Avrop a ümumi icmal Qərbi Avropa Coğrafi mövqeyi, sahəsi, sərhədləri və sahil xətti



Yüklə 440,01 Kb.
səhifə8/8
tarix26.10.2017
ölçüsü440,01 Kb.
#6550
1   2   3   4   5   6   7   8

APENNİN YARIMADASI

Apennin yarımadasının sahəsi 149.000 km2-dir. Qərbi Avropanın Aralıq dənizyanı əraziləri içərisində mərkəzi mövqe tutması ilə nəzəri cəlb edir. Adriatik, İonik, Tirren və Liquriya dənizləri ilə əhatə olunmuşdur. Sahillər yaxınlığında Korsika, Sardiniya, Siciliya, Elba və Lipar adaları vardır. Şimalda Venetsiya-Po ovalığı vasitəsi ilə materiklə bitişir və Orta Avropadan Alp dağları ilə ayrılır. Apennin yarımadası şimal-qərbdən cənub-şərqə doğru ensiz şəkildə uzandığına görə, buranın iqlimində qonşu vilayətlərdə olduğu kimi, qərbdən şərqə dəyişkənlik hiss olunmur. Şimaldan cənuba 10°-dən çox uzanması, iqlimin daha çox enlik istiqamətində dəyişməsinə şərait yaradır. Qonşu yarımadalardan fərqli olaraq, Apennin yarımadasında Orta Avropanın mülayim kontinental hava kütlələrinin təsiri müşahidə edilmir. Yarımadanı şimaldan haşiyələyən hündür Alp dağları onu həmin hava kütlələrinin təsirindən qoruyur.

Apennin yarımadası relyefində Alp orogenezinə aid edilən qırışıq dağlar üstün yer tutur. Dəniz sahillərində kiçik akkumulyativ düzənliklər yayılmışdır. Qədim kaledon və hertsin qırışıqlığına aid edilən və kristallik süxurlardan ibarət olan sahələr Apennin yarımadasında qonşu fiziki-coğrafi vilayətlərə nisbətən az olub, ancaq Kalabriya və Toskan Apenninlərindədir. Yarımadanın səthini təşkil edən əsas dağ silsilələri mezozoy erasının və üçüncü dövrün əhəngdaşları, gilli şistlər, mərmər, mergel, qumdaşı və fliş çöküntülərindən yaranmışdır. Kembriyəqədərki dövrün və paleozoy erasının qədim kristallik və metamorfik süxurları və eləcə də kaledon və hertsin qırışıqlığına aid edilən sahələrə qədim Tirrenida qurusunun qalıqları olan Kalabriya, Korsika, Sardiniya və Siciliyada rast gəlinir.

Hələ üçüncü dövrün ikinci yarısına qədər Apennin yarımadası indiki Tirren dənizinin yerində mövcud olmuş, Tirrenida qurusu vasitəsi ilə Afrika, Korsika, Sardiniya və Siciliya ilə bitişik olmuşdur. Neogenin əvvəllərində başlamış tektonik hərəkətlər, Tirrenida qurusunun çökməsi və yarımadanın geniş hissəsində alp qırışıqlığının baş verməsi ilə nəticələnmişdir. Tirren dənizinin yaranması ilə yarımadanın Afrika ilə əlaqəsi kəsilmiş və o, Korsika, Sardiniya və Siciliya adalarından ayrılmışdır. Neogendə başlamış tektonik hərəkətlərlə yanaşı vulkan püskürmələri olmuşdur. İstər qədim və istərsə də müasir vulkanlar yarımadanın qədim Tirren qurusunun qonşuluğunda yerləşmiş qərb sahil boyunda daha çox yayılmışdır. Bu sahələr üçün tez-tez güclü zəlzələlərin qeydə alınması da səciyyəvidir.

Apennin yarımadası dəmir filizi, alüminium, polimetal filiz yataqları, mərmər və civə kimi faydalı qazıntılarla zəngindir. Apennin dağları demək olar ki, yarımadanı tamamilə tutur. Relyef formalarına, tektonik və litoloji quruluşuna görə Apennin dağları üç hissəyə ayrılır. Paleogen və Neogenin qumdaşı, gil və konqlomerat çöküntülərindən əmələ gəlmiş Şimali Apenninlər Genuya körfəzinin sahillərindən Arno çayının yuxarı axarlarına qədər, əvvəlcə cənub-qərb, şimal-şərq, Genuya şəhərindən şərqə isə şimal-qərb – cənub-şərq istiqamətində uzanmışdır. Şimal-qərbdə yerləşən Liquriya Apenninləri Sahil Alplarının şərqə davamı hesab edilir. Tektonik cəhətdən bir-birinə çox oxşar olan bu iki dağ sıraları arasında kəskin sərhəd yoxdur. Şimali Apenninlərin ən yüksək nöqtəsi Toskan Apenninlərində Çimone dağıdır (2163 m). Arno çayı ilə Volturno çayı arasında yerləşən Mərkəzi Apenninlər yarımadanın ən yüksək dağları hesab olunur. Əsasən mezozoy erasının əhəngdaşlarından ibarət olan bu dağ massivində karst hadisəsi və dördüncü dövr buzlaşması ilə əlaqədar relyef formaları geniş yayılmışdır. Umbro-Mark, Abrutsı və Sobin silsilələrindən ibarət olan bu massivin ən yüksək zirvəsi Korno dağıdır.

Nisbətən alçaq olması ilə Mərkəzi Apeninlərdən seçilən Cənubi Apeninlər Krat çayı dərəsinə qədər uzanan Neapolitan və Lukan Apenninlərindən ibarətdir. Fliş çöküntülərindən əmələ gəlmişdir. Qranit, qneys və kristallik şistlərdən ibarət olan Kalabriya Apenninləri qırışıq qayma dağlardır. Bunlar qədim Tirrenida qurusunun qalığı hesab olunur. Neogendə yenidən tektonik hərəkətlərə məruz qaldığı üçün ərazidə daha çox qayma və faylı dağlar əmələ gəlmişdir. Apennin yarımadasının qərb – Tirren dənizinin sahillərində ensiz zolaq şəklində allüvial düzənliklər və vulkan yaylalarından ibarət olan sahələr yerləşir. Son vaxtlarda suyun altından çıxmış və bataqlıq sahələrin geniş yayıldığı allüvial düzənliklərə Toskan və Roma maremmaları aid edilir. Roma şəhərindən şimala getdikcə vulkan lavalarından ibarət olan yaylaların tutduğu sahə genişlənir. Yarımadanın ən böyük gölləri olan Balsena, Braççano və Viko sönmüş vulkan kraterlərinin su ilə dolmuş hissələridir. Neapol şəhərindən cənubda, fəaliyyətdə olan müasir vulkanların geniş yayıldığı sahə yerləşir. Yeni eranın əvvəllərində Vezuvinin püskürməsi nəticəsində vulkan külü altında qalmış Pompey, Herkulanum və Stabiya şəhərlərinin xarabalıqları muzey kimi qorunub saxlanılır. Adriatik dənizinin sahillərində, qərb sahillərdən fərqli olaraq əhəngdaşı, tabaşir və dolomitlərdən əmələ gəlmiş təpəli düzənliklər geniş sahəni tutur. Qarqano və Salentina yarımadalarında yerləşən Qarqano (1056 m) və Apuliya (686 m) yaylaları təpəli düzənliyin dəniz səviyyəsindən ən hündürə qalxmış sahələridir.

Kalabriya Apenninlərinin davamı Siciliya adasında Peloritan dağları, Nebrodi və Le-Madoniye silsilələrinə keçir. Əsasən enlik istiqamətində uzanmış və əhəngdaşlarından ibarət, bu dağ massivləri Avropanın ən fəal seysmik sahəsi sayılır. Fəaliyyətdə olan Etna vulkanı Apennin yarımadası vilayətində ən hündür (3263 m) dağdır. Korsika və Sardiniya adalarının qırışıq-qayma dağları qədim qranit və kristallik şistlərdən əmələ gəlmişdir. Sardiniya adasının qərb hissəsində kaynozoy erasının vulkan püskürmələri ilə əlaqədar olan tuf və lavalardan ibarət yaylalara da rast gəlmək olar.

Apennin yarımadasının iqlimi Aralıq dənizi iqlimidir; nisbi rütubətin daima yüksək olması ilə fərqlənir. Yarımadanın ərazisində, yüksək dağlıq sahələrdə iqlimin şaquli zonallığı müşahidə edilir. Atlantik okeanından hərəkət edən mülayim və rütubətli hava kütlələri daha çox qərb sahillərə təsir göstərdiyindən, yağıntının qərbdən şərqə az da olsa azalması müşahidə edilir. Bəzən Adriatik dənizi sahilləri Balkan yarımadasından hərəkət edən kontinental hava kütlələrinin təsiri altında qalır. Afrikanın səhraları üzərində yaranmış kontinental tropik havaların təsiri isə daha çox Siciliya adasında hiss olunur.

Liquriya dənizinin sahilləri Apennin yarımadasında siklonların daha çox təsir göstərdiyi sahədir. Burada qış ayları rütubətli və mülayim keçir. Yanvar ayının temperaturu İtaliya Rivyerasında +8°, Toskan sahillərində və Romada isə +5 +6°-dir. Siciliya, Avropa qitəsində qışı ən isti keçən yer hesab olunur. Burada qış aylarında havanın orta temperaturu +11 +12°-dən aşağı düşmür. Adriatik dənizi sahilləri və Salentina yarımadasında qış mülayim keçir. Yanvar ayının temperaturu bu ərazidə +5 +7° arasında dəyişilir. 0° - izotermi dağlıq ərazidə şimalda 500 m, cənubda isə 1000 m hündürlükdən keçir. Yay ayları isti, quru, buludsuz və günəşli keçir. İyul ayının temperaturu ərazidə 24-25°, Siciliyada 28°-dir. Dağlarda 700-800 m hündürlüyündə yayda havanın temperaturu 20°-dən yuxarı qalxmır. Bəzən müsbət maksimum Siciliyada 40°-dən çox olur.

Ümumiyyətlə Apennin yarımadasına yağıntı çox düşür. Liquriya Apenninləri ən çox yağıntı alması ilə səciyyələnir. Burada yağıntının orta illik miqdarı 2000-3000 mm-dir. Tirren dənizi sahilləri, Korsika və Sardiniya adalarına 1000 mm, Siciliya adasına 600 mm, Adriatik dənizi sahillərinə və Salentina yarımadasına 400-500 mm yağıntı düşür.

Şimaldan cənuba doğru yağıntıların paylanmasında fəsillik xüsusiyyəti hiss olunur. Liquriya dənizi sahillərində, Toskan Apenninləri sahəsində ən çox yağıntılar payız və yazda, İtaliyanın cənubunda, Siciliya, Sardiniya adalarına isə qışda düşür. Ümumiyyətlə yarımada üçün yayın quru keçməsi səciyyəvidir.

Apennin yarımadasının çayları kiçik və azsuludur. Ən böyük çayı olan Tibrin uzunluğu 400 km-dir. Yay aylarında bir çox kiçik çaylar müvəqqəti olaraq quruyur. Ən böyük gölləri Trazimen, Bolseno, Vika və Braççanodur.

Bitki örtüyü Aralıq dənizi tipli olub, şaquli zonallıq yaxşı inkişaf etmişdir. Apennin yarımadasında Rivyera sahili həmişəyaşıl ağac və kolluqların, sitrus və bəzək bitkilərinin ən geniş yayıldığı sahə hesab olunur. Ümumiyyətlə, yarımadada meşə örtüyü çox qırılmış və sahəsi xeyli azalmışdır. Hazırda İtaliya sahəsinin 19%-i, Siciliyanın 4%-i, Sardiniyanın isə 5%-i meşələrlə örtülüdür. Dağətəyi zonalarda meşə örtüyünü təşkil edən ağaclar içərisində geniş yeri daş və probka palıdı, sahil şamı, Makedoniya palıdı, palma ağacları və makvis kolluqları tutur. Makvis kolluqları daha çox Sardiniya və Korsikada yayılmışdır. Siciliya adası sitrus bitkilərindən portağal və xüsusən limon növlərinin yayılması ilə məşhurdur. Mədəni bitkilər içərisində zeytun və üzüm plantasiyaları da geniş yer tutur. Dağlıq ərazidə həmişəyaşıl meşələr şimalda 500-600 m, cənubda isə 800-1000 m-ə qədər hündürlüklərdə yayılmışdır. Daha yuxarı sahələrdə onları şabalıd və fıstıq meşələri əvəz edir. Qarışıq meşələr zonası şimalda 1200 m, cənubda 1800 m hündürlükdən başlayır. Burada fıstıq ağacları ilə birlikdə qara şam, Balkan şamı geniş yayılmışdır. Subalp və alp çəmənliklərindən ibarət olan landşaft qurşaqları Apennin yarımadasında az yer tutur və otlaq kimi sitfadə olunur. Yarımadanın heyvanlar aləmi insan fəaliyyəti ilə çox dəyişdirilmişdir. Demək olar ki, Cənubi Avropa üçün xas olan qədim heyvanların kökü hazırda tamam kəsilmişdir. Muflon, dağ keçisi, vəhşi pişiyə ancaq Sardiniya və Korsika adalarında rast gəlmək olar. Apennin yarımadası aşağıdakı fiziki-coğrafi vilayətlərə ayrılır: 1) Liquriya Apenninləri və İtaliya Rivyerası; 2) Toskan Apenninləri və Toskan Maremması; 3) Mərkəzi Apenninlər; 4) Cənubi Apenninlər; 5) Tirren dənizi sahilinin Neopolitan vulkan yaylaları sahəsi; 6) Kalabriya Apenninləri; 7) Qarqano və Apuliya yaylaları; 8) Salentina yarımadası; 9) Lipar adaları və Siciliya; 10) Sardiniya adası; 11) Korsika adası.
PİRENEY YARIMADASI

Pireney yarımadası (sahəsi 584.000 km2) coğrafi xüsusiyyətinə görə Cənubi Avropanın digər sahələrindən kəskin fərqlənən, Avropanın daha çox cənub-qərbə doğru uzanmış hissəsidir. Bu ərazini Cənubi Avropanın qonşu fiziki-coğrafi sahələrindən fərqləndirən əsas əlamətlərdən biri onun ərazisinin bütövlüyü, dəniz səviyyəsindən xeyli yüksəkdə yerləşməsi (yarımadanın orta hündürlüyü 660 m-dir), daxili hissələrin qədim hertsin massivlərindən, kənar yüksəkliklərin isə üçüncü dövrün alp qırışıqlarından ibarət olmasıdır. Yarımadanın sahilləri az parçalanmaqla, çox yerdə düz xətlə uzanır və ümumi formasına görə dördbucağa oxşayır. Şərq və cənub-şərq sahilləri Aralıq dənizi, qərb sahilləri Atlantik okeanı, şimal sahilləri isə Biskay körfəzi ilə əhatələnmişdir. Şimal-şərqdə yerləşən Pireney dağları yarımadanı Orta Avropadan ayırır. Aralıq dənizində yerləşən Balear və Pitiuz adaları qrupu Əndəlis dağlarının şimal-şərq davamını təşkil etməklə, Pireney yarımadasına aiddir.

Yarımadanın cənub-şərqində yerləşən Əndəlis dağları geoloji quruluşu və morfostruktur xüsusiyyətinə görə Afrikanın Atlas dağlarına çox oxşar olub, Avropa ilə Afrika arasında keçid təşkil edir. Bu iki dağlıq ölkəni bir-birindən ayıran və ən dar yerində eni 13 km-dən çox olmayan Cəbəlüttariq boğazı yaxın geoloji keçmişdə əmələ gəlmişdir. Pireney yarımadasının morfostruktur xüsusiyyəti üçün səciyyəvi cəhətlərdən biri, onun mərkəzi hissəsində hertsin qırışıqlığına aid edilən və uzun müddət aşınma hadisəsinə məruz qaldığı üçün geniş peneplen səthlərinə çevrilmiş plato və yaylaların, onları şimal, şərq və cənub-şərqdən haşiyələyən cavan qırışıq dağların üstünlük təşkil etməsidir.

Yarımadanın mərkəzi hissəsində ilk tektonik hərəkətlər paleozoy erasının ikinci yarısında baş vermişdir. Meseta yaylasının bəzi hissələrində alt paleozoyda əmələ gəlmiş kaledon qırışıqlığı sahələrinə rast gəlinir. Üçüncü dövrün əvvəllərində - paleogendə baş vermiş daha güclü tektonik hərəkətlər, əsası hələ hertsin qırışıqlığında qoyulmuş şimal və şərq dağlıq zonalarını əhatə etmişdir. Bu hissədə dağ əmələgəlmə prosesləri alp qırışıqlığından əvvəl qurtarmışdır. Yarımadanın cənub-şərqində yerləşən Əndəlis dağlarında güclü tektonik hərəkətlər alp orogeni fazasında baş vermişdir. Üçüncü dövrün tektonik hərəkətləri kənar sahələrlə bərabər yarımadanın mərkəzi hissəsində yerləşən qədim hertsin massivlərini də əhatə etmişdir. Uran filizi, polimetal yataqları, civə və fosforitlər əsasən yarımadanın mərkəz hissəsində, sink, volfram, dəmir, mis filizləri və daş kömür mədənləri isə onun sahil hissəsində yerləşir.

Relyef xüsusiyyətinə görə yarımadanı iki böyük hissəyə ayırmaq olar: 1) qədim qırışıqlardan əmələ gəlmiş daxili Meseta yaylası, 2) onu şimal, şərq və cənubdan haşiyələyən cavan qırışıq dağlar sahəsi. Meseta yaylası, yarımadanın mərkəzi hissəsindən tutmuş qərb və şimal-qərbdə Atlantik okeanına qədər geniş bir sahəni əhatə edir. Yaylanın şimal-qərb hissəsində kembriyəqədərki dövrün qranitlərindən ibarət olan Qalisiya massivi yerləşmişdir. Bu massivdə dağların hündürlüyü 1000 m-dən çoxdur (Syerra-da Eştrela 1991 m). Təpəli düzənlik olan Portuqaliya ovalığı Meseta yaylasını cənub-qərbdən əhatə edir. Geniş sahədə çay dərələri vasitəsi ilə parçalanmış bu ovalığın təpəlik hissələri kembri və silur çöküntülərindən, qalan sahələri isə allüvidən ibarətdir. Mərkəzi Kordilyera və ya Kastiliya dağları Meseta yaylasını iki hissəyə ayırır. Syerra-de-Qredos silsiləsində Almansor massivinin hündürlüyü 2592 m-ə çatır.

Dueyro çayı hövzəsini əhatə edən Köhnə Kastiliya yaylası, Mərkəzi Kordilyeranın şimalında, Qalisiya massivi, Kantabriya və İberiya dağları arasında yerləşmişdir. Ümumi hündürlüyü 600-800 m-dən çox olmayan bu yaylada qədim kristallik özülün üzərini geniş sahədə göl və laqun çöküntüləri örtmüşdür.

Qvadiana və Taxo çayları hövzəsini əhatə edən yeni Kastiliya yaylası daha geniş sahəni tutur (şəkil 15), orta hündürlüyü 500 m-dən çox deyildir. Syerra-de-Qvadelupe (1563 m) və Toled (1419 m) dağları yaylanın mərkəzi hissəsində enlik istiqamətində uzanmışdır. Yaylanın hündürlüyü cənuba doğru tədricən artır. Syerra-Morena dağları və La-Mança yaylası yeni Kastiliyanın cənub və cənub-şərq hissəsində yerləşir.

Syerra-Morena dağlarının (1312 m) şimal yamacları az meyilli və çox parçalanmış, cənub yamacları isə daha çox dik olub, birdən-birə qədim tektonik çökmə sahəsində yerləşən Əndəlis ovalığına keçir. Üçbucaq formasında olan bu ovalığın, qərb hissəsi son zamanlara qədər Atlantik okeanının körfəzi olmuş və hazırda allüvial çöküntülərlə dolmuşdur. Pireney yarımadasının cənub-şərq kənarında geoloji və struktur quruluşuna görə Alp dağlarına çox oxşar olan Əndəlis dağları yerləşir. Cənub-qərbdən şimal-şərqə doğru təxminən 600 km məsafədə uzanmış bu dağların eni 100-160 km-dir və iki paralel dağ sırasından ibarətdir. Alp tipli relyef formaları (şaryaj quruluşu və üstəgəlmələr) kristallik süxurlardan ibarət olan cənub dağ sırasında müşahidə edilir. Burada Əndəlis dağlarının ən yüksək hissəsi olan Syerra-Nevada (qarlı dağlar) silsiləsinin hündürlüyü Mulasen dağında 3482 m-ə çatır. Dördüncü dövr buzlaşması ilə əlaqədar olan relyef formaları aydın nəzərə çarpır.

Mulasen Avropa qitəsinin cənub qurtaracağında müasir dövrdə kiçik buzlağı olan yeganə dağdır. Cənub dağ sırasının Aralıq dənizi sahilində yerləşən ensiz düzənlik zolağı əhalinin ən çox məskunlaşdığı sahə olub, Əndəlis Rivyerası adlanır. Əndəlis dağlarının şimal hissələri nisbətən alçaq olub, əsasən əhəngdaşlarından ibarətdir. Bu sahə çay dərələri tərəfindən çox parçalanmaqla yanaşı, karst formalarının geniş intişar tapması ilə də səciyyələnir. Meseta yaylasını şimal-şərqdə İberiya dağları əhatə edir. Əsasən mezozoy erasının kvarsit, əhəngdaşları və şistlərindən ibarətdir. Bir-birinə paralel uzanmış və ən uca zirvəsi 2316 m-ə qədər yüksələn antiklinal qırışıqlardan ibarətdir.

Aralıq dənizi sahili boyunca Kataloniya dağları uzanır. Bir-birinə paralel uzanmış iki dağ silsiləsindən ibarət olan bu dağlar, yarımadanın alp orogenezinə aid edilən digər dağ sıralarından xeyli alçaqdır. Orta hündürlüyə görə Avropa qitəsində Alp dağlarından sonra ikinci yeri tutan Pireney dağları yarımadanın şimal-şərq qurtaracağında yerləşir. Pireney dağları Qərbi Avropada çətin keçilən dağ sistemi hesab olunur. Əsas aşırımlarından (Somport 1632 m, Tosas 1800 m) Fransa ilə İspaniyanı birləşdirən dəmir yolları keçir. Pireney dağlarının uzunluğu 450 km-ə qədər, eni isə 100 km-dən çox deyildir. Ən yüksək nöqtəsi Maladetta massivində Anete (3404 m) pikidir. Mərkəzi ox silsilə hertsin qırışıqların üzə çıxmış hissəsi olub, kristallik süxurlardan əmələ gəlmişdir. Maladetta massivində buzlaq relyef formaları (şəkil 15) və sahəsi 40 kv. km-ə qədər olan müasir buzlaqlar vardır. Mezozoy və kaynozoy eralarının əhəng və qumdaşlarından, mergel və konqlomerat çöküntülərindən ibarət olan şimal yamacları çox dik olub Akvitaniya düzənliyinə, nisbətən az meylli, cənub yamacları isə Araqon düzənliyinə keçir. Pireney dağlarının qərbə davamı Kantabriya dağlarına keçir. Kantabriya dağlarının şərq hissəsi – Bask dağları – tektonik və geoloji quruluşuna görə Pireney dağlarına çox oxşardır. Dağların qərb hissəsi (Asturiya dağları) nisbətən daha qədim çöküntülərdən ibarət olub, bir qədər hündürdür (Pneya-Vyexa dağı 2815 m). Pireney yarımadasının şərq hissəsində ovalıq və düzənliklər qərbə nisbətən az sahəni tutur. Pireney, İberiya və Kataloniya dağları arasında Araqon düzənliyi yerləşir. Kaynozoy erasının kontinental çöküntüləri ilə örtülmüş bu təpəli düzənliyin dəniz səviyyəsindən hüdürlüyü 250-300 m-dən çox deyildir. Ebro çayı və onun bir sıra qolları tərəfindən çox parçalanmışdır. Nao burnundan şimalda yerləşən Mursiya və Valensiya düzənliklərinin eni 25-40 km-dən çox deyildir. Bu düzənliklərə bəzən İspaniya Levantı da deyilir.

Pireney yarımadasının cənub-qərb istiqamətdə daha çox Atlantik okeanına doğru uzanması, burada Aralıq dənizi iqliminin hakim olması üçün şərait yaradır. Lakin yarımadanın oroqrafik xüsusiyyətindən asılı olaraq, onun ayrı-ayrı sahələrinin iqlimi müxtəlifdir. Yarımadanın şimal-qərb hissəsi və Biskay körfəzinin sahilləri bütün il boyu Atlantik okeanından gələn rütubətli küləklərin təsiri altında qaldığından, mülayim və rütubətli iqlimə malikdir. Yanvar ayının temperaturu bu sahədə +6, +8°-dir. Bütün qış ayları dumanlı və çiskin yağışlı keçir. Yay aylarında havanın temperaturu 18-20°dən yuxarı qalxmır. Bura Pireney yarımadasının ən çox yağıntılı (1000-2000 mm) sahəsidir. İl boyu yağıntılar nisbətən bərabər paylanmışdır.

Yarımadanın qərb sahilləri (Qalisiya massivinin cənubu və Portuqaliya ovalığı) sırf Aralıq dənizi iqliminə malikdir. Yanvar ayında havanın temperaturu +10, +11°-dən aşağı düşmür. İllik yağıntının miqdarı burada 1000 mm-dən az olub, əsasən qışda düşür. Yay ayları nisbətən isti və quraq keçir. İyul ayının temperaturu 21-24°-dir. Yarımadanın cənub və cənub-şərq sahilləri iqlimində Afrikanın böyük səhrasından gələn isti, kontinental hava kütlələrinin təsiri aydın hiss edilir. Qışı daha çox mülayim və rütubətli, yayı isə quru və isti keçən bu sahədə yağıntıların miqdarı da azdır. Əndəlis ovalığında yanvar ayının temperaturu +13°, iyul ayında isə +28°-dir. Yayda bəzən havanın temperaturu +35°-dən yuxarı qalxır. Yağıntıların orta illik miqdarı 500-600 mm olub, əsasən qış aylarında düşür. Yayda 2-3 ay quraq və isti keçir. Yarımadanın mərkəzi hissələri (Meseta yaylası, Araqon düzənliyi) iqlimin kontinentallığı ilə fərqlənir. Qış ayları havanın temperaturu +4, +5° arasında dəyişilir. Lakin bəzən Kastiliya yaylasından şaxtalı havalar və qar yağması da müşahidə edilir. Yay ayları isti və quraq keçir. Daxili yaylalarda havanın temperaturu yayda bəzən +45°-dək qalxa bilir. İllik yağıntının miqdarı 500 mm olub, əsasən yaz və payızda düşür. Mursiya və Valensiya ovalıqlarında yağıntının illik miqdarı 300-350 mm-dən çox deyildir. Əsasən yağıntılar qış fəslində düşür, yayı olduqca quraq keçir. Bəzən bu sahillərə yay ayları Afrikadan gələn isti və quru küləklər daha böyük təsir göstərir. Yerli əhalinin levere adlandırdığı bu küləklər əraziyə daxil olduğu zaman havanın temperaturu bəzən +50°-dək qalxır.

Pireney yarımadasının çayları uzun olsa da, lakin çay şəbəkəsi sıx deyildir. Çayları əsasən yağış sularından qidalandığı üçün yüksək səviyyə qış aylarında müşahidə edilir. Bəzi çaylar yay aylarında tamamilə quruyur. Çaylar aşağı axarlarında gəmiçilik, yuxarı axarlarında və daxili yaylalarda isə suvarma əhəmiyyətinə malikdir. Yarımadanın ən böyük çayları Taxo (uzunluğu 1000 km), Ebro (uzunluğu 928 km), Qvadiana, Qvadalkvivir, Duero, Xukar və s.-dir. Kantabriya dağlarının şimal yamaclarından başlanğıcını alan çaylar nisbətən kiçik olsalar da daha dolğun və bir qədər sabit səviyyəyə malikdirlər.

Pireney yarımadasının Aralıq dənizi yanı sahədə yerləşməsinə baxmayaraq, burada relyef və iqlim xüsusiyyətindən asılı olan torpaq və bitki örtüyünün müxtəlifliyi aydın nəzərə çarpır. Yarımadada qeydə alınmış 6000-dən çox bitki növündən 1500-dən çoxu ancaq endemik növlərdir. Bitki örtüyü içərisində geniş yeri Aralıq dənizi tipli həmişəyaşıl makvis və qarriqa kolluqları, süpürgəliklər, qalın və parlaq yarpaqlı meşələr, zeytun, maqnoliya, maldili kimi bitkilər tutur. Meşə formasiyasına aid edilən bitki növləri yarımadanın sahəsinin 8-10%-ni örtür. Meşələr daha çox nisbətən mülayim rütubətli iqlimə malik olan şimal və şimal-qərb sahələrdə yayılmışdır. Müxtəlif dərəcədə podzollaşmış boz meşə torpaqlarının üstün olduğu bu sahələrdə, həmişəyaşıl bitki növlərinin qarışığından ibarət olan enliyarpaqlı meşələrə rast gəlinir. Burada meşə örtüyü içərisində qış və yay palıdı, şabalıd, göyrüş, ağcaqayın, çökə və s. ağaclar üstünlük təşkil edir. Qalisiya massivi, Portuqaliyanın təpəli düzənliyi və yarımadanın qərb sahillərinin qəhvəyi torpaqlarla örtülü hissəsində probka və daş palıdı, sahil şamı, Portuqaliya palıdı və buzlaşma dövrünün qalığı olan toz ağacından (Qalisiya massivində) ibarət meşələr, meşəarası açıq sahələrdə isə ardıc, makvis, qarriqa kolluqları və süpürgə cəngəllikləri ilə örtülmüş sahələr geniş yer tutur.

İqlimi nisbətən quru keçən cənub və cənub-şərq sahillərdə bitki örtüyü içərisində həmişəyaşıl alçaq kolluqlar və kserofit bitkilər yayılmışdır. Mursiya və Valensiya düzənliklərində yarımsəhra bitkiləri (yovşan, qarağan, ağ ot) kaktus, maldili, maqnoliya və xurma palması, zeytun ağacı, sitrus bitkiləri, şəkər qamışı üstünlük təşkil edir.

Şoran torpaqların geniş sahə tutduğu Meseta yaylasının daxili hissələrində quraqlığa davamlı kolluqlar yayılmışdır. Meseta yaylası, Köhnə və Yeni Kastiliya İspaniyanın əsas suvarılan əkinçilik sahəsidir. Dənli bitkilər içərisində buğda və qarğıdalı üstünlük təşkil edir. Düzənlik sahələrdən fərqli olaraq, yarımadanın dağlıq sahələrində bitki örtüyünün yayılmasında şaquli zonallıq müşahidə edilir. Pireney və Kantabriya dağlarının 1800-2000 m-ə qədər yüksəkliyindəki sahələri həmişəyaşıl və yarpağını tökən palıd, şabalıd, fıstıq, şam və küknar meşələri ilə, bundan yuxarıda isə subalp və alp çəmənlikləri ilə örtülüdür. Mərkəzi Kordilyera və ya Kastiliya dağlarında palıd, şabalıd və şam ağaclarından ibarət sıx meşələrə 1500-2000 m yüksəkliklərdə rast gəlinir. Pireney yarımadasının heyvanlar aləmi Avropa və Afrikanın heyvanlar aləminə çox oxşayır. Yarımadanın özünəməxsus yırtıcı, gəmirici və sürünənlər qrupuna aid edilən nümayəndələri vardır.

Pireney yarımadasında iqlim və morfostruktur xüsusiyyətlərinə görə seçilən aşağıdakı fiziki-coğrafi vilayətlər vardır.

1. Qalisiya massivi. 2. Portuqaliya ovalığı. 3. Meseta yaylası. 4. Əndəlis ovalığı. 5. Əndəlis dağları və Rivyerası. 6. Kataloniya dağları. 7. İberiya dağları. 8. Araqon düzənliyi. 9. Pireney dağları. 10. Kantabriya dağları. 11. İspaniya Levantı. 12. Balear və Pitiuz adaları.






Yüklə 440,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə