlanması işinə təsiri və digər
ailə, övlad problemlərini araşdırır
.
Hərbi pedaqogika hərbi mək-
təblərdə, ali hərbi məktəblərdə, hərbi akademiyalarda, adi ali təhsil
müəssisələrinin hərbi kafedralarında, hərbi hissələrdə, orta məktəb-
lərdə, orta ixtisas məktəblərində gənclərin hərbi hazırlığı, hərbi
təlimi, tərbiyə və təhsilini tədqiq edir.
Xalq pedaqogikası xalqın
əsrlər boyu topladığı təcrübə əsasında yaranmış müdrik fikirlərdir
ki, bu fikirlər insanların təlim və tərbiyəsi, davranışı, insanlara, ətraf
aləmə düzgün münasibəti üçün xalq tərəfindən qəbul edilmiş əxlaqi,
etik, estetik normalardır. Xalqın müdrik fikirləri folklor nümu-
nələrində, xalqın adət və ənənələrində öz əksini tapmışdır. Kor-
reksiyaedici pedaqogika sosial-psixoloji cəhətdən qüsurlu uşaqların
diaqnostikası, profilaktikası və bərpası üzrə aparılan pedaqoji, psi-
xoloji, metodoki işlərin məcmusunu özündə birləşdirir və buna
uyğun həmin uşaqların təlıim və tərbiyəsini təşkil edir. İstehsalat
pedaqogikası müxtəlif istehsalat müəssisələrində, idarə və təşkilat-