Aqşin Babayev



Yüklə 2,6 Mb.
Pdf görüntüsü
səhifə58/76
tarix16.08.2018
ölçüsü2,6 Mb.
#63569
1   ...   54   55   56   57   58   59   60   61   ...   76

 
192 
 
Bu dünyadan Nazim keçdi 
 
Yenə  səni  yad  etdik,  Ustad.  Bakıdakı  türk  səfirliyindən  bir  dəvət  aldım. 
Mahnı  Teatrında  keçiriləcək  “Mən,  Nazim  Hikmət”  adlı  gecəyə  idi  bu  dəvət. 
Məclis saat yeddidə başlayacaqdı. Ömür dostumla birlikdə yeddinin yarısı olmamış 
Mahnı  Teatrının  qapısını  kəsdirmişdik.  Binanın  qarşısında  Sənin  böyük  portretin 
vardı.  Şəklinin  üstündə  iri  hərflərlə  yazılmışdı:  “Mən  ,  Nazim  Hikmət...” 
Nüfuzedici baxışlarını bizə zilləmişdin. 
 
Bir azdan şairlər, bəstəkarlar, rəssamlar, müxtəlif sənət və peşə adamları, bir 
sözlə,  Türkiyəyə  bağlı  insanlar  və  səni  sevənlər  salonu  doldurdu.  Ön  cərgədə 
Türkiyənin  Azərbaycandakı  səfiri  cənab  Ünal  Çeviköz  xanımı  ilə  oturmuşdu. 
Sənin gecənə Milli Məclisin üzvləri, dövlət adamları da qonaq gəlmişdilər. 
 
Yaradıcılığına  məftun  olan,  şeirlərini  əzbər  deyən  şair  Abbas  Abdulla  ilə 
yanaşı oturmuşduq. O, türk poeziyasından, xüsusən, sənin unudulmaz şeirlərindən 
məftunluqla  danışırdı.  Bir  azdan  salonun  çıraqları  söndü,  yalnız  səhnə  işıqlandı. 
Səhnədə  adını  bildiyimiz,  amma  üzünü  görmədiyimiz  türk  aktrisası  Olcay  Poyraz 
göründü.  Zərif  bir  qadındı.  Gözləri  ulduz  kimi  parlayırdı.  Bu  zərif  qadının 
dodaqlarında Sənin bir-birindən gözəl şeirlərin səsləndi. İlahi, insan bu qədər şeiri 
necə  yadında  saxlaya  bilərmiş.  Ara-sıra  səhnədəki  kətan  parçanın  üzərində  Sənin 
fotoların  canlanırdı.  Öz  səsindən  şeirlərini  dinlədikcə,  elə  bilirdim  ki,  burdasan, 
Mahnı  Teatrındasan.  Həm  türk  dilində  şeirlər  deyirdin,  həm  də  fransız  dilində. 
Abbas  Abdullaya  yavaşca  pıçıldadım  :  “Nazim  şeirlərini  heç  kəs  onun  özü  kimi 
oxuya bilməz”. “Haqlısan”- dedi şair dostum. 
 
Olcay  Poyraz  Sənin  daha  çox  Vətən  həsrətli  şeirlərini  əzbər  deyirdi. 
Heyranlıqla səhnəyə baxır, çox  istəyirdim ki, bu məclis  lap  gec qurtarsın. Amma 
nə edəsən, hər şeyin əvvəli və sonu var... 
 
Şeirlərin səsləndikcə, xəyalən ötən illərə qayıtdım. 1961-ci il . Moskva. Mən 
Sənin  evində  qonağam.  İnana  bilmirəm.  Gör  mən  kiminlə  üzbəüz  oturmuşam, 
kiminlə  söhbət  edirəm.  Hər  şey  gözlərim  önündən  bir-bir  keçdi.  “Qəribə  adam” 


 
193 
pyesinə  birlikdə  baxmağımız,  məşhur  türkşünas,  həmyerlimiz  Əkbər  Babayevlə 
birlikdə  “Nazim Hikmət  məclisləri”nə getməyimiz, bir süfrə arxasında  oturub çay 
içməyimiz...(  Sən,  hətta  mağazaya  gedəndə  də,  uşaq  kimi  yanına  düşüb  gedirdim. 
Çünki,  Səninlə  birlikdə  olduğum  saatların  hər  anı  belə  mənə  əzizdi).  Sonra 
Bakıdakı  görüşlər...  Və  bir  gün  eşitdiyim  qara  xəbər:  “Nazim  Hikmət  gözlərini 
əbədi yumdu”. 
 
Vəfatından  sonra  biz  hər  il  yanvar  ayının  20-də  heykəltəraş  Münəvvər 
Rzayevanın  evində  Sənin  ad  gününü  qeyd  edirdik.  Həmin  görüşdə  ustadın 
Zəkəriyyə  Sərtəl,  onun  həyat  yoldaşı  Səbihə  Sərtəl,  görkəmli  jurnalist  Rza 
Şahvələd və başqa nazimsevərlər toplaşardı. Səni yad edərdik, Səndən danışardıq. 
 
Gün  gəldi  ki,  ailəmlə  birlikdə  Sənin  məmləkətinə  işləməyə  getdim.  Üç  il 
orada yaşadım. Hər yerdə, hər addımda səni aradım: İstanbulda Gülhanə parkında, 
sənin  görmədiyin,  həsrətində  olduğun  Toros  dağlarında  və  Ankarada,  İzmirdə, 
Adanada, İskəndərunda , bir sözlə , Türkiyənin hər guşəsində. 
 
Türkiyədə  işlədiyim  illərdə  Sənin  şeirlərin  yasaqdı.  Amma  xalq  Səni  əzbər 
bilirdi. Qorxa-qorxa , gizlincə oxuyurdular şeirlərini. Çünki, bu şeirlərə görə neçəsi 
məhbəsə  atılmışdı.  Amma  ulu  türk  şairi  Tofiq  Fikrət  demişkən,  “Hər  qaranlıq 
gecənin  gündüzü  var”  mış.  Gün  gəldi  ki,  Sənin  şeirlərin  Türkiyədə  yenidən  çap 
olundu. Sonra da Nazim Hikmət Kültur və Sənət Vəqfi yaradıldı. Sənin 100 illiyin 
bu  Vəqf  tərəfindən  təntənə  ilə  qeyd  olundu.  Azərbaycanda  da  Nazim  günləri 
keçirildi.  1928-ci  ildə  Bakıda  çap  olunmuş  “Günəşi  içənlərin  türküsü”  adlı  ilk 
kitabın təkrar nəşr edildi. Daha gözəl, daha nəfis şəkildə. 
 
Səni  sevənlər  çoxdur.  Sənin  sənətini  bəyənənlərdən  biri  də  Azərbaycanda 
böyük nüfuza malik Türkiyənin böyük elçisi cənab Ünal Çeviközdür. 2002-ci ildə 
Yazıçılar  Birliyində  100  illiyinə  həsr  olunmuş  məclisdə  bu  görkəmli  diplomatın 
Sənin şeirlərinə necə vurğun olduğunu gördüm. 
 
Bu  gecədə  də  türk  səfirinin  iştirak  etməsi  Sənə  olan  dövləti  münasibətin 
parlaq  təzahürü  idi.  Sonra  səfir  hamımızı  Mahnı  Teatrının  iki  addımlığında 
yerləşən  Böyük  Elçiliyə,  ziyafətə  dəvət  etdi.  Ziyafətdə  Olcay  xanımla  birlikdə 


 
194 
yadigar  olaraq  şəkil  çəkdirdik  və  yenə  Səndən  danışdıq.  Sənin  oğlum  dediyin 
dünyaca məşhur bəstəkarımız Arif Məlikovun xatirələrini dinlədik. 
 
Yenə  Səni  yad  etdik,  Ustad.  Həmişə  yad  edəcəyik.  Çünki,  Sən  bütün 
varlığınla, canınla Türk dünyasına, Azərbaycana bağlı şəxsiyyətsən. Sənin gənclik 
dostun Vala Nurəddin bizdən cismən ayrılmağını sərrast ifadə edib : “Bu dünyadan 
Nazim keçdi”. 
 
Keçdi,  amma  ürəyi,  sənəti,  bir  də  sevənləri  bu  dünyada  qaldı  və  həmişə 
qalacaq... 
 “Vəfa” jurnalı, 2004, N6. 


 
195 
 
Qürbətdə yaranan dostluq 
 
Görkəmli  tədqiqatçı-alim,  filologiya  elmlər  doktoru  Vilayət  Cəfərin  yeni 
kitabı  belə  adlanır.  Əsər  Nazim  Hikmətlə  İraq  şairi  Əbdül  Vəhab  əl-Bəyatinin 
dostluğuna  həsr  olunub.  İraq-Türkiyə  ədəbi  əlaqələrinin  tədqiqi  sahəsində  bu 
dostluğun  bəhrəsi  olan  sənət  nümunələrinin  təhlili,  öyrənilməsi  böyük  əhəmiyyət 
kəsb  edir.  Vilayət  Cəfər  üç  fəsildən  ibarət  kitabında  Nazim  Hikmət  və  Əbdül 
Vəhab  əl-Bəyati  haqqında  ətraflı  məlumat  verir,  hər  birinin  ayrı-ayrılıqda 
yaradıcılıq yolunu işıqlandırır. Əsər müəllifin aşağıdakı sözləri ilə başlayır: 
 
“Onların ikisi də bugün haqq dünyasındadır. Birinin ömür karvanı qırx iki il 
bundan  qabaq  əbədiyyətdə  məskən  salmışdır,  ikincisi  isə  bu  fani  dünyanı  yeddi  il 
bundan  öncə  tərk  etmişdir.  Onlar  həmyaşıd  deyildilər.  Birincisi  61,  ikincisi  73 
yaşlarında həyatla vidalaşmışdır”. 
 
Tədqiqatçı  bu  iki  sənətkarın  bir-birinə  bəslədikləri  duyğuları  konkret 
misallarla  göstərməklə  bərabər,  onların  canlı  portretini  yarada  bilmişdir.  1958-ci 
ildən  başlanan bu  dostluğun  izlərini  mətbuatdan  toplayan  Vilayət  Cəfər  oxucuları 
maraqlı  faktlarla  tanış  edir.  Məlum  olur  ki,  bu  əqidə  dostları-eyni  amal  uğrunda 
mübarizə aparan bu fədakar, qorxmaz insanlar o illərdə mürtəce qüvvələrin həmişə 
tənqid hədəfi olub. Onların hər bir çıxışı, şeiri geniş rezonansla nəticələnib. Misal 
olaraq  tədqiqatçı  Nazim  Hikmətin  “Komsomolskaya  pravda”  qəzetində  çap 
olunmuş  “Şair  vətənə  qayıdır”  adlı  məqaləsinə  müraciət  edir.  Bu  məqalə  o  vaxt 
keçmiş  Sovetlər  Birliyində  böyük  marağa  səbəb  olmuşdu.  Mütərəqqi  ərəb  ədəbi 
mühiti  həmin  məqaləni  ərəb  dilinə  çevirib  Əbdül  Vəhab  əl-Bəyatinin  kitabına  ön 
söz kimi daxil etmişdi. Nazim Hikmət həmin məqalədə yazırdı: 
 
“Adətən yaxşı şeir haqqında düşünəndə adamın ağlına ilk növbədə müxtəlif 
dövrlərdə  yaşamış  klassiklərin  şeirləri  gəlir.  Ancaq  mən  indi  bu  cür  əsərləri 
nəzərdə  tutmuram,  mən  o  şairlərin  şeirlərini  nəzərdə  tuturam  ki,  onlar  klassikləşə 
bilərlər.  Bu  mənada  bir  müasirimizi,  xüsusilə  onun  həqiqət  barəsində  fikirləri  ilə 
mənim  fikirlərim  arasında  bir  oxşarlıq,  eyniyyət  tapdığım  cavan  bir  ərəb  şairini 


Yüklə 2,6 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə