Avrop a ümumi icmal Qərbi Avropa Coğrafi mövqeyi, sahəsi, sərhədləri və sahil xətti



Yüklə 440,01 Kb.
səhifə2/8
tarix26.10.2017
ölçüsü440,01 Kb.
#6550
1   2   3   4   5   6   7   8

İqlimi

Avropa iqliminin başlıca xüsusiyyətlərini yaradan əsas amillər qitənin coğrafi mövqeyi, qonşu okean və qitələrdən bura daxil olan dəniz və kontinental hava kütlələridir. Qitənin oroqrafik quruluşu yerli iqlim növlərinin yaranmasına və yağıntıların ərazidə paylanmasına böyük təsir göstərir. Avropa ərazisinin çox hissəsi mülayim qurşaqda, böyük Avrasiya materikinin qərb – Atlantik okeanı bölməsində yerləşəsindən asılı olaraq bütün il boyu qərbdən gələn rütubətli dəniz hava kütlələrinin təsiri altında qalır. Qitənin kənar cənub hissəsi Aralıq dənizi subtropik iqlim qurşağında, kənar şimal hissəsi isə soyuq qurşaqda yerləşir. Bununla əlaqədar olaraq qitə üzərində bütün il ərzində mülayim, Arktika və tropik hava kütlələri dövran edir.

Artika və tropik hava kütlələri müvafiq şəkildə qitənin şimal və cənub hissələri iqliminə təsir göstərdiyi halda, mülayim qurşağın rütubətli dəniz hava kütləsi il boyu qitənin geniş hissəsi üzərində cərəyan edir və onun iqliminin bir çox elementlərini (buludluluq, havanın rütubətliliyi, yağıntıların miqdarı, qismən termiki şərait, xüsusilə yanvar izotermlərinin gedişi) yaradır. Mülayim qurşağın kotinental hav kütləs Qərbi Avropa iqliminə az təsir göstərir. Avropada cənubdan şimala doğru ümumi radiasiya, radiasiya balansı və bunlarla əlaqədar olaraq temperatur şəraiti, buxarlanma dəyişir.

Cənubi Avropada ümumi radiasiya 160-165 kk sm/il, radiasiya balansı 60 kk sm/ildir. Şimalda bu rəqəmlər müvafiq olaraq 70-75 kk sm/il və 25-30 kk sm/ilə bərabərdir. Qərbi Avropa ərazisinin çox hissəsində illik buxarlanma 400-600 mm arasında dəyişir. Şimal-qərbdə bu rəqəm 400 mm-dən az, Atlantik okeanı sahillərində isə çoxdur (800 mm-ə qədər). İllik buxarlanma qabiliyyəti şimaldan (400 mm) cənuba (1250 mm) xeyli artır. Bu, ərazinin ayrı-ayrı sahələrində və zonalarında rütubətlənmə əmsalına böyük təsir göstərir.



Qışda Avropa üzərində Azor maksimumu (1022 mb) tərfdən Atlantik okeanı üzərindən keçib gələn mülayim və rütubətli hava kütləsi cərəyan edir. Qitənin şərq kənarı Asiya antisiklonun qərb çıxıntısı təsirinə, Şimali Avropa isə soyuq Artika hava kütləsi təsirinə məruz qalır. Qışda şimal-qərbi Avropaya (Britaniya adaları, Skandinaviya və s.) İslandiya minimumundan (998 mb) siklonlar daxil olur. Siklonlar çox vaxt qitənin daxili və cənub-şərq hissəsinə qədər təsir göstərir.

Beləliklə, Qərbi Avropada qışda əsasən Atlantik okeanın mülayim enlikləri sahəsindən gələn hava kütlələri hakim olur. Bu hal qışda istər izotermlərin gedişinə, istərsə də yağıntıların paylanmasına böyük təsir göstərir.

Yanvar izotermləri yalnız Aralıq dənizi subtropik sahəsində qərbdən şərqə, orta və Şimal-qərbi Avropada isə şimaldan cənuba uzanır. 0° izotermi Lofoten adaları rayonunda 70° şimal enindən, Qərbi Avropanın cənub-şərqində (Balkan yarımadasında) isə 42° şimal enindən keçir. Buna müvafiq olaraq orta yanvar temperaturu +4°, -4°, -8°, -12° və i.a. olan izotermlər də Atlantik okeanı sahillərinə yaxınlaşdıqca ilıq Qolfstrım cərəyanının təsiri ilə xeyli şimala meyl edir (şəkil 2). Qışda Skandinaviyanın qərb sahilində dünyada ən yüksək müsbət temperatur anomaliyası yaranır. Yanvarda Skandinaviya yarımadasının qərb sahili ilə Laplandiya arasında ən yüksək temperatur qradiyenti əmələ gəlir. Sahildə yanvar ayının orta temperaturu 0°, buradan cəmi 400 km şərqə isə -14°-dir (Hər 100 km-də temperatur 3-5° düşür). Aralıq dənizi sahəsində və qitənin qərb sahillərində yanvarın orta temperaturu +4°, +8°, Krit adasında isə +10°, +12°-dir. Qışda mütləq minumum temperatur Skandinaviyada -49°, Şərqi Avropada -50°, Orta Avropada -26°, Atlantik okeanı sahili rayonlarında -7°, -14°, Aralıq dənizi sahəsində -4°, -8° (Siciliyada -1°) müşahidə olunmuşdur.

Qış aylarında tamamilə dəniz havası təsiri altında qaldığına görə Qərbi Avropaya (Aralıq dənizi sahəsi də daxil olmaqla) yağıntı çox düşür. Orta və şimali Avropada və dağlarda qalın və davamlı qar örtüyü əmələ gəlir. Okean sahillərində və Aralıq dənizi subtropik vilayətində qışda yağış yağır, qar örtüyü yalnız dağlarda yaranır. Qərbi Avropa ərazisinin çox hissəsində davamlı qar örtüyü əmələ gəlmir. Qərbdən şərqə və cənubdan şimala doğru qar örtüyünün davamlılığı artır. Məsələn, Finlandiyanın şimalında qar örtüyü 6-7 ay, Almaniya – Polşa ovalığında 1-2 ay, Alp zonası düzənliklərində isə 3-4 həftə qalır. Dağlarda qar örtüyünün davamlılığı yüksəklikdən asılı olaraq dəyişir. Yüksək dağlıqda daimi qar xətti yaranır.



Yayda Avropanın temperatur rejimində ciddi dəyişiklik baş verir. Qitə çox qızdığına görə onun temperatur şəraiti Atlantik okeanı ilə eyni enliklərdə yerləşən hissəsinin temperatur şəraitindən az fərqlənir və bu iki müxtəlif sahə üzərində atmosfer təzyiqi fərqi azalır. Bu isə öz növbəsində siklon fəaliyyətinin zəifləməsinə səbəb olur. Ümumiyyətlə yayda Avropa üzərində havanın qərbdən şərqə doğru sirkulyasiyası qışda olduğu kimi qalır. Lakin qitənin cənub – Aralıq dənizi vilayətinə quru tropik hava kütləsi daxil olur. Qərb hava kütlələrinin qitəyə daxil olması yolu bir qədər şimala meyl edir. Bununla əlaqədar olaraq yayda da Orta Avropa qışda olduğu kimi rütubətli dəniz hava kütlələrindən xeyli yağıntı alır. Qitənin şərq hissəsində də yağıntılar əsasən yay aylarında düşür və Atlantik okeanından gələn rütubətli hava kütlələri ilə əlaqədardır. İyul ayının orta temperaturu qitənin ucqar şimal rayonlarında +8°, Aralıq dənizi sahillərində 24-28°, cənub-şərqdə Xəzəryanı ovalıqda 24°-dir. Orta və Şərqi Avropanın çox yerində isə iyulun orta temperaturu 16-20°arasında dəyişir. Qərbi Avropanın dağlıq relyefi izotermlərin gedişinə çox təsir göstərir; onların əyrilər şəklində uzanmasına, dağlarda və çökəklərdə isə qapanmalarına səbəb olur. Dağlıq sahələrdə orta iyul temperaturu onları əhatə edən düzənliklərə nisbətən (dağların yüksəkliyindən asılı olaraq 6-8°, yüksək dağlarda isə 12-14° və daha çox) aşağı olur.

Mütləq maksimum temperatur qitənin şimal kənarında 28°-30°, Orta və Şərqi Avropada 38°-40°, Atlantik okeanı sahillərində 30°-36°, Cənubi Avropada 42°-48°, cənub-şərqdə isə 44° müşahidə olunmuşdur. Avropanın kənar şimal və cənub rayonlarında orta temperatur ampilitudu yanvarda 12°-14° , iyulda 20° olur. Qərbdə okean sahilləri ilə kontinental Şərqi Avropa arasında temperatur amplitudu müvafiq şəkildə 20° və 4°-6° olur.

Avropa ərazisində yağıntılar qeyri-bərabər paylanmışdır. Atlantik okeanı sahillərindən şərqə doğru getdikcə yağıntıların illik miqdarı, həm də il ərzində paylanması (illik rejimi) xeyli dəyişir. Qitənin qərb və şimal-qərbdə Atlantik okeanı sahil boyunda yerləşən hissələrinə daha çox yağıntı düşür. Bu sahələrdə yağıntıların illik miqdarı 1000 mm-ə, rütubətli dəniz havalarının və siklonların qarşısında yüksələn dağların qərb yamaclarında 1000 – 2000 mm-ə, bəzi yerlərdə isə (Norveç sahilinin cənubunda, Şotlandiyanın şimal-qərb sahillərində və i. a.) 2000-3000 mm -ə çatır.

Orta Avropa düzənliklərinin dəniz iqlimi hakim olan qərb hissəsi 800 mm, orta hissə (şərqi Almaniya, Polşa və s.) 600 mm, qitənin şimal (Laplandiya, tundra və meşə-tundra) və cənub-şərq hissələri 400-500 mm, Xəzəryanı ovalıq isə 250 mm-ə qədər yağıntı alır. Qərbi Avropanın mürəkkə dağlıq relyefə malik olan hertsin və alp qırışıqlığı sahələrində bir qayda olaraq dağlara çox, dağarası çökəklərə isə az yağıntı düşür. Dağların qərb, şimal-qərb yamacları şərq və cənub-şərq yamaclarına nisbətən daha yağıntılıdır. Dağlarda yağıntıların illik miqdarı 1000 mm-dən artıqdır. Alp dağları ətraf sahələrdən daha çox yağıntı alır. Onun şimal-qərb və cənub yamaclarında 3000 mm-ə qədər yağıntı alan sahələr vardır. Dağarası çökəklərdə yağıntıların illik miqdarı 500 mm-dən artıq deyildir, cənub-şərq hissədə bu 400 mm-dən də az olur. Aralıq dənizi vilayətinin cənub ucqarlarını düzənlik və çökəklərinə cəmi 350 mm-ə qədər yağıntı düşür (şəkil 3).

Qitə ərazisində yağıntıların və buxarlanma qabiliyyətinin qeyri-bərabər olması, onun rütubətlənmə şəraitinə böyük təsir göstərir. Yuxarıda göstərilən rəqəmlərdən görünür ki, Avropanın şimal, cənub və cənub-şərq sahələrində yağıntıların miqdarı təxminən bərabərdir. Lakin bu ərazilərdə buxarlanma qabiliyyəti tamamilə müxtəlif kəmiyyətlərə bərabər olduğundan (məsələn, şimalda 400 mm-ə; cənub və cənub-şərqdə isə 1000-1250 mm) şimala düşən az yağıntı müqabilində rütubətlənmə çox, cənubda isə eyni miqdar yağıntı düşməsinə baxmayaraq azdır.

Bu hal, ərazinin rütubətlənmə dərəcəsi və temperatur şəraiti ilə birlikdə qitənin landşaft zonalarının müasir strukturunu təyin edən əsas amil hesab edilə bilər.

Avropa ərazisində yağıntıların il boyu paylanmasında da xeyli fərq vardır. Qərbdə, Atlantik okeanı sahili vilayətlərində dəniz iqliminin təsiri güclü olduğundan yağıntılar əsasən payız və qış aylarında düşür. Şərqə tərəf payız-qış maksimumunu yaz-yay və yay maksimumu əvəz edir. Şərqi Avropada maksimum yağıntılar yay aylarında, Aralıq dənizi subtropik iqlim sahəsində isə qışda düşür. Yay ayları burada çox quraq və isti keçir.

Qərbi Avropada üç iqlim qurşağı ayrılır: Arktika, mülayim və subtropik iqlim qurşaqları (şəkil 4).

Arktika və subarktika iqlim qurşağına qitənin şimal kənarı və şimaldakı adalar (Şpitsbergen, İslandiya və s.) daxildir. Bu qurşaqda il boyu Arktika hava kütləsi, qısa yayda isə mülayim hava kütləsi hakim olur. Lakin Arktika havası yayda da çox vaxt cənubdan irəliləyərək subarktikaya (tundra zonasına) daxil olur. Atlantik okeanın mülayimləşdirici təsiri altında Avropanın Arktika və Subarktika qurşaqları öz iqliminə görə həmin iqlimin Asiya və Şimali Amerikada yayılmlş kontinental növündən xeyli fərqlənir. Bu fərq istər dəniz və kontinental Arktika və Subarktika iqlimi sahələrinin temperatur şəraitində, istərsə də yağıntıların miqdarında aydın görünür. Qərbi Avropanın Arktika iqlimi sahəsində yanvarın orta temperaturu şimali Asiya Arktika qurşağına nisbətən 12-14°yuxarı olur.

Mülayim iqlim Avropanın olduqca geniş bir hissəsini tutur. Qitənin qərbində mülayim dəniz iqlimi, şərqində isə mülayim kontinental iqlim hakimdir. Mülayim iqlim qurşağında il boyu polyar və ya boreal hava kütlələri hakim olur. Adətən qışda və bəzən də yayda mülayim qurşağın şimal hissəsinə Arktika hava kütlələri daxil olur. Mülayim qurşaq çox enli olduğundan onun şimal və cənub hissələrində yaranan hava kütlələri müxtəlif xassəli olur. Bunu eyni zamanda həmin qurşağın qərb və şərq bölmələri haqqında da söyləmək olar. Avropanın mülayim qurşağında il boyu əsasən qərbdən – Atlantik okeanı tərəfdən gələn dəniz hava kütlələri hakim olur. Şərqdə isə qışda və yayda yerli kontinental hava tipləri yaranır (qışda şimal-şərqdə kontinental soyuq, yayda cənub-şərqdə kontinental quru və isti hava kütlələri). Atlantik okeanından gələn havalar və İslandiya siklonları şərqə hərəkət etdikcə xeyli transformasiya edir (rütubəti azalır, temperaturu qışda düşür, yayda qalxır). Mülayim iqlimin qərb-dəniz növündə orta illik temperatur amplitudu10-12°, şərq – kontinental növündə isə 30°-35°-dən artıq olur.

Subtropik qurşaq Qərbi Avropanın Aralıq dənizi sahəsini (Piriney, Apenin, Balkan yarımadaları və adaları) əhatə edir.

Alp qırışıqlığı zonası yüksək dağlarının Orta və Cənubi Avropa arasında müəyyən dərəcədə iqlim ayrıcısı rolunu oynaması bu iki sahə arasında il boyu yer səthinə yaxın atmosfer sirkulyasiyasını müəyyən dərəcədə çətinləşdirir. Buna görə Aralıq dənizi subtropik iqlimi qurşağında əsasən tropik hava hakim olur. Qış aylarında isə bura rütubətli mülayim hava kütlələrinin təsiri altında qalır. Arktika havası nadir hallarda Cənubi Avropaya daxil olur. Qərbi Avropa subtropik qurşağında tipik Aralıq dənizi subtropik iqlimi (uzun davam edən çox isti və yağıntısız yay, qısa, mülayim və rütubətli qış) yarımadaların ən cənub hissəsi, Siciliya, Krit adası və s. sahələr üçün xarakterikdir. Bir qədər şimalda (Aralıq dənizi sahəsinin orta zonasında) adi Aralıq dənizi subtropik iqlimi (burada yayda da hərdən yağış yağır), şimal kənar zonasında isə Aralıq dənizi subtropik iqlimindən Orta Avropanın mülayim iqliminə keçid tipli sahəsi yerləşir.

Qərbi Avropanın mülayim qurşağında bir neçə iqlim tipi ayırmaq mümkündür.


  1. Şotlandiya və Norveçin mülayim dəniz iqlimi;

  2. Şərqi Fennoskandiyanın mülayim-soyuq kontinental iqlimi;

  3. Skandinaviya yaylasının soyuq-rütubətli iqlimi;

  4. Orta Avropanın Atlantik okeanı sahilləri rayonlarının mülayim və mülayim-isti-rütubətli dəniz iqlimi (bu İngiltərə, İrlandiya, Fransanın qərb və şimal sahələrini, Belçika, Hollandiya, Danimarkanı və Almaniyanın şimal- Qərbini əhatə edir).

  5. Almaniya-Polşa ovalığının mülayim-kontinental (keçici) iqlimi.

  6. Hertsin Avropasının mülayim-soyuq-rütubətli (dağlarda) v mülayim-kontinental nisbətən quru (çökəklərdə) iqlimi.

  7. Yüksək dağlığın alp iqlimi.

  8. Dunayboyu ovalıqların yayı isti, qışı soyuq-kontinental iqlimi.

  9. Aralıq dənizi qərb vilayətlərinin dəniz tipli subtropik iqlimi.

  10. Aralıq dənizi şərq vilayətlərinin kontinental tipli subtropik iqlimi.


Çayları və gölləri

Avropa yaxşı inkişaf etmiş sıx çay şəbəkəsinə malikdir. Çay şəbəkəsinin sıxlığı, çayların sululuğu, hidroqrafiyası və bir çox xüsusiyyətləri ərazinin rütubətlənmə dərəcəsindən, səth axarının həcmindən, torpaq, bitki örtüyü, relyef və geoloji quruluşun xarakterindən çox asılıdır. Çayların uzunluğu, çay sistemlərinin və sutoplayıcı hövzələrin böyüklüyü isə qitənin üfüqi və şaquli parçalanmasından, qitə səthinin ümumi meylindən asılıdır.

Avropada çay şəbəkəsinin sıxlığını və çayların sululuğunu göstərən xəritələr ilə yağıntıların illik miqdarı, səth axarı və rütubətlənmə əmsalı xəritələrini tutuşdurduqda bunlar arasında olduqca böyük oxşarlıq və hətta təkrarlanma olduğu nəzər çarpır. Buxarlanma qabiliyyəti xəritəsi ilə çay şəbəkəsinin sıxlığı, səth axarı və çayların sululuğu xəritələri arasında böyük əkslik müşahidə olunur. Geoloji quruluşun və səth relyefinin də çay şəbəkəsi sıxlığına, səth axarına və s. böyük təsiri var. Çatlı və məsaməli süxurlar üzdə yerləşdiyi sahələrdə yağıntı çox olsa da səth axarı və çay şəbəkəsi sıxlığı azalır. Qitənin dağlıq sahələrində isə düzənliklərə nisbətən bir qayda olaraq səth axarı artır.

Bu göstərilən amillərin Avropa ərazisində müxtəlif uzlaşması istər çay şəbəkə sıxlığının və istərsə də çayların başqa ünsürlərinin ərazidə müxtəlif şəkildə paylanmasına səbəb olmuşdur.

Avropa ərazisinin üfüqi parçalanma xarakteri və böyüklüyündən asılı olaraq burada başqa qitələrdə olduğu kimi çox böyük çay sistemləri yarana bilməmişdir. Bu hal özünü Qərbi Avropada daha aydın göstərir. Şərqi Avropada isə qurunun daha geniş olması çox şaxələnmiş böyük çay sistemlərinin əmələ gəlməsinə şərait yaratmışdır. Avropa çaylarının əksəriyyəti Atlantik okeanı hövzəsinə, az bir hissəsi Şimal Buzlu okeanı hövzəsinə, qitənin ən böyük çayı olan Volqa sistemi isə qapalı Xəzər dənizi hövzəsinə aiddir. Şərqi Avropada şimala və cənuba axan çayların suayrıcısı ümumiyyətlə şimal-şərqdən cənub-qərbə uzanmaqla nisbətən az əyilir və əsasən moren tirələri üzrə uzanır. Qərbi Avropada Aralıq və Qara dənizə axan çaylarla şimala axan çaylar arasında suayrıcı çox böyük əyrilər əmələ gətirərək gah şimala, gah cənuba uzanır; bəzən düzən və yaylalardan, bəzən də yüksək dağlardan keçir.

Avropa çaylarının inkişafı və müasir hidroqrafiya şəbəkəsinin yaranması üçüncü dövrün axırları və dördüncü dövrdə baş verən tektonik hərəkətləri, erozion proseslər, xüsusilə dördüncü dövr örtük buzlaqlarının xarakteri və onların yaratdığı relyefin xüsusiyyəti ilə sıx bağlıdır. Üçüncü dövrün axırı və dördüncü dövrdə bir çox çaylar dəfələrlə öz yataqlarını və istiqamətini dəyişmişdir. Müasir çay şəbəkəsi bir çox fiziki-coğrafi vilayətlərdə dördüncü dövrün ortalarından buzlaşma sahələrində isə vürm buzlağı çəkildikdən sonra müasir şəklə düşmüşdür.

Qərbi Avropanın şimal və şimal-qərbə axan ən böyük çayları (şərqdən-qərbə) Visla (1125 km), Odra (Oder), Laba (Elba 1154 km), Reyn (1320 km), Sena (700 km), Luara (1010 km) və Haronnadır (650 km).

Aralıq dənizinə tökülən çaylardan böyükləri Ebro (928 km), Rona (812 km), Po (625 km) çaylarıdır. Pireney yarımadasının böyük çayları Doru, Teju, Qvadiana, Qvadalkvivir və Ebrodur.

Qərbi Avropanın ən böyük çayı olan Dunay Qara dənizə tökülür. Bunun uzunluğu 2850 km, sutoplayıcı hövzəsinin sahəsi 817 min km2-dir.

Qərbi Avropa çaylarının hidroqrafik xüsusiyyətlərinə görə bir neçə böyük tipə ayırmaq olar:

1. Norveçin çayları. Qısa, astanalı, şəlaləli və çox suludurlar. Yağış və qar suları ilə qidalanırlar. Bütün il boyu çox sulu olurlar. Maksimal səviyyə yaz və yayda, minimal səviyyə dağlarda yağıntıların sülb halda (qar) düşməsi ilə əlaqədar olaraq qış aylarına təsadüf edir.

2. Şərqi Skandinaviya çayları. Çaylar cavan dərələrlə axır, astanalıdırlar. Dərələr genişləndiyi yerlərdə uzunsov göllər vardır. Bu göllər çayların səviyyəsini tənzim edir. Əsasən qar suları, qismən yağış suları ilə qidalanırlar. Qışda 4-7 ay buzla örtülü olur. Çayların daşması, yazda qarların əriməsi və yay yağışları ilə əlaqədardır.

3. Finlandiya çayları cavan olduqlarından əvvəlki iki tipdə olduğu kimi hələ öz dərələrini kifayət qədər düzəltməmişlər. Çox vaxt çay yatağı ətraf sahələrdə eyni səviyyədə yerləşir. Çayların əksəriyyəti çox qısa olmaqla, ayrı-ayrı göllər arasında axar yaradır. Düzənlik çayları olmalarına baxmayaraq, astanalı və şəlaləli çaylardır. Qidalanma burada da qar və yağış suları hesabınadır. Yazda qarların əriməsi ilə əlaqədar çaylar daşır. Bu çayların səviyyəsi qışda alçaq olur. Çaylar cənubda 4, şimalda 6-7 ay buzla örtülü olur. Norveç və İsveçin dağlıq çayları olduqca böyük hidroenerji ehtiyatına malikdir. Bu enerjidən qismən istifadə edilir. Bundan əlavə İsveç və Finlandiya çaylarından ağac axıdılmasında da geniş istifadə edilir.

Qərbi Avropa çaylarının əksəriyyəti, həm də böyük çayları Orta Avropada yerləşir. Orta Avropanın iqlimi və relyefinə görə bir-birindən fərqlənən böyük vilayətləri çayların hidroqrafik və hidroloji xüsusiyyətlərinə görə də fərqlənirlər. Orta Avropada relyefin ümumi meylliyi şimala olduğundan çayların böyük əksəriyyəti şimala axır. Yalnız Dunay çayı bütün Avropa çaylarının əksinə olaraq şimal-qərbdən cənub-şərqə axır.

Orta Avropanın çayları qidalanmasına və illik səviyyə rejiminə görə aşağıdakı tiplərə ayrılır:

1. Almaniya-Polşa ovalığı çayları (Oder tipi). Avropanın dəniz və kontinental iqlimləri arasında keçid təşkil edən vilayətdən axır, başlıca olaraq qarların əriməsi hesabına və yağış suları ilə qidalanırlar. Daşqın yazda (mart-may) qarların şiddətli əriməsi ilə əlaqədardır. Yayın axırlarında səviyyəsi xeylı aşağı düşür. Payız aylarında ikinci, lakin xeyli zəif səviyyə qalxması müşahidə edilir. Axım əmsalı 30-35%-dir. Çay dərələri yaxşı işlənmiş, bəzən dirsəkvarıdır, geniş və alçaq terraslar müşahidə edilir. Çayların böyük nəqliyyat əhəmiyyəti var (Visla, Oder, Elba, Vezer). Almaniya-Polşa ovalığı çayları öz qidalanma şəraitinə və illik su rejiminə görə Şərqi Avropa çaylarından az fərqlənir. Orta və Aşağı Dunay ovalıqlarının çayları da qidalanma və rejim xüsusiyyətlərinə görə Oder tipindən az fərqlənir.

2. Atlantik tipi. Bu tipə Fransanın və İngiltərənin düzənlik çayları daxildir (Sena, Luara, Haronna, Temza və s.). çayların qidasını yağış suları təşkil edir. İl ərzində yağntılar bərabər paylandığına görə çaylarda səviyyə tərəddüdü zəifdir. Maksimal səviyyə payızın axırlarında və qışda olur. Yayda buxarlanmanın artması və yağıntının aylıq miqdarının bir qədər azalması çaylarda səviyyənin enməsinə səbəb olur. Axım əmsalı 30-35%-dir. Bunun başlıca səbəbi çayların yumşaq çöküntülərdən ibarət düzənlikdən axması və filtrasiyanın çoxluğudur.

3. Hertsin tipi. Öz mənbəyini Orta Avropanın Hertsin qırışıqlığı zonasından alan çaylar (və əvvəlki iki tipə aid edilən çaylar yuxarı axarlarında) bu tipə aiddir. Çayların əsas qidasını qar və yağış suları, qismən yeraltı sular təşkil edir. Səth meylliyinin çox olması və əksər yerdə möhkəm süxurların səthə çıxması çaylarda axım əmsalını xeyli artırır (35-50%). Hertsin Avropası çaylarında il ərzində səviyyənin iki dəfə qalxması və iki dəfə enməsi müşahidə edilir. Birinci və əsas maksimal səviyyə yazda dağlarda qarların əriməsi və yağış yağması ilə əlaqədardır. İkinci və nisbətən zəif səviyyə qalxması payızda, yağntının bir qədər artması və buxarlanmanın azalması ilə əlaqədar olur. Minimal səviyyə yayda, yağıntıların azalması və buxarlanmanın artması ilə əlaqədar olur. Bu vaxt səviyyənin qısa müddətli qalxması leysan yağışlarından sonra müşahidə edilir. Lakin belə daşqınlar qısa vaxtda çəkilir. Qış aylarında səviyyə yenidən aşağı düşür.

4. Alp tipi. Alp dağlarının yamaclarında 1000-1500 mm-dən artıq (bəzi yerlərdə 3000 mm-ə qədər) yağıntı düşür. Yüksək dağlarda böyük buzlaqlar və daimi qarlar, orta yüksəklikdə olan yamaclarda isə qar və yağış suları çayların əsas qidasının təşkil edir. Bol yağıntılı Alp dağları çayları çox sulu olub, iti axıma malikdir. Dağ yamaclarının çox dik olması və sukeçirməyən süxurların üzə çıxması səth axarını artırır. Alp çaylarında axım əmsalı 50-80% arasında dəyişir, bəzi çayların hövzəsində isə 85%-ə çatır. Bu tipə aid olan çaylarda maksimal səviyyə yayda, yüksək dağlarda qar və buzların ən intensiv əridiyi dövrdə olur. Çaylarda səviyyənin qalxması yazda orta dağlıq zonada toplanan qalın qar örtüyünün əriməsi ilə başlanır. Minimal səviyyə qışda olur. Alp çaylarının olduqca böyük hidroenerji ehtiyatı vardır. Bundan İtaliya, Avstriya, İsveçrə və Fransada geniş miqyasda istifadə edilir.

5. Aralıq dənizi tipi. Bura Cənubi Avropanın üç böyük yarımadasının və adalarının çayları daxildir. Bu tipə aid olan çayların əsas qidasını yağış suları, qismən karst suları təşkil edir. Çaylarda maksimal səviyyə qış aylarında olur. Yayda çayların suyu çox azalır, kiçik çaylar isə tamamilə quruyur. Qışda bəzən çaylarda böyük daşqınlar baş verir. Cənubi Avropa çaylarından suvarmada istifadə edilir.

Qərbi Avropanın Dunay və Reyn kimi böyük çayları müxtəlif fiziki-coğrafi vilayətlərdən keçdiyinə görə onların yuxarı, orta və aşağı axarları rejiminə görə bir-birindən fərqlənir. Belə çaylarda səviyyə rejimi adətən mürəkkəb olur.

Qərbi Avropanın ən böyük çayı olan Dunay çayı (uzunluğu 2850 km, sutoplayıcı hövzəsinin sahəsi 817 min km2) mürəkkəb səviyyə rejiminə malikdir. Çay öz mənbəyini hertsin Avropasında götürür. Yuxarı axarında o sağdan öz mənbəyini Alp dağlarının qarlı-buzlu zirvələrindən götürən bir çox qol qəbul edir (İzar, İnn və s.). Buna görə Dunay yuxarı axarında qidalanmasına və illik səviyyə rejiminə görə Alp tipinə aid edilir. Burada ən yüksək səviyyə yayda, ən alçaq səviyyə isə qışda müşahidə olunur.

Orta və Aşağı Dunay ovalıqlarında çayın əsas qidasını qar və yağış suları təşkil edir. Bu hissədə çay öz mənbəyini Karpat dağlarından, Şərqi Alplardan və Balkan yarımadasının orta və alçaq dağlıq şimal hissəsindən alan çayları qəbul edir (Morava, Vaq, Tissa, Drava, Sava və s.). Bu çayların qidasını qar və yağış suları təşkil etdiyindən orta və aşağı Dunayda maksimal səviyyə mart-may aylarında, minimal səviyyə isə yayın axırında və payızda olur. Aşağı axarında Dunayın böyük sol qolları Jiu, Olt, Siret, Prutdur. Sağdan ona İskır və Yantra çayları tökülür. Deltada, Qara dənizə tökülməzədn əvvəl çay Qirlo adlanan üç (Kiliki, Sulinsk, Georgiyevsk) böyük qola ayrılır. Aşağı axarında çay bəzən 1-1,5 ay donur. Buna baxmayaraq çayda naviqasiya davam edir. dunay çayı Qərbi Avropanın cənub-şərqində yerləşən bir çox dövlətlərin ərazisindən keçən ən böyük və çox sulu çay olduğu üçün onun nəqliyyat əhəmiyyəti olduqca böyükdür. Bundan əlavə çayın üzərində Dəmir Darvaza adlanan yerdə Yuqoslaviya və Ruminiya birlikdə böyük bənd və hidroelektrik stansiyası tikintisini başa çatdırmışlar.

Qərbi Avropanın mürəkkəb rejimə malik olan böyük çaylarından biri Reyndir (1320 km). O, yuxarı axarında tipik alp rejiminə malikdir. Maksimal səviyyə iyul, minimal səviyyə yanvar-fevral aylarında olur. Çay orta axarında hertsin Avropasından bir neçə böyük qol (Nekkar, Mayn və s.) qəbul edir və onlar da yazda (hertsin Avropası çayları kimi) daşır, lakin yayda, başqa çaylarda olduğu kimi səviyyə çox aşağı düşmür (Alpda buzlaqların və qarların əriməsi hesabına). Aşağı axarında çay Atlantik tipinə aid edilir.Beləliklə, Reyn də Dunay kimi mürəkkəb rejimə malik olan çaydır. Qərbi Avropanın bir neçə böyük morfostruktur sahəsini kəsib keçən başqa böyük çaylar da (məsələn, Haronna, Sena və s.) mürəkkəb rejimə malikdir. Lakin Reyn və Dunay kimi bunlarda üç müxtəlif tipli rejimin qarışması müşahidə edilmir.

Avropanın düzənlik və təpəliklərdən axan çaylarının əksəriyyəti kanallarla birləşdirilmiş və habelə müxtəlif hövzələrə aid edilən bir neçə çayın (məsələn, Morava vasitəsi ilə Dunay və Odranın) birləşdirilməsi layihəsi də hazırlanmışdır.


Yüklə 440,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə