gəzdirən adam görəndə mütləq dayanır və heyranlığımı ifadə edirəm. Bir qədər
qabağa keçib geri boylanıram və çox vaxt görürəm ki, həmin adam itini sığallayır.
İtin gözəlliyinə valeh olmağım onun itə sevgisini bir az da gücləndirir.
Bir dəfə İngiltərədə çox böyük və ağıllı ovçarkası olan bir çobanla rastlaşdım.
Mən itin gözəlliyindən həzz alırdım və bunu çobana dedim. Ondan iti necə
tərbiyə etdiyi barədə danışmağı xahiş elədim. Çobandan müəyyən məsafəyə
uzaqlaşanda və çiynim üstündən geri boylanaraq baxanda gördüm ki, it arxa
pəncələri üstə qalxıb, qabaq pəncələrini çobanın çiyninə qoyub, o isə iti nəvazişlə
sığallayır. Çobana və itinə maraq göstərməyim onu xoşbəxt etmişdi. Mən eləcə də
iti və özümü xoşbəxt etdim”.
Yükdaşıyana əlini sıxmaqla minnətdarlığını bildirən, qızmar gündə od kimi
yanan mətbəxdə işləyən aşpazların halına acıdığını ifadə edən, küçədə tanımadığı
insanlara, onların itlərinə heyran olduğunu deyən bir şəxsin qaraqabaq və
narahat adam olduğunu təsəvvür edə bilərsinizmi? Belə bir adamın psixiatrın
köməyinə ehtiyacı varmı? Aydın məsələdir ki, xeyr. Çin məsəlində deyilir:
“Qızılgüllər bağışlayan əldən həmişə onların ətri gəlir”.
Əgər siz kişi xeylağısınızsa, aşağıdakı abzasın üstündən keçin. O, sizi
maraqlandırmayacaq. Bu abzasda narahatlıqdan başını itirmiş bədbəxt bir qızın
bir neçə cavan oğlanın ürəyini necə fəth edə bildiyindən bəhs olunur. Onların
hamısı ona ərə getmək təklifi etmişdi. İndi həmin qız nənə olub. Bir neçə il əvvəl
mən onun əri ilə birlikdə yaşadıqları evdə olmuşdum. Mən onların şəhərində
mühazirə ilə çıxış etməli idim. Növbəti gün o, məni avtomobilində dəmiryol
stansiyasına apardı. Mən burada Nyu-Yorka gedəcək qatara oturmağa
hazırlaşırdım. Biz əlli milə qədər məsafə qət etdik və yolda bizim aramızda
dostları necə qazanmaq barədə söhbət açıldı. Yol yoldaşım xanım dedi: “Mister
Karnegi, mən sizə nə isə danışmağa hazırlaşıram. Bunu hələ heç kimə etiraf
etməmişəm, hətta öz ərimə də”. Amma öz aramızdır, bu hekayət sizin üçün, çox
güman ki, maraqlı olmayacaq.
“Uşaqlığımın və gəncliyimin faciəsi, – dedi o, – yoxsulluq idi. Biz heç vaxt
mənim dairəmdən olan qızların ailələri kimi qəbullar təşkil edə bilmirdik. Mənim
heç vaxt effektli paltarlarım olmayıb. Mən eyni bir paltarı uzun müddət
geyinirdim, hətta böyüyüb onlar əynimə olmayana qədər. Onlar əynimə pis
otururdu və köhnə dəbli idi. Özümü o qədər alçaldılmış hiss edir və o qədər
utanırdım ki, gecələr çox vaxt ağlayırdım. Nəhayət, son dərəcə əlacsız vəziyyətdə
olduğum vaxt mənə vəhy gəldi. Mən tədbirlərdə öz kavalerlərimdən keçdikləri
kəşməkəşlərdən, həyata baxışlarından və gələcək üçün planlarından
danışmalarını xahiş etdim. Bu sualları ona görə vermirdim ki, onların cavabları
məni bərk maraqlandırırdı. Xeyr. Mən bunu yalnız onların diqqətini əynimdəki
köhnə dəbli paltardan yayındırmaq üçün edirdim. Amma qəribə bir şey baş
verdi: bu cavan oğlanların özləri haqda danışdıqlarını mən nə qədər çox
dinləyirdimsə və onların həyatları ilə bağlı nə qədər çox öyrənirdimsə, onlarla
söhbət etmək mənə bir o qədər maraqlı olurdu. Məni maraq özünə o qədər
çəkirdi ki, çox vaxt əyin-başım özümün də yadımdan çıxırdı. Lakin qazancım
bircə bu oldu: yaxşı dinləyici olduğuma və cavan oğlanları özləri haqda danış-
mağa şirnikləndirdiyimə görə onlar özlərini xoşbəxt hiss edirdilər. Beləliklə, mən
downloaded from KitabYurdu.org
həmyaşıdlarım olan qızların arasında tədricən ən böyük uğurun sahibi oldum və
cavan oğlanların üçü mənə ona ərə getməyi təklif etdi”.
(Qızlar, cavan oğlanların ürəklərini fəth etməyi öyrənin!)
Bu fəsli oxuyanlardan bəziləri, çox güman, deyəcəklər: “Ətrafdakı adamlara
münasibətdə maraqla bağlı bütün bu çərənləmə – büsbütün cəfəngiyatdır!
Mənasız sayıqlamalardır! Bunların heç biri mənə yaramır! Mənə pul qazanmaq
lazımdır ki, pul kisəm boş olmasın. Mən həyatdan hər bir kamı almaq
niyyətindəyəm – özü də indi, içi boş olandan içində heç nə olmayana töküb-
boşaltmaq cəhənnəm olsun!”
Nə etmək, əgər fikriniz belədirsə, sizin buna haqqınız var, lakin siz
haqlısınızsa, belə olan təqdirdə, dahi filosoflar və din mürşidlərinin hamısı: İsa
Məsih, Konfutsi, Budda, Platon, Aristotel, Sokrat, Müqəddəs Fransisk bəşəriyyətin
yazılı tarixinin lap başlanğıcından dərin səhv edirlərmiş. Amma söhbət dini fikir
dühalarının təlimlərindən gedəcəyi halda siz ikrahla güləcəyinizdən məsləhət
üçün gəlin ateistlərə müraciət edək. Gəlin məsləhət üçün müraciət edək
“iyirminci əsrin ən məşhur ateisti” Teodor Drayzerə. Drayzer dinlərin hamısını
onların nağıl olduğunu bildirərək məsxərəyə qoyurdu və hesab edirdi ki, həyat –
bu, “axmağın öz eşitdiyini danışdığı povestdir: onda söz və ehtiras çoxdur,
olmayan bircə mənadır”
82
. Bununla belə, Drayzer İsa Məsihin bir vəsiyyətinə –
başqalarına xidmət etmək vəsiyyətinə heyran idi. “O (insan), özü üçün ayrılmış
qısa yol kəsiyində heç olmasa hansısa bir sevinc dadmaq üçün, – deyir Drayzer, –
fikirləşməli, yalnız özünün deyil, həm də başqalarının vəziyyətini necə
yaxşılaşdırmaqla bağlı planlar qurmalıdır, çünki onun sevinci – özünün
başqalarının sevincinə nə qədər şad olduğundan və başqalarının onun
sevincindən nə qədər şad olduqlarından asılıdır”.
Əgər biz – Drayzerin təkid etdiyi kimi – “başqalarının vəziyyətini
yaxşılaşdırmağa” hazırlaşırıqsa, onda tələsməliyik. Vaxt gedir. “Bu yoldan mən
yalnız bir dəfə keçəcəyəm. Qoy onda mən elə indi hansı isə bir layiqli iş görüm və
xeyirxahlıq göstərim. Qoy mən bunu etməyi təxirə salmayım və məqamı əldən
buraxmayım, zira bu yoldan mən bir daha heç vaxt keçməyəcəyəm”.
Odur ki, əgər siz narahatlıqdan yaxa qurtarmaq və ruhi sakitlik əldə etmək
istəyirsinizsə, yeddinci qaydanı yerinə yetirin:
Ətrafınızda olanlara münasibətdə marağınızı göstərməklə özünüz barədə
hər şeyi yaddan çıxarın. Hər gün kiminsə çöhrəsində sevincli təbəssüm
doğuracaq mərhəmətli bir iş görün.
Xülasə
Qayda 1: Öz beyninizi sakitlik, mərdlik, sağlamlıq və ümid haqda fikirlərlə
doldurun, axı “bizim həyatımız – bizim onun haqqında nə fikirləşdiyimizdir”.
Qayda 2: Heç vaxt öz düşmənlərinizlə haqq-hesab çəkməyə çalışmayın, çünki
bununla özünüzə onlardan qat-qat çox ziyan vuracaqsınız. General Eyzenhauer
kimi hərəkət edin: sevmədiyiniz adamlar haqda heç bir dəqiqə də fikirləşməyin.
Qayda 3:
a. Qədirbilməzliyə görə fikir eləmək əvəzinə, buna hazır olun. Yadda saxlayın
ki, İsa Məsih bir gündə on cüzamlı xəstəni sağaltdı və onlardan yalnız biri ona
təşəkkür elədi. Bəs siz niyə Məsihin aldığından çox təşəkkür gözləyirsiniz?
downloaded from KitabYurdu.org