Avrop a ümumi icmal Qərbi Avropa Coğrafi mövqeyi, sahəsi, sərhədləri və sahil xətti


FİZİKİ-COĞRAFİ SAHƏLƏRİ VƏ VİLAYƏTLƏRİ



Yüklə 440,01 Kb.
səhifə4/8
tarix26.10.2017
ölçüsü440,01 Kb.
#6550
1   2   3   4   5   6   7   8

FİZİKİ-COĞRAFİ SAHƏLƏRİ VƏ VİLAYƏTLƏRİ

Qərbi Avropanın ümumi fiziki coğrafi səciyyəsi haqqında əvvəlki fəsillərdə verilmiş məlumatlardan aydın olur ki, bu ərazidə bir-birindən kəskin fərqlənən bir sıra təbii-coğrafi hissələr mövcuddur. Bu hissələrin yaranmasının əsas səbəbi ərazinin coğrafi mövqeyi, geoloji inkişafı, relyefi və iqlimin şimaldan cənuba doğru dəyişilməsidir. Hələ qədim geoloji dövrlərdən başlayaraq Qərbi Avropanın təbii hissələri arasında yaranmış iqlim fərqləri dördüncü dövr buzlaşmalarına, bu isə öz növbəsində yayıldığı ərazidə təbii komplekslərin – relyef, torpaq, bitki və heyvanlar aləminin müxtəlifliyinə səbəb olmuşdur. Təbii komplekslərin (ərazinin geoloji quruluşunun, relyefin, iqlimin, torpaq və bitki örtüyünün) xüsusiyyətlərini nəzərə alaraq Qərbi Avropanın ərazisini üç böyük təbii-coğrafi hissəyə bölürlər: Şimali Avropa, Orta Avropa və Cənubi Avropa. Bu böyük təbii-coğrafi hissələrin daxilində müəyyən fiziki-coğrafi sahələr, vilayətlər və yarımvilayətlər ayırmaq mümkündür (şəkil 7).



ŞİMALİ AVROPA

Qərbi Avropa ərazisində dördüncü dövr buzlaşası izlərinin ən yaxşı saxlandığı və müasir buzlaqların ən çox yayıldığı təbii-coğrafi hissədir. Şimali Avropanın əsasını arxey və proterozoy erasının kristallik və metomorfik süxurlarından ibarət olan Baltik qalxanı və şimal-qərbdə ona yanaşan kaledon qırışıqlığı sahəsi təşkil edir. Müasir relyefdə dördüncü dövr buzlaşmasının aşınma (ekzarasiya) və toplanma (akku-mulyasiya) fəaliyyəti ilə əlaqədar olan formalar üstünlük təşkil edir. Şimali Avropa üçün xas olan xüsusiyyətlərdən biri də burada soyuq Arktika iqliminin hakim olmasıdır. Qərbi Avropanın başqa təbii-coğrafi hissələrindən fərqli olaraq, Şimali Avropa bütün il müddətində Arktika hava kütlələrinin təsiri altında qalır. Bu isə öz növbəsində həmin ərazidə, tundra və iynəyarpaqlı meşələrin yayılmasına səbəb olur. Bu xüsuasiyyətlər ərazinin bu və ya digər hissəsində bir-birindən fərqləndiyinə görə Şimali Avropa üç fiziki-coğrafi sahəyə bölünür: 1. Şpitsbergen arxipelaqı. 2. İslandiya adası və 3. Fennoskandiya.


ŞPİTSBERGEN ARXİPELAQI.

Qərbi Avropada Arktikada (76,5° ilə 80,5° şm. enliyində) yerləşən yeganə adalar qrupudur. Sahəsi 62 min kv. km. olub, Qərbi Şpitsbergen, Şimal-Şərq Torpağı kimi iri və bir neçə xırda adalardan ibarətdir. Arxipalaqa daxil olan adaların hamısı materik mənşəli olub, kaynozoy erasının ikinci yarısına qədər Qərbi Avropanı Qrenlandiya adası ilə birləşdirmiş qədim qurunun qalıqları hesab edilir. Arxipelaqın adalarında proterozoy və alt paleozoyun kaledon qırışıqlığına məruz qalmış süxurları yayılmışdır. Bəzi yerlərdə bu süxurların üzərini karbon dövrünün, mezozoy və kaynozoyun üfüqi istiqamətdə yatmış, daş kömür ehtiyatlarına malik olan çöküntüləri örtmüşdür. Adaların ümumi sahəsinin 1/4-dən çox hissəsini qalınlığı 700 m-ə qədər çatan buzlaqla örtülmüşdür. Müasir relyefdə şaxta aşınması və dördüncü dövrün sonunda baş vermiş böyük tektonik çatlar və qalxmalarla əlaqədar olan formalar geniş yayılmışdır. Arxipelaqın şimal-qərb və şimal-şərqində qalxmalarla əlaqədar olan bəzi sahələrin hündürlüyü 1500-1700 m-ə çatır. Şimal və qərbdə yerləşən adaların sahilləri çox parçalanmışdır. Bu sahillər üçün fyordlar səciyyəvidir. Qərbi Şpitsbergen adasında ən böyük fyord İs-fyorddur.

Şpitsbergen arxipelaqında illik radiasiya balansı sıfıra bərabərdir. Bu da ərazidə sərt iqlimin və şaxtanın hakim olması üçün şərait yaradır. Qərbdə yerləşən adalara ilıq Şpitsbergen axını təsir göstərdiyindən buranın iqlimi şərqə nisbətən bir qədər mülayim-soyuqdur. Şərqdə yerləşən adaların iqlimi çox sərtdir. Qərbdə yanvar ayının orta temperaturu -12°, şərqdə isə -18°-dir. İyul ayında temperatur müvafiq surətdə +5°, +3° arasında dəyişir. Mütləq maksimum temperatur +16°-yə, mütləq minimum isə -40°-yə çatır. Qərbdə ilıq axınların təsiri ilə əlaqədar yağıntıların miqdarı bir qədər çoxdur. Yağıntılar əsasən qar və yağış halında düşür. Şərq adalarında yağıntılar az olub, əsasən qar halında düşür. Adaların buz örtüyündən azad olmuş hissələrində əsasən tundra bitkiləri (şibyə, mamır, 20 sm-ə qədər hündürlükdə qütb laləsi və s.) və torfluqlar yayılmışdır. Şərqdəki adalarda dağlıq sahələr üçün soyuq səhralar səciyyəvidir. Arxipelaqın heyvanlar aləmi kasıbdır. Ağ ayı, şimal maralı və tülkü yayılmışdır. 1920-ci ildən arxipelaqda muskus öküzü qoruğu təşkil edilmişdir.

Şpitsbergen arxipelaqı Qərbi Avropada əhalinin yaşadığı ən şimal ərazidir. Əhalisinin əksəriyyəti 20-ci əsrin əvvəllərindən istismar edilməyə başlanmış daş kömür şaxtalarında işləyir və ovçuluqla məşğul olur.


İSLANDİYA ADASI.

Şimali Avropanın ən böyük adasıdır. Sahəsi 103 min kv. km-dir. Atlantik okeanının şimalında qütb dairəsi ilə 63°25' şm. en dairəsi arasında yerləşir. İslandiyanı bəzən od və buzların hakim olduğu ada da adlandırırlar. İslandiya adası dünyanın ən fəal vulkanik sahələrində biridir. Vulkan konuslarının bəziləri müstəqil yerləşdiyi halda, əksəriyyəti müəyyən tektonik çatlar boyunca düzülmüşdür (şəkil 8). Adada 140-a qədər vulkan mövcuddur. Bunlardan 26-sı fəaliyyətdədir. Hekla (1447 m), Askya, Laki və s. Bu vulkanlar üçün vaxtaşırı püskürmələr səciyyəvidir. Hekla vulkanında güclü püskürmə 1947-1948-ci illərdə qeyd edilmişdir. İslandiya adası qədim Şimali Atlantika qurusunun qalığı hesab edilir. Adanın əsasını təşkil edən qədim kristallik və metomorfik süxurlar hər yerdə qalın bazalt lavaları ilə örtülmüş və orta hündürlüyü 400-600 m-ə çatan vulkan yaylalarını əmələ gətirmişdir. Şimali Atlantika qurusunun çökməsi və İslandiya adasında tektonik çatlar boyunca geniş sahəni tutan vulkan püskürmələrinin baş verməsi, mezozoy erasının sonu və kaynozoyun əvvəllərində olmuşdur. Adanın şimal-qərbində daha qədim dövrlərin, cənub-şərqində isə dördüncü və müasir dövrün vulkanik süxurları geniş yayılmışdır. İslandiyanı əhatə edən şelf üzərində və vulkan fəaliyyəti özünü göstərir. Adadan cənubda 1963-cü ildə güclü püskürmə nəticəsində Surtsey sualtı vulkanı və eyni adlı vulkan adası yaranmışdır. Adanın səthi qalxanabənzər relyef formalarına malikdir.

İslandiyanın çox hissəsi vulkanik yaylalardan ibarətdir. Ən böyük yaylalardan Vatna-Yokul, Xovs-Yokul (1700 m), Mirdals-Yokul (1600 m), Lanq-Yokul, Erayva-Yokul və s. buzlaqlarla örtülmüşdür (“Yokul” islandca buzlaq deməkdir). İslandiya adasının ən hündür sahəsi olan Xvannadalsnukur dağı (2119 m) Erayva-Yokul yaylasındadır.

Adanın vulkanik yaylalarında isti bulaqlar geniş yayılmışdır. Qeyzerlər İslandiyada neftə və daş kömürə olan eytiyacı tamamilə ödəyir. Hazırda binaların qızdırılması qeyzerlərin hesabına aparılır. İslandiyada isti şitilliklərdə tərəvəzçilik qeyzerlərin hesabına son vaxtlarda xeyli genişləndirilmişdir. Adada ovalıq və düzənlik sahələr ancaq ərazinin 7%-ni təşkil edir. Ovalıqlar sahilboyu sahələrdə, ensiz zolaq şəklində yerləşmişdir. Ən böyük ovalıqlar adanın cənub-qərb və cənub-şərq sahillərindədir. Şimal-qərb və şimal sahilləri daha çox parçalanmışdır. Bu sahədə İsa-fyord, Dira-fyord, Breydi-fyord, Xunafloun, Faksafloun və s. körfəzlər yerləşir.

İslandiyada müasir buzlaqların sahəsi 12 min kv. km-dir. Əsasən buzlaqları Skandinaviya tipli olub, qərb sahildə dəniz səviyyəsindən 400 m, soyuq və quru iqlimə malik olan şimal və şərq sahillərdə isə 1600 m hündürlükdə yerləşir. İslandiyanın ən böyük buzlağı Vatna-Yokulun sahəsi 8500 kv. km-dir. Buzlaq sahələrində baş verən vulkan püskürmələrindən yaranan dəhşətli daşqınlardan əhali böyük zərər çəkir.

İslandiya od və buzlaqlardan başqa, həm də külək, yağış və dumanlar məskənidir. Adanın iqliminə coğrafi mövqeyindən başqa, hər tərəfdən okeanla əhatə olunması, sahillərini yuyan ilıq və soyuq axınlar da böyük təsir göstərir. İslandiya alçaq təzyiq sahəsində yerləşir. İslandiya minimumu ilə əlaqədar olan siklonlar adanın ilıq İrminger axınının təsir göstərdiyi cənub və cənub-qərb sahillərində daha çox qeyd edilir. İlıq və soyuq axınların birləşdiyi şimal-şərq sahillər üçün tez-tez dəyişkən havalar, duman və fırtınalı küləklər səciyyəvidir. İlıq İrminger axınının təsiri nəticəsində adanın cənub və cənub-qərb sahillərində qış mülayim və rütubətli keçir. Yanvar ayında havanın orta temperaturu bu sahələrdə +2-3°, şimal və şimal-şərq sahilləri isə -5° ilə -15° arasında dəyişilir. İyul ayının orta temperaturu muvafiq surətdə +12° ilə +7° arasında dəyişilir. İqlimi nisbətən mülayim keçən cənub və cənub-qərb sahillərdə yağıntının orta illik miqdarı 1000-3000 mm, şimal və şərq sahillərdə isə 300-500 mm-dir. Bir qayda olaraq İslandiyada sahil zonasından daxilə doğru temperaturun aşağı düşməsi və yağıntıların azalması qeyd edilir ki, bu da adanın oroqrafik xüsusiyyəti ilə əlaqədardır. Buzlaqlardan qidalanan çoxlu xırda çayları çoxsulu və astanalıdır. Ən böyük çayları olan Toursau (210 km) və Xvitau (180 km) astanalı və şəlaləli olduğu üçün gəmiçiliyə yaramırlar.

İslandiya adasında tundra və dağlıq tundra bitkiləri geniş yayılmışdır Ərazinin buzdan azad olan vulkanik yaylalarında şibyə və mamır üstünlük təşkil edir. Adanın cənub və cənub-qərbində 2-3 m hündürlüyündə, İslandiyada meşə adlandırılan iynəyarpaqlı tozağacı, söyüd, ardıc və üvəz (quşarmudu) kolluqları geniş yayılmışdır. Cənub sahillər üçün torfluqlar, ovalıqlar üçün çəmən bitkiləri (ərazinin 6%-ni tutur) səciyyəvidir. Adanın heyvanlar aləmi çox kasıbdır. Burada Avropadan gətirilmiş şimal maralına, boz tülküyə və İslandiya siçanına rast gəlmək olar. Sahil zonalarında çoxlu quş bazarları və balıq vətəgələri mövcuddur.
FENNOSKANDİYA.

Geoloji inkişaf tarixini, müasir morfostruktur elementlərin yerləşməsini və iqlim xüsusiyyətini nəzərə alaraq Fennoskandiyanı iki fiziki-coğrafi vilayətə ayırırlar. Bunlara dağlıq və düzənlik fiziki-coğrafi vilayətləri daxildir.

Dağlıq vilayətə Skandinaviya yarımadası (Cənubi İsveç düzənliyi müstəsna olmaqla), düzənlik vilayətə isə Finlandiya və Cənubi İsveç aid edilir.

Skandinaviya yarımadası. Avropa qitəsinin ən böyük yarımadası hesab edilir. Şimal-şərqdən, cənub-qərbə doğru uzanmış bu yarımada 56° ilə 71° şimal enlikləri arasında yerləşir. Sahəsi təxminən 800 min kv. km-ə yaxındır. Şimalda Barents, qərbdə Norveç, cənubda Şimal dənizi, Skaqerrak və Katteqat boğazları, şərqdə isə Baltik dənizi və Botnik körfəzi ilə əhatə edilmişdir. Şimal-şərqdə Kola yarımadası ilə sərhədi ovalıq və təpəlik sahələrdən keçir. Botnik körfəzi geniş sahədə Skandinaviya yarımadasını Finlandiyanın ovalıq və düzənlik hissələrindən ayırır. Yarımadanın ərazisi tamamilə dağlarla əhatə edilmiş böyük bir massivi xatırladır. Cənubda Skagerrak boğrazı və Oslo-fyord körfəzi yarımadanı iki hissəyə: qərbdə Cənubi Norveç və şərqdə Skone yarımadalarına ayırır. Hər iki yarımadanın mərkəz hissəsində künbəzəoxşar qalxma sahələri yerləşmişdir. Bu növ yüksəkliklər Cənubi Norveç yarımadasında daha geniş sahəni tutur.

Skandinaviya yarımadasının qərb sahilləri buzlaqların fəaliyyəti nəticəsində yaranmış fyordlarla zəngin olduğu halda, şərq sahili şxer tiplidir. Qərb sahildə ən məşhur fyordlar Soqne-fyord (uzunluğu 220 km, eni dənizə çıxan yerdə 5-6 km), Nur-fyord, Xardanger-fyord (uzunluğu 185 km), Bukn-fyord, Tronheyms-fyord (uzunluğu 180 km) və s.-dir. Adları çəkilən fyordlar şimal və şimal-qərb sahildə yerləşən (Porsanger-fyord, Varanger-fyord və s.) fyordlardan çox şaxəli və dik yamaclı olması ilə seçilir. Bundan əlavə cənub-qərb fyordları üçün asılı dərələr və hündür şəlalələr də səciyyəvidir. Bunlara Xardanger-fyordda yerləşən Vyorinqfoss və Syuv-Syoster şəlalələrini misal göstərmək olar. Dəniz tərəfdən fyord tipli sahili eni 60 km-dən çox olmayan alçaq təpəlik və düzənlik sahə haşiyələyir. Buna Stranflat düzənliyi deyilir. Son vaxtlarda ərazinin dəniz altından qalxması hesabına yaranan bu düzənlik Norveçin qərbində əhalinin ən çox məskunlaşdığı sahədir.

Skandinaviya yarımadasının əsas oroqrafik vahidləri Skandinaviya dağları və Norlandiya yaylasıdır. Skandinaviya dağları orta hündürlüyə malik olub, 1500 km məsafədə şimal-şərqdən, cənub-qərbə uzanır. Dağların eni şimal və cənubda 200-300 km olduğu halda, mərkəz hissədə 400-600 km-ə çatır. Ən yüksək zirvələr cənubda yerləşmişdir. Qalxyopiggen zirvəsi (2468 m) Yutunheymen massivində yerləşir. Xardangervidda, Dovrefyel, Telemark və s. massivləri Yutunheyman massivini cənub, şərq və şimaldan haşiyələnir. Şimala doğru dağ massivləri tədricən alçalır. Tronheyms-fyord rayonunda Yemtland tektonik çökməsini keçdikdən sonra dağ massivlərinin yenidən yüksəlməsi müşahidə edilir. Bu Xyoln yüksəklikləri rayonudur. Dağ massivlərinin orta hündürlüyü burada 1200-1800 m arasında dəyişilir. Bu ərazidə aşırımlar 500 m yüksəklikdə yerləşir. Skandinaviya dağlarının şimalında ən hündür sahə 2123 m hündürlükdəki Kebnekayse dağıdır. Skandinaviya dağlarının şimal qurtaracağında Finmargen yaylası yerləşir. Yaylanın orta hündürlüyü 300-400 m, ən uca zirvələri 1000 m-ə qədər yüksəlir. Hündürlüyünə görə Skandinaviya dağları üç hissəyə (cənub, mərkəz və şimal) ayrılmasına baxmayaraq vahid bir morfostrukturu təşkil edir.

Dağların mərkəz hissələri üçün stolvarı yaylalar (fyeldlər), peneplen səthləri, onların üzərində yüksələn şiş təpəli, dik yamaclı zirvələr səciyyəvidir. Skandinaviya dağlarının qərb yamacları dik, şərq yamacları nisbətən maili olub, dalğavari relyefə malikdir. Norland yaylası adlanan şərq yamacda tektonik çatlar boyunca yerləşmiş geniş çay dərələri, terraslar, fyordabənzər göllər, 400-600 m hündürlüyünə malik olan alçaq təpəliklər relyefin əsas ünsürlərini təşkil edir.

Skandinaviya yarımadası arxey və proterozoy qurusunu və kaledon qırışıqları sahəsini əhatə etməklə, Avropanın ən qədim özəyini təşkil edir. yarımadanın geniş hissəsiniəhatə edən Skandinaviya dağları paleozoy erasının kembri və silur dövrlərinin çöküntülərindən əmələ gəlmiş kaledon qırışıqlığına aid edilir. Burada dağəmələgəlmə zamanı kütlələrin hərəkəti qərbdən şərqə doğru olmuşdur. Ona görə də yarımadanın qərb sahilləri qırışıqlığa daha çox məruz qaldığından burada laylar böyük bucaq altında yatır. Yaylaların mərkəzi şaryaj quruluşlu olub, burada laylar üfüqi vəziyyətdə yatır.

Üçüncü dövrün əvvəllərində Skandinaviya dağları dəniz səviyyəsindən az yeksələn peneplen sahələrindən ibarət idi. Üçüncü dövrün sonu və dördüncü dövrün əvvəllərində qüvvətli şaquli hərəkətlər baş vermişdir. Onun qərb sahillərində tektonik hərəkətlər daha güclü olduğundan, bu hissədə qalxma amplitudu 2000 m-dən çox olmuşdur. Şərq sahillərdə bu zaman tektonik əyilmələr olmuş və bəzi ərazilər dəniz suları altında qalmışdır. Şaquli hərəkətlər yarımadanın ərazisində çoxlu tektonik çatlar əmələ gətirmişdir. Skandinaviyanın qərb sahillərində tektonik pozulmaların istiqaməti əksəriyyətlə sahilə paralel keçir.

Dördüncü dövrün əvvələrində yaranmış buzlaq sahələri tektonik hərəkətlərin yaratdığı relyef formalarını daha da mürəkkəbləşdirmişdir. Böyük buzlaq dilləri tektonik çatlar boyunca hərəkət edərək onları daha dərinləşdirmiş və nəticədə tektonik dərələrin yamacları çoc sıldırım şəklə düşmüşdür.

Skandinaviya yarımadasının cənub hissəsi qalın buz örtüyündən təxminən 12-14 min il bundan əvvəl azad olmuşdur. Şimal hissədə buz örtüyünün qalınlığı və davamiyyəti daha çox olmuşdur. Bu hissələr buz örtüyündən təxminən 8-10 min il əvvəl azad olmuşdur. Hazırda Skandinaviyada buzlaqların sahəsi 5 min kv. km-dən çoxdur. Buzlaqlar əsasən hündür dağlarda yerləşmişdir. Ən böyük buzlaq yarımadanın cənub-qərbində Yustedalsbre massivindədir. Sahəsi 855 kv. km-dir. Folqefonnen (280 kv. km) və Xardangeryokelen buzlaqları da tutduğu sahələrinə görə başqa buzlaqlardan seçilirlər. Yarımadanın cənubunda qar xətti 1200 m, şimalda isə 400-500 m hündürlükdən keçir.

Skandinaviya yarımadasının iqliminə isti Qolfstrim axını və soyuq Arktika küləkləri böyük təsir göstərir. Qolfstrim axınının təsiri yarımadanın qərb sahil zonasında daha çox hiss edilir. Şərqə doğru iqlimin kontinentallaşması və sərtləşməsi aydın nəzərə çarpır. Skandinaviyanın cənub və qərb sahilləri Atlantik okeanından gələn siklonların təsiri altında olduğundan burada qış mülayim, rütubətli, buludlu və dumanlı olur. Yarımadanın mərkəz və şərq hissələri kontinental iqlimi ilə seçilir. Norveç sahilləri Yer kürəsində qışda ən böyük müsbət temperatur anomaliyasının müşahidə edilməsi ilə fərqlənir (Lofoten adaları, 23°).

Skandinaviya yarımadasının qərbində yanvar izotermləri meridian istiqamətində uzandığı halda, şərqində enlik istiqamətindədir. Yanvar ayının orta temperaturu qərb sahilin cənubunda 0° ilə 2°, şimal-qərbdə isə 0° ilə -4° arasında dəyişilir. Şərq sahildə adətən yanvar ayının temperaturu 0°-dən aşağı olur. Şərqi Skandinaviyanın cənubunda yanvar ayında -4°, şimalda isə -14-16°-dir. İyulun orta temperaturu Norveç sahillərində 10-15°, Şərqi Skandinaviyada isə 15-17°-dir.

Yarımadanın qərb və şərq sahillərində iqlimin müxtəlifliyi yağıntıların paylanmasında da özünü göstərir. Qərb sahillər əsasən rütubətli küləklərin təsiri altında olduğundan bura çox yağıntılıdır. Yağıntının illik miqdarı 1000-2000 mm, cənub-qərb sahillərin bəzi yerlərində hətta 3000 mm-dir. Yarımadanın şərq və xüsusən şimal-şərq sahillərində yağıntının miqdarı qərbə nisbətən çox azdır. Burada il ərzində 400-500 mm yağıntı düşür ki, bu da illik buxarlanmadan çoxdur. Qərb sahillərə ən çox yağıntı payız və qışda, şərq sahillərə isə yayda düşür. Şimal və şərq sahillərdə qar örtüyünün davamlığı 7-9 ay, cənubda isə 4-5 aydır. Norveç sahilləri üçün qar örtüyü səciyyəvi hal deyildir. Burada yağıntılar əsasən qış aylarında, yağış halında düşür.

Yarımadada çaylar qısa, sutoplayıcı hövzələri kiçik, lakin çox suludur. Demək olar ki, çaylar əsasən tektonika və buzlaqların yaratdığı dərələr boyunca axır. Ən böyük çayı Qlomma (uzunluğu 587 km) və Turne-Elvdir. Skandinaviya çaylarının böyük hidroenerji əhəmiyyəti vardır.

Skandinaviyada göllər tektonik və buzlaq çökəkliklərində yerləşmişdir. Əsas gölləri Myosa, Sturşen, Ryosvati, Turne-Tresk və s.-dir.

Bitki örtüyü ərazinin relyefindən və iqlimindən çox asılıdır. İqlimi quru və nisbətən soyuq keçən dağ yaylalarının və Norveç sahillərinin çox hissəsi meşə bitkilərindən məhrumdur, burada dağ tundra bitkiləri geniş yayılmışdır. Şərqi Skandinaviyanın geniş hissəsində və qərb sahilin Tronheyms-fyord sahillərində iynəyarpaqlı meşələr yayılmışdır. Ümumiyyətlə Norveç, İsveç və Finlandiyada təbii ehtiyatlar içərisində meşələr ən əsas yerlərdən birini tutur. İsveçin mərkəz hissələrində qarışıq meşələr, cənubunda isə Orta Avropa tipli enliyarpaqlı meşələr geniş yayılmışdır. Yarımadanın qərb sahillərində meşələrə 600-700 m, şərq sahildə isə 100-1100 m-ə qədər yüksəkliklərdə rast gəlinir. Fennoskandiyanın dağlıq fiziki-coğrafi vilayəti 3 yarımvilayətə ayrılır. Bunlara: 1) qərbin fyordlarla zəngin sahil hissəsi; 2) yüksək dağlıq və yayla sahəsi; 3) Norlandiya yaylası daxildir.



Düzənlik vilayət. Skandinaviya yarımadasının cənub-şərqində yerləşən (Skone yarımadasında) ovalıq və təpəliklərdən ibarət olan sahə Finlandiya ilə birlikdə Fennoskandiyanın düzənlik fiziki-coğrafi vilayətinə daxildir. Bu vilayət Baltik qalxanı sahəsində yerləşib, səthi eroziyaya davamlı kristallik və metamorfik süxurlardan ibarətdir.

Finlandiyanın düzənlik fiziki-coğrafi vilayəti Şimali Avropada böyük düzənliklərdən biridir. O, cənubda Fin körfəzi, qərbdə Botnik körfəzi, şimalda İsveçlə, şərqdə SSRİ-lə əhatə olunmuşdur. Relyefi əsasən ovalıq və təpəliklərdən ibarətdir. Düzənlik, Avropanın qədim özülündə geniş sahəni əhatə edən qalxma zonası hesab edilir. Lakin burada qalxma Skandinaviya yarımadasında olduğundan xeyli zəif olmuşdur. Finlandiya ərazisinin çox hissəsi dəniz səviyyəsindən 80-300 m yüksəkliyi olan sahələrdir. Qalxma ərazinin şimal-şərqində daha güclü olmuşdur. Bu hissədə Manselkya təpələrinin hnüdürlüyü 500-700 m, Laplandiyada yerləşən Sokusti (744 m) dağı isə ən yüksək zirvədir. Uzun müddət qədim arxey və proterozoy qurusu olan Finlandiya ərazisi xarici qüvvələrin təsiri nəticəsində aşınaraq peneplenləşmişdir. Finlandiyanın müasir relyefinin böyük hissəsini qədim peneplen sahələr tutur. Düzənlik buzlaq örtüyündən yaxın geoloji keçmişdə azad olmuşdur. Burada çay sistemi yaxşı inkişaf edə bilmədiyindən bəzi yerlərdə çay yatağı və dərəsinin ətraf sahələrdən ayırmaq belə çətindir. Relyefin düzən olmasına baxmayaraq çayları astana və şəlaləlidir. Ərazidə buzlağın ekzarasiya və akkumulyasiya fəaliyyəti ilə əlaqədar olan relyef formaları üstünlük təşkil edir. Buzlaq ekzarasiyası relyef formalarından “qoyun kəllələri”, “cilalanmış qayalar” və moren çökəklikləri üstünlük təşkil edir. Relyefdə buzlaqların akkumulyasiya formaları Finlandiyanın cənubunda geniş yayılmışdır. Bunlara mərkəzi göllü ovalığın cənubunda yerləşən Salpausselkya və göllü ovalığı şimal-qərbdən haşiyələyən Ounasselkya tirələrini misal göstərmək olar (“selkya” – fin dilində tirə-dağ deməkdir). Salpausselkya bir-birindən 25 km aralı iki paralel tirədən ibarətdir. Şimal və ya daxili tirələrin hündürlüyü 80-150 m, eni 0,5-3 km-dir. Cənub və ya xarici tirələrin hündürlüyü 100-160 m, eni 0,7-4 km-dir.

Skone yarımadasında yerləşən cənubi İsveç düzənliyi Fennoskandiyanın düzənlik fiziki-coğrafi vilayətinə daxildir. Düzənliyin mərkəz hissəsində kümbəzəoxşar Smoland yaylası yerləşmişdir (Tumtabakken dağı, 378 m). Yayda cənub, qərb və şərqdəki düzənliklərə tədricən, şimalda, tektonik çökəklikləri dolduran göllük sahəyə sıldırım şəkildə enir.

Finlandiyanın xeyli hissəsi şimal qütb dairəsinə daxildir. Bu xüsusiyyət ərazidə qışın soyuq və uzun keçməsinə səbəb olur. Finlandiyanın iqliminə dənizin təsiri müəyyən dərəcədə hiss olunur. Ümumiyyətlə burada mülayim-soyuq iqlim hakimdir. Cənub və qərb dəniz sahillərin iqlimi nisbətən mülayim və bir qədər ilıqdır. Dəniz sahillərindən şərqə iqlimin kontinentallaşması aydın nəzərə çarpır. Cənub-qərb sahillərdə yanvarın orta temperaturu -4° olub, qış 203 ay davam edir. Şimala doğru temperaturun aşağı düşməsi, qar örtüyü qalınlığının artması və qışın uzanması müşahidə edilir. Göllü ovalığın şimalını əhatə edən Ounasselkyada yanvarın temperaturu -10°, qışın davamiyyəti 4-5 ay, şimalda (Laplandiya) yanvarın orta temperaturu -14-16°, qışın davamiyyəti 6-7 aydır. Laplandiya üçün qış aylarında Arktika havalarının tez-tez əraziyə daxil olması və birdən-birə havanın temperaturunun -30-40°-dək aşağı düşməsi halları səciyyəvidir.

Finlandiyada yay qısa və mülayim keçir. İyul ayının orta temperaturu cənubda 17°, şimalda 11°-dir. Buludlu günlərin miqdarı il ərzində 65-70%-dir. Payız və yay ayları daha çox buludlu keçir. Ərazidə yağıntıların miqdarı da temperatura müvafiq olaraq dəyişir. Cənub və qərb sahillərdə yağıntının illik miqdarı 750 mm olduğu halda, şimalda 400 mm-dir. Finlandiya ərazisinə düşən yağıntının miqdarı buxarlanmadan çox olduğu üçün, ərazidə bataqlıqlar yayılmışdır. Cənub və cənub-qərb sahillərdə ərazinin 45%-i, şimalda isə 15-20%-i bataqlıqlarla örtülüdür.

Finlandiya daxili sularla çox zəngindir. Ən yaxşı inkişaf etmiş çay şəbəkəsinə şimalda rast gəlinir. Bunlara Kemi-Yoki, Tornio-Yoki və s. misal ola bilər. Cənubda çaylar qısa olub, göllər arasında axın təşkil edir. Finlandiyanı mingöl ölkəsi də adlandırırlar. Burada 60 minə yaxın göl vardır. Göllər ərazinin 12%-ni tutur. Gölləri tektonik və buzlaq mənşəlidir. Böyük göl çalaları tektonik çatlara və çökəkliklərə uyğun gəlir. Göl çalalarının forması və sahil xətlərinin çox girintili-çıxıntılı olması burada relyefin cavanlığı ilə izah edilir. Ən böyük gölləri Sayma (sahəsi 1800 kv. km), Pyayyanne (1065 kv. km), İnari (1000 kv. km), Venern (550 kv. km), Vettern (1900 kv. km), Melaren, Yelmaren və s.-dir.

Meşə Finlandiyanın ən əsas təbii sərvətlərindən biridir. Ərazinin 70%-i meşələrlə örtülüdür. Avropa tayqası meşələri geniş yayılmışdır. İynəyarpaqlı və qarışıq meşələr şam, küknar, qızılagac, ağcaqayın və fısdıq ağacları ilə zəngindir. Finlandiyanın cənubunda enliyarpaqlı ağaclar geniş yer tutur. Meşələr Finlandiyanın orta və cənub hissələrini əhatə edir. Ərazinin iqlimi daha sərt olan şimal sahələrdə tundra və meşə-tundra bitkiləri yayılmışdır. Meşə-tundra bitkiləri içərisində alçaq boylu tozağacı və ardıc kolları əsas yer tutur.

Finlandiya ərazisində podzol və bataqlıq torpaqları geniş yayılmışdır. Heyvanlar aləmində meşə heyvanları üstünlük təşkil edir. Bir sıra yırtıcı heyvan növləri (ayı, canavar, tülkü və s.) insan tərəfindən məhv edilmişdir. Fennoskandiyanın düzənlik fiziki-coğrafi vilayətini morfostruktur və landşaft xüsusiyyətinə görə bir neçə yarımvilayətə ayırmaq olar. Bunlara: 1) Cənub sahil zolağı və ya Salpausselkya; 2) mərkəzi göllü ovalıq; 3) qərb sahil zolağı və ya Ounasselkya; 4) şimal-şərq tirələri və ya Manselkya; 5) Smoland yayalası ilə birlikdə Skone yarımadasındakı Cənubi İsveç düzənliyi daxildir.



Yüklə 440,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə