Avrop a ümumi icmal Qərbi Avropa Coğrafi mövqeyi, sahəsi, sərhədləri və sahil xətti



Yüklə 440,01 Kb.
səhifə5/8
tarix26.10.2017
ölçüsü440,01 Kb.
#6550
1   2   3   4   5   6   7   8

ORTA AVROPA

Orta Avropa Qərbi Avropanın çox böyük hissəsini tutur. Şimaldan Baltik dənizi, Katteqat və Skaqerrak boğazları, Şimal dənizi, qərbdə Atlantik okeanı və Biskay körfəzi ilə əhatə olunur. Cənub sərhədi Pireney dağlarının şimal ətəkləri , Venesiya-Po ovalığı və Dunay çayının orta və aşağı axarı boyunca keçir. İstər ərazinin yaranıb formalaşması tarixi və istərsə də müasir relyefi və morfostruktur ünsürlərin yayılmasına görə Orta Avropa Şimali və Cənubi Avropadan xeyli fərqlənir. Şimali Avropadan fərqli olaraq, Orta Avropanın müasir relyefində müxtəlif istiqamətdə uzanmış, əsasən orta hündürlüyə malik olan hertsin qırışıqlığının qayma və faylı dağları ilə yanaşı, dağarası çökəkliklər, geniş ovalıq və düzənlik sahələr üstünlük təşkil edir. Orta Avropanı Qərbi Avropanın digər təbii-coğrafi hissələrindən fərqləndirən cəhətlərdən biri də burada mülayim iqlimin hakim olmasıdır. Bu da onun mülayim qurşaqda yerləşməsi ilə əlaqədardır. Dəniz və okeanın iqlimə göstərdiyi təsirin onun ərazisində daha aydın hiss edilməsidir. Kompleks fiziki-coğrafi xüsusiyyətlərə əsasən Orta Avropa ərazisində aşağıdakı fiziki-coğrafi sahələr ayrılır: Britaniya adaları, Orta Avropanın şimal düzənliyi, Fransanın hertsin qırışıqlığı sahəsi, Mərkəzi Avropanın hertsin qırışıqlığı sahəsi, Alp dağları və Alpətrafı vilayətləri, Karpat dağları və Dunayboyu ovalıqlar.


BRİTANİYA ADALARI.

Britaniya adaları, Orta Avropa ərazisində qitədən təcrid edilmiş okean içərisində yerləşən adalar qrupundan ibarət yeganə fiziki-coğrafi sahədir. Arxipelaqın sahəsi 325 min kv. km olub, buraya Britaniya, İrlandiya, Hebrid, Orgney, Şetland və bir sıra kiçik adalar daxildir. Britaniya adaları təbii şəraitinə görə Skandinaviya yarımadasının qərbi ilə Orta Avropa arasında keçid təşkil edir. adaların qitədən ayrılması dördüncü dövrdən başlamışdırsa da, sahillərin tam formalaşması və müasir şəklə düşməsi buzlaşma dövründən sonra olmuşdur. İrlandiya adasının arxipelaqdan ayrılması pleystosen dövrünün axırlarında baş vermişdir. Arxipelaq 50° ilə 60°20' şimal en dairələri arasında yerləşir. Britaniya adaları Fransanın hertsin qırışıqları sahəsindən Pa-de-Kale boğazı ilə (eni 32 km), İrlandiya adasından isə İrland dənizi, Şimal və Müqəddəs Georq boğazları vasitəsi ilə ayrılır.

Şimali Atlantika qurusunun qalıqlarına ərazinin şimal-qərbində yerləşən Şimali Şotlandiya yaylası və Hebrid adaları ərazisində rast gəlinir. Bu sahələr əsasən arxey və proterozoyun kristallik və metomorfik süxurlarından əmələ gəlmişdir. Britaniya adalarının şimal-qərb (Şimali Şotlandiya) hissəsi kaledon qırışıqlığına aid edilir. Kaledon qırışıqları zonasında alt paleozoyun qranit və qneyslərdən ibarət süxurları geniş yayılmışdır. Bu ərazidə tektonik strukturların istiqaməti cənub-qərbdən şimal-şərqə doğrudur. Kaledon qırışıqlığı zonasında yerləşən Mərkəzi Şotlandiya ovalığı və Mərkəzi İrlandiya çökəkliyi karbon dövrünün qum, gil və əhəngdaşlarından ibarət çöküntülərindən və daş kömür laylarından əmələ gəlmişdir.

Kaledon qırışıqlarından fərqli olaraq, hertsin qırışıqları daha çox enlik istiqamətində uzanmışdır. Pennin dağları bu cəhətdən müstəsnalıq təşkil edir. Bu dağlar hertsin qırışıqlığı sahəsində meridian istiqamətində uzanmış vahid antiklinaldır. Hertsin qırışıqları zonasının cənubi İrlandiya, cənub-qərbi İngiltərə (Kornuel yarımadası) və Uels yarımadasında karbon və devon dövrünün, cənub-şərqi İngiltərə və London hövzəsində isə mezozoy və üçüncü dövrün əsasən üfüqi istiqamətdə yatmış çöküntüləri yayılmışdır. Cənub-şərqi İngiltərə və London hövzəsi tektonik quruluşuna görə Fransanın Paris hövzəsinə oxşayır. Britaniya adalarında müasir relyef formalarının yaranmasında neogenin sonu və antropogenin əvvəllərində baş vermiş tektonik hərəkətlərin və eləcə də dördüncü dövr buzlaşmasının böyük rolu olmuşdur. Tektonik hadisələr nəticəsində kaledon və hertsin qırışıqlarının nisbi hündürlüyü artmış, tektonik çatlar yaranmış, ərazidə qayma və faylı dağlar əmələ gəlmişdir.

Dördüncü dövr buzlaşması Britaniya adaların böyük bir sahəni örtmüşdür. Şotlandiya, İrlandiya və Uels yarımadasındakı buzlaq mərkəzlərindən cənuba hərəkət edən buzlar, ərazidə relyefin formalaşmasına təsir göstərməklə bərabər, böyük qalınlığa malik moren çöküntülərinin yayılmasına səbəb olmuşdur. Sahəsinin kiçik olmasına baxmayaraq, Britaniya adalarının relyefi və geoloji quruluşu çox mürəkkəbdir. Adaların şimal və şimal-qərb sahilləri çox parçalanmışdır. Burada bir-birindən tektonik çökmələrlə ayrılan adalar qrupu yerləşir. Şotlandiyada relyef formalarının yaranmasında tektonik çatlar əsas rol oynamışdır.

Üçüncü dövrdə baş vermiş güclü tektonik hərəkətlər ərazidə böyük yüksəkliklərin yaranması, tektonik çatlar boyunca vahid ərazinin bir neçə massivə ayrılması ilə nəticələnmişdir. Tektonik hərəkətlər nəticəsində Şotlandiya ərazisi üç müstəqil sahəyə: Şimali Şotlandiya yaylası, Mərkəzi Şotlandiya ovalığı və Cənubi Şotlandiya yüksəkliyinə ayrılmışdır. Şimali Şotlandiya yaylası cənub-qərbdən şimal-şərqə uzanan dağ massivlərindən ibarətdir. Tektonik çat boyunca yerləşən Qlen-Mor çökəkliyi yaylanı iki müstəqil dağ massivinə: Şimali Şotlandiya və Qrampian dağlarına ayırmışdır. Qrampian dağlarında yerləşən Ben-Nevis (1343 m) zirvəsi Britaniya adalarının ən yüksək nöqtəsidir. Qlen-Mor çökəkliyindən keçən Kaledon kanalı Fyort of-Lorn körfəzini şimal-şərq sahildəki Mari-Fyort körfəzi ilə birləşdirir. Şimali Şotlandiya yaylası çox da hündür olmayan peneplen sahələrdən və buzlağın ekzarasiya fəaliyyəti ilə əlaqədar relyef formalarından əmələ gəlmişdir. Yaylanın şimal-qərb sahilində yerləşən kiçik Staffa adası dəniz dalğalarının təsiri nəticəsində yaranmış mağaralarla məşhurdur (şəkil 9). Qrampian dağları ilə Cənubi Şotlandiya yüksəkliyi arasında Mərkəzi Şotlandiya ovalığı yerləşir. Devon və karbon dövrünün əhəngdaşlarından, gil və qırmızı rəngli qum daşlarından ibarət olan bu ovalıqda zəngin daş kömür yataqları vardır. Cənubi Şotlandiya yüksəkliyi dalğavari səthə malik 500-600 m hündürlükdə yayladır. Burada kar gölləri, buzlaq daşları və morenlər geniş yayılmışdır.

Pennin dağları meridian istiqamətində uzanmış monoklinal qırışıqdan ibarət yeganə massivdir. Əsasən karbon çöküntülərindən ibarətdir. Dağların yamaclarında kuest pillələri geniş yayılmışdır. Pennin dağlarının hündürlüyü 1000 m-dən azdır. Onun şimalında Krosfel (893 m), cənubunda isə Hay-pik (696 m) zirvələri vardır. Pennin dağlarına şimal-qərbdə vulakn mənşəli, gümbəzvari, buzlaq relyef formalarının (təknəvari dərələr, sirklər, göl çalaları və s.) daha çox yayıldığı Kamberlend massivi yanaşır. Massivin ən yüksək zirvəsi 987 m hündürlükdəki Skofel dağıdır.

Pennin dağlarının cənubunda Midlend təpəli düzənliyi yerləşir. Trias və yura dövrlərinin qırmızı rəngli çöküntüləri ilə örtülmüş bu düzənliyə bəzən qırmızı düzənlik də deyilir. Midlend düzənliyinə cənub-qərbdə Uels yarımadası yanaşır. Bu, əsasən kristallik və metamorfik süxurlardan ibarət və mərkəzində Kenbri dağları yüksələn (Snoudon dağı, 1085 m) kristallik massivdir. Böyük Britaniyanın cənub-qərbindəki Kornuell yarımadası 500-600 m hündürlüyü olan təpəliklərdən ibarət olub, əsasən cavan çökmə süxurlarla örtülmüşdür. Yarımadanın mərkəzi hissəsində Dartmur-Forest (621 m) və Eskmur-Forest (521 m) kristallik massivləri ucalır. Şərqində mezozoy çöküntüləri ilə örtülmüş Somersetşir düzənliyi, London hövzəsi ilə Pennin dağları arasında yura və tabaşir dövrü əhəngdaşlarından əmələ gəlmiş, alçaq təpəliklər yerləşmişdir. London hövzəsi geniş sahədə kaynozoyun dəniz çöküntülərinin toplandığı düzənlikdir. Düzənliyin cənubunda bir-birinə paralel uzanmış, dəniz səviyyəsindən 200-250 m yüksək olan Şimal və Cənub Dauns kuest tirələri vardır.

İrlandiya adası şimal, cənub, şərq və qismən də qərbdən 1000 m-ə qədər yüksəklikdə olan dağ massivləri ilə əhatələnmişdir. Mərkəz hissəsini təşkil edən Mərkəzi İrlandiya düzənliyi karbon dövrünün böyük qalınlığa malik əhəngdaşları və qismən də gillərdən ibarət çöküntüləri ilə örtülmüşdür. Düzənlikdə karstın açıq və örtülü formaları geniş yayılmışdır. Mərkəzi İrlandiya düzənliyini şimalda Doneqol massivi, şimal-şərqdə isə Antrim dağları (554 m) haşiyələyir. İrlandiyanın ən yüksək sahəsi onun cənub-qərbində yerləşən Kerri dağlarındakı Karrantuohill (1041 m) zirvəsidir. Cənub-şərq sahildə yerləşən Uiklou (926 m) və şimal-qərbdəki Meyo (723 m) və Konnemara dağları İrlandiyada buzlaq relyef formalarının geniş yayıldığı sahələrdir.

Britaniya adaları Atlantik okeanında tipik dəniz iqliminin hakim olduğu sahədir. Adaların iqlimi okeandan gələn qərb hava axınlarının təsiri altındadır. Hava axınlarının təsiri adaların qərb sahillərində daha çox hiss olunur. Şərq sahilə bəzən kontinental hava kütlələri də daxil olur. Siklonlar Britaniya adalarına Şotlandiya və Şimali İrlandiyadan keçir. Qış aylarında (oktyabr-mart) siklonlar daha çox müşahidə edilir. Britaniya adaları üçün çiskin yağışlı və sıx dumanlı havalar səciyyəvidir. Bu cür havalar daha çox qış aylarında qeyd edilir. Ümumiyyətlə Britaniya adalarında günəşli günlərin miqdarı il ərzində 40% təşkil edir. Havanın temperaturu və yağıntının miqdarı da sahillərdə müxtəlifdir. Yanvar ayının orta temperaturu cənub-qərbdə 6-7°, cənub-şərqdə 4-5°-dir. İyul ayında temperatur Şimali Şotlandiyada 12-13°, cənub-qərbdə 16-17°, London hövzəsində isə 17-20°-dir. Yayda mütləq maksimum Şimali Şotlandiyada 20°, London hövzəsində isə 30° qeyd edilmişdir. Britaniya adaları üçün temperatur amplitudunun kiçik olması da (cənubda 7-8°, şimalda 10-12°) səciyyəvidir. Yağıntının illik miqdarına görə Britaniya adaları Orta Avropada birinci yeri tutur. Adaların qərb sahillərinə orta hesabla ildə 1000-2000 mm yağıntı düşür. Şimali Şotlandiyanın bəzi hissələrində illik yağıntının miqdarı 2000 mm-dən də çoxdur. Düzənlik sahələrə və dağ ətəklərinə 750-1000 mm, şərq sahillərə və London hövzəsinə 750 mm-dən az yağıntı düşür.

Britaniya adaları olduqca sız çay şəbəkəsinə malikdir. Düzənlik sahələrdə və daha çox rütubətli dağ yamaclarında (xüsusən İrlandiyada) bataqlıq və torfluq sahələr geniş yayılmışdır. Çayları qısa, çoxsulu və bütün il müddətində gəmiçilik üçün yararlıdır. Ən böyük çayları Severn (355 km), Temza (322 km) və Şannondur (384 km). Kiçik çay olmasına baxmayaraq, qabarma hadisəsi zamanı böyük okean gəmiləri Temza çayı vasitəsi ilə London limanına qədər gəlirlər. Gölləri əsasən buzlaq mənşəli olub, kiçikdir. Bu cür göllər Şimali Şotlandiya, Kamberlend massivində və Uels yarımadasında daha çox yayılmışdır. İrlandiya adasında karst gölləri də vardır. Burada ən böyük göl olan Lox-Neyin sahəsi 400 kv. km-dir.

Adaların torpaq örtüyü podzol və qonur torpaqlardan və onların arasında keçid təşkil edən yarımtiplərdən ibarətdir. Podzol torpaqlar əsasən şimalda, qonur torpaqlar isə cənub sahələrdə yayılmışdır. Şotlandiya dağlarının yüksək zirvələrində tundra tipli torpaq və bitki örtüyü əsas yer tutur. Rütubətin həddən çox olması və qüvvətli küləklər Britaniya adalarında meşə bitkilərinin yayılmasına imkan vermir. Britaniya adaları sahəsinin 5-6%-i, İrlandiyada isə 2%-i meşələrlə örtülüdür. Meşələrində enliyarpaqlı ağac növlərindən palıd, fısdıq və göyrüş əsas yer tutur. Ərazinin 300-400 m hündürlüyündəki sahəsində enliyarpaqlı meşələr, 500-600 m hündürlükdə isə iynəyarpaqlı (toz və şam ağacları) meşələr yayılmışdır. Landşaft qurşaqları içərisində yaşıl çəmənliklərin tutduğu sahəyə görə, Orta Avropanın fiziki-coğrafi sahələri içərisində Britaniya adaları xüsusilə seçilir. Burada sahənin 70%-dən çoxunu çəmənliklər, daima yaşıl kolluqlar təşkil edir. Britaniya adaları bir-birindən fərqlənən bir sıra fiziki-coğrafi vilayətlərə ayrılır. Bunlara: 1) İrlandiya adası; 2) Şimali Şotlandiya yaylası; 3) Pennin dağları; 4) Uels və Kornuell yarımadaları; 5) Cənub-şərqi İngiltərə və 6) London hövzəsi daxildir.


ORTA AVROPANIN ŞİMAL DÜZƏNLİYİ.

Orta Avropanın şimalında Reyn çayının aşağı axarından başlayaraq, şərqdə SSRİ sərhədinə qədər uzanır. Uzunluğu 1200 km, eni qərbdə 200 km, şərqdə isə təxminən 400-500 km-ə qədərdir. Hollandiya, Almaniya və Polşanın şimal düzənlik hissələri, Yutlandiya yarımadası, Şimal və Baltik dənizlərinin sahillərində yerləşən bir çox xırda adalar buraya daxildir. Alçaq və xırda təpəliklərdən ibarət düzənlikdir. Böyük bir hissəsini Almaniya və Polşanın şimalındakı ovalıqlar təşkil etdiyi üçün, bu düzənliyə bəzən qısaca olaraq, Almaniya-Polşa ovalığı da deyilir. Düzənlik Fennoskandiya ilə Avropanın hertsin qırışıqları arasında yerləşən tektonik əyilmə sahəsini əhatə edir. Paleozoy erasının perm dövründən başlayaraq ərazi əyilməyə və dəniz transqressiyalarına məruz qalır və burada paleozoyun, mezozoyun, üçüncü dövrün çöküntüləri toplanır. Reqressiyalar zamanı kontinental çöküntülər yığılır. Düzənlikdə perm, tabaşir və üçüncü dövrün dəniz çöküntülərini dördüncü dövrün 100-200 m qalınlığındakı buzlaq çöküntüləri örtür. Yutlandiya yarımadasının şərq sahillərində mezozoy və üçüncü dövrün qum və əhəngdaşılarından ibarət çöküntülər birbaşa səthə çıxmışdır. Orta Avropanın Şimal düzənliyində şaquli hərəkətlər demək olar ki, dördüncü dövrdə də davam etmişdir. Pliosendə və pleystosenin axırında Şimal dənizinin hazırkı ərazisinin çox hissəsi quru olmuşdur. Həmin quru ilə Reyn çayı şimala axaraq öz sularını indiki sahələrdən daha uzaqlarda dənizə tökürdü. Hazırda Reyn çayının qədim dərəsinin izləri dəniz suyu altında aydın görünür. Baltik və Şimal dənizlərinin sahəsi dördüncü dövrdə baş vermiş transqressiya və reqressiya hadisələrinin hesabına bir neçə dəfə böyüyüb kiçilmişdir. Axırıncı dəfə Almaniya-Polşa düzənliyində transqressiya hadisəsi neogen dövründə baş vermiş və bundan sonra onun inkişafında kontinental rejim hakim olmuşdur.

Orta Avropanın Şimal düzənliyində müasir relyefin yaranmasında dördüncü dövr buzlaşmasının böyük rolu olmuşdur. Düzənliyin relyefində riss və axırıncı vürm buzlaşmasının izləri aydın görünür. Riss buzlaşması ərazidə geniş sahəni əhatə etmişdir. Lakin vürm buzlaşmasının yaratdığı relyef formaları ərazidə daha yaxşı qalmışdır. Morfostruktur xüsusiyyətinə görə Almaniya-Polşa ovalığı iki: qərb və şərq hissəyə bölünür. Bunların arasındakı sərhəd Elba (Laba) çayı dərəsindən aparılır. Ovalığın qərb hissəsinin mütləq hündürlüyü 50-100 m-dən çox olmayıb, hazırda bu sahədə tədrici enmə hadisəsi müşahidə edilir. Bunu həmin ərazinin sahil formaları sübut edir. Düzənliyin qərb sahilləri çox parçalanmışdır. Burada Zeyder-Ze və Dollart körfəzləri və Qərbi, Şərqi və Şimali Friz adaları yerləşir. Bu sahədə sahilin çox hissəsi qabarma zamanı dəniz suları altında qalır. Adalarla sahil arasında yerləşən və vaxtaşırı qabarma suları ilə örtülən sahəyə vattlar sahili deyilir. Qitənin daxili hissələrinə doğru, vattlardan ayrılan ikinci sahil zolağı dəniz səviyyəsindən alçaqda yerləşir və xırda qum tirələrindən – dünlərdən ibarətdir. Sahil zolağının bu hissəsini Almaniyada marşlar, Hollandiyada isə polderlər adlandırırlar. Marş sahil zolağından cənubda, riss buzlağının toplayıcı fəaliyyəti ilə əlaqədar olan və səthi qumlarla örtülü zandr düzənlikləri yerləşmişdir. Düzənliyin hertsin qırışıqlarına yaxın olan cənub hissəsində zandr düzənliyini lyoss çöküntüləri ilə örtülmüş sahələr əvəz edir. Şərqə doğru lyoss çöküntüləri ilə örtülmüş (bura Almaniya-Polşa ovalığında ən məhsuldar torpaqlar yayılan sahə hesab edilir) sahə tədricən genişlənir və onun eni Polşanın cənubundakı Sileziya çökəkliyi və Lüblin yüksəkliyində 70 km-ə çatır.

Almaniya-Polşa ovalığının şərq hissəsində və Baltik dənizi sahillərində vürm buzlağının bir-birinə paralel uzanmış moren tirələri yerləşir. Bu tirələr Yutlandiya yarımadasında meridian istiqamətində, Almaniya və Polşa ovalığında enlik istiqamətində uzanmışdır. Mütləq hündürlüyü 150-200 m arasında dəyişilən Baltik moren tirələrinin ən yüksək hissəsi Qdansk yaxınlığında 337 m-dir. Bir neçə sıradan ibarət olan moren tirələrini geniş sahəni tutan göl çalaları ayırır. Bunlara Almaniya ərazisində Meklenburq, Polşada isə Pomorje və Mazur göllük sahələri deyilir.

Düzənliyin moren tirələrindən cənubda qalan hissəsində buzlağın geri çəkilməsi dövründə qumlarla doldurulmuş geniş qədim dərələr yerləşir. Bunlar enlik istiqamətdə uzanırlar. Çaylar bəzən müəyyən sahələrdə bu dərələrlə axır.

Almaniya-Polşa ovalığında iqlimin qərbdən şərqə və şimaldan cənuba dəyişilməsi müşahidə edilir. Ovalığın qərb hissəsi qışda Atlantik okeanından hərəkət edən mülayim və rütubətli küləklərin təsiri altında qalır. Ona görə də bu ərazidə qış mülayim və rütubətli keçir. Yanvar ayının temperaturu +1° ilə -1° arasında dəyişilir. İllik yağıntıların miqdarı 700-800 mm olub, yağış halında düşür. Bəzən bu sahəyə şimaldan kontinental Arktika hava kütlələri daxil olur. Bu zaman havanın soyuması və qar yağma halları müşahidə edilir. Bu xüsusiyyət daha çox Yutlandiya yarımadası üçün səciyyəvidir. Ovalığın şərq hissəsi adətən kontinental hava kütlələrinin təsiri altında qalır. Atlantik okeanının rütubətli hava kütlələri şərqə doğru hərəkət etdikcə, tədricən transformasiyaya uğradıqdan soyuyur və yağıntısı azalır. Polşada yanvarın orta temperaturu dəniz səviyyəsində -2-4°, illik yağıntıların miqdarı 500 mm, qar örtüyünün davamiyyəti 2-3 aydır. Ovalığın qərbində yağıntılar il ərzində bərabər paylandığı halda, şərqdə ən çox yaz və yayın əvvəllərində düşür. İyul ayının orta temperaturu ovalığın qərbində 17-18° olduğu halda, şərqdə 20-21°-dir. Şərq hissədə yay adətən isti və quru keçir.

Qərbi Avropanın hertsin qırışıqları sahəsində və Karpat dağlarından başlayan bir çox çaylar orta və aşağı axarlarında Almaniya-Polşa ovalığını yarıb keçir. Bunlara Reyn, Vezer, Elba (Laba), Oder (Odra), Visla və bir neçə kiçik çaylar daxildir. Onlar kanallar vasitəsi ilə bir-biri ilə birləşdirilmişdir. Ən mühüm gəmiçilik kanalları Visla və Oder çayları arasında Bıdqoş, Şimal və Baltik dənizlərini birləşdirən Kil kanalıdır. Ovalığın şimalında bir neçə böyük göl vardır. Bunların ən böyüyü Myuris (sahəsi 115 kv. km) gölüdür.

Almaniya-Polşa ovalığında podzol və qonur meşə torpaqları yayılmışdır. Ovalığın cənubunda lyoss çöküntüləri üzərində inkişaf etmiş, xüsusiyyətinə görə qara torpaqlara oxşayan məhsuldar tünd torpaqlara rast gəlinir. Ərazinin bəzi hissəsi torf sahələri və bataqlıqla örtülmüşdür. Şimal düzənliyinin təbii bitki örtüyünü insanlar çox dəyişdirmişdir. Bu ərazidə enliyarpaqlı və qarışıq meşələr üstünlük təşkil edir. Ovalığın qərbində meşələr demək olar ki, qırılıb təmizlənmişdir. Rütubətli dəniz iqliminin hakim olduğu sahədə, şirəli ot bitkilərinin üstün olduğu çəmənliklər, qərb sahilin podzol və bataqlıq torpaqları ilə örtülmüş hissəsində isə süpürgə kolluqları və kiçik sahəni tutan şam meşələri yayılmışdır. Şərqə doğru landşaft sahələri içərisində meşənin tutduğu sahə genişlənir. Almaniya və Polşanın göllük sahələrində meşələr daha çox yayılmışdır. Küknar, şam, cökə və ağcaqayın ağaclarından ibarət sıx meşələr Polşa ərazisində çox yer tutur.

Vəhşi heyvan növlərinə demək olar ki, hazırda ovalıqda rast gəlmək mümkün deyildir. Bunlar ancaq dövlət qoruqlarında mühafizə edilir. Əsasən çöl və meşə heyvanları çox yayılmışdır. Burada ən mühüm heyvan və bitki növlərini qoruyub saxlayan Belovejsk meşəsi – qoruğu vardır.

Almaniya-Polşa ovalığının morfostruktur və iqlim xüsusiyyətini nəzərə alaraq, onu bir neçə fiziki-coğrafi vilayətə ayırmaq olar. Bunlara: 1) Almaniya-Polşa ovalığının qərb vilayəti; 2) əsasən baltik dənizi sahillərinin və Polşa ərazisini əhatə edən şərq bilayəti və 3) Yutlandiya yarımadası və sahil adalarını birləşdirən şimal vilayəti daxildir.


FRANSANIN HERTSİN QIRIŞIQLIĞI SAHƏSİ

(HERTSİN FRANSASI).

Hertsin Fransası, Orta Avropanın hertsin qırışıqlığının geniş qərb hissəsini tutur. Şimalda Almaniya-Polşa ovalığı, Pa-de-Kale və La-Manş boğazları, qərbdə Biskay körfəzi , cənubda Pireney dağlarının şimal ətəkləri və Aralıq dənizi ilə əhatə olunur. Hertsin Fransası şərqdə Rona çayı dərəsi ilə Alp dağlarından, Lotaringiya yaylası vasitəsi ilə Mərkəzi Avropanın hertsin qırışıqları sahəsindən ayrılır. Morfostruktur xüsusiyyətinə görə alçaq və müəyyən yüksəkliyə qalxmış düzənliklərdən, ovalıqlardan, alçaq təpəliklərdən və orta hündürlüyə malik dağ massivlərindən ibarətdir.

Armorikan yüksəkliyində və Mərkəzi Fransa massivində qədim kristallik süxurlara rast gəlmək olar. Qeyd etmək lazımdır ki, paleozoy erasının sonundan başlayaraq, bu ərazi dəniz transqressiyasına məruz qalmadığı üçün, relyef formalarının yaranmasında kontinental rejim hakim olmuşdur. Bu isə öz növbəsində ərazinin geniş hissəsində peneplen sahələrinin yayılması ilə nəticələnmişdir. Yura dövründən başlamış tektonik hərəkətlər burada bir sıra antekliz və sinekliz sahələri yaratmışdır. Sonradan sinekliz sahələr (çökəkliklər) çöküntülərlə dolaraq müasir düzənlikləri, kristallik süxurlardan əmələ gəlmiş antekliz sahələr isə hazırkı yüksəklik və dağ massivlərini əmələ gətirmişdir. Qonşu rayonlarda üçüncü dövrün ikinci yarısında baş vermiş (alp qırışıqlarının yaranmasl ilə əlaqədar olan) tektonik hərəkətlər hertsin Fransasını da əhatə etmişdir. Bu növ tektonik hərəkətlərə Alp və Pireney dağlarına yaxın olan Mərkəzi Fransa massivi daha çox məruz qalmışdır. Armorikan massivində tektonik hərəkətlərin gücü nisbətən zəif olmuşdur. Güclü vulkan püskürmələri ilə müşayiət olunmuş tektonik hərəkətlər, Mərkəzi Fransa massivinin nisbi hündürlüyünün artması, qədim peneplen sahələrin tektonik çatlar vasitəsi ilə müstəqil yaylalara parçalanması və eroziya hadisəsinin qüvvətlənməsi ilə nəticələnmişdir. Günbəzvari forması olan Mərkəzi Fransa massivinin orta hündürlüyü 750 m-dir. Vulkanlarla əlaqədar olan relyef formaları daha çox onun mərkəzi hissəsini təşkil edən Overni yaylasındadır. Sönmüş vulkandan ibarət olan Pyui-de-Sansi dağı (hündürlüyü 1886 m) hertsin Fransasında ən yüksək zirvə sayılır. Mon-Dor və Kantal dağlarında yerləşən Pyui-de-Dom (1465 m) və Plon-dü-Kantal (1858 m) zirvələri və sönmüş vulkan konuslarıdır (şəkil 10). Mərkəzi Fransa massivinin cənub və cənub-qərbində Kos yaylası yerləşir. Burada kristallik süxurların üzərini örtmüş yura dövrünün əhəngdaşlarında karst relyef formaları geniş yayılmışdır.

Asimmetrik quruluşa malik və Mərkəzi massivi cənub və cənub-şərqdən haşiyələyən Sevenn yaylası Mezenk dağında 1754 m-ə qədər yüksəlir. Yaylanın şərq yamacı çox dik və pilləlidir. O, bir neçə yerdə dərin və ensiz çay dərələri ilə kəsilmişdir. Overni yaylasının şimalında orta hündürlüyü 500-600 m-ə çatan Bojole və Morvan yaylaları, Sona və Sena çayları arasında isə Lanqr yaylası yerləşir. Kristallik süxurlardan əmələ gəlmiş Limuzen yaylası (400-500 m) Mərkəzi massivi kənardan haşiyələyən digər yaylalardan zəif qalxması ilə fərqlənir.

Armorikan massivi Bretan və Kotanten yarımadalarını və ona qonşu olan sahələri əhatə edir. Bu ərazidə arxey və proterozoyun kristallik süxurları səthə çıxır. Üçüncü dövrdə baş vermiş tektonik hərəkətlər Armorikan massivində çox zəif olduğundan bura alçaq təpələr və tirələrdən ibarətdir. Massivin ən yüksək nöqtəsi Normand yüksəkliyindəki Eküv (417 m) dağıdır. Bretan yarımadasındakı Arre (391 m) və Luara çayından cənubda yerləşən Qatin (285 m) yüksəklikləri Armorikan massivində kristallik süxurların səthdən az dərinlikdə yatdığı sahələrdir. Armorikan massivi ilə Mərkəzi Fransa massivi arasında Şimali Fransa ovalığı, Luara və Vandeya düzənlikləri yerləşir. Vandeya və Luara düzənliklərində geniş yayılmış, 100-150 m hündürlükdə olan xırda təpəlikləri, Şimali Fransa ovalığının şərq hissəsində kembri, silur və devon dövrlərinin kontinental çöküntülərindən əmələ gəlmiş kuest tirələri əvəz edir. Paris hövzəsi qədim sinekliz sahəsi olub, mərkəz hissədə hündürlüyü 100 m, ətraf sahələrdə isə 400-500 m-dir. Ovalığı şimal-şərqdən İl-de-Frans, Şampan və Arqoni kuest tirələri haşiyələyir. Bu sahə üçün karst relyef formaları səciyyəvidir.

Haronna ovalığı və ya Akvitaniya hövzəsi hertsin Fransasının cənub-qərbində, Biskay körfəzinin sahilindədir. Burada hertsin qırışıqlarının üzərini Pireney dağlarından gətirilmiş paleogen və dördüncü dövrün kontinental çöküntüləri örtür. Bunu Pireney dağlarının şimal ətəklərindəki gətirmə konuslarından əmələ gəlmiş Armanyak və Lanmezan yaylaları timsalında görmək olar.

Akvitaniya hövzəsi cənubdan şimala doğru tədricən alçalan təpəli düzənlikdir. Ovalığın Biskay körfəzinə yaxın olan Haronna və Adur çayları arasındakı sahəsində hündürlüyü 90 m-dən çox olmayan qum dünləri yerləşmişdir. Landlar adı ilə məşhur olan bu sahədə qum dünləri sahilə paralel uzandığından səth sularının bilavasitə dənizə axması çətinləşir və bataqlıq sahələrin geniş yayılmasına şərait yaradır.

Hertsin Fransası ərazisində Atlantik okeanının təsiri altında olan mülayim-isti, bir qədər yumşaq iqlim hakimdir. Qərbdən şərqə okeanın təsiri tədricən zəifləyir və iqlimdə kontinentallıq əlamətləri artır. Fransa ərazisində siklonların təsiri o qədər də aydın hiss olunmur. Yanvar ayının orta temperaturu dəniz səviyyəsində şimal-qərbdə 6-7°, Paris enliyində 2-3°, şərqdə 0° və -1°-dir. Mərkəzi Fransa massivinin cənub-şərq Aralıq dənizi sahilinin qışı daha yumşaq və rütubətli keçir. Qış aylarında Fransa massivindən Rona çayı dərəsi ilə cənuba doğru soyuq mistral küləkləri daxil olduqda, temperaturun aşağı düşməsi və qısa müddətli şaxtalı havaların hakim olması bu sahil üçün səciyyəvidir.

Düzənlik sahələrdən fərqli olaraq, dağlarda və yaylalarda yanvar ayının orta temperaturu 0°-dən aşağı olur. Mərkəzi Fransa massivində yanvarda havanın temperaturu -5°, ətraf yaylalarda -3-4°-dir. Yay ayları şimalda mülayim, cənubda isti keçir. İyul ayının orta temperaturu şimalda 16-17°, cənubda isə 21-22°-dir. Mərkəzi massivdə iyulun orta temperaturu 11°-dir. Ərazidə yağıntıların paylanması da müxtəlifdir. Dağ massivləri və yaylaların qərb yamaclarına il ərzində 1500-2000 mm, Bretan, Kotanten yarımadaları və Akvitaniya hövzəsində 800-1000 mm, Paris hövzəsinə 700 mm, şərq sahələrə isə 500-600 mm yağıntı düşür.

Hertsin Fransası yaxşı inkişaf etmiş çay şəbəkəsinə malikdir. Çayları əsasən yağış, qismən də qar sularından qidalanır. İl ərzində səviyyə dəyişkənliyi o qədər də böyük deyildir. Ən mühüm çayları Sena (780 km), Luara (1010 km), Rona və Haronnadır. Kanallar vasitəsi ilə bir-birilə birləşdirilmiş bu çayların böyük nəqliyyat əhəmiyyəti vardır.

Fransanın Aralıq dənizi sahillərində qırmızı torpaqlar, qalan sahələrdə isə qonur meşə torpaqları yayılmışdır. Bir qədər rütubətli və sərin havası olan şimal-qərb sahillərdə zəif podzol torpaqlara rast gəlinir. Ümumiyyətlə Fransanın torpaqları məhsuldan olduğundan mədəni, texniki və daha çox meşə bitkilərinin inkişafı üçün əlverişlidir. Enliyarpaqlı və qarışıq meşələr zonasında yerləşən bu ərazi keçmişdə “hertsin meşələri” adı ilə məşhur olan sıx və keçilməz meşələrlə örtülmüşdür. Sonradan insan fəaliyyəti ilə çox yerdə meşələr qırılmış və hazırda ərazinin ancaq 19%-ni örtür. Ən böyük meşə sahələri Paris hövzəsinin şərqində, Mərkəzi Fransa massivində və Haronna ovalığındadır. Enliyarpaqlı meşələr içərisində geniş yeri palıq, fısdıq, vələs, şabalıq (cənubda və cənub-qərbdə) və s. ağaclar tutur.

Akvitaniya hövzəsinin enliyarpaqlı meşələrində Aralıq dənizi formasiyasından olan ağac növləri – Fransa ağcaqayını, mantar və daş palıdı, şümşad və s. daha çox yayılmışdır. Landlarda şam meşələri üstünlük təşkil edir. Mərkəzi Fransa massivinin şimal və şimal-qərbində palıq, fısdıq, vələs, cənub və cənub-qərbində isə palıq ağacının müxtəlif növlərinin üstünlük təşkil etdiyi meşələrdə rast gəlinir. Bu massivin meşələri üçün Skandinaviya mənşəli cırtdan tozağacı və Laplandiya söyüdü də səciyyəvidir. Mərkəzi Fransa massivində meşələr 1600 m-ə qədər hündürlükdə yayılmışdır. Aralıq dənizi sahili meşələrində həmişəyaşıl kolluqlarla yanaşı, daş palıdın müxtəlif növləri geniş yer tutur. Armorikan massivi və Atlantik okeanı sahilləri seyrək meşələr və geniş sahəni tutan süpürgəliklərin yayılması ilə səciyyələnir. Meşələr içərisində vələs, şabalıd, yay və qış palıdı ağacları üstündür. Fransa ərazisində vaxtilə geniş yayılmış meşə heyvanlarına hazırda ancaq park və qoruqlarda rast gəlmək olur. Meşələrin qırılması və seyrəkləşməsi ilə əlaqədar olaraq, hazırda çöl faunasının müəyyən nümayəndələri, xüsusilə gəmirici və bir çox quş növləri geniş yayılmışdır.

Fransanın hertsin qırışıqları sahəsini morfostruktur xüsusiyyəti və iqliminə görə müəyyən dərəcədə fərqlənən bir neçə vilayətə ayırmaq olar. Bunlara: 1) Bretan və Kotanten yarımadaları ilə birlikdə, Armorikan massivi; 2) Şimali Fransa ovalığı və ya Paris hövzəsi; 3) Mərkəzi Fransa massivi; 4) Haronna ovalığı ilə Landları əhatə edən Akvitaniya hövzəsi; 5) Rona çayının aşağı axarı və Mərkəzi Fransa massivinin cənub-qərbini əhatə edən Langedok vilayətləri daxildir.


Yüklə 440,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə