Avrop a ümumi icmal Qərbi Avropa Coğrafi mövqeyi, sahəsi, sərhədləri və sahil xətti



Yüklə 440,01 Kb.
səhifə3/8
tarix26.10.2017
ölçüsü440,01 Kb.
#6550
1   2   3   4   5   6   7   8

Gölləri. Qərbi Avropa göllərlə zəngindir. Lakin ərazidə göllər eyni dərəcədə paylanmamışdır. Göllərin ən çox yayıldığı sahə Fennoskandiya və Alp dağlarıdır. Başqa sahələrdə ara-sıra kiçik göllərə rast gəlinir.

Qərbi Avropa göllərinin əksəriyyəti tektonik-buzlaq mənşəlidir. Bu genetik tipə aid edilən göllər Fennoskandiyada geniş yayılmış və tipik göllük landşaft əmələ gətirmişdir. Burada ən böyük göllərin (Vettern, Venern, İnari, Sayma və s.) çalaları tektonik qırılmalar nəticəsində yaranmış və buzlaqlar tərəfindən formalaşmışdır. Xırda və çox girintili-çıxıntılı sahillərə malik olan göllərin əksəriyyəti buzlaqların fəaliyyəti ilə yaranmış çalalarda yerləşir. Göllər həm buzlaq ekzarasiyası, həm də akkumulyasiyası (moren gölləri) sahəsində yayılmışdır. Buzlaq və bənd gölləri Alplarda çoxdur. Yüksək dağlarda kar gölləri, dağətəyində isə böyük dərə-bənd gölləri yerləşir. Bu tip göllər Alp dağlarının şimal (Cenevrə, Sürix, Boden, Firvaldştet və s.) və cənub ətəklərində (Komo, Qarda, Laqo-Macore və s.) qruplaşmışdır.

Digər sahələrdə olan göllərdən Macarıstanda Balaton gölünü göstərmək olar. Cənubi Avropada əsasən karst və vulkan mənşəli göllər var. Karst gölləri Dinar dağlarında və başqa tipik karst rayonlarında yaranmış karst çökəklərində yerləşir. Burada ən böyük tektonik və karst-tektonik mənşəli göllər var (Skutar, Prespa, Oxrida və s.).

Vulkan mənşəli göllərin ən böyükləri Apennin yarımadasındadır (Trazimen, Bolsena, Braççano gölləri). Reyn Şistli dağlarında olan maarların da vulkan mənşəli olması güman edilir. Onlar dairəvi formalı partlayış kraterlərində yerləşirlər. Bundan əlavə kiçik vulkan göllərinə İslandiyada Mərkəzi Fransa massivində, Siciliya adasında Vezuvinin kraterində rast gəlmək mümkündür. Böyük çayların sahillərində axmaz göllər geniş yayılmışdır. Bunların ən böyükləri Aşağı Dunay ovalığında çayın sol sahilinə paralel zəncir kimi uzanan Baltalardır. Dəniz sahillərində laqun gölləri əmələ gəlmişdir. Bunlara Landlarda, Venetsiya yaxınlığında, Almaniya – Polşa ovalığının dəniz sahillərində və Qara dəniz sahillərində rast gəlmək mümkündür.

İtaliya və Şimali Alp göllərinin gözəl mənzərəsi dünyanın bütün ölkələrinin turistlərini cəlb edir. Macarıstanda Balaton gölü sahillərində böyük turizm mərkəzi və sağlamlıq ocaqları yaradılmışdır.
Torpaq və bitki örtüyü

Avropanın torpaq və bitki örtüyü coğrafi zonallıq qanununa uyğun olaraq cənubdan şimala doğru dəyişir. Coğrafi zonallıq özünü Şərqi Avropada daha aydın göstərir. Bunun əsas səbəbi Şərqi Avropanın düzənlik relyefə malik olmaqla böyük məsafədə şimaldan cənuba uzanması, Qərbi Avropanın orta hissələrində dağlar və çökəklərin geniş yer tutması, həm də Atlantik okeanından gələn rütubətli mülayim hava kütlələrinin Qərbi Avropanın böyük bir sahəsində təxminən eyni temperatur və rütubətlənmə rejiminə malik olan mülayim iqlim əmələ gətirməsidir. Məlum olduğu kimi Şərqi Avropa kontinental iqlimə malikdir. Onun cənub və cənub-şərq hissələrində ilin isti yarısında rütubətin çatışmamazlığı aydın hiss olunur və bu da landşaftda kəskin surətdə əks olunur.

Qərbi və Şərqi Avropa landşaft zonalarının müqayisəli səciyyəsi göstərir ki, onlar arasında coğrafi zonalar spektri xeyli fərqlidir. Qərbi Avropanın ərazisi demək olar ki, tamamilə iki landşaft zonasında yerləşir. Bunlardan Aralıq dənizi subtropik zonası təxminən 45° şm.e.-dən cənubdakı sahələri (üç böyük yarımadanı və Aralıq dənizində yerləşən adaları) tutur. Şərqi Avropada bu zonanın ekvivalenti yoxdur. Şərqi Avropanın cənub ucqar hissələri 45° şm. enindən cənuba keçmir.

Qərbi Avropada ikinci landşaft zonası daha geniş ərazi tutan enliyarpaqlı meşələr zonasıdır. Bu, təxminən 43-45° şm. enindən 57-58° şm. eninə qədər (Skone yarımadası və Katteqat boğazının şimal sahilləri) Britaniya adaları da daxil olmaqla (Şotlandiyanın şimalından başqa) bütün Orta Avropanı əhatə edir.

Şərqi Avropada bu zonanın yerləşdiyi coğrafi enliklərdə cənubdan şimala aşağıdakı landşaft zonalarını saymaq olar: 1) Xəzər sahili ovalıqda səhra və yarımsəhra zonası; 2) çöllər zonası; 3) meşə-çöl zonası; 4) Şərqi Avropa enliyarpaqlı meşələr zonası; 5) qarışıq meşələr zonası. Axırıncısı qərbdə Skandinaviyanın cənub düzənlik hissəsini də tutur. Şərqi Avropada isə qarışıq meşələrin cənub sərhədi 53° şm.eninə qədər cənuba əyilir (Cənubi İsveçdə bu 58° şm. enindən keçir); 6) Avropa tayqası; 7) meşə-tundra; 8) tundra; 9) Arktika adalarının buzlaq landşaftları.

Şərqi Avropa düzənliyində özünü çox aydın göstərən çöl və meşə-çöl bitkiləri və qaratorpaq zonası Karpat dağlarının şərq ətəklərinə söykənir və Qərbi Avropa ərazisinə keçmir (Valaxiya və Orta Dunay ovalıqları müstəsna olmaqla). Bunun əvəzində Orta Avropada dağlıq relyef şəraitində landşaftın yüksəklik zonallığı özünü aydın göstərir. Burada dağarası çökəklərin torpaq və bitkiləri həmin sahələrin yerləşdiyi coğrafi enliklərin landşaftlarına az-çox uyğun gəlir (şəkil 5).

Avropanın müasir landşaftları və bitki örtüyü əsasən üçüncü dövrün ikinci yarısı və dördüncü dövrdə formalaşmışdır. Hələ mezozoy erasında Avropanın geniş bir sahəsi tropik bitkilər ilə (meşə bitkiləri) örtülü idi. Üçüncü dövrün birinci yarısında (paleogendə) Tetis dənizinin istiləşdirici təsiri ilə Qərbi və Şərqi Avropanın geniş hissəsində hələ tropik bitkilər saxlanmaqda idi. Paleogendə alp qırışıqlığı zonasında qüvvətli tektonik hərəkətlər nəticəsində qırışıq dağlar sistemi yaranır. Tetis dənizi Orta və Cənubi Avropanın çox yerindən çəkilir, iqlimdə dəyişiklik baş verir. Əvvəllər geniş ərazidə yayılmış tropik bitkilər cənubi Avropaya sıxışdırılır. İqlimin soyuması ilə əlaqədar mülayim turqay florası Avropada öz arealını genişləndirməyə başlayır. Neogendə baş verən qüvvətli orogenez hərəkətləri nəticəsində yaranan Alp – Karpat dağlar sistemi Cənubi və Orta Avropa arasında iqlim ayıran bir sərhəd əmələ gətirir. Dördüncü dövrdə böyük buzlaşmalar zamanı Aralıq dənizi sahəsində sığınacaq tapmış subtropik bitkilərin (bunlar neogendə tropik bitkilərin iqlim dəyişikliyinə uyğunlaşması prosesində yaranmışdır) saxlanmasında və bunları qitənin geniş bir ərazisini tutmuş buzlaq örtüyünün soyuq iqlimi təsirindən qorumağa bu sərhədin böyük rolu olmuşdur.

Şimali, Orta və Şərqi Avropanın bitki örtüyü dördüncü dövr buzlaşmaları vaxtında dəfələrlə ciddi dəyişikliyə uğramışdı. Orta Avropada və Rusiya düzənliyində çox cənuba hərəkət edən qalın buzlaq örtüyü landşaft zonalarının cənuba miqrasiya etməsinə səbəb olmuşdu. Buzlaşmalararası dövrlərdə iqlim xeyli istiləşmiş və bitki zonaları şimala çəkilməkdə olan buzlağın ardınca yenidən şimala irəliləmişdir. Bu hal Avropada ən azı 3 dəfə təkrar olmuş və bunun nəticəsində buzlaşma dövründən əvvəlki bitki örtüyünün bir çox növləri məhv olmuşdur. Bundan başqa, buzlaşma dövründə iqlimin ümumi soyuqlaşması mülayim qurşaq bitkilərinin xeyli cənuba irəliləməsinə, hətta Aralıq dənizi sahəsində yayılmasına şərait yaratmışdır. Buzlaşma dövründən sonra iqlimin isinməsi və yağıntıların bir qədər azalması əks miqrasiyaya səbəb olmuş, Aralıq dənizi bitkilərinin nümayəndələri Orta Avropanın cənub sahələrində yayılmağa başlamışdır, Şimali Avropada isə axırıncı buzlaşma çəkildikdən sonra onun ardınca şimala iraliləyən meşələr buzlaşma mərkəzi olan Skandinaviya yaylasına çatmış və onun müasir iqlim şəraiti meşə bitkisi üçün əlverişli olan bütün sahələrində yayılmışdır.

Avropada bitki örtüyünün dəyişməsində insan əməyinin rolu böyük olmuşdur. Əhalisi çox sıx olan Orta və Cənubi Avropanın meşələri çox yerdə tamamilə qırılmış, bəzi yerlərdə isə onun tərkibi dəyişdirilmişdir. Avropa qitəsi öz geoloji inkişafı tarixində Afrika, Şimali Amerika qitələri ilə bitişik olmuş və həmin qitələr üçün xarakterik olan bitkilərin burada da yayılmasına şərait yaranmışdır. Asiya ilə bütün inkişafı boyu bağlı olması da Avropanın bitki örtüyünün formalaşmasına böyük təsir göstərmişdir. Avropaya boreal bitkilər Asiyadan daxil olmuşdur. Bu proseslərin nəticəsi olaraq Avropanın bitki örtüyündə demək olar ki, endemik növlər olduqca azdır. Üçüncü dövrün ikinci yarısında isə burada xüsusi mərkəz – Aralıq dənizi quru subtropik bitki sahəsi yaranmışdır.

Avropanın müasir bitki örtüyü Qolarktika flora vilayətinə daxildir. Burada Aralıq dənizi həmişəyaşıl quru subtropik yarımvilayəti, Avrasiyanın çöl yarımvilayəti, Avrasiyanın tayqa meşələri yarımvilayəti və Arktika, subarktika çəmən vilayətləri ayrılır. Dördüncü dövrdə iqlimdə və bitki örtüyündə baş verən dəyişikliklər torpaq qatının yaranmasına da öz təsirini göstərmişdir. Buzlaq örtüyündən yenicə azad olmuş şimal sahələrdə torpaq örtüyü yuxa və skeletlidir. Buzlaq örtüyündən kənarda yerləşən çöl və enliyarpaqlı meşələr sahəsində qalın, qatları aydın seçilən, çürüntü ilə zəngin torpaqlar inkişaf etmişdir. Bu torpaqlar çox məhsuldar olmaları ilə seçilir.

Avropanın torpaq və bitki ötrüyünün konkret səciyyəsi zonalar üzrə verilir.

Arktika səhraları zonası. Şimal Buzlu okeanının Avropa bölməsində yerləşən Şpitsbergen, Frans-İosif arxipelaqlarını və başqa kiçik adaları tutur. Bu zonanın geniş sahələri örtük buzlaqlarının altında qalmışdır. İqlimi sərtdir. Vegetasiya vaxtı çox qısadır, həm də bu vaxt ən isti ayın orta temperaturu +5+6°-dən artıq olmur, çox vaxt iyulda şaxtalar və çovğun olur. Ağac bitkilərinin inkişafı üçün heç bir şərait yoxdur. Torpaq örtüyü inkişaf edə bilməmişdir. Narın aşınma məhsulları üzərində kəklikotu, daşdələn, cil (qum otu), lalə və s. kimi Arktika səhra bitkiləri, mamır və şibyələr bitir. Çox sahəni çılpaq daşlıqlar və qayalar tutur.

Tundra torpaqları və bitkiləri Qərbi Avropada az sahədə yayılmışdır. Şərqə doğru bu zona xeyli genişlənir. Şimali Amerika və Asiyanın tundra zonasından istər temperatur şəraitinə, istərsə də yağıntıların miqdarına görə fərqlənir. Kəskin şaxtalar olmur. Atlantik okeanının mülayim və rütubətli havası təsiri altında qalır. Əsas bitkiləri mamır və şibyələrdir. Bunların bir çox növləri geniş yayılmaqla, bəzən bütöv örtük əmələ gətirir. Müxtəlif çiçək açan otlar, cırtdan boylu qayın ağacı kolları geniş yayılmışdır. Tundranın cənub sərhədində ən isti ayın orta temperaturu 10°-dən artıq deyil. Ona görə bu sərhəd iqlim sərhədi olmaqla ağac bitki örtüyünün də sərhədini təyin edir.

İslandiyanın cənubunda tundra bitkiləri müxtəlif şirələri otlu çəmənlərdən və xırda qayın, qızılağac, süpürgə kollarından ibarətdir. Torflu-qleyli yuxa tundra torpaqları çox nəmli olur. Torflu-bataqlıqlı tundra torpaqları da geniş yer tutur.

Avropada meşələr daha böyük ərazi tutmaqla müxtəlif xarakterli olub, iki əsas landşaft zonası əmələ gətirir: 1) iynəyarpaqlı meşələr (tayqa), bu Şərqi Avropada ən geniş landşaft zonası yaradır; 2) enliyarpaqlı meşələr zonası, başdan-başa Orta Avropanı tutur.

Tayqa meşələri zonası (Avropa tayqası) Qərbi Avropada yalnız Skandinaviyada geniş ərazini əhatə edir. Şərqə doğru cənub sərhədi xeyli cənuba çəkilir (şəkil 6).

Avropa tayqasında şimaldan cənuba bir neçə yarımzona ayrılır: şimal tayqası, orta tayqa və cənub tayqa meşələri. Bu meşələrdə ən geniş yayılmış ağac növləri Avropa küknarı (bunun bir çox növü), şam və xırda yarpaqlılardan ağcaqayındır. Küknar ağacları çox tünd rəngli olduğundan onun təşkil etdiyi meşələr də çox tünd görünür və tünd rəngli iynəyarpaqlı meşələr adlanır. Bunun da yuxarıda qeyd edilən üç növü məlumdur (şimal, orta və cənub). Küknarla bərabər şam ağacı da (Pinus silvestris) geniş sahələrdə meşə əmələ gətirən növdür. Şərqi Avropada şam meşələri küknar meşələrinə nisbətən olduqca az yayılmışdır. Kareliya və Finlandiyada isə əksinə, meşə əmələ gətirən əsas ağac şamdır.

Tayqa zonası, ümumiyyətlə, iqlimin daha sərt kontinental olması ilə səciyyələnir. Yanvarın orta temperaturu qərbdən şərqə azalır, bu istiqamətdə də şam meşələrinin üstünlüyü küknar meşələrinin üstünlüyü ilə əvəz olur. Tayqa zonasında ən isti ayın temperaturu +12° ilə 16-17° arasında dəyişir, illik yağıntıların miqdarı 400-600 mm arasında dəyişir. Maksimal yağıntıları yay aylarında düşür. Şimal və qismən orta tayqa meşələrində buxarlanma qabiliyyəti və faktik buxarlanma az olduğundan bataqlıqlar və bataqlıq bitkiləri (torfluqlar) geniş ərazi tutur.

Finlandiya ərazisinin 75%-ə qədəri, İsveçin isə 60%-dən çoxu tayqa meşələri ilə örtülüdür. Bu meşələr həmin ölkələrin təbii ehtiyatlarından ən əhəmiyyətlisi hesab edilir. Skandinaviya dağlarının yamaclarında iynəyarpaqlı meşələr cənubda 800 m-ə qədər, şimalda isə 300-400 m-ə qədər yüksəyə qalxır. İynəyarpaqlı meşələr zonasının tipik zonal torpaqları küləçalan (podzol) torpaqlardır. Konkret fiziki-coğrafi şəraitdən asılı olaraq burada podzol torpaların müxtəlif növləri inkişaf etmişdir. Torpaqların ana süxurları kristallik süxurlardan tutmuş yumşaq moren yığınlarına qədər dəyişən cürbəcür çöküntülərdən ibarətdir. Torpaqların və yumşaq çöküntülərin mexaniki (litoloji) tərkibi meşələrin xarakterinə də böyük təsir göstərir. Məsələn, bir qayda olaraq şam meşələri qumlu podzol torpaqların, küknar meşələri isə gilli və gillicəli podzol torpaqların areallarına uyğun şəkildə yayılmışdır.

Qeyd etmək lazımdır ki, tayqa meşələri istər tundraya, istərsə də özündən cənubda və cənub-qərbdə yerləşən enliyarpaqlı meşələr zonasına birdən-birə keçmir. Bu zonalar arasında müəyyən keçid sahə yerləşir ki, bəzən bu keçid sahə xeyli enli zona əmələ gətirir. Son zamanlar tundra ilə tayqa arasında yerləşən və eni bir neçə yüz km-ə çatan meşə-tundraya sərbəst zona kimi baxılır (Sibirdə bu daha genişdir). Tayqadan cənubda isə qarışıq meşələr zonası yerləşir. Bu zona Qərbi Avropada Skandinaviyanın cənub düzənlik sahəsini, Norveçin cənub sahilini və Polşanın şimal-şərqini əhatə edir. SSRİ ərazisində bu qərbdə 53° ilə 60° şimal enlikləri arasında geniş bir sahə tutur, şərqdə isə (Orta Volqaboyu, aşağı Vyatka və Kama hövzələrində) təxminən 56-58° şimal enlikləri arasında ensiz zolaq əmələ gətirir. Qarışıq meşələr zonası daxilində şam ağaclarından ibarət cənub tayqa tipli meşələr, qərbdə Avropa küknarı, şərqdə Sibir küknarı, enliyarpaqlılardan palıdın bir neçə növü geniş yayılmışdır. Bu zonada enliyarpaqlıların miqdarı şimal-şərqdən cənub-qərbə doğru artır və bəzən onlar tamamilə enliyarpaqlı meşələr əmələ gətirir.

Qarışıq meşələrin zonal torpaqları. Şərqi Avropada çimli-podzol torpaqlar, Cənubi Skandinaviyada isə çürüntülü-podzol, qonur-turş və illüvial qatı dəmirli torpaqlar səciyyəvidir. İntrazonal torpaqlardan bataqlıq-podzol (torflu və çimli-podzol-qleyli torpaqlar), çimli-qleyli, çimli-karbonatlı və s. torpaqlar yayılmışdır.



Enliyarpaqlı meşələr zonası. Qərbi Avropada Skandinviya yarımadasının cənubundan başlamış Aralıq dənizi sahillərinə qədər, eni 1000-1400 km-ə çatan geniş bir zona əmələ gətirərək ovalıq və dağlıq sahələrdə yayılmışdır. Şərqi Avropada isə enliyarpaqlı meşələr eni 150-450 km arasında dəyişən ensiz zona əmələ gətirir və Belaya çayının orta axarından cənubda, Ural dağlarına çatmamış qurtarır. Şərqi Avropada bu zonanın meşələri əsasən palıq (Quercus robur) və başqa enliyarpaqlılardan əmələ gəlmişdir.

Qərbi Avropanın enliyarpaqlı meşələr zonasının ağac tərkibi daha zəngindir. Bu geniş ərazinin ayrı-ayrı sahələrində iqlim və torpaq-qrunt şəraiti müxtəlif olduğundan meşələrin xarakteri və tərkibi şimaldan cəbuna və qərbdən şərqə dəyişir. Ümumiyyətlə, Qərbi Avropa enliyarpaqlı meşələrini təşkil edən ən geniş yayılmış ağac növləri palıq (bunun bir çox növü), fısdıq və vələsdir. Cənubda bunlara şabalıq və subtropiklər üçün səciyyəvi olan başqa enliyarpaqlılar da qarışır.

Qərbi Avropa enliyarpaqlı meşələr zonasında iynəyarpaqlılardan şam və küknarın Avropa növləri də yayılmışdır. Küknar əsasən dağlıq sahələrdə, enliyarpaqlı meşələr zonasından yuxarıda yayılaraq, Vogez dağlarından qərbə keçmir. Şam ağacının müxtəlif növləri isə düzənliklərdə, xüsusilə Almaniya – Polşa ovalığının şərq hissəsində, Çexiyada və Akvitaniya ovalığında təmiz şam və enliyarpaqlılarla qarışıq meşələr əmələ gətirir. Qərbi Avropa enliyarpaqlı meşələrini təşkil edən əsas üç ağac növü (və ikinci dərəcəli növlər) ayrı-ayrı sahələrdə iqlimin dəişməsi ilə əlaqədar olaraq müxtəlif növ meşələr əmələ gətirir. Daha çox rütubətli və yayı sərin olan düzənlik və dağ yamaclarında meşə əmələ gətirən əsas növ fısdıq ağacıdır, palıdın arealı esə fısdığa nisbətən daha genişdir. O, Atlanlik okeanı sahillərindən tutmuş Şərqi Avropa qarışıq və enliyarpaqlı meşələrinə qədər müxtəlif temperatur və rütubətə malik olan iqlim sahələrində meşə əmələgətirən əsas ağac növüdür. Lakin onun eyni növü bütün göstərilən sahələrdə təbii ki, yayıla bilməz (Avropada bu ağacın 20-dən artıq növü yayılmışdır). Buna görə də, Qərbi Avropada ya tamamilə palıd, ya fısdıq, yaxud palıd-fısdıq, vələs meşələrinə rast gəlirik. Bəzən meşələr dağətəyində palıdla başlayır, yuxarı meşə zonasında da palıdla qurtarır. Daha çox rütubətli və buludlu orta dağ yamacları isə fısdıq meşələri ilə örtülü olur.

Qərbi Avropanın dəniz sahillərində süpürgə kollarının müxtəlif növləri və çəmənlər, sahillə meşələr arasındakı keçid zonanın əsas bitki örtüyünü təşkil edir. Enliyarpaqlı meşələr zonasının zonal torpaqları qonur-meşə torpaqlarıdır. Bitkilərin xarakterindən asılı olaraq bu zonada qonur-meşə torpaqlarının podzollaşmış, qalıq-karbonatlı və başqa növləri yayılmışdır. Bundan əlavə əhəngdaşı massivləri üzərində çürüntülü-karbonatlı qonur-meşə torpaqları (rendzinlər), dağ qonur-meşə torpaqları və s. inkişaf etmişdir. Orta Avropanın hertsin və Alp qırışıqlığı zonasında relyefin çox parçalanması, orta və yüksək dağ silsilələrinin yayla və çökəklərlə növbələşməsi bitki və torpaqların yayılmasını xeyli mürəkkəbləşdirir. Yüksək dağlarda Orta Avropa tipli enliyarpaqlı meşələri, tünd rəngli iynəyarpaqlı (küknar) meşələr əvəz edir. Daha yuxarıda isə müxtəlif çiçəkli otların və kolların (alp gülü və rododendronu) yayıldığı subalp çəmənləri və alp xalılarına rast gəlinir. Bu, meşələrin yayıldığı enliklərdə Şərqi Avropada meşə-çöl, çöl, yarımsəhra və səhra bitkiləri və torpaqları inkişaf etmişdir. Həmin zonalar (yarımsəhra və səhradan başqa) Karpat dağlarının şərq ətəyinin dağətəyi enliyarpaqlı meşələr zonasına qədər yayılmışdır. Göstərilən torpaq-bitki zonalarından step (çöl) zonası daha geniş yer tutur. Xəzəryanı ovalıqda səhra landşaftının çox şimala irəliləməsi qərbdən şərqə doğru çöllər zonasının cənub sərhədinin xeyli şimala əyilməsinə səbəb olmuşdur. Elə burada da bu zona xeyli ensizləşir. Onun ən geniş yeri 35° ilə 45° şərq uzunluqları arasında (Don çayı hövzəsində və Şimali Qafqazda) yerləşir. Qərbdə Karpat dağlarına yaxınlaşdıqca çöl zonasının şimal sərhədi palıq meşələri və meşə-çölün genişlənməsi hesabına xeyli cənuba meyl edir.



Müxtəlif otlu dovşantopalı-ağot çölləri daha geniş areala malikdir. O, şimaldan palıq meşələri olan meşə-çöl zonası ilə, cənubda isə dovşantopalı-ağot çölləri ilə əhatələnir. Tipik çöl bitkiləri Valaxiyanın şərqinə daxil olur. Ovalığın qalan hissəsi və Orta Dunay ovalığında isə stepləşmiş palıq meşələri (meşə-çöl) yayılmışdır. Çöl zonasının xarakterik torpaqları qara torpaqlardır. Şərqi Avropa çöl zonasında bunların tipik (püxtələnmiş, adi, cənub, qələviləşmiş və s.) növləri yayılmışdır. Adi və cənub qaratorpaqları, habelə tipik qalın və podzollaşmış-qələviləşmiş qaratorpaqlar daha geniş areala malikdirlər. Qara torpaqların müxtəlif növləri, o cümlədən podzollaşmış-qələviləşmiş qara torpaqlar Aşağı və Orta Dunay ovalıqlarında, Cənubi Moraviyada, Mərkəzi Çexiya düzənliyində və Almaniyada Zaale çayı hövzəsində yayılmışdır.

Qərbi Avropanın Aralıq dənizi sahilləri subtropik qurşaqda yerləşdiyinə görə burada quru subtropiklər üçün xarakterik olan seyrək meşələr, kolluqlar geniş yer tutur. Aralıq dənizi sahəsi bitki örtüyünün zənginliyinə və xarakterinə görə başqa ərazilərdən kəskin fərqlənir. Bu sahə dördüncü dövr buzlaşmalarından çox uzaqda yerləşdiyinə görə iqlimdə kəskin dəyişiklik olmamışdır. Buna görə üçüncü dövrün bitki örtüyü yalnız iqlimin aridləşməsi şəraitinə uyğunlaşmış, nəticədə bir çox ağacların Aralıq dənizi sahəsi üçün endemik hesab edilən növləri yaranmışdır (palıdın həmişəyaşıl və yarpağını tökən bir neçə növləri – daş palıq – Quercus ilex, пробка (mantar) palıdı–Quercus suber, Volon və Makedoniya palıdı və s.). Ümumiyyətlə, Aralıq dənizi fitocoğrafi sahəsində palıq ağacının həm həmişəyaşıl, həm də yarpağını tökən növləri geniş yayılmışdır. Həmişəyaşıl ağac və kolların yarpaqları bərkdir və günəş şüalarını öz parıltılı səthində əks etdirir. Bu ağaclar yarpaqları vasitəsi ilə transpirasiyanı xeyli azaldır. Palıdla birlikdə şabalıd ağaclarına daha rütubətli dağətəyi, aşağı dağ meşələri zonasında rast gəlinir. Aralıq dənizi sahəsində iynəyarpaqlılardan şam ağacının bu vilayət üçün səciyyəvi olan bir çox növləri (İtaliya şamı, dəniz şamı, hələb şamı) endemik növlər olmaqla palıdla birlikdə işıqlı meşələr və kolluqlar əmələ gətirir. Aralıq dənizi sahəsinin daha quraq iqlimi olan rayonlarında xırdaboylu palıd, palma və iynəyarpaqlılardan ibarət olan kolluqlar inkişaf etmişdir. Makvis adlanan bu kolluqlarda palıddan başqa cır püstə, mərsin, ağacabənzər süpürgələr, cır zeytun, daş cökə və s. kolları geniş yayılmışdır.

Çox quru dağ yamaclarında müxtəlif çiçəkli, tikanlı, yaxud nazik yarpaqlı kserofit kolluqlar inkişaf etmişdir ki, bunlar (qariqa, yaxud friqana) qaratikan, sumax, yasəmən və başqa kollardan ibarətdir. Aralıq dənizi sahəsinin müasir bitki örtüyündə sitrus bitkiləri, zeytun və üzüm plantasiyaları olduqca geniş yer tutur. Dağlarda bitki və torpaq örtüyünün yüksəklik zonallığı aydın görünür. Ortadağlıq əsasən palıq meşələrindən ibarətdir.

Aralıq dənizi sahəsində subtropik qurşağın müxtəlif torpaqları inkişaf etmişdir. Dağ meşələrində qonur dağ-meşə, dağ sarımtıl-qonur torpaqları geniş yayılmışdır. Dağətəyi və düzənliklərdə rütubətli subtropik meşələr altında sarı və qırmızı torpaqlar, kserofit meşələr və kolluqlar altında isə qonur-qəhvəyi, qəhvəyi, karbonatlı-qəhvəyi torpaqlar geniş yayılmışdır. Meşələr çox qırılan yerdə torpaqlar qüvvətli eroziyaya uğramışdır. Çox yerdə torpaq örtüyü tamamilə yuyulmuş və qayaların səthi açılmışdır.


Heyvanları

Ümumiyyətlə, Avropa qitəsinin və o cümlədən Qərbi Avropanın müasir faunasının yaranması və ya yayılmasında qitə iqliminin böyük rolu olmuşdur. Paleogen dövründə Avropa qitəsində isti və rütubətli iqlimin hakim olması burada tropik qurşağa xas olan heyvanların yayılmasına şərait yaratmışdır. Neogenin sonu və dördüncü dövrün əvvəllərində iqlimin soyuması və buzlaqların yaranması ilə əlaqədar isti iqlim şəraitində yaşamış tropik heyvanların çoxu tələf olmuş, az qismi isə Cənubi Avropaya köçmüşdür. Avropanın çox hissəsində Asiya qitəsindən köçüb gəlmiş və soyuq iqlim şəraitində yaşamağa uyğunlaşan tundra faunası məskən salmışdır. Müasir çöl, yarımsəhra və səhra zonalarının faunasının yaranmasında buzlaşma dövründən sonra iqlimin quraqlaşması böyük rol oynamışdır.

Şərqi Avropadan fərqli olaraq, Qərbi Avropa faunasına insan fəaliyyətinin təsiri daha çox olmuşdur. Qərbi Avropa ərazisində əhalinin məskunlaşması ilə əlaqədar olaraq, bəzi heyvan növləri demək olar ki, tamamilə yox olmuşdur (onların bəzi növlərinə ancaq heyvanxanalarda rast gəlinir).

Qərbi Avropa ərazisi bütövlükdə Palearktika zoocoğrafi vilayətində yerləşmişdir. Palearktika vilayətinin heyvanlar aləminin yayılmasında torpaq və bitkidə olduğu kimi, üfüqi zonallıq qanunauyğunluğu müşahidə edilmir. Belə ki, Qərbi Avropa ərazisinin şimal və mərkəz hissələri Avropa–Sibir yarımvilayətinə, Cənubi Avropa isə Palearktika vilayətinin Aralıq dənizyanı zoocoğrafi yarımvilayətinə daxildir.

Qərbi Avropanın Avropa–Sibir zoocoğrafi yarımvilayə- tində geniş sahəni tundra, meşə-tundra, meşə-çöl və çöl zonalarına məxsus olan heyvanlar tutur. Tundra zonasının heyvanları içərisində başqa zonalara nisbətən vəhşi heyvan növləri daha çox üstünlük təşkil edir. Bu zonanın müasir faunasının yaranmasında Şərqi Avropa, Asiya və Şimali Amerikadan köçüb gələn heyvan növlərinin müəyyən rolu olmuşdur. Tundra zonasının ən əsas və çox yayılmış heyvanlarından biri şimal maralıdır. Bundan əlavə bu sahədə müxtəlif növ gəmiricilər (ağ dovşan, lemminq, dələ) və külli miqdar suda və quruda yaşayan quşlar (dəniz qağayısı, çistik, qaqara, müxtəlif qaz və ördək növləri) yayılmışdır. Şimali Avropanın geniş ərazisini tutan dəniz və okean sahilləri “quş bazarları”, suları isə qiymətli balıq növləri ilə zəngindir.

Qərbi Avropa ərazisində son zamanlar meşənin qırılması ilə əlaqədar olaraq, meşə heyvanlarının bəzisinin sayı xeyli azalmış, digər qismi isə dağ meşələrinə çəkilmişdir. Vaxtilə meşə zonası üçün səciyyəvi olan məməlilər sinfinin bir çox nümayəndələrinə hazırda qətiyyən rast gəlinmir. Meşə zonasının ən səciyyəvi heyvanları: qonur ayı, zubr, cüyür, maral, qunduz, burunduk, vəhşi donuz, meşə pişiyi, tülkü və külli miqdarda quş növləridir. Orta və Mərkəzi Avropanın dağlıq sahələri (Karpat və Alp dağları) üçün dağ keçisi səciyyəvidir.

Qərbi Avropanın çöl zonası faunanın zənginliyi cəhətdən başqa zonalardan çox fərqlənir. Çöl zonasının heyvanları insan tərəfindən çox qırılmışdır. Demək olar ki, burada vəhşi halda yaşayan məməlilərin nümayəndələrinə rast gəlinmir. Bu zonanın müasir heyvanları içərisində gəmiricilər və quşlar üstünlük təşkil edir.

Palearktika zoocoğrafi vilayətin Aralıq dənizyanı yarımvilayəti Cənubi Avropa ərazisini əhatə edir. Avropa Sibir yarımvilayətindən fərqli olaraq, Cənubi Avropanın faunası daha qədimdir. Bundan əlavə bu yarımvilayətin faunasının yaranmasında Ərəbistan və Afrikanın rolu böyükdür. Şimali və Orta Avropadan fərqli olaraq Cənubi Avropanın özünəməxsus heyvanlar aləmi vardır. Bunlara Fransanın cənubunda və Pireney yarımadasında yayılmış Avropa genettası, makaka, maqot və ya quyruqsuz makaka meymunu (Pireney yarımadasının cənubunda), dağ qoyunu – muflon (Korsika və Sardiniya adalarında), vəhşi keçi (Egey dənizi sahilləri və Balkan yarımadasının cənubunda), oxlu kirpi, ada dovşanının bir çox növləri, tülkü, çaqqal və s. daxildir.

Cənubi Avropa yarımadalarının quru və isti iqlimi ilə fərqlənən daxili yaylalarında sürünənlərin bir çox növlərinə rast gəlinir. Nəsilləri kəsilməkdə olan heyvan növlərini qoruyub saxlamaq üçün Qərbi Avropa ərazisində bir sıra qoruqlar təşkil edilmişdir. Bunlar Polşa, İsveç, Macarıstan və Çexoslovakiya ərazisində yerləşir.


Yüklə 440,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə