Azərbaycan fəLSƏFƏ VƏ sosial-siyasi elmlər assosiASİyasi (afse a) FƏLSƏFƏ və sosial-siyasi elmlər elmi-nəzəri jurnal



Yüklə 2,54 Mb.
səhifə5/13
tarix08.09.2018
ölçüsü2,54 Mb.
#67391
1   2   3   4   5   6   7   8   9   ...   13

Ədəbiyyat
Azərbaycan dilində

  1. İqbal M. Bilik və dini təcrübə // Fəlsəfə və sosial-siyasi elmlər jurnalı, 2008, № 4, s. 190.

  2. Xəlilov S. Kəsilməz tarix və dövlətçilik ənə­nələri // İpək yolu, Beynəlxalq elmi ictimai-siyasi jur­nal, № 1, 2001.

  3. Xəlilov S. Şərq və Qərb. Ümumbəşəri ide­­a­la doğru (fəl­səfi etüdlər). Bakı, «Azərb. Universiteti», 2004.

Türk dilində

  1. İlhan Kutluer. İslamın klasik çağında felsefe tasavvuru, İstanbul, İz yayıncılık, 2001.

  2. İbn Miskəveyh. əl-Hikmətu’l-xalidə (Cavidan Xi­rad), Beyrut, 1983 // Bax: İlhan Kutluer. İslamın kla­sik çağında felsefe tasavvuru.

  3. Fahri M. İslam felsefesi tarihi / Terc. K.Turhan. İstanbul: Ayışığı kitabları, 1998.

  4. Эюкберк M. Felsefe tarihi. İstanbul: Remzi Kitabevi, 1999.

  5. Suad el-Hakim. Ibnü‘-Arabi sözlüğü, çev.: E.Demirli, İstanbul, Kabalcı Yayınevi, 2004.

Rus dilində

  1. Наср С.Х. Что такое традиция // www.newatropatena.narod.ru/p22.htm

  2. Эко У. Полный назад. «Горячие войны» и попу­лизм в СМИ. М., Эксмо, 2007.

Ərəb dilində

  1. ﺗﻬﺮﺍﻥ, ﺳﻬﺮﻭﺮﺪﻱ ﺷﻬﺎﺏ ﺍﻟﺪﻴﻥ ﻴﺣﻴﻲ. ﺷﻴﺦ ﺇﺷﺮﺍﻕ. ﻤﺠﻤﻭﻋﺔ ﺪﻭﻡ ﻤﺼﻨﻓﺎﺕ ﺒﻗﻟﻡ ﻫﻧﺮﻱ ﮐﺮﺒﯾﻥ, 1952. (Sührəverdi Şihabəd­din Yəh­ya. Hikmət əl-İşraq)



Stages of development of the Islamic Thought

(summary)
Every philosophical system that appears on the stage of history has to be the continuation of the previous and the base for the next philosophical system. All philosophical systems that stay out of this principle is confined to be offside. This article explores the Islamic thought as a important stage of the development line of the Absolute Idea and the eternal wisdom according to the principle of “continuity of the history.”
Keywords: Islam, philosophy, idea, continuity


İslam Düşüncesinin Gelişim Aşamaları

(özet)
Tarihte ortaya çıkan her bir yeni düşüncenin ve felsefi sistemin kendinden öncekinin devamı, öncekinin de kendinden sonraki için sağlam bir temel olması gerekmektedir. Bu ilkenin dışında kalan her bir düşünce sistemi ofsayt durumuna düşmeğe mahkumdur. Makalede İslam düşüncesi Mutlak İde’nin ve ebedi hikmetin gelişim çizgisinin önemli bir aşaması olarak “tarihte süreklilik” ilkesine göre araştırılmaktadır.
Anahtar kelimeler: Islam, felsefe, ide, kesintisizlik

Этапы развития исламской мысли

(резюме)
В истории возникновение каждой новой идеи и философской системы должно стать продолжением предшествовавших идей, которые в свою очередь должны служить стабильным фундаментом для последующих концепций. Каждая идея, выходящая за рамки этого принципа, обречена оставаться вне игры. Исламская мысль как существенный этап в направлении развития Абсолютной Идеи, вечной мудрости рассматривается в статье на основе принципа непрерывности истории.
Ключевые слова: ислам, философия, идея, непрерывность


Sosial-siyasi elmlər


Ailə tədqiqatlarının

nəzəri-konseptual əsasları



Əbülfəz Süleymanov *



Giriş

Tarixin bütün dövrlərində ailə institutu ictimai inkişafın əsas xüsu­siy­yətlərini özündə əks etdirmiş, ictimai fikir isə bu xüsusiyyətləri müxtəlif as­pektlərdən ifadə etməyə çalışmışdır. Bu baxımdan ailə institutunun nəzəri ba­xımdan öyrənilməsi problemi Konfutsidən başlamış XX əsrin sonuna kimi – iki min il yarımdan çox tarixə malikdir. Ailənin varlığı və yaşaması ilə bağlı fəlsəfi, etik, sosial-psixoloji, iqtisadi və digər sahələr üzrə çoxlu sayda və həcmdə ədəbiyyat mövcuddur. Bu problemin öyrənilməsi də bu ədəbiyyatlara və biliklərə söykənir.

XX əsrin 60-cı illərinin əvvəllərində Amerika sosioloqu Qud qeyd edir­di ki, ailə sosiologiyası sahəsində (digər əhəmiyyətli sahələrə nisbətdə) da­ha çox tədqiqat aparılsa da, onların yalnız bir qismində problemin nəzəri id­rakına cəhd öz əksini tapır. Bir sıra hallarda, hər şey insanın praktik mə­sə­lə­ləri (məsələn, ər-arvad münaqişəsindən necə qaçmaq və s.) həll etməsi üçün sosial texnologiyanın hazırlanmasına yönəlirdi. Bu ten­den­si­ya­ya qarşı çıx­maq mümkün deyil. Lakin, eyni zamanda unutmamaq lazımdır ki, töv­si­yələrin təsir gücü bu sahədə konseptual yanaşmaların olması ilə birbaşa əlaqəlidir.

Son dövrlərdə ailə tədqiqatları sahəsində çoxlu sayda empirik məlumatlar yığılmış, əhəmiyyətli dərəcədə metodik təcrübə toplanmışdır. Lakin, bir çox hallarda əldə olunmuş bu yeni məlumatlar nəzəriyyə və tət­bi­qi sahənin kifayət qədər uzlaşdırılmaması ucbatından elmi biliyin gözlənilən inkişafına gətirib çıxarmır. Aydındır ki, bu cür hallarda elmi bi­lik­lərin səviyyəsinin artmasını gözləmək inandırıcı deyil. Digər tərəfdən empirik tədqiqatların (tədrici olaraq nəzəri və praktik əhəmiyyətli nəticələrin əldə olunmasını istiqamətləndirməsi üçün), ailə və nikah üçün xüsusi sosioloji konsepsiyaların inkişafına tələbat yaranır. Formalaşmış xüsusi sosioloji konsepsiyaların nəzəriyyə və təcrübə arasında körpü salınması ilə bağlı metodoloji xarakterli problemləri həll etməsi bu tələbatı daha da artırır.


Sosial-fəlsəfi fikir tarixində ailə problematikası

İctimai fikir tarixində ailənin fəlsəfi tədqiqi sahəsində qədim ənənələr mövcuddur. Antik dövrün nəzəri konsepsiyalarında ailə, sosial bir təsisat ol­maq­dan daha çox, cəmiyyət və dövlətlə olan əlaqəsi müstəvisində nəzərdən ke­çirilirdi. Bu fakt, şəxsiyyəti və ailəni özünə tabe etdirməyə çalışan dövlət ha­kimiyyətinə söykənən idarəçilik sisteminin tədrici olaraq formalaşmaya baş­lamasının təzahürü kimi qiymətləndirilir. Bu dövrdə ailə, cəmiyyətin il­kin mikro modeli kimi nəzərdən keçirilir, sosial münasibətlər ailə mü­na­si­bətləri müstəvisindən çıxarılır, cəmiyyətin özü isə filosoflar və tarixçilər tə­rə­findən genişləndirilmiş ailə kimi şərh edilirdi. Bununla birlikdə, hələ antik dövr filosofları arasında ailə fenomeninə yanaşmada ziddiyyətlər özünü bü­ru­zə verirdi. Bu, ilk olaraq Platon və Aristotelin məsələyə ikili yanaş­ma­sın­da öz əksini tapmışdı. Belə ki, hər iki filosofun ailənin mənəvi-etik əsasları haq­qında düşüncələri oxşarlıq təşkil etsə də, ailənin təbiəti və ictimai quru­luş­dakı yeri haqqında onların fikirləri əhəmiyyətli dərəcədə bir-birindən fərq­lənirdi (7, 17). Əsərlərində ideal dövlət haqqında mülahizələr yürüdən Pla­tonun ailə haqqında təsəvvürləri ideal dövlət quruluşundan irəli gəlirdi. O, qeyd edirdi ki, ailə münasibətlərini bütövlükdə dövlət tənzim edir. Onun tə­limində, təbəqələşməyə və sosial struktura uyğun olaraq, cəmiyyətin bəzi üzv­ləri, ailə qurmaq imkanından məhrum edilirdi. Ailə quranlar isə bütün hə­yatını, uşaqların tərbiyəsini onların mənafeyinə həsr etməlidirlər (13, 30).

Ümumiyyətlə, Platon hesab edirdi ki, hər bir nikah da dövlət üçün mən­fəət olmalıdır. Mükəmməl dövlət qurmaq üçün “elə şənliklər təşkil edil­mə­lidir ki, orada nikah yaşına çatmış qız və oğlanları görüşdürmək, qurban kəs­mək və şairlərə nikaha aid nəğmələr sifariş vermək lazımdır. Ni­kahların sayını müəyyənləşdirməyi isə dövlətə həvalə etmək lazımdır” (12, 112). Platon hesab edirdi ki, hər bir 25 yaşına çatmış gənc ailə qurmalıdır. Çün­ki, “insan özünün əbədi yaradıcı təbiətinə tabe olmalıdır. Ona görə də özün­dən sonra uşaqlarını və uşaqlarının uşaqlarını qoyub getməlidir” (12, 113).

Platonun, vahid ailə formasında təşəkkülü sayəsində bütövlüyünü qoruyan və ailə qaydalarına oxşar normalarla idarə olunan “ideal dövlət” anlayışına qarşı, Aristotel daha çox qanunlarla idarə olunan rasional dövlət anlayışını irəli sürdü.

Aristotel ailə probleminə münasibətini belə bildirirdi: “Ailə insanların bir­gəyaşayışın ilk təbii formasıdır, tarix boyu dəyişilməyib qalandır” (13, 130). Ailənin üç ikitərəfli hissəsi və bu hissələrə uyğun üç münasibətlər for­ma­sı var: quldar və qul, ər və arvad, valideyn və övladlar. Hakimiyyət qul üzə­rində, arvad və uşağın üzərində olur. Belə hakimiyyət bir növ mo­nar­xi­ya­ya bənzəyir. Arvadın hakimiyyətdə olması təbiətə ziddir: Susmaq qadına ya­raşıq verir (Sofokl). Qadına bu cür münasibət təbii idi. O dövrün cə­miy­yə­tində qadın mədəniyyət, təhsil, ictimai işlər, siyasətdən tamamilə uzaq­laş­dırılmışdı (13, 132).

Onların ailə və nikah institutuna özünəməxsus yanaşmaları, ailədəki dəyişikliklərə, ailənin quruluşu və funksiyaları haqqında yeni mübahisələrə zəmin hazırladı.

Bu dövrdə, ailə mövzusuna dair Şərq düşüncə tarixində və o cümlədən, Azərbaycanda də çox əhəmiyyətli fikirlər irəli sürülmüşdür. Görkəmli filosof, astronom N.Tusi ailədə sosial funksiyaların yerinə yetirilməsində sosial mühitin rolunu qiymətləndirərək yazırdı: “İnsan yaşamaq üçün öz əzəli, təbii ehtiyaclarını ödəməlidir, bunun üçün də cəmiyyətdə birləşməli, fəaliyyət göstərməlidir. Cəmiyyətdə insanın təbii sığınacağı ailədir. Ailədə həm nəsil artırılır, həm ev-eşik qorunub saxlanılır, həm də ailə üzvləri lazımi tərbiyə alır” (11, 37). Tusi, ailənin yaranmasında adət-ənənənin, idarəçilik vərdişlərinin, sosial psixoloji mühitin rolunu xüsusi olaraq qeyd edirdi. O, ailədə idarəetmə funksiyasının icrasında əsas rolu ailə başçısına aid edir. Ev sahibi ailənin maddi təminatına, vacib məsələlərin həllinə, tərbiyə işlərində mükafatlandırma və cəzalandırmaya, əmək bölgüsünün təşkilinə cavab verməlidir. Tusi münasibətlərin idarəetmə baxımından tənzimlənməsi problemlərini də nəzərdən keçirmiş, məişət-istehlak funksiyasının vacibliyindən bəhs etmişdir. Bu funksiyaların çox vacib olduğunu hesab edən Tusi onların həyata keçirilməsi yolunu yüksək əxlaqi dəyərlərə əsaslanmaqda görürdü . (11, 39)

Digər görkəmli filosof S.Urməvi etik məsələlər sırasında ailə müna­si­bət­lərinin struktur və idarəolunması problemlərini də araşdırmışdır. Ailə üzv­ləri bir-birilə qarşılıqlı məsuliyyət və hörmət şəraitində davranmalıdırlar. Tər­biyə və sosiallaşma prosesində ailə, müəllim və mühitin rolunu qeyd edən filosof hesab edirdi ki, ictimai münasibətlərin iştirakçısı olan hər bir şəxs öz fəaliyyətində dil, təfəkkür və milli mədəniyyət triadasından vəhdət halında istifadə etməlidir.

Yeni era və intibah dövründə – ictimai həyatın dinin təsirindən azad ol­duğu bir dövrdə yeni yaranan burjuaziyanın maraqlarına cavab verən ob­raz, fəal fərdiyyət oldu və güclü, müstəqil, hərtərəfli inkişaf etmiş yaradıcı şəxsiyyət ideala çevrildi. Bu dövrdə ailəyə aid utopik konsepsiyalarda Platonun patriarxal ideyalarının və Aristotelin liberal ənənələrinin sonrakı inkişafı ilə birgə çox mühüm nəzəri-metodoloji əsaslar da irəli sürüldü.

Bu dövrdə məğrurluq və sərbəstlik, öz gücünə və istedadına inam insanın fərqləndirici keyfiyyətinə çevrildi. Buna görə də ingilis filosofu F.Bekonun tədqiqatlarına nəzər yetirdikdə onun nikah, ailə, övlad və sevgiyə münasibətinin birmənalı olmadığını görmək olar. O, sanki hər şeyi “müsbət” və “mənfi” çalarlara ayırır, medalın hər iki üzünü göstərirdi. Misal üçün, “arvad-uşağı olan kəs taleyin əsirinə çevrilir. Belə ki, ailə böyük işlərin həyata keçirilməsi qarşısında duran bir maneədir. Fərqi yoxdur bu xeyir, yoxsa bəd əməldir”. O, deyirdi ki, cəmiyyətə daha çox xeyir gətirən başlanğıclar subay və övladı olmayan insanlar tərəfindən qoyulub. (17, 10)

F.Bekon sevgini ailəni möhkəmləndirən bir hiss kimi görür, onu zə­if­lik hesab edirdi. “ ....Bütün böyük və ləyaqətli insanlar arasında elə birisi ol­ma­­yıb ki, sevgiyə dəlicəsinə bağlı olsun. Amma eyni zamanda, sevgi qüvvə de­­məkdir. Evli insanların sevgisi insan nəsli yaradır, dost sevgisi onu mü­kəm­­məlləşdirir, əxlaqsız sevgi isə onu pozur və alçaldır”. Beləliklə, filosof ni­­­kahsız yaşamağı və övladsızlığı dəstəkləmir, amma eyni zamanda da, “Və­­­tənə sevgi ailədən başlayır” fikrində olsa da, ailə qurmağa da çağırmırdı” (17, 12).

XVII əsrin ikinci yarısından sonra və XVIII əsrdə Britaniyanın fəlsəfi fikri T.Hobbs və D.Yumun hakim ideyalarının təsiri altında inkişaf edirdi.

İngiltərənin önəmli mütəfəkkirlərindən biri olan T.Hobbs ailəni “kiçik mo­narxiya” kimi göstərirdi. Burada “hakimiyyət ata və ya ağaya məx­sus­dur”. Hobbsa görə, ailə qanuni nikahla qurulmalıdır. Belə ki, nikahın ma­hiy­yə­ti onun qanuni razılaşma olmasındadır. Nikah ismət və yaxud nikahsız­lı­ğın əleyhinə deyildir. Ona görə də nikahı günah hesab etmək olmaz. Hobbs bu mülahizələri əslində kilsə xidmətçiləri üçün irəli sürmüşdü. Çünki onlar su­baylığı kamillik və saflıq hesab edirdilər. T.Hobbs əks fikirdə idi və de­yir­di: “Eləcə də, subaylığı ailə həyatından üstün tutmaq olmaz”. (4, 22)

Fransız düşüncə ənənəsinin liberal qolunun təmsilçisi, filosof və sosioloq J.J.Russo belə hesab edirdi ki, ailə böyük vətənə sevgini təbliğ edən kiçik vətəndir. O, Platonun “Respublika”sı barədə mülahizələr yürüdərkən onun fikirlərinin yanlış olduğunu qeyd edirdi. Russo hesab edirdi ki, “əks cinsin nümayəndələrini eyni vəzifəyə təyin etmək olmaz, təbiətin bizə verdiyi ən zərif hissləri məhv etmək olmaz. Məgər bizim bir-birimizə qarşı duyduğumuz sevgi vətənimizə olan sevginin girovu deyil” (4, 25). Ailədəki qarşılıqlı münasibətləri təhlil etdikdə, o belə qərara gəlir ki, ailədəki əmin-amanlıq hər iki tərəfin mənəvi əxlaqi normalara riayət etməsilə mümkündür. Russo əks cinsin bərabərhüquqlu olması fikrini inkar edirdi. “Hər iki cinsin nümayəndələri bərabərdir və eyni cavabdehliklərə malikdirlər demək, boş söz danışmaq deməkdir”. Bununla da o, atanın hakimiyyətini təsdiq edirdi. Qadına qarşı daha tələbkar idi. Belə ki, “o, hər kəsin gözündə ləyaqətli olmalıdır”. Onun ərinin uşaqlarına olan sevgisi bundan asılıdır. “Əgər atanın uşaqlarını sevməsi vacibdirsə, bunun üçün o, onların analarına hörmət etməlidir” (4, 27).

Ailə və nikahın fəlsəfi tədqiqi ənənəvi alman klassik fəlsəfəsində də özü­nə yer tapmışdır. Ailə və nikah mühitinin müntəzəm olaraq dəyişiklik­lə­rə məruz qalması, ailə institutunun təkamül prosesinin tarixi mərhələləri al­man filosofları İ.Kant və İ.Q.Fixtenin xüsusi maraqlarına səbəb olmuşdur. İ.Kant ailə və nikah məsələlərinə fəlsəfənin hüquq bölməsində nəzər yetir­miş­dir (9, 545). Ailə və nikahın ayrı-ayrı məqamları İ.Q.Fixte tərəfindən bur­juaziya tarixi fəlsəfəsində araşdırılmış və onun “Praktik Elmşunaslıq” əsə­rində əks olunmuşdur (2). Bu alman filosofları tərəfindən ortaya qo­yul­muş ailə və nikah problemləri onların fəlsəfi sistemlərinin tərkib hissəsinə çev­rilmişdir. Bu konsepsiya daxilində mühüm etik problemlər yer alırdı: əx­laqi davranış, insanın mənəvi keyfiyyətlərinin formalaşması, fərdin və cəmiyyətin mənəviyyatı və hüququnun qarşılıqlı nisbəti.

Kant və Fixte ailə və nikah məsələlərinə təbii hüquq nəzəriyyəsi nöqteyi-nəzərindən baxırdılar. Məsələyə bu cür münasibət o dövrdə yaranan azadlıq, bərabərlik, cəmiyyətin şüurlu quruluşu kimi siyasi tələblərin təsiri ilə izah oluna bilər. Kanta görə, nikahdan məqsəd təkcə uşaqların doğulması və tərbiyəsi ilə məhdudlaşdırılmamalıdır. Belə ki, bu halda uşaqların dünyaya gəlməsi dayandırıldıqdan sonra ailə öz-özünə dağılmalıdır. Kantın ailə və nikaha münasibəti ziddiyyətlidir. Bir tərəfdən o, “təmiz” nikah anlayışından istifadə edir (belə ki, onun əsasında təmiz ağıl durur), digər tərəfdən də onu ideallaşdırır (8, 554).

Kanta görə, “nikaha daxil olanlar arası münasibət – bir-birinə (söhbət təknikah lılıqdan gedir) və əmlaka bərabər səviyyədə sahib olan iki insanın münasibətidir. Bununla belə, onların xüsusi razılaşmaya əsasən bu hüquqlarının hansındansa imtina etməyə tam ixtiyarları var”. Baxmayaraq ki, Kant münasibətlərdə hüquqların bərabərliyini qeyd edir, bununla belə, o, qanunun kişini qadından üstün tutmasında bir ziddiyyət görmür və bunu qanunauyğun hesab edir (8, 554).

Burjua ailəsində tərəflərin mülkiyyət hüququna əsaslanması onun fikrincə heç də insanın ləyaqətini alçaltmır. Belə ki, bu zaman fərddən istifadə qarşılıqlı şəkildə olur. Müasir ailəyə müraciət etsək, belə münasibətlərin iqtisadi formasını göstərə bilərik. Bu – nikah müqaviləsidir. Kant kişiylə qadının fərqli hüquqa malik olmalarına bəraət verirdi. O, bunu onunla izah edirdi ki, “hətta mədəni olmayan cəmiyyətdə də üstünlük həmişə kişinin tərəfində olub”. Nikaha mülkiyyətçilik sahəsi kimi baxaraq, sonuncuya izahat gətirərək qadını “mülkiyyət əşyası” adlandırırdı. Sözsüz ki, sual yaranır: Kant azadlıq ideyası ilə qadının ailədə və cəmiyyətdəki tabelilik və hüquqsuzluq vəziyyətini necə uyğunlaşdırırdı? Kant azadlığı bir insanın başqası üzərindəki hakimiyyətinin zorla deyil, müqaviləyə əsasən, ikitərəfli razılaşma ilə qurulması kimi başa düşürdü. Bundan başqa, fərdin üzərində hakimlik insanın özünün təbiətindən irəli gələn bir haldır.

“Qadına qarşı olan məhəbbət ümumiyyətlə, məhəbbətin əsasıdır. Qa­dı­nı sevməyən, insanları da sevməz” – deyən L.Feyerbax da məhəbbəti, zə­ka­nın və təbiətin universal qanunu kimi qeyd etmişdir. Məhəbbət insan üçün ən ali və ilkin qanundur. İnsanların birgəyaşayış qaydalarını ilahiləşdirən Fe­yerbax qadın-kişi məhəbbətinə də, nikaha da dini məna verirdi (17, 12).
Ailə sosiologiyasının meydana gəlməsi və inkişaf mərhələləri

Uzun müddət ailəni müxtəlif aspektlərdən təhlil edən tədqiqatlar aparılsa da bu sahənin sosiologiyanın əsas tədqiqat obyektlərindən birinə çevrilməsi XIX əsrdə baş vermişdir.

Ailə sosiologiyasının inkişafını Thomas və Wilcox 3 mərhələyə bölürlər.

1. Sosial problemlərin tədqiq olunduğu mərhələ (1800-1900);

2. Amerika düşüncə tərzinə Avropalıların təsiri dövrü (1900-1950);

3.Pozitivist və humanist konsepsiyalardan fəlsəfi ayrılıqların başladığı mərhələ (1950-ci illər və sonrası dövr). (16, 82)

Başqa bir tədqiqatda isə, ailə sosiologiyasının inkişaf mərhələləri dörd dövrlə müəyyən olunmuşdur:

1. Sosial Darvinizm (1860-1890);

2. Sosial islahatçılıq (1890 -1920);

3. Elmi tədqiqatlar mərhələsi (1920 -1950);

4. Ailə tədqiqatları sahəsində sistematik formalaşdırma mərhələsi (1950-ci illər və sonrakı dövr).

Ailə mövzusunda ilkin sosioloji tədqiqatlar Kont və Proudhon ilə başlamışdır. Lakin bununla belə ailə sosiologiyasının bünövrəsi fransız sosioloqu Fr.Le-Ple və amerikalı sosioloq, ailə məsələləri üzrə Amerika Milli Şurasının ilk prezidenti E. Berdjers tərəfindən qoyulmuşdur. (7, 18)

Fr.Le-Ple cəmiyyəti müşahidə edərkən cəmiyyətin özəyi və sadə modeli kimi ailəni qəbul edirdi. Onun fikirləri Kontun ailə haqqında “kiçik cəmiyyətlər” ideyasının təsiri altında formalaşmışdır. Le-Ple “Cəmiyyəti dərk edə bilmək üçün ailəni dərk etmək lazımdır” tezisindən çıxış edirdi. O, hesab edirdi ki, xarici mühit insanların iqtisadi həyatını müəyyən edir, eyni zamanda ictimai proseslərə təsir edən ailə formasını diktə edir. Le Ple, ailə tədqiqatlarının empirik metodu kimi ailə büdcəsinin təhlilini seçmişdir. O, ailə haqqında qələmə aldığı hər monoqrafiyasında ailənin büdcəsinin təhlilini aparır, ailə dinamikasının sosial-iqtisadi proseslərə təsirini öyrənirdi. Le Ple bununla ailənin quruluşu və funksiyası haqqında daha dəqiq məlumat əldə olunmasını və həmçinin bu metodla ailənin müqayisəsi və tipoloji təsnifatı üçün sağlam bazanın yaranmasını təmin edirdi. (7, 7)

Beləliklə, Le Ple ailəni ümumi sosiologiya elminin əsas tədqiqat predmeti kimi təqdim edirdi.

1859-cu ildə Darvinin “Növlərin mənşəyi” (Origin of Species) adlı əsərinin nəşr olunmasının ardından Morqan, Engels, Bachefon dialektik-materialist sosiologiya prinsipləri əsasında, cəmiyyətin iqtisadi inkişafının ailə transformasiyasına təsirini tədqiq etməyə başladılar. (3, 59) Elm adamları antropoloji tədqiqatlarla, ailənin strukturu və funksiyaları daxilində yer aldığı cəmiyyətin inkişaf etmə səviyyəsi ilə əlaqədar olduğunu qeyd etməyə çalışırdılar. Ailə institutunda baş verən sosial dəyişikliklərin tədqiqatının nəzəri əsasları antropoloqlar C.F.Mak-Lennan, I.Y.Baxoven, L.Q.Morqan tərəfindən qoyulmuşdur. Onlar ailəni statik bir təsisat olmaqdan daha çox, uzun təkamül yolu keçərək inkişafda olan sosial bir sistem kimi nəzərdən keçirirdilər. (17, 13)

Təkamülçü nəzəriyyənin mərkəzində yer alan ailə və nikahın dəyişkənliyi ideyası Amerika antropoloqu L.Q.Morqanın tədqiqatlarında özünə geniş yer tapmışdır. O, 1868-ci ildə ilk dəfə ailə haqqında əsərlərini nəşr etdirmiş, 1870-ci ildə isə onun “Qohumluq sistemi və insan ailəsinin xüsusiyyətləri” adlı əsəri işıq üzü görmüşdür. Tədqiqatlarının tam toplusunu isə 1877-ci ildə “Qədim cəmiyyət” əsərində çap etdirmişdir. Morqan aydın şəkildə nəsli ailədən ayırır və göstərir ki, ailə üzvləri arasında nikah münasibətləri mümkün olmayan ekzoqam qrupdur. Demək, ibtidai nəsil ailələrdən ibarət ola bilməz. Buradan çıxış edərək: ilkin nəsil forması kollektiv təsərrüfata, ekzoqam-endoqam nikah münasibətlərinə əsaslanan ana nəslidir. Kollektiv təsərrüfatın dağılması və şəxsi təsərrüfatın yaranması ana nəslindən ata nəslinə keçidin əsasını qoyur və cütlük ailəsini monoqam ailəyə çevirir. Morqan bununla monoqam ailəni nəsli cəmiyyətdə asanlıqla parçalanan nikah cütlüklərindən ayırır, çünki bu cütlüklər təsərrüfat müstəqilliyinə, şəxsi mülkiyyətə və mirasa sahib deyildi.

Bu ideya F.Engels tərəfindən inkişaf etdirildi. O, vurğulayırdı ki, monoqam ailə – fərdi məhəbbətin nəticəsi deyil, ərin hökmranlığının iqtisadi şəraitdə ifadəsidir və miras sahib olacaq övladların olması monoqamiyanın əsas məqsədidir. Bu fikri F.Engels özünün “Ailənin, şəxsi mülkiyyətin və dövlətin mənşəyi” (1884) əsərində əks etdirmişdir.(20) Bu kitab L.Morqanın tədqiqatları əsasında yazılmışdır. Burada həmçinin, digər alimlərin ümumi nəticələrinə də rast gəlmək olar. Qeyd etmək lazımdır ki, bu iş, K.Marks tərəfindən L.Morqanın “Qədim cəmiyyət” əsərinə tənqidi qeydlər şəklində yazılmağa başlamışdır.

Bu dövrdə aparılan tədqiqatlarda ailə institutunun təkamül prosesi tədqiq olunurdu. Tarixi faktlar nəzərdən keçirilir, müqayisəli təhlil vasitəsilə ibtidai cəmiyyətlərin ailə quruluşu formalarının təyin olunmasına cəhd edilirdi. Bu dövrdə tədqiqatçılar etnoloji və tarixi məlumatlardan istifadə edərək təkamülçülük prinsipindən çıxış edən birtərəfli tədqiqatlar aparırdılar. Gəldikləri nəticələr (ailənin cəmiyyətin əsas özəyi olduğu, geniş ailədən nuklear ailəyə doğru davam etməsi kimi) ailə sosiologiyası sahəsində təməl əsərlər siyahısına daxil olmuşdur. (3, s.60)

Lakin qeyd etmək lazımdır ki, bu dövrdə ailə institutunun öyrənilməsi istiqamətində başqa yanaşmalar da mövcud olmuşdur. Funksional yanaşma – ailənin sosial institut kimi öyrənilməsini təşkil edən əsas hissə – həmçinin tarixin gedişində müxtəlif ailə tiplərinə məxsus ümumi xüsusiyyətləri axtarmağa yönəlmişdir. Burda diqqəti təkcə ailənin universallığına deyil, həm də ailə-məişət həyatının özünə, sosial fenomen kimi ailənin sosial-mədəni funksiyalarına və nikah, qohumluq və valideynliklə bağlı sosial-mədəni rolların qarşılıqlı münasibətinə yönəlmişdir. E.Durkheim, diqqəti funksionalizmin “atası” kimi ailə həyatında hər bir fərdin roluna, ailəyə şamil edilən həmrəylik və birlik mexanizmlərinin axtarılmasına, qadın və kişinin roluna yönəldir. ( 7, 16)

Təkamülçü konsepsiyanın bir başqa opponenti isə ingilis antropoloq və sosioloqu B.Malinovskidir. Öz konsepsiyasında Malinovski diqqəti, sosial institut kimi ailə elementləri arasında əlaqələrə yönəldirdi. (4, 15) Müasir sosioloqlar hesab edir ki, funksionalist yanaşma ailənin sosial institut kimi təkamülçü tədqiqi ilə uyğunlaşa bilər. Belə ki, ailənin və cəmiyyətin sosial bir institut kimi öyrənilməsi tam olaraq, elmi xarakter daşıyır, elm xatirinə elmin təzahürüdür. Həmçinin, XIX əsrdə ailənin digər tətbiqi və ya təcrübi öyrənilməsi meydana gəlir və açıq şəkildə funksional yanaşmaya zidd mövqedədir. Diqqəti ailə üzvlərinin emosional yaxınlığına, onların tələbatına və maraqlarına yönəldir. Bu da nəticədə ayrı-ayrı ailələrin və ailə institutunun özünün birlik mübahisələrini izah etməyə çalışır. Söhbət ailənin ilkin kiçik qrup kimi öyrənilməsindən gedir. Bu ilkin kiçik qrup isə, özünəməxsus yanaşma, fəaliyyət və dağılma tarixinə malikdir.

Rus sosioloqları M.Kovalevski və P.Sorokinin bu sahənin inkişafına əhə­miyyətli təsiri olmuşdur. M.Kovalevski, V.Roberti ilə bərabər Rusiyada ilk sosiologiya kafedrasına rəhbərlik etmişdir. O, cəmiyyətin təhlilinə çox­öl­çü­lü yanaşma və genetik sosiologiya prinsiplərindən istifadə edərək cə­miy­yə­tin inkişafını dərk etmək üçün sosial institutların mənşəyini öyrənməyin əhəmiyyətini sübut etməyə çalışırdı. Tarixi müqayisə metodu əsasında M.M.Kovalevski bütün sosial təzahürlərin və ictimai institutların genetik qohumluq nəzəriyyəsini – “genetik sosiologiyasını” formalaşdırmışdır. 1895-ci ildə M.M.Kovalevski “Ailə və mülkiyyətin mənşəyi və inkişafı” oçerkini nəşr etdirir. Müəllif bu əsərində insan cəmiyyətinin qədim dövründə ailə-nikah münasibətlərinin dərin təhlilini vermişdir (10, 282).

P.Sorokin isə nikah institutunu təhlil edərək, onun təkamülündə geniş cin­si azadlığın tədricən normativ məhdudiyyətlər yığımına keçməsi nə­ticəsinə gəlmişdir (15, 72).

Ailə institutunun müqayisəli tarixi təhlilini apardıqdan və ənənəvi ailənin həyat tərzi ilə XIX əsrin sonu XX əsrin əvvəllərinin ailəsini müqayisə etdikdən sonra o, “ailə böhranı” kateqoriyasını ilk dəfə olaraq elmə gətirdi. Bu abstrakt anlayışın empirik göstəricilərinə görə, artıq o zaman nikah və doğum əmsalının aşağı düşməsi, boşanmaların sayının artması, valideyn nüfuzunun sarsılması tendensiyası müşahidə olunurdu. Alimlər destruktiv xarakter daşıyan ailə dəyişikliklərini sənaye cəmiyyətinin funksional qanunauyğunluqları ilə əlaqələndirirdilər.

Türk sosiologiya məktəbində də ailə problemi əhəmiyyətli yerə sahib idi. Bu baxımdan Türkiyədə sosiologiya elminin banisi hesab olunan Ziya Gökalpın fikirləri əhəmiyyət kəsb edir. O, türk ailəsinin inkişaf xətti ilə cəmiyyətdəki dəyişikliklər arasında paralelliyin olduğunu qeyd edir, türk ailə quruluşunda həm patriarxal, həm matriarxal ailənin izlərinin olduğunu irəli sürürdü (18, 342).

Ailə sosiologiyasında ikinci mərhələ olaraq qəbul edilən sosial islahat mər­hələsində isə, müqayisəli müşahidə metodu ilə paralel olaraq obyektiv in­formasiyanı toplamaq vasitələri tətbiq olunmaya başlandı. Sənaye inqilabı ilə paralel olaraq meydana gələn yoxsulluq, uşaq əməyindən istifadə olun­ma­sı və boşanma kimi ailə quruluşu üçün təhlükə törədən problemlərdən çı­xış edərək “sürətli sosial dəyişikliklər, sənayeləşmə və şəhərləşmənin ailə ins­titutunun zəifləməsinə və ailə birliyinin pozulmasına səbəb olması haq­qın­da” fikirlər irəli sürüldü (6, 88).

Bu dövrdə ailənin üz-üzə qaldığı sosial problemlərin artıq təkamülçü nəzəriyyə əsasında həll olunmayacağı fikri get-gedə üstünlük təşkil etməyə başladı. Bu da öz növbəsində ailə institutuna fərqli aspektlərdən yanaşma zərurətini ortaya çıxarırdı. Sosial islahatçılıq prinsiplərini müdafiə edən tədqiqatçılara görə ailə, həssas bir quruluşa malik təsisat kimi, üzləşdiyi sosial problemlərin çoxluğu qarşısında müntəzəm olaraq zəifləyirdi. Sosioloqlar isə, ailənin əsrlərdir davam edən və hər cür şəraitə uyqunlaşa bilən bir təsisat olduğunu, sosial problemlərin ailə rollarının dəyişməsi vacibliyinə işarə etdiyini qeyd ediridilər (16, 83).

Bu iki düşüncə tərzi, ailə tədqiqatlarında, nəzəri baxımdan olduğu kimi metodoloji baxımdan da dəyişiklilərin qaçılmaz olduğu zərurətini ortaya qoyurdu (3, 53). Sosioloqlar Contun pozitivizmi konktekstində me­to­do­logiyaları inkişaf etdirmək və pozitivizmin qanuniliyini təmin edə bilmək üçün akademik olaraq sosiologiya kafedraları yaratmağa baş­la­mış­dılar. 1892-ci ildə Chicagoda, 1894-cü ildə isə Columbiyada sosiologiya ka­fed­ra­la­rı qurulmuş, Albion, Small, Giddengs, VVard, Veblən tərəfindən dərs­lik­lər yazılmış və jurnal çapına başlanılmışdı (The American Journal of So­ciology) (16, 84). Bu dövrdə cəmiyyətdəki sosial böhranın təsirlərini azaltmaq məqsədi ilə, ailə və cəmiyyət arasında əlaqə qurulması istiqamətində müxtəlif tədbirlər həyata keçirilirdi.

Üçüncü mərhələ “elmi tədqiqat mərhələsi” kimi adlandırlır və bu dövr XX əsrin ilk yarısını əhatə edir. Bu mərhələ çox ciddi sosial antoqonizmlərlə müşaiyət olunan qlobal iqtisadi böhran illərinə tasadüf edir. Bu dövrdə müxtəlif statistik informasiyalar toplanmış və təhlil metodları inkişaf etdirilmişdir. Həmçinin mənəvi dəyər ölçülərini arxa plana keçirən və metodoloji prinsiplərə əsaslanan tədqiqatlar aparılmağa başlamışdır. Burgess, ailə tədqiqatlarına, kiçik həcmli sosial-psixoloji nəzəriyyələrin formalaşmasına nail olmuşdur. Burgess ailəni “bir-birinə təsir edən fərdlərin birliyi” kimi tərif etməsindən sonra, ailədaxili münasibətlər, qarşılıqlı əlaqə, həyat yoldaşı seçimi kimi ailə mövzusunda tədqiqatlar aparırdı. Burda məsələlər, cəmiyyətin digər institutları ilə olan münasibətlərindən daha çox ailədaxili münasibətlər müstəvisində tədqiq olunurdu (3, 59).

Chicago məktəbinin nümayəndələri Park, Mead, Cooley kimi sosio­loq­lar ailəni konkret empirik tədqiqatların əsas predmetinə çevirdilər. (19, 457) Ailə tədqiqatları Amerika Sosiologiya Cəmiyyətinin 1924-cü ildəki kon­fransında ailə sosiologiyası kafedrası qurulması ilə qanuni forma əldə etdi. Həmən il Groves universitetdə ailə və nikah mövzusunda dərslər tədris olunmağa başlandı.

Bu dövrdə ailə sosiologiyası sahəsində yazılan ən ciddi əsərlərdən biri amerikalı sosioloq Uilyam Oqbornun “Dəyişən ailə” (1929) adlı əsəri idi. Oqborn bu əsərində diqqəti ailənin öz üzvlərinə təqdim etdiyi xidmətlərin ahənginə yönəldirdi. O, ailənin həyata keçirdiyi altı əsas funksiyanı müəyyən edir və qeyd edirdi ki, bu funksiyalardan beşi artıq ailədən kənar həyata keçirilir. Oqborn bu faktı ailənin icra etdiyi funksiyalarını itirməsi kimi qiymətləndirirdi (7, 18). Oqbornun bu yanaşması ailə sosiologiyasında iqtisadi determinizm kimi qəbul olunur. Belə ki, o, ailədə baş verən sosial dəyişikliklərin əsas səbəbi kimi texnologiya sahəsindəki yenilikləri və innovasiyaları qəbul edirdi. Oqbornun amerikan ailəsinin funksional mübadiləsinin dəyişikliyi haqqındakı fikirləri müsbət qarşılanmış və bunun əsasında müxtəlif konsepsiyalar yaranmışdı.

Dördüncü mərhələ ailə tədqiqatları sahəsində sistematik nəzəriyyə formalaşdırma mərhələsidir. Əsas sosioloji yanaşmalar və konsepsiyalar yeni tədqiqat metodları ilə birgə istifadə olunaraq nəzəriyyələr formalaşdırılmağa çalışılmışdır. Bu mərhələ əvvəlki üç mərhələnin (Sosial Darvinizm, sosial islahatçılıq və elmi tədqiqat dövrünün) bir sintezi kimi qiymətləndirilə bilər (3, 60).

Ailə tədqiqatları sahəsində nəzəriyyələrin meydana gəldiyi ən məh­suldar dövr 1950-ci illərdən sonrakı dövr hesab olunur. Bu dövr ərzində ailə tədqiqatlarında, ilk olaraq Hill, Katz və Simpson tərəfindən 1900-1956 illər arasında aparılmış evlilik və ailə mövzusundakı araşdırmaların nəticələri bir araya toplanmışdır. İkinci mərhələdə isə nəzəri aspektlər müəyyə edilməyə çalışılmışdır. Bu dövrdə diqqəti cəlb edən bir başqa vacib məqam isə, ailə sosioloqlarının orta boy nəzəriyyəsini meydana gətirmə cəhdləridir.

1960-cı illərdə Hill və Hansenin birgə hazırladıqları məqalədə Mertonun sosiologiya elmində nəzəriyyə formalaşdırma tədqiqatlarına istinad olunmuş və ailə, evlilik məsələsindəki araşdırmaları sistemləşdirəcək orta həcmli nəzəriyyələrə olan ehtiyac üzərində durmuşdur. Bu çalışmanın ardından, ailə ilə digər sosial təsisatlar arasındakı əlaqələr araşdırılmağa və ortaya qoyulmağa çalışılmışdır.

1980-ci illərdə, bu sahədəki bütün məsələlərə tətbiq oluna bilən ümumi ailə nəzəriyyəsinin olmadığı haqqında fikir formalaşmışdır. Bu illər ərzində, mövcud nəzəriyyələri inkişaf etdirmə cəhdləri ilə paralel olaraq yeni və fərqli nəzəriyyələr irəli sürmək, bu nəzəriyyələri müqayisəli tədqiqatlar aparmaq yolu ilə sınaqdan keçirmək və nəzəriyyə meydana gətirmə metodologiyalarını inkişaf etdirmək sahəsində fəaliyyətlər həyata keçirilirdi (3, 58).

XX əsr ərzində ailə institutunda baş verən dəyişikliklər prosesinə olan elmi maraq zəifləməmişdir. Fransız sosioloqu F.Le-Plenin ardınca amerikan sosioloqu Karl Simmerman ailədəki struktur dəyişikliklərin sosial-tarixi inkişafa şərait yaratdığını qəbul edir. XX əsrin ikinci yarısında (60-80-ci illər) Qərb sosiologiyasında ailə dəyişiklikləri ilə əlaqəli elmi tədiqiatlar sosiologiyanın, tarixin və antropologiyanın birləşməsi fonunda inkişaf edirdi və fənlərarası tədqiqat obyektinə çevrilirdi. Bu problemi müxtəlif aspektlərdən, regional xüsusiyyətlər prizmasından F.Aryes (uşaqlıq konsepsiyası üzərindən ailə münasibətlərinin transformasiyası), P.Laslett, E.Şorter, L.Stoun (ailə strukturunun transformasiyası və ailənin ölçüləri), J.Dübi (orta əsr cəmiyyətində nikahın tədqiqi) inkişaf etdirirdi. Bundan əlavə, Qərb sosial-humanitar elmində tarixi demoqrafiyaya dair geniş elmi ədəbiyyat və sənaye cəmiyyətindən əvvəl qadınların vəziyyətinin tədqiqi ilə əlaqəli feminist yazılar mövcuddur (5, 12). Qərb cəmiyyətində bu problematikanın inkişaf zirvəsi 1975-ci ildən ABŞ-da nəşrə başlayan “History of family” (“Ailə tarixi”) jurnalı oldu.

Müasir dövrdə Qərb sosiologiyasında ailə dəyişiklikləri probleminə maraq azalmamışdır. İngilis sosioloqu P.Tompson hadisələrin iqtisadi, sosial və siyasi inkişafı prosesində ailə strukturunun dinamikasının əhəmiyyət kəsb etdiyi qənaətinə gəlmişdir.


Nəticə

Müasir dövrdə ailə institutunda baş verən proseslər ailənin vəziyyətini insanlığın qlobal problemləri cərgəsinə çıxartdı. Qərb və hətta qeyri-qərb cəmiyyətləri bu gün ailə institutu sahəsində ciddi problemlərlə üzləşirlər və bu problemin həlli üçün müxtəlif çıxış yolları axtarışındadırlar. Bu sahədə yeni proseslər pozitivizmdə Durkheimin təyin etdiyi əsas qanuna tərs mütənasiblik təşkil edir. Həmçinin günümüzdə də sosial dəyişiklik prosesinə paralel olaraq doğum, əxlaq, boşanma, natamam ailələr, kimsəsiz yaşlılar, alternativ ailə formaları kimi mövzularda çoxsaylı mikro səviyyədə araşdırmalar aparılmaqdadır.

Azərbaycanda isə vəziyyət qərbdən fərqlidir. Ailə sosiologiyasının və ümumiyyətlə, sosiologiya elminin Azərbaycanda inkişafı olduqca yenidir. Beləliklə, ailə sahəsində aparılacaq tədqiqatların, ilk növbədə Azərbaycanın ictimai quruluşuna uyğun bir tərzdə aparılması vacibdir.

Azərbaycan ailəsinin tarixi inkişaf mərhələləri – mədəniyyəti düzgün ola­raq dərk olunmalıdır. Ailə mövzusunda Qərb modellərindən mənim­sə­ni­lən tipologiyaların Azərbaycan cəmiyyətinə uyğunluğu öyrənilməli və cə­miy­yətimizdə ən uyğun tipologiyaların inkişaf etməsinə nail olmalıyıq. Ailə yal­nız cəmiyyətlə əlaqə kontekstində araşdırılmamalıdır. Eyni zamanda ailə üzv­lərinin hər birini sosial kateqoriya kimi qiyəmətləndirən araşdırmalara da ağırlıq verilməlidir. Qərb cəmiyyətləri ilə Azərbaycan cəmiyyəti ara­sın­dakı fərqli cəhətlər nəzərə alınaraq, öz sosial quruluşumuza, dəyərlərimizə, ta­riximizə uyqun olaraq həyata keçiriləcək tədqiqatlar Azərbaycanda ailə sosiologiyasının inkişafına xidmət edəcəkdir.


Yüklə 2,54 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə